Unutmadıq!
Qanlı,
hüznlü, amma şanlı bir gün...
Bu gün
20 Yanvar faciəsindən 25 il ötür. 25 ildir ki, Azərbaycan xalqı bu günü həm
hüznlə, həm də azadlıq salnaməsinin qəhrəmanlıq
günü kimi qeyd edir.
Azərbaycanın
azadlığı və ərazi bütövlüyü
uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi
kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə
qarşı ərazi iddiaları irəli sürən Ermənistanın
təcavüzkar hərəkətlərindən və
keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından
hiddətlənən, Bakının küçələrinə
və meydanlarına çıxaraq buna öz qəti
etirazını bildirən geniş xalq kütlələrinə
qarşı Sovet ordusunun döyüş hissələrinin
yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə
gətirib çıxardı. Həmin faciəli
günlərdə öz ölkəsinin, xalqının
azadlığını, şərəf və ləyaqətini
hər şeydən uca tutan mərd Vətən
övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucaldılar.
Böyük itkilərlə,
günahsız insanların qətli ilə nəticələnən
20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar
imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar
siyasətinə dözməyən, öz
azadlığına, müstəqilliyinə can atan
xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu
bir daha nümayiş etdirdi.
1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən
fövqəladə vəziyyət elan edilmədən, Sovet
ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara
başladı. Faciə zamanı 137 insan
öldürüldü, 744 adam ağır
xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs
edildi. Sovet ordusunun əməliyyatları nəticəsində
200 mənzil, ev, şəxsi və dövlət
əmlakı dağıldı.
Məhz bunun nəticəsində
uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə
qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə
də, xalqımız o müdhiş gecəni daim
xatırlayır, bu faciəni törədənlərə
öz dərin nifrətini bildirir. Xalqımızın
qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi
respublikamızda hər il Ümumxalq
Hüzn Günü kimi geniş qeyd edilir.
Hər il matəm
günündə Şəhidlər Xiyabanı ziyarət
edilir. Bu il yanvarın 10-dan başlayaraq Xiyabanda
müəyyən işlər görülüb. Güllər əkilib, abadlıq işləri
aparılıb. Şəhidlər Xiyabanının
girişində ağ və
qırmızı qərənfillərlə iri buta
kompozisiyası, bir qədər aralıda Azərbaycanın xəritəsi
və 20 Yanvar kompozisiyaları hazırlanıb. Xiyaban
boyunca gül çələngləri və süni şamlar
düzülüb.
Ziyarətgahı
müşahidə etmək üçün veb-kameralar
quraşdırılıb. Bundan başqa, təmizlik
və abadlıq işləri də yüksək səviyyədə
həyata keçirilir.
Dünəndən -
yanvarın 19-dan insanlar axın-axın xiyabanı ziyarətə
gəlirlər. Orta məktəb şagirdi
Nigar Əliyeva deyir ki, artıq 4 ildir, müəllimləri
onları Şəhidlər Xiyabanına ziyarətə gətirir.
"Biz şəhidlərimizi
tanımalıyıq ki, onların qanını yerdə
qoymayaq. Müəllimlərimiz bizə
İlham və Fərizə, Larisa Məmmədova haqqında
çox danışıblar. Hər dəfə
gələndə daha çox məlumat qalır
yadımda".
Xatırladaq ki, Şəhidlər
xiyabanında 158 nəfər 20 Yanvar şəhidi dəfn
olunub. Onlardan 4-ü naməlum şəhidlərdir.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı
Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti
Trestinin baş mühəndisi Sabir Həsənovun sözlərinə
görə, Şəhidlər Xiyabanında həmçinin,
256 nəfər Qarabağ müharibəsi şəhidi və
Daxili Qoşunların 38 nəfər əməkdaşı dəfn
olunub. 1992-ci yanvarın 25-26-da baş verən
Daşaltı əməliyyatındakı 70 şəhidin
xatirəsinə isə abidə qoyulub.
***
20 Yanvar faciənin
25-ci ildönümü ilə bağlı artıq bir
neçə gündür ki, tədbirlər keçirilir.
