Fərizə-İlham dastanı (poema)

 

   

   Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,

 

   El qədrini canından daha əziz bilənlər.

 

   Şirin bir xatirətək qalacaqdır dünyada,

 

   Sevərək yaşayanlar, sevilərək ölənlər...

 

   Səməd Vurğun

 

 

 

   Dəhşətli şənbə günü,

 

   Qalıbdır yaddaşımda.

 

   Onda yazdığım şeirim,

 

   Hey dolanır başımda:

 

   

 

   Qəsdimizə durdular,

 

   Sinəmizdən vurdular,

 

   Günahsızdıq -qırdılar,

 

   İyirmi yanvar günü.

 

   

 

   Geriyə çəkilmədik,

 

   Qorxu nədir bilmədik,

 

   Şəhid olduq, ölmədik,

 

   İyirmi yanvar günü.

 

   

 

   Neçə-neçə qəhrəman,

 

   Susduruldu həmin an,

 

   Küçələrdən axdı qan,

 

   İyirmi yanvar günü.

 

   

 

   Düşdüksə də biz dara,

 

   Baş əymədik yadlara,

 

   Qara yazıldı, qara -

 

   İyirmi yanvar günü.

 

   

 

   Qəddar ordu tökdü qan,

 

   Qırğın oldu nahaqdan,

 

   Düşmən güldü uzaqdan -

 

   İyirmi yanvar günü.

 

   

 

   Güllələndi diyarım,

 

   Savalanım, Qoşqarım,

 

   Qan ağladı baharım -

 

   İyirmi yanvar günü.

 

   

 

   Allah, dözüm ver, dözüm,

 

   Nələr görmədi gözüm,

 

   Köks ötürdü Təbrizim -

 

   İyirmi yanvar günü.

 

   

 

   Min bəla başımızda,

 

   Dil açdı daşımız da,

 

   Qaldı yaddaşımızda -

 

   İyirmi yanvar günü.

 

   

 

   İlham dözə bilmədi,

 

   Yadlara əyilmədi,

 

   Sözünü üzə dedi -

 

   İyirmi yanvar günü.

 

   

 

   Ona niyə qıydılar,

 

   Yoxsa düşmən saydılar,

 

   Kaş ki, kor olaydılar -

 

   İyirmi yanvar günü.

 

   

 

   Nahaq qan çıxdı dizə,

 

   Baxıb yad güldü bizə,

 

   Kədər döndü dənizə -

 

   İyirmi yanvar günü.

 

   ***

 

   Qəzəbindən Xəzər də,

 

   Nərə çəkdi bir anda.

 

   Bildi ömürlər sönür,

 

   Bakının qucağında.

 

   

 

   Neçə yerdən tuşlandı,

 

   Sinəmizə güllələr.

 

   Tətik çəkilən zaman,

 

   Baxmaz sözə güllələr.

 

   

 

   Enlikürək gənclərə,

 

   Yamanca toy tutdular.

 

   Nakam sussa da onlar,

 

   Elimi ucaltdılar.

 

   

 

   Nə oyundu açdılar,

 

   Başımıza görəsən?

 

   Bu fitnəyə-fəsada,

 

   Necə qiymət verəsən?

 

   

 

   Ürəyimiz oldu hədəf,

 

   Axıdıldı qan, o gecə.

 

   Qorudu öz şəhərini,

 

   Gör neçə insan o gecə.

 

   

 

   Güllələrdən qulaq batdı,

 

   Yer ağladı, göy ağladı.

 

   Anaların gözlərindən,

 

   Car oldu leysan o gecə.

 

   

 

   Mərd oğullar, igid qızlar,

 

   Torpaq üstə sərildilər.

 

   Qansız idi, mürvətsizdi,

 

   İlahi, dövran o gecə.

 

   

 

   Gurultudan dördgöz oldu,

 

   Şirin-şirin yatan şəhər.

 

   Ölüm yüklü, qan yüklüydü,

 

   Hər dəqiqə, an o gecə.

 

   

 

   Avtomatlar, tanklar dindi,

 

   Göy Xəzər də lərzə gəldi,

 

   Yurdun cəsur oğulları,

 

   Susdu nahaqdan, o gecə.

 

   Bu qədər də qan tökülər?

 

   Axı bu xalq günahsızdı.

 

   Çox gecikdi nurlu səhər,

 

   Gec söküldü dan o gecə.

 

   

 

   Vətən kömək diləyirdi,

 

   Qeyrət, sınaq onlarıydı,

 

   Elin igid övladları,

 

   Qazandı ad-san o gecə.

