Qurd yağı (hekayə)
Yanar zirzəmiyə
girib istilik xətti olan isti boruya qısılır. Bir təhər
yuxuya gedir. Birdən hövllü yuxudan oyanır. Ayağa
durur. Plaşını çıxarır. Qundaq kimi bürmələyib
sinəsinə sıxır. Yağ ləkəsi olan yerini
qoxulayır, üzünə sürtür. Yenidən
özünü istilik turbasına qısıb, yuxuya gedir.
Bir də
görür ki, kimsə onun çiynini tərpədir.
Hövllü yuxudan oyanır. Gözünü
qamaşdıran işıqdan heç nə görə
bilmir. Qəribə səslər eşidir. Bəlkə
ölüb. Gözünü qamaşdıran da
İnkir-Minkirin məşəlidir. - deyə
düşünür.
Axı o yox, xalasıqızı, ailəsi ölməliydi. Ölməliydi yox e, zülmlərə, xəstəliklərə düçar olmalıydı. Amma əvəzində özü ölüb. Bəlkəm nənəsinin dediyi düz çıxıb. Həmişə nəvələrinə deyirdi ki, balalarım, başqasına qarğış yağdırmayın, özünüzü tuta bilər. Bəlkə plaşına hopan qurd yağı elə birinci özünə təsir edib.
- Ay, vətəndaş. Qalxın ayağa. Burda nə edirsiniz?
- Siz kimsiz? - deyə Yanar həyəcanla soruşdu.
- Post patrul xidmətiyik. Burda neyləyirsiniz?
- Yatmışam. Yerim
yoxdu gecələməyə.
- Olmaz burda yatmaq. Ocaqçı
da elə bilib ki, oğrusunuz, bizi çağırıb.
Gedək şöbəyə.
- Niyə? Nə
etmişəm ki?
- Orda araşdırarıq. Sonra da sizə bir sığınacaq taparıq.
- Eybi yox. Əliuşaqlıdır.
Qoy gecə qalsın "kotelni"də. Hər şərait var. Onsuz da səhərəcən
ayıq qalıram. Yatar mənim
çarpayımda. Əsası isə
istidir bura. Səhər bir şey fikirləşər.
O qədər adam mənə belə
müraciət edir ki... Bu da olsun onlardan biri.
Şöbədə bu gecə vaxtı nə ona, nə də
körpəsinə qayğı göstərmək
mümkün olmayacaq, - deyə bürmələnmiş
plaşı uşaq qundağı zənn edən qoca
ocaqçı polislərə dilləndi.
- Nə deyirik, qalsın. Birdən lazım olsaq yaxındayıq. Naryadımız səhərəcəndir. Soyuq olsa, biz də arada qaçacağıq
yanına qızışmağa.
- Gəlin, gəlin. "Kotelni"miz
böyükdür. Hamıya çatar.
Çayım da həmişə dəmdədir.
Ocaqçı
Yanarı ocaqxanadakı balaca otağına gətirdi.
- Özünü rahat hiss elə,
qızım. Burda çay da var, kasıbın
olanından da. Nə lazım olsa
götür, utanma. Özün də uzan yat.
Uşağı əmizdirmək istəsən,
de otaqdan çıxım. Üzünü
nə yaman bağlamısan. Aç. Boğular uşaq. Bura istidir.
Yanar ocaqçının bu
sözündən sonra qundağı bir az
da özünə bərk sıxdı. Qoca da
onun hürkdüyünü zənn edib daha heç nə demədi.
Yanar çarpayıya uzanmadı, sadəcə
oturub divarın küncünə qısıldı. Plaşından düzəltdiyi qundağı sinəsinə
bərk-bərk sıxaraq gözlərini qoca ocaqçıya
dikdi.
- Ay qızım, rahatlan. Uşağı da nə yaman bərk sıxmısan
özünə. Deyəsən çox istəyirsən
balanı. Qoy yanına, uzan yat. Ya da
qoy çarpayıya, gəl çay süzüm səninçün
iç. Təzə dəmləmişəm.
Qoca iki fincan çay
süzdü. Qəndqabıya təzə qənd,
konfet tökdü.
