Şanslı aktyoram...
İlham Namiq Kamal: "Bu sənətin
qəddar tərəfləri də var"
Sevimli sənətkarımız İlham Namiq Kamalla doğum günündən bir neçə gün sonra dərs dediyi Mədəniyyət və İncəsənət Universitetində görüşdük. Yanvarın 9-da 66 yaşı tamam olan xalq artisti ilə milli teatrımızın dünəni və bu günü, ustadları və tələbələri, uğurlu aktyor karyerasının sirlərinin nələrdə gizlənməsi barədə söhbət etdik.
- Yaş üstünə yaş gəlməsi təbiidir, amma insan o vaxt yaşlandığını hiss etmir ki, lazımlı olduğunu anlayır. Əgər sən insanlara lazımsansansa, deməli, yaşamağa dəyər və yaşın artdığını da hiss etməzsən. Sadəcə düşündüyün o olar ki, məsələn, sabah filan işi görməliyəm, universitetə dərsə getməliyəm, imtahan qəbul etməliyəm, teatrda məşqə getməliyəm, axşam tamaşam var, işdən əvvəl ev üçün bazarlığa getməliyəm, ailə qayğıları ilə də məşğul olmalıyam və s.
Bəlkə də ən böyük xoşbəxtlikdir ki, yaşın üstünə yaş gəldiyini hiss etmirsən. İllər keçir, 50 yaşı, sonra 60 yaşı tamamlayırsan və heç bir şeyin fərqində olmadan irəliyə doğru yenə addımlayırsan. İnsan işlə məşğul olanda vaxt daha sürətlə gedir. Məsələn, məzuniyyətə çıxıb bir yerdə dincələndə vaxt keçmək bilmir.
- Bir müsahibənizdə "Yaşlanmaq hər adama qismət olmur" söyləmişdiniz...
- Bəli, mən
o fikirdəyəm ki, yaşlanmaq Allahın bir qismətidir və
bu qismət hər adama nəsib olmur. O qədər
dəyərli sənətkarlarımızı itirmişik ki, əksəriyyəti
də çox gənc yaşlarında dünyasını dəyişib.
Əlbəttə, könül istərdi ki, onlar həyatda
olsun, ancaq dediyim kimi, bu, Allahın bir qismətidir.
Heç kim deyə bilməz ki, sabah nə olacaq.
- Demək olar
ki, bütün fəxri adlara, titullara layiq
görülmüsünüz, hər zaman dövlətin diqqətində
dayanmısınız. Bu, hər sənətkara qismət olmur
və uğurlarınızın sirri nədədir?
- İnanın ki, fəxri adlara layiq görüldüyümdən xəbərim olmurdu. İşimiz o qədər qaynar, başımız o qədər qarışıq olur ki, sanki, bu titullara layiq görüldüyümdən xəbərim olmayıb. Hər zaman o fikirdə olmuşam ki, istənilən şəxs öz işi ilə məşğul olarsa, o zaman mütləq diqqəti özünə çəkəcək. Yəni, özünü gözə göstərmənin heç bir mənası yoxdur, bacarığın varsa, mütləq diqqəti çəkəcəksən, çünki istedadı, bacarığı gizlətmək mümkün deyil.
- Bu şan-şöhrətin məsuliyyət yükü də daha ağır olur...
- Bu da qismət məsələsidir,
Allah hamıya can sağlığı versin. Çox
şükürlər olsun ki, Allah mənə o gücü, o
sağlığı, o enerjini verir ki, mən də sizin qeyd
etdiyiniz kimi, bu məsuliyyət yükünün öhdəsindən
gələ bilirəm. Aktyor sənəti
çətin olduğu qədər müqəddəsdir,
aktyorluq gözəlliyi sevir, gözəllik isə
sağlamlıqdır. Əgər səhhətin
yerindədirsə, gümrahsansa, o zaman bu sənətdə
görəcəyin işlər hələ çoxdur. Hər bir xarakter aktyorun bir parçası olur.
Tarzənin köməyinə tar gəlir, kamança
çalanın köməyinə kamança. Aktyorun
da köməyinə görkəmi və səhnə
plastikası, nitq mədəniyyəti gəlir. Gərək görkəmini kökləyə biləsən,
onu formada saxlaya biləsən. Bir sözlə
tamaşaçı səhnədə sağlam və normal
insanları görməlidir. Əgər
bütün bunlar mənə verilibsə, deməli, mən
şanslı aktyoram.
- Həm də pedaqoji fəaliyyətlə
məşğul olür, aktyor yetişdirirsiniz. Kinorejissor
Tofiq Tağızadə müəllimlik təklifini qəbul
etməmiş, "eyni vaxtda iki işlə məşğul ola bilmərəm" demişdi...