 

   

 

   Şənbə günü şəhid oldu,

 

   Mərd İlham da, məktəbli də.

 

   Odlar yurdu Azərbaycan,

 

   Çıxdı sınaqdan o gecə.

 

   ***

 

   Mümkün deyil bu gəncləri unutmaq,

 

   Fəxrimizdir mərd gəlin də, İlham da.

 

   Fərizənin məktəbinə üz tutmaq,

 

   Sonsuz hörmət, bu insana, bu ada.

 

   

 

   Ağ xalatlı tələbəydi Fərizə,

 

   O kursda tək oydu ailə quran.

 

   Ya rəbbim, bəlkə də qız gəldi gözə,

 

   Sən demə, əcəlmiş pusquda duran.

 

   

 

   Dümağ göyərçinlər nələr söylədi,

 

   Partasına qərənfillər düzüldü.

 

   Qəlbindən keçəni Mətanət dedi,

 

   Dostların gözündən qan-yaş süzüldü.

 

   

 

   Unudulmaz Leylanın da sözləri,

 

   "Yaxşı ki, onun tək qızlarımız var",

 

   Yaşarmışdı Rübabənin gözləri,

 

   "Bir yerdə oturduq", bu bir iftixar.

 

   

 

   Sevda o günləri sevdalı saydı,

 

   "Doymurdum mən onun zarafatından.

 

   İlyarım bizimlə oxumasaydı,

 

   Qəlbimizi üzməz idi bu hicran".

 

   

 

   Kədərli-kədərli dindi Zəminə:

 

   "Onun gülüşləri çıxmaz yadımdan".

 

   Özgə nə söyləsin indi Zəminə?

 

   "Qəşəng, qəmli görünərdi hər zaman".

 

   

 

   Axır gəlib növbə çatdı Rənaya,

 

   "Fərizə hamıdan gözəl qız idi.

 

   Öyüd-nəsihəti almadı saya,

 

   Etibarı, əhdi, sözü düz idi".

 

   

 

   Xatirə söylədi sanki Xatirə:

 

   "Bütün müəllimlər sevərdi onu.

 

   Belə qızlar doğulurlar bir kərə,

 

   Fəlakətlə bitdi ömrünün sonu".

 

   

 

   Kövrəlmişdi Xalidə də, Əsli də;

 

   "Onun yoxluğuna inanmaq olmur.

 

   Ali imiş nəcabəti-nəsli də,

 

   Məzarı üstündə çiçəklər solmur".

 

   

 

   Fərizə oturan partada qırx gün,

 

   Qərənfillər onu əvəz elədi.

 

   Hey rəhmət dedilər ruhları üçün,

 

   Analara hamı dözüm dilədi.

 

   ***

 

   Enerji bloku partladılmışdı,

 

   Tamam məhrum idik televiziyadan.

 

   Yağılar hamını qaçaq salmışdı,

 

   Axı məlumatı alaydıq hardan?

 

   

 

   Dövlət radiosu yadın əlində,

 

   Bir naşı orada çərənləyirdi.

 

   Nala-mıxa vururdu "öz dilində",

 

   Tutula-tutula nəsə deyirdi.

 

   

 

   Dərd əlində inləyəndə millətim,

 

   Yetdi dadımıza qaboy, kamança.

 

   Ürək-dirək verəcəydi özgə kim?

 

   Tar dil açdı, üsyan etdi yamanca.

 

   

 

   Radioda təkcə onlar zarıdı,

 

   Ümmanlarca dərdimizi çaldılar.

 

   Çalğı dara çəkdi düşməni, yadı,

 

   Sənətçilər elə sadiq qaldılar.

 

   TAR

 

   Ahəstə çal, ay eloğlu, tarı sən,

 

   Mizrabını gəl qəlbimə toxundur.

 

   Dərdimizi simlərə de, barı sən,

 

   Oddur tellər, əlin yanar, toxun, dur.

 

   Vallah, dəli eyləyəcək tar məni,

 

   Ramiz qardaş, barmaqların var olsun.

 

   Bu sənət öldürər, yaşadar məni,

 

   Çal, yaddaşlar büllurlaşsın, durulsun.

 

   

 

   Barmaqların sehirlidir, bilirəm,

 

   Bu tar dinib dünyanın çox yerində.

 

   Simlərdə çağlayır indi kədər, qəm,

 

   Barmaqlar gəzdikcə pərdələrində.

 

   

 

   Simləri yox, ürəkləri çalırsan,

 

   Qulaq asmaq, dərdə dözmək çətindi.

 

   Qəm üstündə diləkləri çalırsan,

 

   Dada yetən tardı, məharətindi.

