Qurd yağı
(hekayə)
Deyirlər ki, pulumuz yoxdur. Siz dediz, mən də
inandım. Qapılarında qoşa-qoşa dayanan xarici
maşınlara bax. İmarətlərinə
tamaşa elə. Sonra da bunların
"pulumuz yoxdur" sözlərinə inan. Heç qohumun üzünə qapını da
özləri açmırlar. Qulluqçu
gəlir qapıya. Qudurasan qurbağa.
Elə bil ki, süpürgəçi Tərgülün
qızı deyil. Nə olsun baxtınız
üzünüzə gülüb. Mən də sizin nəsildənəm
də... Güc-bəla bir uşaq
tapmışam. O da xəstə. Müalicəsinə
də pul lazımdır. Özümçün pul
lazım deyil a... Uşağıma görə
düşmüşəm də qapı-qapı. Ağır günümdür. Ağır
günümdə qohuma ağız açmayım, bəs kimə
açım?
Bəlkə
doğurdan yoxlarıdır? Yox, ola
bilməz. Varlarıdır. Sadəcə
imtina etdilər. Heç çay da təklif
eləmədilər. Yaraşdırmadılar
onlarla bir süfrədə çay içməyi özlərinə.
Axı nə idi ki, istədiyim. 600 dollar. Yəni, doğurdan
yoxlarıdır?! Axı, altıaylıq
körpəmə müalicə, dərman lazım idi. Ərim də yoxdur ki, onun qohumlarına ağız
açım. Uşağın beş
ayının tamamında itkin düşdü. Son
ümidgahım doğma xalam qızı isə məni
naümid yola saldı. Desəydi ki, sabah
gəl, heç olmasa ümidim qırılmazdı. O isə
dedi ki, yoxumuzdur. Heç uşağı
qucağına da götürmədi. Öpməyi,
qundağına pul basmağı qalsın o yana,
yalandan "qudi-qudi" də demədi. Uşaq
da ağlamağını kəsmirdi deyən,
xalaqızının əri o biri otaqdan başladı
çımxırmağa. O da məni tez evdən
uzaqlaşdırdı. İkinci mərtəbəyə,
öz otağına da qaldıra bilərdi. Heç olmasa yalandan "gecəni hara gedirsən,
qal. Səhər tezdən yola
salarıq" deyəydi. Amma demədi.
Ərində təqsir görmürəm. Könlündə olsaydı edərdi. Heç olmasa taksi pulu verərdi. Amma vermədi. Eybi yox, Allah
görür. Hamının cəzasını
vaxt gələndə verəcək. Tutaq ki, lap verdi. Mənə nə? Mənə olan oldu. Allah
bunların cəzasını verəndə yanlarında
olacağammı ki, baxıb kam alım. İnanmıram.
Fani dünyadamı verəcək cəzalarını,
yoxsa Haqq dünyasına saxlayacaq? Bəlkə Allah elə
məni gözləyir ki, mənim əlimlə onların cəzasını
versin. Bəlkə də...
Hə. Çatdım. Yenə də qısa ətək geyinən
açacaq qapını. Bəs bu boyda villada bir kişi tapmırlar ki, qarovulçu
saxlasınlar? Mən bandit, oğru olsam, bu nərmə-nazik
qız nə edəcək mənə?
Yanar öz aləmindən
ayrılaraq zəngin düyməsini basır.
- Salam. - deyə
xadimə onu gülərüzlə qarşılayır.
- Salam, bacı. Xalam
qızı evdədir?
- Bəli.
- Görə bilərəmmi onu.
- Bəli. Buyurun.
Bu,
xalamqızından mərifətlidir vallah. Ode... yenə sərələnib divana. Birdən yenə ayaqüstə saxladı məni.
Heç yer göstərmədi oturmağa.
Onda nə edəcəyəm?
- Salam, xalaqızı.
- Salam. Tək gəlmisən?
- Hə.
- Bəs uşaq hanı?
- Qonşunun yanında qoydum.
- Düzəldi?
- Hə.
- Sən isə deyirdin ki, öləcək.
600 dollar pul lazımdır. Gördün
ki, heç nə olmadı. Bizim 600
dollarımız nə gəzir?
- Düz deyirsən, bacı.
- İndi nə əcəb
gəlmisən?
- İş
axtarıram. Dedim bəlkə qulluqçu işi ola səndə.
