"Bakı 2015" Davosda təqdim edildi
Prezident İlham Əliyev: Ümid edirik ki, Avropa Oyunları
dostluq, tərəfdaşlıq
Oyunları olacaq
Yanvarın 22-də Davosda
"Bakı 2015" ilk Avropa
Oyunlarının təqdimatı olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
AzərTAc xəbər verir ki, bu il Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar həm Sürix, həm də Davos şəhərlərinin müxtəlif yerlərində oyunlara həsr olunan reklam lövhələri vurulub. Bu da Davos İqtisadi Forumunda iştirak edən nümayəndələrdə ölkəmiz və onun zəngin mədəniyyəti, idman ənənələri barədə təsəvvür yaratmağa imkan verirdi.
Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılıblar. Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının "Bakı 2015"ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. "Biz birlikdə" adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri sərgilənir. Onların hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir.
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletləri təqdim edilib.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
"Bakıda ilk Avropa Oyunlarının keçirilməsinə beş aydan az vaxt qalır. Bu Oyunlar əvvəllər heç vaxt keçirilməyib. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt təşkil olunmamışdı. Biz bu Oyunları Azərbaycanda keçirmək qərarına görə Avropa Olimpiya ailəsinə olduqca minnətdarıq", - deyə dövlət başçısı çıxışında bəyan edib.
Prezident bildirib ki, qərar 2012-ci ilin sonlarında qəbul olunmuşdur: "Bilirsiniz ki, Qış Olimpiya Oyunlarından daha böyük olan Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtımız var idi: İyirmi idman növü üzrə yarışacaq 6 mindən artıq atletin gəlməsini gözləyirik. Həmin idman növlərindən 16-sı Olimpiya idman növüdür. İki il yarım təbii ki, çox məhdud vaxt çərçivəsidir. Lakin Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat Komitəsi olaraq ürəkdən çalışırıq. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu gün Oyunları mümkün qədər ən yüksək səviyyədə təşkil etmək məqsədilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı beynəlxalq komandamız var.
Fikrimcə, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb. Sonuncu London Olimpiya Oyunlarındakı iştirakımız ölkəmiz üçün çox vacib olub. On medal qazandıq, onlardan ikisi qızıldır. Biz dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci olduq. Zənnimcə, səbəblərdən biri bu idi".
Dövlət başçısının sözlərinə görə, digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır: "Müstəqillik illəri, xüsusən də son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı.
Beləliklə,
biz qonaqları və turistləri gözləyirik.
İndi hazırlıq işinin
son mərhələsindəyik. Əlbəttə
ki, Oyunlar bizə onsuz da həyata
keçirilməli layihələri daha
qısa müddət ərzində reallaşdırmaq
imkanını yaratdı. Müasir idman infrastrukturunun
yaradılması sahəsində çoxlu
işlər aparılıb. Hazırda biz
Xəzər dənizinin sahilində Bakı İdman
Şəhərciyini yaradırıq. Nəqliyyat infrastrukturumuzu yeniləşdiririk. Bu, əlbəttə, regionda
ən yaxşı şəbəkələrdən biri olacaq. Bakıda yeni mehmanxanalar
açılır. Eyni zamanda,
Xəzərin sahilində uzunluğu 16 kilometr olan yeni
gəzinti zonası yaradılır. Bu, qonaqlar, idmançılar və turistlər üçün gözəl məkan olacaq.
Ümidvarıq ki, bütün ölkələr bu Oyunlara güclü atletlərini göndərəcəklər. Çünki Avropa Oyunlarının standartları müəyyən dərəcədə məhz Bakıda müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması, ola bilsin ki, digər şəhərlər üçün də örnək olacaq. Ümidvaram ki, növbəti Avropa Oyunlarını öz ölkəsində qəbul etmək arzusunda olan bir çox namizədlər də olacaq".
