Fərizə-İlham
dastanı (poema)
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Səməd Vurğun
On beşinci görüş
Sonuncu görüşüdü,
Toydan qabaq onların.
Eşqə sadiq cütlərdi,
Üzləri ağ onların.
İlham sonuncu şeiri,
Oxuyacaqdır bu gün.
Həsrət ilə yazılıb,
Yarı Fərizə üçün.
Nə qədər də cəhd eləsəm,
Həsrətinə dözmək olmur.
Qılınc çəkir üstümə qəm,
Həsrətinə dözmək olmur.
Qürrələnib öyünmürəm,
Tezcə dinib öyünmürəm,
Köhlən minib öyünmürəm,
Həsrətinə dözmək olmur.
Sənsiz dünya dardı mənə,
Gileylənmək ardı mənə,
Yəqin sözün vardı mənə,
Həsrətinə dözmək olmur.
Qərar tutmaq vallah çətin,
Qol-qanaddır məhəbbətin,
Timsalısan ülviyyətin,
Həsrətinə dözmək olmur.
Vurğun İlham bəs neyləsin?
Yox özgə bir kəs, neyləsin?
Haqdan gəlir səs, neyləsin?
Həsrətinə dözmək olmur.
***
Ailə qurdular 30 İyunda,
Ömrü qısa oldu - 203 gün.
Xoşbəxtlik diləyən çox oldu onda,
Eşqin şamı qəfil söndü nə üçün?
Ömrü qısa oldu bu izdivacın,
Xoş günləri öndə idi gənclərin.
Gülü tezcə soldu bu izdivacın,
Dərdi çəkilməzdi, yarası dərin.
Öndəydi, öndəydi 20 Yanvar,
Əcəl qılıncını çəkib durmuşdu.
Neçə qəddi əydi 20 Yanvar,
Qan tökən əsgərlər çox qudurmuşdu.
Tariximin qara bir səhifəsi,
"Qara Yanvar" adlanacaq -məlumdu.
Körpələri oyadacaq tank səsi,
Göydən yerə qan damacaq-məlumdu.
Faciələr baş verməzdi,
"Qara Yanvar" olmasaydı.
Dərd yurdumu bürüməzdi,
"Qara Yanvar" olmasaydı.
Xalqa tutulmazdı divan,
Yaralardan axmazdı qan,
Susmazdı günahsız insan,
"Qara Yanvar" olmasaydı.
Zəhər içməzdi Fərizə,
Candan keçməzdi Fərizə,
Nakam köçməzdi Fərizə,
"Qara Yanvar" olmasaydı.
Öyünərdi İlham ata,
Vurulardı bu həyata,
Bağlanardı kainata,
"Qara
Yanvar" olmasaydı.
Ülvi, yeni söz anardı,
Şeiri müqəddəs
sanardı,
Nə bu dastan yaranardı,
"Qara
Yanvar" olmasaydı.
Qərənfillər
ağlamazdı,
Ürəkləri
dağlamazdı,
Ana qara bağlamazdı,
"Qara
Yanvar" olmasaydı.
Balalar qalmazdı yetim,
Olmaz idi ölüm-itim,
Yasa batmazdı millətim,
"Qara
Yanvar" olmasaydı.
***
Qırğından
yazmalısan,
Ağla, qələmim, ağla!
Qəlbimlə
bir alış, yan,
Ağla, qələmim, ağla!
Sinələrdən
qan axıb,
O qan nahaqdan axıb,
Xalqı yandırıb, yaxıb,
Ağla, qələmim, ağla!
Tələ qurdular elə,
Qırğın
olmayıb belə,
Göz yaşı dönüb selə,
Ağla, qələmim, ağla!
Bu sözləri
qara yaz,
Doxsandaymış
qara yaz,
Bağ-baxçamız
qar, ayaz,
Ağla, qələmim, ağla!
Qan rənglidir qızıl dan,
Biz haqnanıq,
biz haqnan,
Yerdə qalmaz nahaq qan,
Ağla, qələmim, ağla!
Hava duman, çən idi,
Tor quran düşmən idi,
Dostlar bizdən gen idi,
Ağla, qələmim, ağla!
İnlə elə qoşulub,
Dərd çək ilə qoşulub,
Qərənfilə
qoşulub,
Ağla, qələmim, ağla!
Mürəkkəbin
göz yaşım,
Köz olubdur göz yaşım,
Sən ol sadiq sirdaşım,
Ağla, qələmim, ağla!
Şəhidlər
Xiyabanı,
Qucdu neçə insanı,
Hanı arxamız, hanı?