Birdən
xalaqızını əri səsləyir. O da o biri
otağa keçir. Bundan istifadə edən Yanar
cibindən klizma qabını çıxarır. İçindəkini divanın, kreslonun
örtüyünün qıraqlarını qaldırıb hər
yerinə, xalçanın da üstünə püskürtməyə
başlayır. İşini bitirib klizma
balonunu sellofan kulyoka bürüyüb cibinə qoyur. Bir az keçmiş xalasıqızı
qayıdır.
- Ərimlə
danışdım. Deyir ki, bizdə iş yoxdur. Bu 20
manatı da verdi sənə. Dedi ki, bir də
buralara gəlməsin.
- Allah ərinin canını sağ
eləsin. O iki uşağınızı min budaq eləsin. Xoşbəxt olsunlar.
- Yaxşı. Çıx get. Gecdir daha. Mən dincəlmək
istəyirəm.
Yanar Canarla
sağollaşıb qapıdan çıxmaq istəyirdi ki,
qarşısını iricüssəli, sinəsində nəsə
xarici söz yazılmış biri saxladı. Yanarın əlindən tutub qapıdan
çıxmağa mane oldu. Qız
müqavimət göstərsə də, "buraxın əlimi!"
desə də xeyri olmadı. Səsə
xalaqızı, əri, evdə nə qulluqçu vardısa,
hamısı tökülüşüb gəldi.
- Nə olub, Cüssəli.
- Akif müəllim, bu qız
xanımınız o biri otağa keçəndə
özünü nəsə şübhəli apardı.
- Necə yəni şübhəli?
Nə etdi ki? - deyə
evin sahibi səsini qaldırdı.
- Divanın və kresloların
örrtüyünü qaldırıb altına nəsə
qoydu.
- Nə? - deyə
xalaqızının əri qışqırdı.- Nə
qoydu?
- Bilmirəm. Ona
görə də qabağını kəsib getməyə
qoymadım ki, yoxlayaq görək nədir.
- Düz eləmisən, - deyə
Akif müəllim səsləndi. - Əlini də
bərk tut onun. Qaçar. Gedək baxaq görək nə qoyub ora.
Akif müəllim tez
birinci kreslonun örtüyünü qaldırdı. Barmaqlarını oturacaq hissəsinin
qıraqlarında gəzdirdi. Əlinə
heç nə dəymədi. Bu minvalla
divanı, kreslonu da yoxladı. Heç nə
tapmadı. Sonra xadiməyə əmr etdi
ki, tozsoranın torbasını tərtəmiz eləyib gətirsin.
Elə də etdilər. Akif müəllim
tozsoranı işə salıb özü şəxsən
divan-kresloları tozsoranın ağzına verdi.
Sonra çöp torbasını yoxladı.
Heç nə tapmadı.
- Heç nə yoxdur, - deyə
rahat nəfəs aldı. Amma yenə
narahatçılığı yox olmadı. - Qız,
kreslonun, divanın örtüyünün altında nə
axtarırdın?
- Heç nə. Sadəcə
qıraqları büzüşmüşdü. Səliqəyə saldım. - deyə
Yanar soyuqqanlı şəkildə, heç nə
olmamış kimi cavab verdi.
- Yox, burda nəsə var. Gedək
videoyaya mən də baxım.
Seküritiylə Akif
müəllim qarovulçunun otağına getdilər. Xidmətçilər isə qapının
ağzını kəsdirdilər. Canar
xanım heç nə olmamış kimi yenidən divanda
yerini rahatladı. Jurnal stolunun üstündəki
nimçədən bir dilim alma
götürüb ağzına qoydu. Yaxşı ki, ev isti idi. Bir az da vaxt
keçdiyindən klizma balonundan püskürdüyü maye
yaxşı ki, qurumuşdu. Amma Yanar gözəl bilirdi ki, bir az sonra yeri hökmən bilinməlidir. Ona görə də tez çıxıb getmək
istəyirdi. Birdən
üst-başını axtarsalar, klizma balonunu tapsalar nə deyəcəkdi?
Axı kameraya cibindən nəsə
çıxartdığı da düşüb. Nə olsun. Deyər ki,
uşaqçün alıb aptekdən. Cibindən
isə cib dəsmalını çıxarıbmış
asqıranda.
Bir az
keçmiş Akif müəllimlə, Cüssəli yenidən
qayıtdılar. Yanara baxaraq.
- Çevir ciblərini stola.
- Niyə?
