Əlillik vəsiqəsi ala bilməyən əlillər

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Bu gün ölkədə həqiqətən əlil olan şəxslərin bəzilərinin əlillik vəsiqəsini ala bilməsinə müəyyən problemlər yaşanır. Belə probemlərin aradan qaldırılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gördüyü işlər də danılmazdır.

   Sumqayıt şəhəri, 12 mikrorayon, ev 20, mənzil 57 ünvanında yaşayan Ədalət Abbasov əlillik vəsiqəsi ala bilməməsindən şikayət edir. 1992-ci ildən 1994-cü ilə kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini deyən Ə.Abbasov "anspress"ə bildirib ki, bir neçə dəfə yaralansa da hərbi hospitalda müalicə aldıqdan sonra yenidən döyüşlərə qayıdıb. Bədənində 12 qəlpə yarası var. Onlardan da ikisi döş qəfəsində olduğundan təngənəfəslikdən əziyyət çəkir.

   Həkimlər apardıqları müayinələr zamanı ona bu qəlpələrin çıxarılmasının mükünsüz olduğunu bildiriblər. Onun sözlərinə görə, uzun illərdir səhhəti işləməyə imkan vermir. Deyir ki, 2-3 saat hərəkətdə olan kimi də halı pişləşir. "İndi vəziyyətim günü-gündən çətinləşir. Əlillik dərəcəsini ala bilmədiyim üçün mənə müavinat vermirlər ki, ailəmi dolandıra bilim" deyən Ədalət Abbasov məsələ ilə bağlı Müdafiə Nazırliyinə, Hərbi və Baş prokurora məktub yazıb. Onlardan cavab da alıb, özü də təsdiq olunan sənədlərlə birlikdə. Bütün məktublar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə göndərilib. "Onlara hər şeyi olduğu kimi izah etmişəm. Mənə bildirirlər ki, get 3-4 aydan sonra gəl", - deyə şikayətçi Ədalət Abbasov bildirib.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "anspress"ə bildirilib ki, vətəndaşın müraciəti əsasında o, tibbi-ekspert komissiyasında müayinədən keçirilib. Əldə edilən nəticələrə görə, onda əlillik əlaməti müəyyən edilməyib. Ona görə də vətəndaşa əlillik dərəcəsi təyin edilməyib. "İndiki vaxta ola bilər ki, onun vəziyyətində hər hansı bir dəyişiklik olur" deyən ƏƏSMn-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, Ədalət Abbasov hazırkı durumu əks etdirən 88 nömrəli forma (yaşayış yerindən) alsın və müvafiq olaraq 12 nömrəli tibbi-sosial ekspert komissiyasına təqdim etsin. Dediyinə görə, şikayətçinin təkrar müayinəsini təşkil olunacaq: "Əgər hər hansı bir dəyişiklik varsa, yəqin ki, onun əlillik dərəcəsinin təyin olunması məsələsinə təkrar baxılıb müvafiq qərar qəbul ediləcək", - deyə S.Abdullayev vurğulayıb.

   Ədalətsizliklə üzləşən tək Ədalət Abbasov deyil. 50 yaşlı Maarif Həsənov da Qarabağ müharibəsində əlil olub. Ancaq dediyinə görə, müharibə əlili kimi təqaüd ala bilmir. Əslən Gədəbəy rayonundan olan, hazırda Gəncədə yaşayan Kazımovlar ailəsinin 6 ildən çoxdur tək stabil gəliri Maarifin həyat yoldaşının xəstəliyə görə aldığı 60 manatlıq təqaüddür. Bundan başqa, ailə mövsümi olaraq əkib-becərdiyi kartofun satışından cüzi gəlir əldə edir.