Belə tədbərlərdən biri Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir
şənbəsi" klubunda baş tutub. Bilik Fondunun
icraçı direktoru Oktay Səmədov 25 il
öncə Bakıda dinc insanlara qarşı törədilən
qətliamdan danışıb. İcraçı
direktor bildirib ki, dövlətinin azadlığı uğrunda
sovet qoşunlarına qarşı əliyalın mübarizəyə
qalxan insanlar Vətən yolunda tərəddüd etmədən
canlarından keçiblər.
O.Səmədov
xüsusən xarici tələbələrin diqqətinə
çatdırıb ki, 1990-cı ilin ağır günlərində
ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan səfirliyinə
gələrək xalqımızın yaşadığı fəlakəti
bütün dünayaya bəyan edib.
Tədbirdə 20 yanvar
dəhşətlərini göstərən film nümayiş
olunub. Hadisələrin iştirakçıları, zərərçəkənlər,
şahidlər, təşkilat rəhbərləri
çıxış edərək bildiriblər ki, onlar həmin
faciəni bir an da olsun unutmurlar. Bununla yanaşı, 1990-cı ilin 20 yanvar
gününü tariximizin şərəfli səhifələrindən
biri kimi dəyərləndirirlər.
Xarici tələbələr
öz ölkələrinin müstəqillik tarixlərindən
danışaraq qeyd ediblər ki, azad dövlətdə
yaşamaq istəyən xalqlar arzularına qurbanlar bahasına
çatıblar.
Fövqəladə
Hallar Nazirliyinin Akademiyasında da 20 Yanvar şəhidlərinin
xatirəsinə həsr olunmuş anma mərasimi
keçirilib. Akademiyanın rəisi,
general-mayor Pənah Süleymanov bildirib ki, müstəqilliyimiz
uğrunda mübarizədə həlak olan şəhidlərin
xatirəsi hər zaman ürəklərdə yaşayacaq.
Şəhidlərin qəhrəmanlığı
gənclər üçün bir vətənpərvərlik
örnəyidir.
Fövqəladə hallar nazirinin
müavini, general-leytenant Etibar Mirzəyev xalqımızın
müstəqillik və ölkəmizin ərazi
bütövlüyü uğrunda mübarizəsi tarixində
şanlı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən
ətraflı bəhs edib, həmin ağır günlərdə
ulu öndər Heydər Əliyevin respublikamızın
Moskvadakı daimi nümayəndəliyinə gedirək, öz
xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini, məhz
onun yenidən siyasi hakimiyyətə qayıdışından
sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə
hüquqi-siyasi qiymət verildiyini xatırladıb.
Sonda yanvar hadisələrindən
bəhs edən sənədli film nümayiş etdirilib.
İranlı Mühacirlər Cəmiyyətində
keçirilən mərasimdə cəmiyyətin sədri Rəhim
Hüseynzadə şəhadət ifadəsinin mahiyyətinə
diqqəti çəkərək Azərbaycan xalqının həmin
gecə tarixin yaddaşına şanlı səhifələr
yazdığını deyib: "20 Yanvar bu ölkədə
yaşayan, onun diqqət və qayğısı ilə əhatə
olunan hər bir şəxs üçün imtahan idi. Mübariz Azərbaycan xalqı bu sınaqdan
alnıaçıq, üzüağ çıxdı.
Bakının küçə və meydanlarına
axışan möhtəşəm izdiham Ermənistanın
işğalçılıq hərəkətlərinə
son qoymağı tələb edərkən xəyalına belə
gətirmirdi ki, əslində bu təcavüzə göz yuman da, elə ssenarisini hazırlayan da Qorbaçov
rejimidir. Bu rejim xalqlar arasında onillər boyu
mövcud olmuş əmin-amanlığı bərpa etmək əvəzinə
Qazaxıstan, Gürcüstan və Özbəkistandakı kimi
Azərbaycanda da qanlı əməllərini
realllaşdırmaq niyyətindədir".
Onun sözlərinə
görə, qanlı yanvar Azərbaycanı müstəqilliyə
aparan yolun başlanğıcı idi.