- Cibindən nəsə
çıxarmısan. Kameralar göstərir.
- Cib dəsmalıdır da, - deyə
Yanar əlini cibinə salıb dəsmalını
çıxartdı. - Bu evdə asqırmaq da olmaz?
- Olmaz. Çünki
bizə özgənin səbir gətirməyi
düşmür. Gördün, arvad.
Sən də deyirdin ki, evdə kamera niyə
quraşdırırsan. Elə bilirdin ki, səni
izlətdirirəm. Sonra da elə başa
düşdün ki, xadimələrdən şübhələnirəm.
İndi gördünmü ki, qohumlardır bizi zəlil
günə salmaq istəyən? Mənimkilərin
ayağını kəsdim, indi də səninkilər
başladı.
- Nəyi başladı? Nə özündən çıxmısan? Nə
tapdın ki, Heç sap da tapmadın. Öz
qohumların gedəndən sonra hər küncdən-bucaqdan
bir meşok metallom, maklatura, güzgü qırığı
toplayırsan. Mənim yanıma gələn
isə bircə xalamqızıdır. Ona
da stulda oturub, bir stəkan çay içməyi də
qadağan eləmisən. Nədir-nədir
birdən evə nəsə atar. O gün də 600 dollar
pul istədi uşağıyçın, vermədin. "Yoxumuzdur" deyəndə xəcalətimdən
yerə girdim. Sən xəstəsən,
vallah. Cadu xəstəliyinə tutulmusan.
Mən görmüşəm təhlükəsizlik
kameralarını oğruya görə quraşdırarlar.
Sən isə qohumlarının evdəki
künc-bucağa, mebellərə dürtdüyü
üçkünc kağızları, dəmir-dümürü,
güzgü parçalarını tapmaq üçün bu
boyda sistem quraşdırmısan.
- Arvad, sən bilmirsən. Oğrudan adama heç bir ziyan gəlməz. Cadudur bizi içərimizdən yeyən. Gülsüm qarı düz deyirmiş. Belə getsə, onu gətirib otuzduracam evin
ortasında. Qoy kruqlı sutka qorusun evimi.
Görürsən ki, o dediyi kimi elədim,
gözdəymənin qabağını aldım. Qara pişik bizi həm qara gözəgörünməz
qüvvələrdən qoruyur, həm də gözdəymədən.
- Ay Akif, sən Allah,
yazıqdır bu heyvanlar. Gündə yüz kərə
qışqırdırsan bunların qara tükünü
çəkib çıxaranda. Sonra da
tükü duzla qarışdırıb özünün, mənim,
uşaqların başına çevirtdirib ocaq üstündə
yandırırsan. Bəsdir də. Axırda bu qara pişiklərin
qarğışı tutacaq səni.
- Arvad, kiri, sən belə şeyləri
bilmərsən. Bütün varlıların evlərində
var kamera. Hamısı da caduya inanır.
Arvadları həftədə iki dəfə
cadugərin qapısına getməsə, rahat olmurlar. İndi sən inanmırsan deyə, məcburam
özüm gedəm. Allah bizi bircə o
yağdan qorusun. Tək onun əlacı
yoxdur. Bircə evi yandırmaqdan başqa.
- Akif qardaş, olar mən gedim? Gecdir. Uşağı qonşuda
qoyub gəlmişəm.
- Get, amma bir də bu tərəflərə
ayağını basma. Xalanqızıyla da hal-əhval
tutmaq istəsən, zəng elə.
Sağollaşıb
tez küçəyə çıxdım. Qorxumdan soyuq tər basmışdı məni. Amma yaxşı ki, başa düşmədilər.
Bəs xalaqızı? Mən
də elə bilirdim ki, təqsir ondadır. Demə günahsız imiş? Mən
isə pislik elədim. Amma Allah
görür. Ona xətər yetirməz.
Bəs axı Allah cadudur-filandır, bunları
da günah sayır. Neyləyim e... mənə
elədiyini onsuz da eləyib. Əzrayılı
göndərib, altıaylıq körpəmin canını
alıb. Bundan artıq nə edəcək
ki, mənə. Mənim körpəmi xəstəlikdən
öldürməkdənsə, milyoner Akifin ürəyinə
rəhm salaydı da... O da çıxarıb dava-dərman,
müalicə üçün 600 dollarından keçəydi.
Cəhənnəmə, nə olur-olsun. Eləmişəm, peşman deyiləm. Qoy Akifin evi yansın-dağılsın. Balaları xəstəlikdən ölsün. Xalamqızı da elə onların içində.