- Adın nədir, qızım?
- Yanar.
- Harda yaşayırsan?
- Heç yanda.
- Yaxınlarınızdan, qohum-əqrəbadan
kimin var? Burda telefon var. Səhər zəng elə
gəlib səni aparsınlar.
- Heç kimim yoxdur.
- Deməli bomjsan?
Yanar stola yaxın gəldi.
Amma yenə qundağı qucağından
qoymadı. Bir əliylə fincanı
götürüb çaydan bir qurtum içdi.
- A bala, axı sən kimsən, nəçisən,
nə işlə məşğulsan?
- Mən? Mən
ölü uşağımı öldürmüşəm.
- Necə yəni? Başa
düşmədim.
- Burda başa düşülməyən
nə var ki? Mən ölü
uşağımı öldürmüşəm.
Qoca dinmədi. Bu yaşında ilk dəfəydi ki, belə söz
eşidirdi.
- Ay qızım, məni lağa
qoyma. Necə yəni ölü
uşağımı öldürmüşəm. Bir aydın danış görək. Belə çıxır ki, qundaqdakı uşaq
ölüdür?
Yanar birdən
ayağa durub yenidən çarpayıya oturub divara
qısıldı. Qundağı sinəsinə bərk-bərk
sıxaraq:
- Qorxuram.
- Nədən, a bala?
- Birinci siz mənə deyin. Ölünü öldürmək cinayət
sayılırmı?
- Bilmirəm. Rast gəlməmişəm
belə şeyə. Bir də ki mən polis-zad deyiləm
a....
- Onda polisləri
çağırmarsınız, eləmi?
- Çağırmaram. Söz....
- Onda sizə danışaram ki,
ölünü necə öldürmüşəm.
Birdən Yanar yerindən
sıçrayıb yenidən qocanın yanında əyləşdi.
Qundaqdakı ləkəni ona göstərib.
- Bilirsinizmi bu nədir?
- Nədir ki?
- Qurd yağı.
- Nə üçündür ki,
bu?
- Kim sənə pislik edibsə
onların evini yıxmaq üçün. Xətrinə dəyən
varsa klizma balonunda bir az qalıb verim sənə
apar sürt üstünə. Ya ağzı
bağlanacaq, ya da ümumiyyətlə məhv olacaq.
- Doğurdan? - deyə
ocaqçı gülümsədi. Fikirləşdi
ki, qız ruhi xəstədir. Yəqin dəlixanadan
qaçıb. Amma bu mövzu maraqlı gəldi
ona.
- Hə. Deməli, qoca,
inanmırsan?
- Yox. Hardan
tapmısan ki, bu yağı. Canavar
öldürmüsən?
- Yox.
- Doğurdan, belə təsirlidir?
- Hə.
- Elə olsaydı day hamı
yağlı-qara gəzərdi ki?! Azərbaycanda
da canavarların kökü çoxdan kəsilmişdi.
- Yox, bu sən başa
düşdüyün yağdan deyil, - deyə Yanar klizma
balonunu stolun üstünə qoydu. - Vaxtın varsa
danışım.
- Danış, qızım,
danış. Bu yaşa çatmışam, ilk
dəfədir ki, qurd yağı görürəm, - deyib,
fincanına çay süzdü. İçə-içə
Yanarı dinləməyə başladı.
- Əmi, mən bir
oğlanla sevişirdim. Vurulmuşdum ona.
O qədər sevirdim ki, axırda qoşulub qaçdım. Geriyə, evə yolum bağlandı. Yataqxanada qalırdım onunla. Kasıb
olsaq da xoşbəxt idim. Hamilə
qaldım. Uşaq anadan oldu. Hər şey qaydasında gedirdi. Uşaq beşaylıq olanda yoxa çıxdı ərim.
Sevgi gözümü o qədər
bağlamışdı ki, heç rəsmi kəbin də kəsdirməmişdik.
Heç sənədlərini də görməmişdim.
Özümün də pasportum kənddə
qalmışdı. Polisə də xəbər
verə bilmədim. Çünki nə
şəkli vardı, nə də sənədini
görmüşdüm. Bəlkə
adını da səhv deyibmiş mənə. Bəlkə də yox. Bəlkə
də vaxt keçirirmiş mənimlə. Nə çox avara-uvara. İlk
günlər yataqxana qonşuları qahmar çıxdı mənə.