İlham
Əliyev qeyd edib ki, son illər ərzində
Azərbaycanda idman infrastrukturunun
inkişafı bizim üçün
çox əhəmiyyətli məsələ
olub: "Fəxr edirik
ki, 2015-ci il Avropa Oyunlarından sonra
2016-cı ildə biz Dünya
Şahmat Olimpiadasını keçirəcəyik
və eyni zamanda, ilk dəfə olaraq, "Formula - 1" yarışmaları regionumuza gələcək. Bu
yarış şəhər daxilində baş
tutacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını
keçirəcəyik. Bu oyunlar
müsəlman dünyasını bir araya gətirir. Bunun çox rəmzi mənası var.
İki il ərzində
Bakı Avropa Oyunlarını və İslam Oyunlarını qəbul edəcək.
Azərbaycan bütün dinlərin
nümayəndələrinin sülh və
əmin-amanlıq şəraitində yaşadığı
çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli
ölkədir. Bu yaxınlarda Azərbaycanda
Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması haqqında qəbul edilmiş
qərarın tarixi əsasları var. Bu, dövlət siyasətimizin
real təzahürüdür".
Prezident vurğulayıb ki, idman yer üzünün insanlarını birləşdirir: "Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir.
Beləliklə, ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq Oyunları olacaq. Qələbələr hamımız tərəfindən qeyd ediləcək və mən bu fürsətdən istifadə edərək, sizin hamınızı dəvət etmək istərdim. Bakıda qonağımız olun! Ümidvaram ki, sizi iyunun əvvəlində şəhərimizdə görəcəyik və bu cür yüksək nailiyyəti bir yerdə seyr edəcəyik.
Hörmətli dostlar, bizimlə birlikdə olduğunuza görə bir daha minnətdaram, sizə xoş axşam arzulayıram".
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış
edib. "Dünya idmanının yenilik xarakteri daşıyan təkrarolunmaz hadisəsi
- Avropa Oyunları haqqında qarşınızda
çıxış etməkdən
şərəf hissi duyuram. Bu Oyunlar
Avropa qitəsinin ilk çox idman növlü yarışması
olacaq. Həmin yarışlar iyun
ayında Azərbaycanın
paytaxtı Bakı şəhərində keçiriləcək.
Avropanın 50 ölkəsindən 6 mindən çox atlet yarışlara qatılacaq", - deyə
Avropa Olimpiya Komitəsinin prezidenti bildirib.
Patrik Hikki qeyd edib
ki, Avropada idmana nəinki yeni prizmadan baxılır, o cümlədən
Avropa Oyunlarını
keçirməklə, idman
hərəkatına əlavə
məzmun verilir: "Ənənəvi dəyərlərimizin
qorunmasının vacibliyini
vurğulayaraq, biz eyni
zamanda, həmin yeni eranı da alqışlayırıq.
Avropa hər zaman ənənəvi Olimpiya Oyunlarının beşiyi
olub. Şimali Amerika, Okeaniya, Asiya və Afrikanın
hamısını bir
yerdə götürərək,
120 il ərzində
Avropada daha çox idman yarışları keçirilib.
İnkişaf edən dünyada
vəziyyət sürətlə
dəyişir. Son 20 il ərzində 10 olimpiya oyunu keçirilib. Onlardan yalnız üçü
Avropada baş tutub. Növbəti dörd olimpiya
oyunundan heç biri Avropada keçirilməyəcək.
Lakin bununla belə bu, qlobal iqtisadi
çiçəklənmənin təzahürüdür və
idmanın müsbət
dəyişikliklərə səbəb olduğunu nümayiş etdirir.
Bu, əlbəttə ki, çox yaxşı haldır".
Patrik Hikki bildirib
ki, qlobal idman hərəkatı baxımından Avropa irəliyə doğru addımlarını davam etdirməlidir. Onun sözlərinə görə,
Avropa Oyunları Olimpiya Oyunlarının təkrarı olmayacaq:
"Bu Oyunlar çox
innovativ olacaq və adi yarışmalarda
olmayan müxtəlif idman növləri ilə seçiləcək.
Onların sayəsində atletlər
gələcək Olimpiya
Oyunları üçün
nəticələri daha
da yaxşılaşdıracaqlar.
