Azərbaycanda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platforması yaradılacaq

 

Bu il Aəzrbaycanda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platforması yaradılacaq. Bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

 

Milli Fəaliyyət Planına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları 2016-cı ildə “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılması və fəaliyyətinin dəstəklənməsini təmin etməlidir.

 

Qeyd edək ki, “Açıq hökumət tərəfdaşlığı” təşəbbüsü 2011-ci ildə ABŞ-ın liderliyi ilə aparıcı dövlətlərin birgə səyi ilə yaranıb. Platforma hökumətləri daha şəffaf, daha hesabatlı və vətəndaşlara qarşı daha məsuliyyətli etmək missiyasını daşıyır. 2011-ci ilin sentyabrında 69 dövlətin imzaladığı “Açıq Hökumət Bəyannaməsi”ndə qeyd edilir ki, bütün dünyada getdikcə xalqlar daha açıq, effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahib olmaq, vətəndaş iştirakçılığının genişləndiyi, vətəndaşın görəvləndirlidiyi, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəyirlər.

 

Sənədə imza atan siyasi liderlər həmin məqsədlərə çatmaq üçün 4 istiqamət üzrə öz üzərlərinə öhdəlik götürdüklərini bəyan ediblər: 1) hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlğın artırılması; 2) idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi; 3) dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi; 4) hökumətin daha hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiq olunması.

 

“Açıq hökumət tərəfdaşlığı” üzrə beynəxalq Platformaya üzv olmaq niyyətində olan ölkələr üçün 4 meyar üzrə minimum tələblərə cavab verməlidirlər: 1) fiskal şəffaflıq; 2) məlumatlara əlçatanlıq; 3) dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi; 4) vətətəndaşların idarəetməyə cəlbi.

 

Azərbaycan “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə 2011-ci ildə qoşulub. Məqsəd şəffaflığın artırılması və “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır.

 

Hökumət “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulmaqla “Açıq Hökumət”in təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib.

 

Ümumiyyətlə, Açıq Hökumət Təşəbbüsünün (AHT) mahiyyəti ondan ibarətdir ki, dövlət özü şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır. İnternet texnologiyaların sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnun tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır. Bu zamanbilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür. İnformasiya açıqlığını təmin etməklə dövlət vətəndaşların da bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır.

 

Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanması, aradan qaldırılmasına yardım göstərir. Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki, səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulun da iştirak edə bilsinlər. Bununla dövlət etimad mühiti yaradır və sadə vətəndaşların idarəetməyə cəlb edilməsiylə miqyaslı vəzifələrin həllini optimallaşdırır.

 

Funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməklə ümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetmə modeli tətbiq olunur. Sovet təcrübəsindən fərqli olaraq bu modeldə “ictimai iştirakçlıq” anlayışı fərqli mahiyyət kəsb edir. Dövlət və fəal vətəndaşlar idarəetmə prosesinin iştirakçılarına çevrilirlər. Eyni zamanda könüllü proqramları, məqsədli maliyyəşdirmə ilə dövlət bu prosesin məzmununu və kontekstini müəyyən edə bilir.

Azərbaycan “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulduqdan sonra “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənib. Milli Fəaliyyət Planının əsas prinsip və dəyərləri dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial texnologiyaların tətbiqi kimi bəyan olunub.

 

Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı 9 əsas tematik öhdəlik qrupundan ümumilikdə, 43 əsas və köməkçi fəaliyyət növlərindən ibarət idi. Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının 2012-2013-cü illər üzrə apardığı qiymətləndirməyə əsasən dövlət orqanları tərəfindən Fəaliyyət Planında nəzərdə tutulan fəaliyyətlərin 64%-i icra edilib. Ümumi olaraq Komissiya tərəfindən aparılan qiymətləndirmənin nəticəsinə əsasən isə Fəaliyyət Planında 2014-ci il üçün nəzərdə tutulan tədbirlərin dövlət qurumları tərəfindən tam icra vəziyyəti 76% müəyyən edilib.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu il aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir.

 

Milli Fəaliyyət Planının təsdiqlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti sərəncamının 5-ci bəndində tövsiyə olunub ki, tədbirlərin həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunsun. Eyni zamanda “Açıq Hökumət Tərəfdaşlığı”nın əsas prinsiplərindən biridə Fəaliyyət Planının icrasının vətəndaş cəmiyyətinin cəlb edilməsidir. Açıq Hökumətin Təşviqi üzrə vətəndaş cəmiyyəti Platformasının formalaşdırılması üçün imkan yaradılması çox vacibdir.

 

Ekspertlər qeyd edirlər ki, yeni plan çox böyük potensiala malikdir. Bu planın icrası islahatlar proqramının aktuallığını təmin etməyə kömək edəcək, vətəndaşlar, vətəndaş cəmiyyəti üçün yeni imkanlar açacaq. Xüsusən, şəffaflıq, məlumatlara əlçatanlıq, dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi, vətətəndaşların idarəetməyə cəlb olunması istiqamətində yeni irəliləyişlər əldə etməyə imkan verəcək.

Bu Planın uğurla icrası xeyli dərəcədə vətəndaş cəmiyyətinin fəal mövqe tutmasından da asılı olacaq. Vətəndaş cəmiyyəti institutlarının islahatları gündəlikdə saxlaması, müvafiq dövlət qurumlarını müstəqil dəyərləndirmə ilə  təmin etməsi AHT təşəbbüsləri üçün vacib olan ictimai etimad mühitinin yaradılmasına yardım göstərməsi çox mühümdür.