Onda bəlkə başa düşsünlər
ki, mənə bala dağı çəkdirmək necə
olar. Kamera quraşdırmağa, oxranaya,
xadimələrə, daha nəyə-nələrə pul
tapırlar, amma mənim balamın xilası üçün
pul vermədilər. Onlardır taqsırkar
balamın ölümündə.
Bəs indi nə
edim? Hara gedim? Ev yox,
eşik yox. Yaxşı... qurd
yağını səpdim xalaqızının evinə.
O da bilmirəm doğurdan təsir edəcək, ya yox? Bəs mən? Mənim heç
evim də yoxdur. Yataqxanadan da qovdular. Bəlkə polisə gedim. Etdiklərimi
boynuma alım. Yox, belə alınmayacaq.
Adımı dəli qoyub ciddiyə almayacaqlar.
Yaxşısı budur bir az gözləyim.
Görüm nə olacaq. Doğurdanmı
qurd yağı belə təsiredici qüvvəyə malikdir?
Uşaqlıqda eşitmişəm, amma
gözümlə görməmişəm. Bəs indi nəticəsini necə görəcəyəm.
Akif dedi ki, bir də bu evə gəlmə. Yox
gedəcəm. Pul dilənmək bəhanəsiylə.
Bəs gecəni harda keçirim? Yer problem deyil e, necə edim ki, soyuqdan ölməyim.
Binalardan birinin zirzəmisinə girərəm.
İstilik borularınını üstündə
yataram. Televizorda görmüşəm,
bomjlar qışı belə çıxarır.
Görəsən
xalaqızıgildə vəziyyət necədir? İndi sərələniblər qurd yağı
çəkilmiş divan-kresloya. Televizora
baxa-baxa pürrəngi çay içirlər. Ləbləbi, meyvə yeyirlər. Qurd yağı da onların bədənlərinin
istiliyindən buxarlanır, buxarlanır, yavaş-yavaş
canlarına, ruhlarına, beyinlərinə daxil olur. Evin bütün otaqlarına yayılır,
daş-divarına hopur. Görəsən
doğurdanmı, qurd yağının belə gücü var?
Bəlkə cadugər qarı məni
aldadıb. Amma yox, yalan olsaydı
yağın çoxunu zəhmət haqqı olaraq özünə
götürməzdi. Deməli bu qurd
yağında nəsə bir güc var ki, hətta
xalaqızının əri də ondan qorxur. Təsiri
bir yana qalsın, deyilənə görə
yağ qarasını kimyəvi təmizləmə də
heç aparmır. Necə çökürsə
səpdiyin yerə, elə də qalır.
Mən isə nə avam olmuşam
e... Elə bilmişəm ki, qurd
yağını canavarı öldürüb, onun piyli yerindən
çəkirlərmiş. Bu
yaşımda yaxşı ki, başa düşdüm. İyirmi manat da yerinə düşdü lap. Dönərlə beş-altı gün birtəhər
dolanaram.
Yanar birdən
plaşına baxdı. Ləkəli idi.
Əlini cibinə atdı. Sellofan
açıldığından klizma balonundakı qurd
yağı damcılayaraq plaşına hopmuşdu. Bir an qorxdu. Öz-özünə: Deməli belə
çıxır ki, mənə də qurd yağı
sürtülüb? Mənə niyə? Qurd yağını varlı-hallı, vəzifəli
adamlara sürtərlər ki, xoşbəxtlikləri bədbəxt
günə düşsün. Qurd
yağı ona nə edəcək ki, hələ qorxsun da.
Eybi yox. Kimdir e mənə
baxan. Onsuz da cındırımdan cin
hürkür. Əsas gecələməyə
yer tapım.
Bu ev
yaxşı evə oxşayır. Yəqin
istilik verərlər bu binaya. Zirzəmisi
isti olar. Gecəni yola verim. Sabah görüm nə edərəm. Yox. Bəlkə gedim
xalaqızının pəncərələrinin
qabağında keşik çəkim? Hansı
əzablara düçar olacaqlarını gözümlə
görüm. Yox bu mümkün deyil.
Kameralar var. Həmən görəcəklər.
Bəs nə edim? Səhəri
açım, sonrasına baxarıq.
(ardı var)
Mahir
Qabiloğlu
Ekspress.-2015.- 24-26 yanvar.- S.19.