- Mənim sənət müəllimlərim
- Adil İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov həm
rejissorluq ediblər, həm pedaqoji fəaliyyətlə məşğul
olublar. Mənim sənətə gəlməyimdə
bu üç sənətkarın rolu əvəzsizdir. Onlardan çox şey öyrənmişəm.
Və bu gün də çalışıram
ki, tələbələrimə onlardan öyrəndiklərimi
öyrədim. Fikir verirsiniz,
başımın üzərində onların şəkillərini
asmışam, hara getsəm onların şəkilləri mənimlə
olur. Doğrudur, hər sənətkar eyni vaxtda pedaqoji fəaliyyətlə
məşğul ola bilməz, ancaq
adlarını çəkdiyim ustadlar eyni vaxtda hər iki
işin öhdəsindən necə gəlirdilərsə, tələbələrinə
də eynisini öyrətdilər. Bu ustadlar sadəcə
sənətin sirlərini deyil, həyatda necə
davranmağı da biz tələbələrinə öyrətdilər.
- O dövrdəki sənət və
sənətə münasibətlə indikinin fərqi nədir,
dəyişən sadəcə zamandımı?
- Dövrləri müqayisə etmək
istəməzdim, çünki hər dövrün öz
qanunları olduğu kimi, eyni zamanda öz ustadları olur. O
dövrdə də ustad sənətkarlarımız var idi,
hazırkı dövrdə də var. Sənətə yeni gəldiyimdə
elə zirvə saydığımız aktyorların əhatəsində
oldum ki, bu mənim üçün ən büyük şans
idi. Müəllimlərimdən başqa, Hökumə
Qurbanova, Barat Şəkinskaya, Ağasadıq Gəraybəyli,
Əliağa Ağayev, İsmayıl Osmanlı, Məmmədrza
Şeyxzamanov və başqalarını görmək
özü böyük məktəb idi. Onların
hər biri sözün həqiqi mənasında fədailər
idilər. Onlardan sonra gələn nəsil də ustadlar
idi- Şəfiqə Məmmədova, Səməndər Rzayev,
Hamlet Qurbanov və b. Demək istədiyim odur ki, Azərbaycanda
istedadlar həmişə olub və olacaq.
- Deməli, tələbələrinizdə
sənət yanğısı görürsünüz...
- Yeni nəsil yetişir və əsas
olan odur ki, yeni nəslə kömək etmək
lazımdır. Tutaq ki, o dövrdə bizə
kömək edən ustadlar çox idi, ancaq hazırda kömək
edənlər azalıb, hətta çox azalıb. İstedadlı gənclərimiz çoxdur, onlara
meydan vermək lazımdır. Bizim vaxtımızda
bir televiziyamız var idi, tamaşaları da televiziyanın
özü çəkirdi. Aktyorun
qüruru gərək heç zaman ölməsin. Aktyor ehtiyac içində olmamalıdır, əgər
aktyor ehtiyac içində çırpınırsa, o, necə
gəlib səhnədə "padşah" rolunda
çıxış edə bilər? Var-dövlətdən
söhbət getmir. Amma müəyyən
insani ehtiyacı tamamlanmalıdır, məişət
ehtiyacları tam olmalıdır ki, o, rolunu daha ürəkdən
oynasın. İstedad heç vaxt
itib-batmır. Mənimlə birgə teatrın səhnəsində
çıxış edən tələbələrim var. Mən
də bir zamanlar ustad sənətkarlar olan Ağasadıq Gəraybəyli,
Əliağa Ağayev, Hökumə Qurbanova, Nəcibə Məlikova
ilə bir səhnəni paylaşmışam. Daha sonra Fuad
Poladov, Yaşar Nuri, Hamlet Qurbanov, Rafiq Əzimov, Ramiz Məlikov,
Vəfa Fətullayeva, Əliabbas Qədirovun adlarını
çəkə bilərəm. Adlarını
çəkdiklərimin sırasında itirdiklərimiz də
var. Ümid edirəm ki, gənc aktyor nəsli bu yolu lazımi
şəkildə davam etdirəcək.
- Teatr islahatlarını necə dəyərləndirirsiniz?
- Hazırda şərait tamam
başqadır. Etiraf edək ki, beş-altı il
əvvəl Azərbaycan teatrının vəziyyəti indiki
kimi deyildi. İndi teatrlarımızın vəziyyəti
daha çox yaxşıdır. Təmirdən
sonra teatr ocaqlarımızın durumu daha ürəkaçandır.
Bu gün dövlət səviyyəsində
teatrlara qayğı var. Vaxt var idi teatrlarda üç-dörd
işıq vardı, bu gün isə maddi-texniki baza daha da
yaxşılaşıb. Düşünürəm
ki, Azərbaycan teatrında olan islahat sənətin xeyrinədir.