   M.Həsənov müharibənin ən qızğın çağında dörd ilə yaxın hərbidə qulluq etdiyini, Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirdiyini deyir (xalqxəbər.az). "Amma indi veteran olduğumu sübut eləməliyəmmiş..." deyən Həsənov bildirir ki, 1992-ci ildə Kəlbəcər rayonunun müdafiəsi üçün Murovdağda döyüşüb, Gədəbəyin Şınıx bölgəsində Başkənd əməliyyatında iştirak edib. Həmin döyüş vaxtı qumbaraatanın partlaması nəticəsində diz qapağından ağır yaralanıb. "Dizimdə hələ də qəlpələr qalıb, yeriyəndə axsayıram. Həmin vaxt məni hospitala yerləşdirdilər. Artıq sağlamlıq durumum hərbiyə yararlı olmadığı üçün ordudan tərxis elədilər məni. Amma mənəvi əziyyət çəkirdim. Həmin vaxt vəziyyət pis idi. Dostların ağır xəbərlərini eşidirdim. Kənarda qala bilmədim. Yenidən öz xahişimlə orduya qayıtdım, 7 ay Başkənd ətrafında döyüşdüm".

 

   Onun sözlərinə görə, hospitaldan sonra bir müddət də Gədəbəy rayon xəstəxanasında müalicə alıb. Xəstəxana onun hərbi travması barədə müvafiq sənəd verib. Yaralı döyüşçü veteranlıq vəsiqəsini almaq üçün çox qapılar döysə də, xeyri olmayıb. Son çarə olaraq haqqını məhkəmədə axtarıb. "Mənimlə döyüşənlərin hamısına veteranlıq vəsiqəsi verilib, amma mənə israrla vermirdilər. Hara yazdımsa baxan olmadı. Axırda Gəncə İnzibati Iqtisad Məhkəməsinə ərizə verdim. Məhkəmənin qərarı ilə mənə "Müharibə Veteranı" adının verilməsi Gədəbəy Rayon Hərbi Komissarlığının üzərinə öhdəlik olaraq qoyuldu". Məhkəmənin qərarı 2012-ci ildə icra edilibona veteranlıq təqaüdü təyin olunub. Lakin dərdi bununla da bitməyib. Vəsiqəsi olsa da, indiyə qədər haqqı olan təqaüdü ala bilmir. "Əlimdə vəsiqəmlə gedirəm Gədəbəy rayon Dövlət Sosial Müdafiə Fonduna. Baxırlar ki, bütün sənədlər qaydasındadır. Deyirlər, get, bir həftəyə gəl, sonra gedirəm deyirlər, başqa vaxt gəl".

   Dediyinə görə, lazım olan bütün sənədləri təqdim etsə də, haqqını ala bilmir.

   Məsələyə münasibət bidirən Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlunun sözlərinə görə, müharibədə iştirak edib yaralanmış, özünü hərbi əlil hesab edən şəxs lazım olan tibbi arayışı və tələb olunan digər sənədlərini Müdafiə Nazirliyinə təqdim etməlidir, bundan sonra nazirliyin verdiyi rəsmi "Veteran vəsiqəsi" ilə təqaüd ala bilər.

   Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də saxta əlillik dərəcəsinin düzəldilməsi hallarının aradan qaldırılmasının vacibliyini vurğulayıb. Onun "modern.az"a bildirdiyinə görə, bu gün Azərbaycanda həqiqətən əlil olan şəxslər əlillik vəsiqəsi ala bilmir. Deputat deyib ki, əlillik statusunun sənədləşməsində bürokratik əngəllər var. "Ona görə də belə halların qarşısının alınması üçün əlilliyin yenidən tərtibatlaşması məsələsi ortaya çıxır. Yəni birinci, ikinciüçüncü qrup yox, fiziki imkanlar kateqoriyası ortaya düşməlidir. Bu məsələyə yenidən baxılmalıdır, inqilabi addımlar atılmalıdır. Belə olarkən obyektiv səbəbdən əlillərin sayı arta bilər.

   Həqiqətən əlil olan insanlar əlillik dərəcəsi alacaq. Bu səbəbdən əlilliərin sayı arta bilər".