 

   KAMANÇA

 

   Kədərlidir kamançanın naləsi,

 

   Faciədən, dərdimizdən söz açır.

 

   Ömrüm boyu unutmaram o səsi,

 

   Elə bil ki, simlər qəlbə od saçır.

 

   

 

   Fərizəyə sanki ağı çalır o,

 

   Kaman bizi çox yandırıb-yaxacaq.

 

   Xalqı qırdı qəddar yağı, çalır o,

 

   Simlərdəki naləyə bax, aha bax.

 

   

 

   Sim üstündə gəzir ustad barmağı,

 

   Analarla bir hıçqırır tellər də.

 

   Yadlar çəkdi sinəmizə bu dağı,

 

   Dilə gəlir yüz dərd-bəla tellərdə.

 

   

 

   "Habil Kaman" -ad veribdir el sənə,

 

   Kamançaya şöhrət oldu sənətin.

 

   Nələr deyir kamançada tel sənə,

 

   Üzə çıxır yeni sehrin, hikmətin.

 

   QABOY

 

   Ustad Kamil, çal, qaboyu bir də çal,

 

   Məftun etsin o səs bizi, ün bizi.

 

   Zərbə vurmaq üçün ağır dərdə, çal,

 

   Dəli edib faciəli gün bizi.

 

   

 

   Qaboy necə ağlayarmış, ay Allah,

 

   Onun ilə hey hönkürdü analar.

 

   Qəm ürəkdə çağlayarmış, ay Allah,

 

   Qaboyun da insan kimi dili var.

 

   

 

   Göynədikcə qəlbimizin yarası,

 

   Qaboy səsi dərman olur kədərə.

 

   Bizim kimi o da duyur bu yası,

 

   Dilə gəlir dərdli qəlblər, dağ, dərə.

 

   Qaboy dinsin, kaman dinsin, tar dinsin,

 

   Fərizənin, ər İlhamın yasıdı.

 

   Qoy eşidib bütün insanlar dinsin,

 

   Haçansa qisası el alasıdı.

 

   ***

 

   Dərddən yazan qələm ağlar,

 

   İlham yası qəlbi dağlar,

 

   "Mərd Fərizə" -yaramız var-

 

   Məmləkətim ağlamasın,

 

   Qoy millətim ağlamasın.

 

   

 

   Yad qapımı döydüsə də,

 

   Ox sinəmdən dəydisə də,

 

   Dərd qəddimi əydisə də -

 

   Məmləkətim ağlamasın,

 

   Qoy millətim ağlamasın.

 

   Torpaqdan şəhid cücərdi,

 

   Xalq səngərə sinə gərdi,

 

   Vətən yenə qurban verdi -

 

   Məmləkətim ağlamasın,

 

   Qoy millətim ağlamasın.

 

   

 

   Babəklərim, qılınc çalın,

 

   Qaniçəndən qisas alın,

 

   Biz döyüşdük əliyalın -

 

   Məmləkətim ağlamasın,

 

   Qoy millətim ağlamasın.

 

   

 

   Ha yalan de, ha haqqı dan,

 

   Yerdə qalmaz bu nahaq qan,

 

   Belə getməz axı dövran -

 

   Məmləkətim ağlamasın,

 

   Qoy millətim ağlamasın.

 

   

 

   Gözləyir al səhər bizi,

 

   Qırat üstə yəhər bizi,

 

   Sarsıtmasın qəhər bizi -

 

   Məmləkətim ağlamasın,

 

   Qoy millətim ağlamasın.

 

   

 

   Göz yaşıynan qisasmı var?

 

   Düşmən baxıb xoşhal olar,

 

   El ağlasa zəfər çalar?

 

   Məmləkətim ağlamasın,

 

   Qoy millətim ağlamasın.

 

   

 

   Ölkənin baş şəhəri,

 

   Dərdə sirdaş şəhəri,

 

   Matəmiydi səhəri -

 

   Şəhid verdi Bakımız.

 

   

 

   Qanlı şənbə gecəsi,

 

   Silah sınağı, bəhsi,

 

   Saymadılar heç kəsi -

 

   Köks ötürdü Bakımız.

 

   

 

   Nə qədər qan töküldü,

 

   Öldü insan, töküldü,

 

   O gün qəddi büküldü -

 

   Nələr gördü Bakımız.

 

   

 

   İlham üz tutdu yada;

 

   Əsgər, salma qan-qada,

 

   Ömrünü verdi bada -

 

   Ər itirdi Bakımız.