Sonra onlar 2016-cı ildə Rioya, 2020-ci ildə Tokioya gedəcəklər
və ən yüksək idman nailiyyətlərinə daha
yaxşı hazırlaşacaqlar.
İdman
sahəsinə gəldikdə,
əvvəlcə yarışmalarda
olmayan yeni idman növləri əlavə ediləcək.
Məsələn, üçlük basketbol, çimərlik voleybolu, karate və sair".
Avropa Olimpiya Komitəsinin
prezidenti bəyan edib ki, Bakıda
olduqca gözəl ilk
Avropa Oyunları keçiriləcək. İdmanın
Azərbaycan cəmiyyətində
xüsusi yer tutduğunu deyən Patrik Hikki qeyd
edib ki,
"Bakı-2015" idman tarixində
yeni maraqlı səhifə olacaq: "Prezident həmçinin Bakıda keçiriləcək
digər yarışları
da qeyd etdi.
Prezident İlham Əliyevin bir fikrini yüksək
dəyərləndirirəm. O deyir: "Siz 2015-ci ildə Azərbaycanda Avropa Oyunlarını,
2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını seyr edə bilərsiniz. Bunlar iki il ərzində bir ölkədə, bir şəhərdə keçiriləcək. Bu, Azərbaycanın bugünkü
reallığını əks
etdirir". Bu sözlərlə mən bu çiçəklənən
ölkəni sizə xatırlatmaq istərdim.
Bakıda keçiriləcək idman tədbirlərinin təqviminə gəldikdə,
bunu bacarıqlı yerli kadrlar təşkil
edəcək. "Bakı-2015"
Azərbaycanın yeni
nəsil idman mütəxəssislərini formalaşdırmağa
yardım edir. Bundan əlavə, Oyunlar Azərbaycan üçün
gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə
iki hissəsinin yaşı 35-dən aşağıdır
və bu cür böyük təbəqə idmanın
təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə etmirəm ki,
"Bakı-2015" Oyunları Azərbaycanın parlaq idman gələcəyinə
aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir
və Avropa Oyunları konsepsiyasının
ən gözəl nümunəsi ola
bilər. Lakin 2019-cu ildəki Oyunlar
Bakıda bu yarışmanın tam təkrarı
olmayacaq. Avropa Olimpiya
Komitəsinin məqsədi
Avropa Oyunlarını
bütün şəhərə
uyğun təşkil
etməkdir, əksinə
yox. 2019-cu ildəki
Avropa Oyunlarının
keçirilməsi ilə
bağlı qərar bu ilin may ayına
qədər elan olunacaq. Seçilmiş şəhər
"Bakı-2015" Təşkilat Komitəsi ilə əhatəli şəkildə
təcrübə mübadiləsi
aparacaq. Bu, çox dəyərlidir, çünki Bakıda ən yaxşı praktiki modellər hazırlanıb. Adətən
Olimpiya Oyunlarının
keçirilməsi məqsədilə
şəhərə 7 il müddət verilir. "Bakı-2015" yarışması üçün
cəmi 30 ay vaxt verildi. Zati-aliləri cənab prezidentin
mövqeyi Azərbaycan
və Avropa Olimpiya Komitəsi üçün tarixin yazılmasında misilsizdir.
Şübhə etmirəm ki,
ilk Avropa Oyunları yaddaqalan tədbir olacaq".
Daha sonra mərasim
iştirakçıları "Bakı 2015"ə həsr
olunan filmə baxıblar. Filmdə ilk Avropa Oyunlarına
hazırlıq işləri
və digər tədbirlər barədə
geniş məlumat verildi.
İlk Avropa Oyunları
Bakıda 21 idman obyektində keçiriləcək.
Bu məqsədlə yeni arenalar inşa
edilir, mövcud qurğular yenilənərək
hazır vəziyyətə
gətirilir. Açılış
mərasiminin baş tutacağı 68 min nəfərlik
Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik
Olimpiya şəhərciyi
də oyunlara hazırlanır.
A.Xəlil
Ekspress.-2015.- 24-26 yanvar.-
S.3.