Cümhuriyyət tələbələri
III fəsil. Tale sorağında
Cümhuriyyətin maarif naziri Nurməmməd
Şahsuvarovun Firidun Əliyevə verdiyi şəhadətnamə
Azərbaycan Xalq Cümhuriyyəti
varlığının 23 ayı ərzində min bir çətinlik
və təhdidlərlə üzləşsə də, Vətənin
və millətin gələcəyi naminə 100 gənci xaricə
oxumağa göndərmişdi.
Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurban
"Cümhuriyyət tələbələri" adlı miqyaslı
və sanballı araşdırmasında arxiv sənədləri
əsasında onlar barəsində bilmədiyimiz məlumatları
gün işığına çıxarmış, bununla
yetərlənməyərək və Azərbaycanı
qarış-qarış gəzərək xaricdə təhsil
aldıqdan sonra artıq müstəqil olmayan vətənə
qayıdan tələbələrin izinə
düşmüş, onları arayıb axtarmış və
talelərinə güzgü tutmuşdur.
"Cümhuriyyət tələbələri"nin
ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və
digər qəzetlərdə çap olunub.
Nazif Qəhrəmanlının
"Vətən və istiqlal aşiqi Əli Yusif"
kitabının diqqəti cəlb edən məziyyətlərindən
biri də budur ki, SSRİ-də repressiyalar yalnız Stalinin, Azərbaycandasa
Mir Cəfər Bağırovun ayağına yazılmır,
cırtdanları yüksəltmək üçün nəhənglər
alçaldılmır.
Müəllif yazır: "Siyasi
repressiyaları bizdə bir qayda olaraq Stalinin adı ilə
bağlayırlar, əslində bu cəza tədbirləri
V.İ.Lenin dövründə başlamışdır. Repressiyalar kommunist rejiminin təcavüzkar təbiətinə
xasdır. Stalindən sonra da
onun varisləri bu işi davam etdirmişlər.
Hakimiyyətə qeyri-qanuni yolla gələnlər hüquq
və azadlıqla bir araya
sığmayan rejim qurmuşlar.
Bu rejim öləndə
isə faşizm üzə
çıxır. 20 yanvar 1920-ci il Bakı hadisələri belə bir faşizmin təzahürü
idi".
1990-cı ildə Bakıda
"faşizmin təzahürünü" gözlərilə
görmüş şahidlərdən biri elə Əli Yusifin
qardaşı Alim Yusifzadə olmuşdu. "Xalq düşməni" elan
edilmiş Cümhuriyyət tələbəsinin
sonbeşik qardaşı Mir
Cəfər Bağırovun Azərbaycana rəhbərliyi
dövründə Təhlükəsizlik Komitəsində məsul
vəzifədə çalışmışdı. Onun arxivdə saxlanılan tərcümeyi-halından
öyrənirik ki, 1917-ci ilin
fevralında anadan olmuşdur.
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra
bir müddət Salyan
rayonunda müəllim işləmişdir.
1938-ci ilin dekabrında Sovet
Ordusuna səfərbər edilmiş,
88 saylı dağ-atıcı alayı nəzdində zabit məktəbini bitirərək vzvod komandiri olmuşdur.
1941-ci ilin avqustunda əks-kəşfiyyat
məktəbinə göndərilmiş, məktəbi
bitirdikdən sonra 219-cu atıcı diviziyada xidmət
etmişdir. Alim Yusifzadə bu diviziyanın tərkibində Stalinqrad, Xarkov, Oryol-Kursk vuruşmalarında iştirak
etmişdi. Sonra Kiyev və Praqa şəhərlərinin
azad edilməsində iştirak
edən, iki dəfə yaralanan
Alim Yusifzadə üç
dəfə kontuziya olmuşdu.
Müharibəni 3 orden və
14 medalla başa vurmuş Alim Yusifzadə
1945-ci ilin dekabrında Bakıya qayıtmış
və 1952-ci ilədək Təhlükəzlik Nazirliyində
çalışmışdır Daha sonrasa Xarici Dillər İnstitutunda dosent, kafedra müdiri, dekan və prorektor vəzifələrində
fəaliyyət göstərmişdir. Alim
Yusifzadə 2001-ci il martın 23-də 84
yaşında vəfat etmişdir.
Unudulmaz insanın qızı Alina
xanım atasının pedaqoji işini davam etdirməkdədir.
Bakıdakı 23 saylı orta
məktəbi gümüş medalla bitirmiş Alina Alim qızı
Yusifzadə Azərbaycan Dövlət Neft
Akademiyasının kimya-texnologiya
fakültəsinə daxil olmuş,
ali məktəbi müvəffəqiyyətlə
bitirmiş, dissertasiya
müdafiə edərək texnika elmləri
namizəd alimlik dərəcəsi
almışdır. Hazırda Neft
Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir.
Gülablının Cümhuriyyət tələbəsi
Müəllifdən, 2004-cü ildə
Bakıda "Lider nəşriyyat" tərəfindən
buraxılan və cildinin üz qabığında "Azərbaycan
Xalq Cümhuriyyəti yazılmış" (səhvdir,
tariximizdə Azərbaycan Cümhuriyyəti mövcud
olmuşdur - T.Q. ) Ensiklopediyanın birinci cildinin 341-ci səhifəsində
oxuyuruq:
"ƏLİYEV FİRİDUN
ƏZİM OĞLU (3.12.1898, Şuşa ?) Azərbaycan Cümhuriyyəti
Parlamentinin xüsusi qərarı
ilə dövlət hesabına ali təhsil
almaq üçün
xaricə göndərilmiş tələbələrdən biri. Bakı Politexnik Məktəbinin
elek-trotexnika şöbəsini bitirmişdir (1919).
Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına
əsasən, təhsilini elektrotexnika sahəsində davam
etdirmək üçün Almaniyaya göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xaricdə
dövlət hesabına təhsil alan azərbaycanlı
tələbələrin vəziyyətini öyrənən Tələbələr
İttifaqının 1923-1925-ci illər üçün
məlumatında Firidun Əliyevin təhsilinin
bitməsinə 1 il qaldığı bildirilir. Sonrakı taleyi
barədə məlumat aşkar
olunmamışdır".
"Sonrakı tale" axtarışına
çıxdım. 100 nəfər Cümhuriyyət tələbələri
arasından Şuşada doğulmuşlar
sırasından Firidun Əzim oğlu Əliyevi tapa bilmədim.
Arxiv sənədlərini bir
daha ələk-vələk etdim. Nəhayət, Cümhuriyyət tələbəsinin
doğulduğu yer də,
sonrakı taleyi də bəlli oldu. Bəlli oldu ki, Almaniyada ali təhsil almış gənc 1993-cü il iyul ayının 23-də
düşmənlərimizin işğal
etdikləri Ağdam rayonundandır.
Gülablı kəndində 1832-ci ildə məşhur sinədəftər
Aşıq Valeh, 1880-ci ildə ustad tarzən Qurban Pirimov dünyaya göz açdığı kimi,
1898-ci ildə Cümhuriyyət tələbəsi Firidun Əliyev doğulmuşdur.
Arxiv sənədləri ilə
tanış olun.
Azərbaycan Respublikası Prezidenti
İşlər İdarəsi Siyasi Sənədlər Arxivində
Firidun Əzim oğlu Əliyevin şəxsi vərəqəsi
saxlanılır.
Dörd səhifədən ibarət
vərəqi 1932-ci il mart ayının 21-də öz dəst-xəttilə
rusca cavablandırıb imzalamışdır. Yazılanlardan
aydın olur ki, Əliyev Firidun Əzim oğlu 1898-ci ilin
dekabrında Şuşa qəzasının Gülablı kəndində
( Ağdam rayonu inzibati ərazi kimi 1930-cu ildə təşkil
edilmişdir T.Q. ) anadan
olmuşdur. Milliyyəti türk,
valideynlərinin əsas peşəsi fəhləlikdir. Firidun on yaşında Bakıdakı Alekseyevski
altısinifli məktəbdə oxumuş,
1914-cü ildə isə Bakı Politexnik
məktəbinə daxil olmuşdur.
1918-ci ildə texnik-elektromexanik ixtisası
üzrə məktəbi bitirmişdir.
1920-ci ildə dövlət hesabına Almaniyaya
ali təhsil almağa
göndərilmişdir. 1926-cı ildə oradakı Karleruye Politexnik İnstitutunu bitirərək mühəndis-elektromexanik
diplomu almışdır.
Cümhuriyyət tələbəsinin
əmək fəaliyyəti də diqqəti cəlb edir.
1918-ci il may ayının 1-dən 1920-ci ilin yanvar ayının
15-dək Bakıda Quberniya İdarəsində
çertyojçu işləmişdir.1920-ci il sentyabrın
7-dən 1923-cü il mayın 10-dək maddi çətinliklər
ucbatından ( Aprel işğalından sonra Cümhşuriyyət
tələbələrinin təqaüdü kəsilmişdi T.Q.)
Almaniyanın Xenttştet və Zyuqarts şəhərlərində,
Mansfeld dağ-mədən zavodunda elektromantyor işləmişdir.1926-cı
ilin dekabrında doğma yurduna qayıtmış Cəmhuriyyət
tələbəsi əmək fəaliyyətinə Lənkərandan
başlamışdır. 1928-ci il noyabr ayının 20-dək
burada peşə məktəbinin direktoru vəzifəsində
çalışmış, həm də əvəzçilik
yolu ilə Lənkəran Maarif
Şöbəsi nəzdində inşaat
işlərində baş icraçı olmuşdur. Lənkəran maarif
işçiləri onu həmkarlar
ittifaqının rayon konfransında təftiş
komissiyasının üzvü
seçmişlər.
1928-ci ilin noyabrından 1929-cu il
sentyabrın 1-dək Cümhuriyyət tələbəsi
Bakıda Nəriman Nərimanov adına texnikumda elektrik
şöbəsinin müdiri vəzifəsinə təyin
edil-mişdir. Altı aydan sonra, 1929-cu il sentyabrın 1-də
o, yenidən direktor vəzifəsinə irəli çəkilmiş
və bu dəfə qədim Gəncəyə göndərilmişdir.
Firidun Əliyev dörd ilə yaxın Sənaye Texnikumun direktoru vəzifəsində çalışmışdır. Cümhuriyyət tələbəsi andına sadiq qalan otuz iki yaşlı direktor burada da "çörək ağacı"na xəyanət etməmişdir - Gəncə toxuçuluq fabrikində əvəzçiliklə elektromantyor işləmişdir. Gəncə ziyalıları bu sadə, pak-təmiz, Azərbaycan türkcəsini, alman və rus dillərini mükəmməl bilən səmimi Gülablı balasını Şəhər Sovetinin İdarə Heyətinin üzvü seçmişlər.
1932-ci ilin fevralında Firidun
Əliyev paytaxta çağırılmış və həmin
ayın 16-da Nəriman Nərimanov texnikumunun direktoru təyin
edlmişdir.
əvvəli,
ardı var
Teyyub QURBAN
Ekspress.-2015.- 17-19 yanvar.- S.15.