Amma uşaq xəstələnəndə, səhərəcən
ağlayıb hamını yatmağa qoymayanda, onlar da
yavaş-yavaş üz döndərməyə başladılar.
Həkimə aparsam da əlacını tapa
bilmirdilər. Ümid qaldı diaqnostik
aparatlara. Onlar da ki, pulludur.
Şəhərdə
yaşayan xalamqızı yadıma düşdü. Yanına getdim. Yalvardım,
yaxardım. Milyoner adamdırlar. Onlar üçün 600 dollar nə idi ki? Vermədilər. Uşaq da eləcə
tələf oldu. Yataqxananın yanında,
bir ağacın dibində qəbir kimi çala qazıb
basdırdım uşağı. Qəbir
yeri almağa nə imkanım vardı, nə də sənədim.
Pasportum olmadığından "roddom"dan
da kağız verməmişdilər. Beləcə,
kimsəsiz kimi dəfn etdim balamı. Amma
heç kimdə təqsir görmürdüm. Nə adını, familiyasını bilmədiyim
birinə qoşulub qaçan özümdə, nə ər
adlandırdığım ərimdə, nə də
uşağımın atasında. Sanırdım
ki, təqsirkar xalamqızıdır. Mənə
pul vermədi. Ona görə də körpəm
öldü. Bircə məqsədim
vardı - əvəz çıxmaq. Öldürmək
istəmirdim. Əsla. İstəyirdim
ki, əzabla, yavaş-yavaş məhv olsun. Təkcə özü yox, harınlamış əri
milyoner Akif, iki balaca oğlu, evi-eşiyi.
Yataqxanada cadu-pitiklə
məşğul olan biri vardı. Ciddiyə
almırdım onu. Amma bu dəfə özümə ən
yaxın adam saydım. Ən
qatı, geriyə yolu olmayan cadu növüylə
xalamqızını, ailəsini bədbəxt etməkdə
köməklik istədim ondan. O da yalnız Qurd
yağının adını çəkdi. Onun
da çox çətin tapıldığını söylədi.
Amma əl çəkmədim. Dedim ki,
gedib ovçular cəmiyyətinə yalvararam, iyirmi qram da olsa
tapıb gətirərəm. Amma söyləyəndə
ki, bu qurd o qurddan deyil... qollarım yanıma düşdü.
Demə bu yağı altı aylıq körpənin
beynindən düzəldirlərmiş. Cadugər
hazırlanma qaydasını da başa saldı. Çox sadə bir üsul idi. Bəs
beyni hardan tapacaqdım ki?
Amma qisas hissi məni
rahat buraxmırdı. Beynimə girmişdi
ki, uşağımın ölümünə səbəb məhz
xalamqızıdır. Balamın
qisasını almayanacan rahat olmayacağam. Sonda çıxış yolunu tapdım.
Gecənin
qaranlığında balamı basdırdığım yerə
gəldim. Qəbri yavaş-yavaş
qazmağa başladım. Tez-tez ətrafa
boylanırdım ki, birdən görən olar. Uşağı qəbirdən çıxartdım.
Gətirdiyim bıçaqla boğazını kəsdim.
Başını sellofan torbaya qoyub,
üstündən qəzetlə bürmələdim ki,
görünməsin. Təzədən cəsədi
çuxura yuvarladaraq üstünü torpaqladım. Yataqxanaya gəldim. Otağa su, təknə
gətirdim. Qapını da bərk-bərk
bağladım. Uşağın
başını sellofan qabdan çıxarıb
torpağını yudum. Sonra ülgüclə
saçlarını dibindən qırxdım. Dəsmalla quruladım. Sığalladım,
əzizlədim. Sonra başını ət
taxtasının üstünə qoyub qaşlarının
yanından kəsərək iki yerə bölməyə
başladım. Bıçaq küt
olduğundan çətin kəsilirdi. Baltanı
götürüb iki dəfə vurmuşdum ki, baş iki yerə
bölündü. Ağ beynini
qaşıyıb çıxartdım. Əvvəlcədən
hazırladığım balona tökdüm. Ağzını da bərk-bərk bağladım.