Sonda İranlı
Mühacirlər Cəmiyyətinin 20 yanvar faciəsinin 25-ci
ildönümü ilə bağlı bəyannaməsi qəbul
olunub. Sənəddə bu qətliam bəşəriyyətə
qarşı cinayət kimi qiymətləndirilir, onu törədənlərin
layiqli cəzalarına çatacaqlarına əminlik bildirilir,
20 yanvar Azərbaycanı yenidən istiqlaliyyətə
qovuşduran yolun ilk şəhidlik zirvəsi
adlandırılır, İranlı Mühacirlərin bu
müstəqilliyin qorunmasında bütün imtahanlara
hazır olduqları deyilir.
***
20 Yanvar şəhidləri
ölkəmizdən uzaqlarda da yad edilib.
Almaniya Federativ
Respublikasının Türingiya əyalətində faciə
qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri
Türingiya Azərbaycanlı Tələbələr
Assosiasiyası (Thuringen Azerbaijani Students Association) tərəfindən
təşkil edilib. Almaniyada təhsil alan
azərbaycanlı tələbələr 20 Yanvar faciəsi və
bu hadisələrin Azərbaycan tarixində yeri ilə
bağlı geniş müzakirələr aparıblar. Bu mövzuda müxtəlif fikirlər səsləndirən
gənclər eyni zamanda, həmin hadisələrlə
bağlı məlumatlarını bölüşüblər.
Diasporla İş üzrə
Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına
görə, Almaniyada təhsil alan azərbaycanlı
tələbələr öz şücaəti ilə
tariximizdə yeni bir qəhrəmanlıq səhifəsi yazan
20 Yanvar şəhidlərinin əziz xatirəsini anmaq
üçün hər il bir araya gəlməyi qərara
alıblar.
Türkiyə Böyük Millət
Məclisinin Səhiyyə, ailə, əmək və sosial
işlər komissiyasının sədri, Azərbaycanla dostluq
qrupunun rəhbəri Necdət Ünüvar 20 Yanvar hadisəsinin
25-ci ildönümü ilə əlaqədar açıqlama
ilə çıxış edib. Açıqlamada deyilir:
"20 yanvar 1990-cı il günü
türk dünyasınnı yaşadığı ən
acı günlərdən biridir. Azərbaycanlı
qardaşlarımızın dediyi kimi, qara yanvar bizim
üçün də qara gündür. Yanvarın
13-də baş verən qətlləri dayandırmaq iddiası
ilə yanvarın 20-də Bakıya daxil olan sovet ordusu
xalqın yuxuda olduğu soyuq bir gecəni seçərək
xalqın ən zəif anından faydalanıb və 131 nəfəri
amansızlıqla qətlə yetirib. Məqsəd
etirazlara başlayan azərbaycanlıları dayandırmaq,
onları cəzalandırmaq, yüksələn millətçiliyin
qarşısını almaq və SSRİ-nin müstəqillik
üçün ayağa qalxa biləcək digər
xalqalrına göz dağı vermək idi. Ancaq bu taktika nəticə vermədi və sovet idarəçiliyi
altındakı Azərbaycanda və digər türk
xalqları arasında millətçilik gücləndi,
müstəqillik tələbi yeni vüsət aldı və
Sovet İttifaqının çöküşü sürətləndi.
Qara Yanvar olayı azərbaycanlı
qardaşlarımız üçün günəşin
doğmasından öncəki ən qaranlıq an olub. Bu olayların ardından çox vaxt keçmədən
Azərbaycan dövləti layiq olduğu müstəqilliyi
yenidən əldə edib. Biz Azərbaycanla
bir millət, iki dövlət olaraq bu acıları birlikdə
yaşamış və birlikdə
üzülmüşük. 20 Yanvar
hüzn günündə bütün Azərbaycan və
türk millətinin başı sağ olsun deyir, bu qətliamda
həlak olan bütün qardaşlarımıza bir daha Allahdan
rəhmət diləyirəm".
Azərbaycan
xalqının hüzn və şərəf günü olan
20 Yanvar hadisələrinin ildönümü Türkiyənin
İzmir şəhərində də unudulmayıb.
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Nigar
Börek "Ekspress"ə bildirib ki, İzmirdə fəaliyyət
göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq
Cəmiyyətinin təşkil etdiyi tədbirdə cəmiyyətin
sədr müavini Cavid Əliyev xalqımızın
yaddaşına qanlı faciə kimi daxil olsa da,
bütövlükdə milli tariximizin ən şanlı və
qəhrəmanlıq səhifələrindən birini təşkil
edən 20 Yanvarla bağlı məlumat verib.