   "Qarabağ Əlilləri və Veteranları" Cəmiyyəti İctimai Birliyinin sədri Növrəstə Yusifova da hesab edir ki, Qarabağ müharibəsi iştirakçıları olan veteranlar, döyüşlər zamanı yaralanaraq əlil olmuş döyüşçülər, məmurlar tərəfindən bürokratik əngəllərlə üzləşdiklərindən müharibə veteranı adlarını və vəsiqələrini ala bilmirlər. Onun sözlərinə görə, "Veteranlar haqqında" qanunda müharibə veteranları: partizan birləşmələrinin tərkibində, gizli fəaliyyətdə vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında, habelə hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər sayılırlar: "Qanunun tələbinə görə, müharibə veteranı adını və vəsiqəsini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər, rayon şöbələrindən sorğu və təsdiqedici sənədləri təqdim etməklə almaq olar. Ən son hədd isə qanuna müvafiq olaraq ərazi üzrə məhkəmələrə müraciət edilməlidir. "Müharibə veteranı" statusu alındıqdan sonra döyüş zamanı yaralanan şəxslər yaralanmalarını təsdiq edən sənədləri təqdim etməklə, yerli tibbi-sosial ekspert komissiyasına müraciət edə bilərlər".

   Birlik sədrinə görə, müvafiq qurumlar bu məsələdə arxiv sorğusundan başqa təsdiqedici sənədləri - arayışları, şəkilləri, ayrı-ayrı hissələrin komandirləri tərəfindən verilmiş ezamiyyə vərəqələrini, yaralanmalar haqqında arayışlara belə məhəl qoymurlar. Halbuki, onun fikrincə, bunlar nəzərə alınmalıdır. Dediyinə görə, 20 il ərzində veteranlar sənədi, arayışı ala bilmədiklərindən onlara veriləcək müavinətlərdən də məhrum olurlar.

   Yeri gəlmişkən, "Qarabağ qaziləri" Birliyi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən sağlamlığını itirib, əlil olmuş şəxslərin - Qarabağ qazilərinin sosial problemlərinin həllinə dair təkliflər hazırlayıblar. Və sənəd adıçəkilən qurumun rəhbərliyinin baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədovla görüşündə ona təqdim olunub. Qazilərin qayğı və təkliflərini dinləyən Əli Əhmədov prezident İlham Əliyev başda olmaqla dövlətin bu qəbildən olan insanlara diqqət və qayğısından söz açıb, gələcəkdə də onların problemlərinin həlli istiqamətində, imkan daxilində, bütün zəruri addımların atılacağını bildirib. Əhmədov belə görüşlərin sistemli halda və ildə iki dəfə keçirilməsinin daha səmərəli ola biləcəyini deyib. O, müzakirələrlə bağlı dövlət başçısına məruzə ediləcəyini də qeyd edib. Bəs Qarabağ qazilərinin təklifləri hansılardı? "Qarabağ qaziləri" Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu qəzetimizə bildirib ki, təkliflər sırasında Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə verilən pensiya, təqaüd və müavinətlərin artırılması, müharibə veteranlarına verilən konpensasiyanın bir neçə dəfə artırılması, Müdafiə Nazirliyinin Bakı və regionlardakı hərbi hissələrin arxivlərində müharibə iştirakçılarına veteran və əlillik statusunun verilməsində yaranmış problemlərin həll olunması məsələləri yer alıb. Bundan başqa, qazilər 2002-ci ilin yanvar ayından ləğv edilmiş kommunal (qaz, işıq, su, sərnişindaşımadan istifadə və s.) xərc güzəştlərinin bərpa edilməsini, müharibə veteranının mənzillə təminatını, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin özlərinin və ailə üzvlərinin sağlamlıqlarının sığortalanaraq xərclərinin dövlət sığorta şirkəti tərəfindən ödənilməsini, vəfat etmiş Qarabağ müharibəsi əlil, veteran və şəhid ailə üzvlərinin dəfn və mərasim xərclərinin dövlət tərəfindən ödənilməsini istəyirlər.

 

   Qənirə MƏMMƏDLİ

   Ekspress.-2015.- 24-26 yanvar.- S.18.