Vətəndaş cəmiyyətində inzibati hüquq
normaları
İnzibati
hüquq dövlət idarəetmə sistemində icra hakimiyyətinin
təşkili və həyata keçirilməsi zamanı
yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri
nizama salan hüquq normalarının məcmusundan ibarət
olan Azərbaycan Respublikasının hüquq sisteminin sahəsidir.
Azərbaycan Respublikasının hüquq sistemini təşkil edən hüquq sahələri müxtəlif ictimai münasibətləri tənzimləyir. Bundan başqa, hər bir hüquq sahəsi özünəməxsus ictimai münasibətləri də tənzimləyir. Əslində inzibati hüquq da digər hüquq sahələri kimi özünəməxsus ictimai münasibətləri tənzimləyir. Belə ki, hüquq münasibətlərinə xas olan əsas əlamətlər inzibati hüquq münasibətlərinə də aiddir. Həmin əlamətlər aşağıdakılardır: Hüquq münasibəti hüquq norması əsasında yaranır; bu da həmin ictimai münasibətin hüquq norması vasitəsilə tənzimləyici təsirinin nəticəsidir ki, bu xüsusiyyət ona hüquqi forma verir; Hüquq münasibətlərinin tərəflərinin hərəkətləri hüquq normaları ilə tənzimlənir; Hüquq münasibətlərinin tərəfləri hüquq normaları ilə müəyyən edilmiş qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları kimi çıxış edirlər; Hüquq münasibətləri şüurlu-iradəvi mahiyyətə malikdirlər; Hüquq münasibətlərinə dövlət tərəfindən təminat verilir və zəruri hallarda onlar dövlətin məcburetmə vasitələri ilə qorunurlar.
Hüquqşünas Bəxtiyar Atakişiyev qeyd edir ki, inzibati hüquq normaları müvafiq dövlət orqanları tərəfindən müəyyən edilən və icrası məcburi xarakter daşıyan elə bir davranış qaydalardır: “O yalnız idarəçlik fəaliyyəti ilə əlaqədar olan ictimai münasibətləri nizama salır və lazım gəldikdə dövlətin məcburedici qüvvələri ilə mühafizə edilir. İnzibati hüquq normaları idarəçilik münasibətlərində iştirak edən subyektlərin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, eyni zamanda idarəçilik orqanlarının quruluşunu, təşkili qaydalarını və fəaliyyət metodlarını müəyyən edir. İnzibati hüquq normaları dövlət idarəçilik orqanları, dövlət xadimləri, ictimai təşkilatlar və s. vətəndaşların idarəçilik fəaliyyəti ilə əlaqədar münasibətlərini nizama salan məcburi qaydaları müəyyən edir”.
Yeri gəlmişkən, dövlət hüququnun normaları ölkəmizdə ictimai münasibətlərin hüquqi cəhətdən nizama salınmasının əsasını təşkil edir. Bu da o deməkdir ki, dövlət hüququ digər hüquq sahələrinin prinsiplərini özündə əks etdirir: “Azərbaycan Respublikasının içtimai quruluşunu və dövlət quruluşunu, hakimiyyət orqanlarının, digər dövlət orqanlarının sistemini, vətəndaşların hüquq və vəzifələrini özündə əks etdirən Azərbaycan Respublikasının Konstitusiyası öz əksini dövlət hüququnda tapır. İdarəçilik prosesində meydana çıxan içtimai münasibətlər inzibati hüquq normaları ilə nizama salınmasından, inzibati hüquq-dövlət hüququna yaxından bağlıdır. Bundan başqa, inzibati hüquq əmək hüququ, maliyyə hüququ, mülki hüquq, cinayət hüququ və sair hüquq sahələri ilə sıx bağlıdır”.
Xatırladaq ki, müdafiə üsullarına görə inzibati hüquq münasibətləri inzibati və məhkəmə qaydasında müdafiə olunan inzibati-hüquqi münasibətlərə bölünürlər.
Ekspertlər inzibati hüququn digər hüquq sahələri ilə nisbəti haqqında aşağıdakı nəticələrini göstərir:
İnzibati hüquq hüququn digər sahələri kimi hüquq sisteminin əsas sahəsi olan dövlət hüququna əsaslanır. İnzibati hüquq hüququn digər sahələri ilə qarşılıqlı əlaqədədir. İnzibati hüquq nizama saldığı ictimai münasibətlərə görə hüququn digər sahələrindən fərqlənir. İnzibati hüquq dövlət hüququnun ən mühüm sahələrindən biridir. Bu, onunla izah olunur ki, inzibati hüquqla nizama salınan ictimai münasibətlər dövlət həyatında mühüm əhəmiyyət kəsb edir. İnzibati hüquq öz həcminə görə dövlət hüququnun ən böyük sahələrindən biridir. Çünki, inzibati hüquqla həddən ziyadə içtimai münasibətlər nizama salınır. İnzibati hüquq digər hüquq sahələrinə nisbətən dəyişəndir. Bu, cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dövlət idarəçiliyi sahəsində ictimai münasibətlərin dəyişməsi ilə izah olunur. İnzibati hüquq dövlət hüququnun mürəkkəb sahələrindən biridir. Bu, inzibati hüquqla nizama salınan ictimai münasibətlərin müxtəlifliliyi ilə bilavasitə əlaqədardır. İnzibati hüququn sistemi İnzibati hüquq normaları ilə nizama salınan ictimai münasibətlərin növləri olduqca müxtəlifdir. Onları biri-birindən fərqləndirmək üçün həmin ictimai hüquq münasibətləri nizama salma inzibati hüquq normalarının ayrı-ayrı qrup halında sistemləşdirilməsinə ehtiyac duyulur. İnzibati hüquq eyni məzmunlu inzibati hüquq normalarının ayrılıqda qruplaşmasına mütənasibləşdirir.