Dr. Asif Qurban bildirib
ki, yanvarın 20-də Azərbaycan xalqı böyük itkilər
versə də, Azərbaycanın müstəqilliyinin
önünü açdı.
Mətəm gününün
havası
Bu gün Bakıda və
Abşeron yarımadasında hava dəyişkən buludlu
olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək.
Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu
gündüz 7-11 dərəcə isti təşkil edəcək.
Axşam dəyişkən buludlu, yağmursuz
olacağı, bəzi yerlərdə zəif duman
müşahidə ediləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Temperatur 4 dərəcəyədək isti
olacaq.
Bu gün bəzi
rayonlarda hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə
duman olacaq. Qərb küləyi əsəcək,
gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 3 dərəcə
şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 dərəcə
isti, dağlarda gecə 3-8 dərəcə şaxta,
gündüz 1-6 dərəcə isti olacaq.
Qeyd edək ki,
yaxın iki gün ərzində ölkə ərazisində
hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Hansı yollar bağlı olacaq?
Bu gün Bakı polisi də
gücləndirilmiş iş rejimində
çalışacaq. Bakı Şəhər
Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata
görə, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə
əlaqədar xüsusi tədbirlər planı
hazırlanıb. Plana əsasən, yanvarın 20-si səhər
saat 07:00-dan axşam saat 18:00-dək Şəhidlər
Xiyabanı istiqamətində Parlament prospekti boyu və Mehdi
Hüseyn küçəsində Teleteatrdan başlayaraq yollar
bağlanacaq. Bu yollarda nəqliyyatın hərəkəti
tam məhdudlaşdırılacaq. Vətəndaşların
Şəhidlər Xiyabanını ziyarəti saat 11:00-dan
başlayacaq və 19:00-dək davam edəcək. Saat 12:00-da
paytaxtda bir dəqiqəlik sükut elan ediləcək.
Bakı Şəhər Dövlət
Yol Polis İdarəsindən isə bildirilib ki, Şəhidlər
Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini
təmin etmək məqsədilə yanvarın 20-si saat
07:00-dan mərasim başa çatanadək Mikayıl
Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin
kəsişməsindən, Mikayıl Müşfiq dairəsi
ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi
Hüseyn küçəsində Teleteatr binasının
qarşısından, Milli Məclisin inzibati binasının
arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu
Abbaszadə küçələrinin kəsişməsindən
Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə
bütün nəqliyyat vasitələrinin hərəkəti
məhdudlaşdırılacaq.
BŞDYPİ sürücüləri
həmin gün şəxsi nəqliyyat vasitələrindən
mümkün qədər az istifadə etməyə
və alternativ yollara üstünlük verməyə
çağırıb.
20 Yanvar faciəsinin
25-ci ildönümünün keçirilməsi ilə
bağlı "Azərbaycan Dəmir Yolları" QSC-də
Tədbirlər Planı hazırlayıb. Plana əsasən,
Abşeron şəhərətrafı zonada bu gün saat
6:00-dan 23:00-dək hərəkət edən elektrik
qatarlarında gediş-gəliş pulsuz olacaq. Saat 12:00-da
qatarların hərəkəti dayandırılacaq, lokomotivlər
həyəcan fiti verəcək.
Bakı Metropolitenindən mətbuat
xidmətinin rəhbəri Nəsimi Paşayev isə bildirib
ki, hər il olduğu kimi, bu il də
metronun "20 Yanvar" stansiyası başda olmaqla
bütün stansiyalar qızıl qərənfillərlə bəzədiləcək,
gün ərzində yalnız matəm musiqisi səsləndiriləcək.
Saat 12.00-də isə Bakı Metropolitenində
qatarların hərəkəti bir dəqiqə
dayandırılacaq. Metronun "20
Yanvar", "Elmlər Akademiyası" və
"İçərişəhər" stansiyalarında
yaranan sıxlıq tənzimlənəcək.
İradə
CƏLİL
Ekspress.-2015.- 20-21
yanvar.- S. 5;8.