Təzədən iki yerə
bölünmüş başı sapla tikərək gətirib
cəsəd olan yerdəcə basdırdım.
Yenidən otağa
qayıtdım. Balonu stolun üstünə
qoyub gözləməyə başladım. Beyin yavaş-yavaş rəngini dəyişir,
çürüyürdü. Mən isə
gözlərimi qırpmırdım. Gözləyirdim.
İntiqam "silahımın" nə vaxt
hazır olacağını gözləyirdim. Evdən
heç yana çıxmırdım. Yadıma yemək də düşmürdü.
Eləcə gözümü balona zilləyib
stolun arxasında oturmuşdum. Beyin isə
yavaş-yavaş çürüyürdü. Üstündə balaca-balaca qurdlar əmələ gəlməyə
başlayanda sevincimin həddi-hüdudu yox idi. Sanki dünyaya övlad gətirib onun sevincini
yaşayırdım. Balaca qurdlar isə
beyindən yeyib yavaş-yavaş böyüyürdülər.
Doyanda bir-biriləriylə oynayırdılar da.
O yana-bu yana diyirlənirdilər. Mən də bu mənzərəyə baxıb gülürdüm,
həzz alırdım. Sanki öz
balalarım idi oynayan. Nəhayət, qurdlar
böyüdülər. Beyini də
yeyib-yeyib qurtardılar. Bir müddət
sakit dayandılar. Heç nə etmirdilər.
Amma günlərin bir günü aclıq
güc gəldi. Qurdlar
yığışıb içərilərindən birini
parçalayıb yedilər. Kefləri
yenidən kökəldi. Səhəri
gün isə o birisini. Beləcə hər
gün bir qurd o biri qurdların yeməyinə çevrildi.
Mən isə oturub tamaşa edirdim. Sonda nə olacağını gözləyirdim.
Axıra isə ikisi qaldı. Şişman idilər. Onlardan da
biri güclü çıxdı. Parçalayıb
o birisini yedi. Qarnı şişib dağa
dönmüşdü. Tərpənə
bilmirdi. Arxası üstdə balonun dibində
uzanıb tərpənmirdi. Bir az
keçmişdi ki, partladı. Yağı
balonun divarlarına sıçradı, sonra da
süzülüb dibinə töküldü. Sevincək balonu götürüb caduçunun
yanına qaçdım. Balonu ona verdim.
Başqa nə elədisə mən görmədim.
Balaca bir klizma qabı tapıb yağdan ora
çəkdi. Sellofan kulyoka bərk-bərk bürmələyib
verdi mənə. Dedi ki, aparıb
xalaqızının evlərində divan-kreslonun,
xalçanın üzərinə püskürdərsən. Mən də elə etdim. Sonra da
oradan çıxıb gecələməyə yer axtarıb
tapdım. Sonda da siz məni aşkar elədiniz.
Elə bildiniz ki, oğruyam. Amma
mən oğru deyiləm. Mən
ölünü öldürmüşəm. Ölü balamın ölüsünü
öldürmüşəm ki, onun qisasını alım.
Mən Yanaram - bu həyatın bir-birini yeyən qurdlarından
biri, lap balacası, gücsüzü.
Yanar
sözünü qurtardı. Qundağı
özünə sıxıb, yenidən divarın
küncünə qısıldı. Yağ
ləkəsini qoxuluyub üzünə sıxdı. Bayırda isə quşbaşı qar
yağırdı. Qoca küçəyə
baxsa da, fikri başqa yerdəydi. Yanarın
bu müdhiş, tükürpədici hekayətindən yerindəcə
donub qalmışdı.
Yanar isə plaşdan düzəltdiyi
qundağı yellədərək yanıqlı-yanıqlı
oxuyurdu:
Laylay dedim yatasan,
Qızıl gülə batasan,
Qızılgülün içində
Şirin yuxu tapasan.
əvvəli,ardı var
Mahir Qabiloğlu
Ekspress.-2015.- 31 yanvar-2 fevral.- S.21.