Əlillər
arasında maarifləndirmə
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Azərbaycan hökuməti BMT-nin "Əlillərin hüquqları
haqqında" Konvensiyasının
tətbiq edilməsi istiqamətində qanunvericilik
bazasının və
proqramların hazırlanmasında
əlil təşkilatlarının
rəy və təkliflərini nəzərə
alaraq onlarla əməkdaşlıq şəraitində
birgə layihələr
həyata keçirir.
Əlillərə
müstəqil həyat
tərzi keçirmək
və həyatın bütün aspektlərində
hərtərəfli iştirak
etmək imkanının
yaradılması üçün
iştirakçı dövlətlər
əlillərin, digərləri
ilə bərabər səviyyədə, fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən
informasiya-kommunikasiya texnologiyaları
və sistemlərindən,
habelə həm şəhər, həm də kənd rayonlarında əhaliyə
açıq olan və ya ona
təqdim olunan digər obyekt və xidmətlərdən
istifadəsinin təmin
olunması üçün
zəruri tədbirlər
görürlər.
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın icrasına dair Azərbaycan hökumətinin ilk hesabatı ilə bağlı BMT-nin müvafiq komitəsinin tövsiyələrinin müzakirəsinə həsr olunmuş dəyirmi masada ombudsman Elmira Süleymanova insan hüquqlarının ayrılmaz tərkib hissəsini təşkil edən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində aidiyyəti dövlət qurumları, QHT, vətəndaş cəmiyyəti ilə birgə fəaliyyət göstərdiyini, onların problemlərinin diqqət mərkəzində saxlanıldığını bildirib: "Bu qəbildən olan şəxslər də daxil olmaqla sosial vəziyyətindən asılı olmayaraq, bütün insanlara bərabər hüquqlar və imkanlar verilməsinin, ayrı-seçkiliyə yol verməmək prinsipinin zəruriliyini, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi vacibdir. BMT-nin Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və onun fakültativ Protokolunun ratifikasiyası ilə bağlı təklif irəli sürdüyünü, nəticədə ölkəmizin 2008-ci ildə adıçəkilən müqaviləyə qoşulduğunu söyləyən müvəkkil BMT-nin sözügedən Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının da həyata keçirilməsinin Ombudsmana həvalə olunduğunu və bu istiqamətdə zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
E.Süleymanovanın fikrincə, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyadan irəli gələn öhdəliklərin və müvafiq müqavilə qurumunun Azərbaycan hökumətinə göndərdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində səylər gücləndirilməlidir: "Əlilliyi olan şəxslərin təmsil olunduğu QHT-ləri də cəlb etməklə birgə monitorinqlərin keçirilməsi, Milli Fəaliyyət Proqramının təsdiqi prosesinin sürətləndirilməsi, bu qəbildən olan insanların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarının ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun daha da təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, aidiyyəti dövlət orqanları və əlilliyi olan şəxsləri təmsil edən təşkilatlar ilə əməkdaşlığın genişləndirilməsi, müvafiq işçi qrupunun yaradılması, özəl sektorun imkanlarının cəlb edilməsi, əlilliyi olan şəxslərin fiziki, sosial, psixoloji, mənəvi reabilitasiyası və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış reabilitasiya mərkəzlərinin yaradılması, sosial işçilərin, həmçinin bu istiqamətdə maarifləndirmə işinin genişləndirilməsi vacibdir".
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının icrası ilə əlaqədar Azərbaycan hökumətinin ilk hesabatına dair tövsiyələr və onların yerinə yetirilməsi perspektivləri barədə məlumat verərək bildirib ki, qüvvədə olan "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanun 1992-ci ildə qəbul edildiyi üçün konvensiyanın müddəalarını tam əhatə edə bilmədiyini, buna görə də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsinin, bununla yanaşı, "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2015-2020-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsinin hazırlanaraq Nazirliyin vebsaytında yerləşdirilib.Onu da qeyd edək ki, "Əlillərin hüquqları haqqında" Konvensiyasının 8-ci maddəsi maarifləndirici və tərbiyəvi işdən bəhs edir.
Bu maddə əlilliyi olan şəxslərin müsbət imicinin formalaşdırılması üçün üzv ölkə tərəfindən səmərəli məlumatlandırma tədbirlərinin həyata keçirilməsi öhdəliyini müəyyən edir. Hesabat əlilliyi olan şəxslərin məlumatlandırılması, onların şərəf və hüquqlarına, bacarıqlarına və verə biləcəyi töhfələrə hörmət hissinin gücləndirilməsi və onlara qarşı yaranan mövhumatlara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dair məlumatları əhatə etməlidir.
"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nda YUNESKO-nun "Təhsil hamı üçün" prinsipinin təbliği, hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə insan hüquqlarının müxtəlif kateqoriyaları üzrə (mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları, o cümlədən, əlillər üçün hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması məsələsi öz əksini tapıb.
Yeri gəlmişkən, BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiya Ədliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmiş və mətbu nəşrlərində bu mövzu üzrə materiallar dərc olunub.