 

   

 

   Fərizə gəlinin adı,

 

   Müqəddəsdi əhdi, andı,

 

   O, İlhamsız yaşamadı -

 

   Tanı mərdi, Bakımız.

 

   

 

   Dərk etməyir baş, beyin,

 

   Kimə üz tutsun, deyin,

 

   Necə unutsun, deyin,

 

   Ağır dərdi Bakımız.

 

   

 

   Qəribəydi, qəribə,

 

   Meydan verildi hərbə,

 

   Şəhərdə müharibə? -

 

   Sinə gərdi Bakımız.

 

   ***

 

   Qara lentlər bağlandı,

 

   Yad gəldi bizə bayraq.

 

   Başım üstündə deyil,

 

   Enibdir dizə bayraq.

 

   

 

   Allah, özün yetiş dada,

 

   Nələr gördük bu dünyada,

 

   İlham baş əymədi yada,

 

   Yerə endi qara bayraq!

 

   Çəkdi bizi dara bayraq!

 

   Eyvanlarda, əllərdədir,

 

   Birlik sözü dillərdədir,

 

   Cənazədən öndə gedir,

 

   Vətənindi qara bayraq!

 

   Çəkir bizi dara bayraq!

 

   

 

   Başımızın üstdən enib,

 

   Al şəfəqi, rəngi sönüb,

 

   Ağı deyən elə dönüb,

 

   Dərddən dindi qara bayraq!

 

   Çəkir bizi dara bayraq!

 

   

 

   Allah, buna dözmək çətin,

 

   Əldə tutub gəzmək çətin,

 

   İzdihamı süzmək çətin,

 

   Yüzdü, mindi qara bayraq!

 

   Çəkir bizi dara bayraq!

 

   

 

   Nə ağırdı matəm günü,

 

   Unutmazsan gördüyünü,

 

   Yaddaşa yaz səsi, ünü,

 

   Yas saxlayır qara bayraq!

 

   Çəkir bizi dara bayraq!

 

   ***

 

   Şəhidlər dəfn olundu,

 

   İyirmi iki yanvarda.

 

   Elə bir matəm günü,

 

   Harda olubdu, harda?

 

   

 

   Qərənfil yağdı göydən,

 

   Bakım gülə qərq oldu.

 

   Küçələrlə Xiyaban,

 

   Qərənfilə qərq oldu.

 

   

 

   Elin ağır günündə,

 

   Gəlibdir yaxın-uzaq.

 

   Qərənfillə örtülüb,

 

   Gül bitirən bu torpaq.

 

   

 

   Vardan-yoxdan çıxmağı,

 

   Bacarandı insanlar.

 

   Neçə milyon qərənfil,

 

   Gətiriblər gör onlar?

 

   

 

   Aman Allah, bu nədir?

 

   Bu qədər də gül olar?

 

   Qərənfil dənizində,

 

   Üzüb gedir tabutlar.

 

   

 

   Qan tökülən yerləri,

 

   Örtmək üçündür güllər.

 

   Şəhid məzarlarını,

 

   Öpmək üçündür güllər.

 

   

 

   Dağ da, daş da, səma da,

 

   Ağladı şəhidlərə.

 

   Anaların göz yaşı,

 

   Döndü Xəzərə, Kürə.

 

   

 

   Bu sözləri yazdıqca,

 

   Nələr çəkdim, nələr mən?

 

   Oda dönmüş göz yaşım,

 

   Süzüldü gözlərimdən.

 

   

 

   Ölüm ilə, qeyrətlə,

 

   Yüklənmişdi o gecə.

 

   Gənclər heykəlləşirdi,

 

   Torpağa sərilincə.

 

   

 

   Tarix necə unutsun,

 

   Ofeliyanın səsini?

 

   İlham-Fərizə yazdı,

 

   Qeyrət səlnaməsini.

 

   

 

   O gün mənfur ölümə,

 

   İlham sinə gərəndə,

 

   Donub qaldı qatillər,

 

   Bu qeyrəti görəndə.

 

   

 

   Donub qaldı yerində,

 

   Nahaq qan tökən yağı.

 

   İlhamı nişan alıb,

 

   Tətiyi çəkən yağı.

 

   

 

   Tanklar yazdı bu yurdun,

 

   Qanlı səhifəsini.

 

   Şəhidlər yaşadacaq,

 

   Şanlı səhifəsini.

 

   

 

   Qanlı yanvar gecəsi,

 

   O şaxtalı qış günü.

 

   İlhamla Fərizənin,

 

   Həm də doğuluş günü.

 

əvvəli, ardı var

 

Əli Vəkil

Ekspress.-2015.- 23 yanvar.- S.14.