Ancaq bir məqama xüsusi diqqət yetirmək
lazımdır. İslahat o demək deyil
ki, sağlam bünövrəni dağıdıb yenidən
qurasan. Əksinə islahatı
keçmişdə olan sağlam bünövrənin
üstündə qurmaq lazımdır. Əgər
sağlam bünövrəni dağıdaraq qeyri-adi bir şey
yaratmaq istəyirsənsə, bu artıq iflasa uğramaq deməkdir.
İstər səhiyyə sahəsi olsun, istər
təhsil olsun, istərsə də incəsənət. Yalnız və yalnız sağlam bünövrəni
qorumaqla islahat aparmaq, həmin sahəni inkişaf etdirmək
mümkündür. Bünövrəni
dağıdarsan, deməli, həmin yeri xarabaya çevirirsən.
- Hazırda səhnəyə
qoyulan tamaşalar Sizi nə dərəcədə qane edir?
- Bildiyiniz kimi, hal-hazırda Musqili
Teatrda çalışıram və həmin teatrda əksər
tamaşaların quruluşunu mən vermişəm. Eyni zamanda, əksər tamaşalarda rollarım var.
Maraqlı səhnə əsərləri hazırda repertuarda
var və əgər belədirsə, o zaman necə deyə bilərəm
ki, məni qane etmir. Üzeyir Hacıbəylinin
"Ər və arvad" əsərinə, Ramiz Mirişli ilə
Marat Haqverdiyevin "Amerikalı kürəkən" əsərinə
mən quruluş vermişəm və kifayət qədər də
tamaşaçısı var. Elə teatrlar var ki, onun həmişə
tamaşaçısı var, tamaşaçı problemi
yaşamır. Əvvəlki adı ilə desək,
Musiqili Komediya Teatrının həmişə
tamaşaçısı olub. Bu teatrın
müraciət etdiyi səhnə əsərləri
tamaşaçıların marağına səbəb olur.
Önəmli olan repertuar seçimidir, repertuarda
klassika ilə bərabər müasir əsərlər də
olmalıdır. 30-40 faiz klassik əsərlərə
müraciət olunursa, 60-70 faiz də müasir əsərlər
olmalıdır. Müasirlərimizi
düşündürən məsələlər səhnədə
cərəyan etməli, gəncliyi maraqlandıran fikirlərə
geniş yer verilməlidir. Artıq gənclik
tamam fərqlidir, dövr dəyişib, sürət əsrində
yaşayırıq, seçim çox böyükdür.
Bu baxımdan teatrlar seçimini yüksək səviyyədə
etməlidir ki, tamaşaçını qane edə bilsin.
Tamaşaçını heyrətləndirmək
lazımdır, tamaşaçını heyrətləndirməyi
bacaran teatr mütləq uğur qazanacaq.
- Səhnədə çox gözəl
tərəfmüqabilləriniz olub, çox təəssüf
ki, əksəriyyəti artıq dünyasını dəyişib...
- Hacıbaba Bağırov,
Yaşar Nuri, Əliabbas Qədirov, Səməndər Rzayev, Vəfa
Fətullayeva, Hamlet Qurbanov, Hamlet Xanızadə, Telman
Adıgözəlov və başqalarının
adlarını çəkə bilərəm ki, onlar aktyor
kimi heç bir vaxt unudulmadılar. Sanki daima səhnədə
bizimlədilər. Bizim itirdiklərimiz
çoxdur, əlbəttə ki, bu, çox üzücü
bir durumdur, ancaq həyat davam edir, elə etməliyik ki, yeni nəsil
həmin boşluğu doldursun. Doğrudur,
heç kimi əvəz etmək mümkün deyil, ancaq ən
azından yeni nəsil yetişərsə, həmin boşluq
mütləq dolar. Bir gün gələn
bir gün gedəcək, bu, təbiətin qanunudur, önəmli
olan odur ki, hər kəs üzərinə düşən
işin öhdəsindən gəlsin.
- Səhnədə ustadlarla tərəfmüqabili
olmusunuz, ustadların bir səhnəni paylaşması da
böyük məsuliyyətdir...
- Məhz bu baxımdan müəllimim
Tofiq Kazımova, onun ruhuna daima minnətdar olacağam. Çünki o bilavasitə aktyorun yetişməsində
böyük rol oynayan rejissorlardan biri idi. Təsəvvür
edin ki, bu illər ərzində elə bir rejissor olmayıb ki,
onunla çalışmayım. Rejissorlar
hansı xarakteri məndən tələb ediblərsə, onu
oynamağa çalışmışam. Görün,
oynadığım rollarda nə qədər fərqli xarakterlər
var, bunların hər biri bir insanın həyatıdır.
Bu sənətin qəddar tərəfləri də
var. Gərək heç vaxt deməyəsən ki, mən
öz sözümü demişəm. Biz bu yolu gedirik və
bu yol davam edir...
Xədicə QİYAS
Ekspress.-2015.- 24-26 yanvar.- S.15.