Xatırladaq ki, "Televiziya və radio yayımı haqqında" qanunun 1.0.12-ci və 13.5-ci maddəsində karlar və ya eşitmə qabiliyyəti zəif olan insanlar üçün təhsil, tədris və informasiya xarakterli verilişlər və ya proqramların yayımının nəzərdə tutulmasına dair müddəalar mövcuddur. BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına uyğun olaraq, Milli Televiziya və Radio Şurası tərəfindən əlilliyi olan şəxslərin digər şəxslər ilə bərabər səviyyədə mədəni həyatda iştirak etməsi, yaradıcı, bədii və intellektual potensialının inkişaf etdirilməsi və ondan istifadə etməsi, eləcə də, istirahət, əyləncə və idman tədbirlərində iştirak etməsi hüququnun təmini ilə bağlı teleradio yayımlarına dair tövsiyələr verilir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Sosial Müdafiə Fondunun
sədri Hadı Rəcəblinin fikrincə, əlillərin
rifahının yaxşılaşdırılması üçün hüquqi
baza möhkəm olmalı, bu işdə dünya təcrübəsindən
uğurla istifadə edilməlidir: "İslam ölkələrində əlillərin
problemlərinin həlli, onların özlərini cəmiyyətin
tamhüquqlu üzvü
kimi hiss edə bilməsi
və hüquqlarının sivil qaydada qorunması üçün
müxtəlif modellər var. Eyni zamanda bütün
dünyada sosial
müdafiənin həmrəylik, islam, sosialist kimi modelləri var. Məsələn, islam
modeli sosial müdafiədə
nədir? Bu modeldə sosial
müdafiə elə qurulub ki, ora heç
kim müdaxilə etmir,
cəmiyyət özü özünün
sosial müdafiəsini təmin edir. Buna Avropada
libertarizm deyirlər. Hamı bilir ki, islamda
fitrə, sədəqə, zəkat kimi
anlayışlar var və hesab
olunur ki, əlilə
kömək edən savaba qovuşar.
Bu kimi təbliğata
da ehtiyac böyükdür".
H.Rəcəblinin fikrincə, cəmiyyətin sosial cəhətdən az qorunan hissəsi əlillər olsa da, onlara istehlak mədəniyyəti, şükranlıq mədəniyyəti təbliğ olunmalıdır: "Bəzi hallarda əlillər üçün əgər ev alınırsa, sabahısı gün ev əşyaları və daha sonra digər şeylər tələb etməyə başlayırlar. Bəzən iddialılıqdan kənar olmaq lazımdır. Buna görə də əlillər arasında bu kimi ideyaların da təbliğinə ehtiyac var. Bundan başqa əlillər arasında maarifləndirmə işlərinin daha yüksək səviyyədə aparılması da vacib məsələlərdəndir. Bu işdə isə müvafiq qurumların üzərinə çox işlər düşür. Çünki dövlət səviyyəsində əlillərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər ilk növbədə sivil və hüquqi dövlət quruculuğuna xidmət edərək cəmiyyətdəki bütün insanların özlərini tam, bərabərhüquqlu vətəndaşlar kimi hiss etməsinə xidmət edir. Əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasıdır. Ölkənin qanunvericilik bazasında qanunvericiliyin bu gün ilkin bəzi institutları müəyyənləşib, çərçivə qanunlarımız var. Yəni həmin qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir. Lakin maliyyə dəstəyinin həcmi baxımından bu, birmənalı qəbul edilmir. Amma onu da qeyd edim ki, dövlət başçısı İlham Əliyev bu sahədə ardıcıl olaraq iş aparır".
Ölkə başçısının hərtərəfli qayğı ilə təmin olunması sahəsində həyata keçirdiyi siyasətə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq, ƏƏSMN tərəfindən Şamaxı rayonunda gözdən əlilliyi olan şəxslərin reabilitasiyası, habelə göz xəstəlikləri olan insanların əlilliyinin qarşısının alınması məqsədilə humanitar xarakterli aksiya təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ƏƏSMN-nin təşəbbüsü ilə həmin gün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Şamaxı rayonunda olaraq, bu rayonda, eləcə də İsmayıllı və Qobustan rayonunda yaşayan gözdən əlilliyi olan şəxslərə oftalmoloji xidmətlər göstərib. Həmin rayonlar üzrə 19 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əvvəlcədən qeydiyyatı aparılan, müalicə aparılmaqla reabilitasiyası mümkün olan, lakin maddi imkansızlıqdan tibbi əməliyyat etdirə bilməyən 30 nəfər gözdən əlil şəxs səyyar klinikada müvafiq oftalmoloji xidmətlərlə təmin ediliblər. Müasir diaqnostik və cərrahi avadanlıqlarla tam təmin edilmiş səyyar klinikada yüksək ixtisaslı və peşəkar həkim briqadası tərəfindən onlar ətraflı tibbi müayinə edilməklə, onlara müvafiq müalicə prosedurları tətbiq olunub. Ayrı-ayrı şəxslərin səyyar oftalmoloji klinikada cərrahi əməliyyatı həyata keçirilib. Göz xəstəlikləri olan və xəstəliyin ağırlaşdığı təqdirdə əlilliyə məruz qalma ehtimalı olan şəxslərin də müayinəsi aparılıb və onların müalicəsi üçün müvafiq oftalmoloji tədbirlər görülüb.
Rəşid RƏŞAD
Ekspress.-2015.- 15 yanvar.-
S.9.