Ağla, qələmim, ağla!
***
Yanvarın on doqquzu,
Doxsanıncı
il idi.
Ağır tanklar, maşınlar,
O gün Bakıya girdi.
Yanvarın on doqquzu -
O şənbə
gecəsində.
Ölüm sədası vardı,
Tankın, topun səsində.
Yanvarın on doqquzu,
On ikiyə az qalmış.
Şənbə
yarası aldı,
Yurda hakim olan qış.
Dəqiqələr
qalırdı,
İyirmisi yanvara.
İşıq
saçdı güllələr,
Yer titrədi bu ara.
Bəd niyyətlə gəlmişdi,
Silahlanmış əsgərlər.
Günahsız
insanları,
Qırmağa gəlmişdilər.
Məktəbli
Larisanı,
Vurmağa gəlmişdilər.
Körpələrin
bağrını,
Yarmağa gəlmişdilər.
Qanımızı
zəlitək,
Sormağa gəlmişdilər.
Tankla qovub İlqarı,
Yormağa gəlmişdilər.
Düşmən
sayıb qəsdimə,
Durmağa gəlmişdilər.
Sarılaraq silaha -
Vurmağa -gəlmişdilər.
İnsanlar evlərində,
Şirin yuxudaydılar.
Günahımız
nəydi ki,
Cani, qatil saydılar.
Adı "sülhsevər əsgər",
Özləri qaniçəndi.
Atəş açıb küçədə,
İnsanları biçəndi.
On ikiyə az qalmış,
Dünya qopdu yerindən.
Elə bil ki, çıxmışdı,
Kainat məhvərindən.
Göylərdə
şəfəq saçan,
Güllələrə baxmışam.
Tank əzibdir insanı,
Gör nələrə baxmışam.
O gün yüz otuz iki,
Soydaşım həlak oldu.
İtkin düşən, yaralı
-
Sayanlar da yoruldu.
Şəhidlər
arasında,
İlham, Fərizə də
var.
Sədaqət dastanımın,
Qəhrəmanıdır onlar.
***
Çətindir
yada salmaq,
O müdhiş
mənzərəni.
Yerindəcə
dondurdu,
Seyr edəni, görəni.
Elxan da həmin gecə,
Gəlmişdi İlhamgilə.
Fərizə süfrə açdı,
Yedilər deyib-gülə.
Sonra təzə gəlini,
Çağırdı baldızları.
Çox sevirdi Fərizə,
Üç məlakə qızları.
Elxan, İlham, yeznəsi,
Evdən birgə çıxdılar.
Gördülər
ki, səs gəlir,
Dörd ətrafa baxdılar.
"Şəhər
yaman qaynaşır,
Heç kəs yatmayıb
nədən?
Tiflis prospektinə,
Gedib gələcəyəm mən".
Bunu deyərək İlham,
Qoşuldu insanlara.
Elxan da iş dalınca,
Çıxıb getdi dübara.
Fərizənin
xəbəri,
Olmur getmələrindən.
Qardaşlar çıxan zaman,
Heç nə deməyib
nədən?
Prospektə çıxanda,
İlham gör nələr
gördü?
Tankçı
hey atəş açır,
Hara gəldi
sürürdü.
Vəhşiliyə,
qırğına,
Cəsur oğlan dözmədi.
"Neyləyirsiz,
dayanın,
Silahsızıq
biz", dedi.
"Hamı əli yalındı,
Vurmayın siz onları.
Niyə tankın altında,
Əzirsiniz onları?"
Bu sözləri
İlhamım,
Rus dilində söyləyir.
Qaniçən
cəlladlara,
Öz elində söyləyir.
Qəddarlar bu sözlərə,
Qəti cavab verdilər.
Güllələyib
mərd gənci,
Orda yerə sərdilər.
Silahsız bu oğlanın,
Günahı nəydi, Allah?
Namərd gülləsi niyə,
İlhama dəydi, Allah?
Hey uladı güllələr,
Beşdi, ondu ölənlər.
Tapıldı gənc İlhamın,
Harayına gələnlər.
Yaralı igid dindi:
"Anama
bildirməyin.
Bəd xəbəri söyləyib,
Onu da öldürməyin".
Fəqət ölüm anında,
"Əziz anam, gəl", dedi.
Yəqin ki, ürəyində,
Fərizəni səslədi.
Elə bu an Fərizə,
Qapıda donmuş idi.
İlhamı gözləməkdən,
Heykələ dönmüş idi.