 

Bu il iyulun 21-22-də Filippinin paytaxtı Manila şəhərində Açıq Hökumət Tərəfdaşlığı çərçivəsindəAsiya-Sakit Okean Regional Dialoqadlı ikigünlük konfransda Azərbaycan vətəndaş cəmiyyəti səviyyəsində təmsil olunub. Tədbir iştirakçısı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, regional konfransda  vətəndaş cəmiyyətinin Azərbaycanın AHT təşəbbüsündə qalmasında maraqlı olduğunu, ölkəmizin statusunun yaxşılaşdırılması üçün hökumətlə dialoqa hazır olduqlarını vurğulayıblar. S.Əliyev qeyd edib ki, regional tədbir qarşıya 3 məqsəd qoymuşdu: Uğurlu təcrübələri bölüşməkdə mənimsəməkdə ölkələr üçün məkanın yaradılması; AHT üzrə yeni qəbul edilmiş Milli Fəaliyyət Planlarının (2016-2018) təqdimatı rəylərin alınması; Milli Fəaliyyət Planlarının dəstəklənməsi üçün tələblərin müəyyənləşdirilməsini qarşıya məqsəd qoyan konfransda həm dövlət qurumlarının, həm vətəndaş cəmiyyətinin nümayəndələri ayrı-ayrılıqda təmsil etdikləri ölkələr üzrə yeni Milli Fəaliyyət Planının icra vəziyyəti barədə qısa açıqlamalar veriblər. S.Əliyevin dediyinə görə, hökumət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı dialoq tədbirin əsas müzakirə mövzusu olub. Belə ki, AHT-nin baş direktoru Sanjay Pradhan Açıq Hökumət Təşəbbüslərinin dəstəklənməsini vətəndaşların hüquq imkanlarının artırılması üsulu kimi görür: “Üzv ölkələrin ambisiyalarını artırmaq lazımdır ki, vətəndaşların ən mühüm tələbləri ödənilməklə onların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlsin. Bunun üçün prosesə daha çox hökumət qurumu vətəndaş cəmiyyəti qoşulmalıdır”.

 

S.Əliyev hökumət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı dialoqu Azərbaycan üçün aktual sayır. Tədbir iştirakçıları hökumət-vətəndaş cəmiyyəti dialoqu barədə ətraflı danışdıqları halda Azərbaycanda belə dialoqun olmaması təəssüf hissi doğurur. Azərbaycan AHT təşəbbüsünə ilk qoşulan ölkələrdəndir. Hökumət AHT ilə bağlı 2 dəfə Fəaliyyət Planı qəbul edib. Yeni Fəaliyyət Planı 2016-cı ildə qəbul edilib. Ancaq 4 illik fəaliyyət dövründə AHT çərçivəsində vətəndaş cəmiyyəti ilə dialoq mexanizmi yaradılmayıb”.

 

Ekspert hesab edir ki, Azərbaycanda Açıq Hökumət Təşəbbüslərinin yayılması istiqamətində vətəndaş cəmiyyəti ilə konsultativ mexanizmlərin qurulması, o cümlədən vətəndaş cəmiyyətinin cəmləşdiyi Platformanın yaradılması, hökumətin vətəndaş cəmiyyətinin səslərini eşitməsi, onlarla dialoq məsləhətləşmələr aparması vacibdir.

 

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev AHT üzrə vətəndaş cəmiyyətinin hökumətlə çox uğurlu əməkdaşlıq təcrübəsinin olduğu qənaətindədir. Onun sözlərinə görə, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planıhazırlanan zaman QHT-lərlə geniş ətraflı müzakirələr aparılıb. Planın ilkin variantı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın saytında yerləşdirilib, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat Əməkdaşlıq Şəbəkəsinin təşkilatçılığı ilə QHT-lərin, müstəqil ekspertlərin iştirakı ilə ictimai müzakirə keçirilib. Komissiya bütün maraqlı tərəflərin rəylərini toplayıb təklifləri nəzərə alıb.

 

Bundan başqa, dediyinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurası AHT ilə bağlı məsələləri diqqətdə saxlayır. Nuriyev ötən və bu il qrant müsabiqələrində bu məsələlərin müsabiqə mövzularından biri kimi nəzərdə tutulduğunu, QHT-lərə qrantlar verildiyini xatırladıb.

 

“Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” kifayət qənaətbəxş səviyyədə icra olunduğunu deyən Ə.Nuriyev QHT-lərin də Planın icrasında, monitorinqində iştirak etdiklərini bildirib. Dediyinə görə, yeni Fəaliyyət Planı isə vətəndaş cəmiyyəti təşkilatları ilə daha geniş və dərin əməkdaşlığı nəzərdə tutur. “Eyni zamanda Planda AHT üzrə vətəndaş cəmiyyətinin müzakirə, dialoq platformasının yaradılması təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulub. Artıq bununla bağlı QHT-lər, müstəqil ekspertlər ilkin müzakirələr aparıblar. Müxtəlif yanaşmalar nəzərdən keçirilib. Şübhəsiz ki, bu cür platforma yaradılması çox əhəmiyyətlidir və AHT təşəbbüslərinin daha yaxşı səmərə verməsini şərtəndirən amillərdən biridir.

Yeri gəlmişkən, “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi maraqlı layihənin icrasına başlayıb. “”Açıq Hökumətə vətəndaş dəstəyi” layihəsinin məqsədi “Açıq Hökumət” ideyasının təbliği, Açıq Hökumət Təşəbbüsləri istiqamətində tədbirlərin daha səmərli həyata keçirilməsinə ictimai dəstək verilməsidir. Layihə fəaliyyətlərindən biri kimi “Açıq Hökumət” ideyası, AHT-nin Azərbaycanda tətbiqi və bununla əlaqədar həyata keçirilən tədbirlər barədə analitik materiallar, müsahibələr, ekspert rəylərinin dərc olunması nəzərdə tutulub.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-10 avqust.-S.10.