Qışın
soyuğu onu,
Qılınc kimi kəssə
də.
Ərini gözləyərək,
Eşdə tir-tir əssə
də.
Dərdə-qəmə
qərq olub
Səhərəcən gözlədi.
Həyəcandan
gözünə,
Çökmüşdü çən, gözlədi.
İlham xəstəxanaya,
Çatanacan keçindi.
Elxan, onu meyitlər,
İçindən gəl, seç
indi?
Elxan sanki dəlidi,
Axtarır qardaşını.
Bilmir kimdən soruşsun,
İtiribdir başını.
***
Mirqasımov adına
Xəstəxana yasdadı.
Düşdü
qara kitaba
Neçə şəhidin adı.
Elxan da qardaşını,
Orada tapa bildi.
Vallah onu bulunca,
Yüz yol öldü-dirildi.
***
İlhamın tabutu evə gələndə,
Yer titrədi ana-bacı
ahından.
Bəd xəbəri eşidəndə,
biləndə,
Zülmət oldu ana gözündə cahan.
Ofeliya ananın hıçqırıq
səsi,
Gedib çatdı göyün
yeddi qatına.
Niyə dəydi ona
namərd gülləsi?
Necə dözsün belə
dərdə bəs ana?
Üç bacının İlham adlı qardaşı,
Susduruldu şəhid oldu
de, nədən?
Bacılar ağlatdı torpağı,
daşı,
Naləyə mələklər gəldi göylərdən.
Baxmaq çətin Fərizənin
üzünə,
Leyli, Əsli, Cülyetta
da yalandı.
Bu kədər
qonubdur yaşlı gözünə,
Bu məhəbbət
yaddaşlarda qalandı.
Gəlin öz sözünü deyibdir qəti,
İlhamsız bu dünya nəyinə gərək.
Unuda bilərmi andı-ülfəti,
Ona qovuşacaq, gecikməyərək.
İnanmaq lazımdır onun sözünə,
Nəzarətsiz
qoymaq olmaz bir an da.
Dərhal qıyar, qəsd eliyər özünə,
İlhamsız
dünyada qalmaz bir an da.
Gəzdi arxasınca anası Bağda,
Qardaşı arvadı izlədi
onu.
Tənha qoymadılar evdə, otaqda,
Həssas baldızları gözlədi
onu.
Gözü balta gəzdi, bıçaq axtardı,
Neçə adam arxasınca
dolandı.
Sözündən
dönməzdi, bıçaq
axtardı,
Evdə benzin, evdə
o, zəhər andı.
Yığıb
gizlətmişdi çox
şeyi Elxan,
Gizlətmişdi əldə olan
dərmanı.
İntihar istəyər bu cəsur insan,
Tapa bilər yadda
qalan dərmanı.
Onu gözdən qoymayın siz, amandı,
Yalan bilmir, böhtan
bilmir Fərizə.
Hər dəqiqə göz qoyun, göz, amandı,
Dərd üstünə bir dərd gətirər
bizə.
Xırdalanda dəfn etdilər İlhamı,
Fərizə inana bilmədi
buna.
Gəlib baş sağlığı
söylədi hamı,
Qara bağlamışdı Ofeliya ana.
Özünü
yandırmaq istəyib
gəlin,
Neftə batırıbmış saçlarını o.
Ana haray salıb, tez bura gəlin,
Tapmaq istəyirmiş öz
yarını o.
Bu addımın
qarşısını alıblar,
Amma demə qərarı
çox qətiymiş.
Belə bir istəyin nə mənası var,
Ona ilham verən
cəsarətiymiş.
Şəhidlər
haqqında göstəriş
oldu,
Qazıldı məzarlar Dağüstü
parkda.
Kövrəldi,
Elxanın gözləri
doldu,
İlhamın qəbri var
Dağüstü parkda.
Tabut gətirilsin qoy Xırdalandan,
Uyusun "Şəhidlər Xiyabanı"nda.
Fərizə qərarı eşidir bu an,
"Mənə
də yer olar onun yanında".
"Nəşi,
cənazəsi ordan gəlincə,
Mən öz həyatıma
son qoymalıyam.
Bu addımı
atmalıyam bu gecə,
İlhamın yanında uyumalıyam".
Ölçdü-biçdi
xəyalında hər
şeyi,
Gizli yolla uksus əldə eylədi.
Bilirdi ki, olacaqdır gərəyi,
"Əzrayıl"ı
bir guşədə gizlədi.
əvvəli, ardı var
Əli VƏKİL
Ekspress.-2015.- 20-21
yanvar.- S.14.