İdarəçilik ictimai münasibətləri konkret məzmunlarına görə nizama salan inzibati hüquq normaları isə iki qrupa bölünür: Ümumi və xüsusi hissələrə.
Ümumi hissələr - bütün idarəçilik fəaliyyəti üçün xarakterik olan ictimai münasibətləri nizama salan normalardan ibarətdir.
Xüsusi hissələr- idarəçiliyin bu və ya digər sahəsini, eləcə də hər hansı bir funksiyasını müəyyən edən ictimai münasibətləri nizama salan normalardan ibarətdir.
Hüquqşünasın fikrincə, idarəçilik orqanları üçün ümumi olan normalar inzibati hüququn ümumi hissəsini təşkil edən müstəqil hüquq institutlarında öz əksini tapırlar (misal olaraq dövlət xidməti institutu, inzibati məsuliyyət institutu və s. göstərib). İnzibati hüququn xüsusi hissəsinin normalarına gəlincə, B.Atakişiyev bunu 4 əsas qrupa bölündüyünü qeyd edib: “Birincisi, dövlət idarəçiliyi funksiyasının həyata keçirilməsi sahəsindəki münasibətləri nizama salan normalardır. Ikincisi, sosial-iqtisadi sahədə idarəçiliayi nizama salan normalardır. Üçüncüsü, ictimai-mədəni quruculuq sahəsində idarəçiliyi nizama salan normalardır. Dördüncüsü, ictimai-siyasi idarəçilik sahəsini nizama salan normalardır” deyən hüquqşünas bildirir ki, bu 4 qrup normalardan hər birisi idarəçiliyin konkret sahəsi üzrə qruplaşır. Yəni, qeyd edilən inzibati hüquq normaları biri-biri ilə qarşılıqlı əlaqədə olmaqla, idarəçilik fəaliyyətinin düzgün həyata keçməsinə xidmət edirlər. İnzibati hüququn ümuni və xüsusi hissələri vahid və ayrılmazdır.
Ekspertlərə görə, ümumi hissənin normaları xüsusi hissənin bütün sahələrinə tətbiq edilir. Ümumiyyətlə isə inzibati hüququn mənbəyini elə hüquqi aktlar təşkil edir ki, onlar özlərində yalnız inzibati hüquq normalarını əks etdirirlər. Bu kimi hüquqi aktlara Azərbaycan Resspublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarını, Milli Məclisin qanunlarını, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, nazirlərin, dövlət komitələrinin sədrlərinin, baş idarə və birlik rəislərinin əmr və təlimatlarını, yerli icra hakimiyyətlərin qərar və sərəncamlarını, onların idarə rəisləri və şöbə müdirlərinin əmr və təlimatlarını, bələdiyyə orqanlarının sədirlərinin qərarlarını misal göstərmək olar.
Onu da qeyd edək ki, inzibati hüququn mənbələri heç də dövlət orqanlarının qəbul etdiyi hüquqi aktlarla məhdudlaşmır. Belə ki, ictimai təşkilatların dövlət orqanları ilə birgə qəbul etdiyi və ictimai təşkilatların dövlət tərəfindən təsdiq edilən normativ aktları da inzibati hüququn mənbəyi ola bilər. Burdan da belə nəticəyə gəlmək olar ki, inzibati hüququn mənbəyini aşağıdakılar təşkil edir:
- Dövlət hakimiyyəti orqanlarının inzibati hüquq normalarını özündə əks etdirən normativ aktları
- Dövlət idarəçilik orqanlarının inzibati hüquq normalarını özündə əks etdirən normativ aktları
- Dövlət orqanları ilə ictimai təşkilatların inzibati hüquq normalarını özündə əks etdirən birgə normativ aktları
- İctimai təşkilatların və Bələdiyyələrin inzibati hüquq normaları müəyyən edən və dövlət tərəfindən təstiq edilən normativ aktları.
İnzibati hüquq elmi, dövlət idarəçiliyin müxtəlif sahələrində yaranan inzibati hüquq normalarını və münasibətlərini tədqiq edir, həmin normaların təcrübədə həll edilmə qaydalarını təhlil edir, idarəçilik aparatının müxtəlif sahəli fəaliyyətlərini öyrənir, inzibati hüquq institutlarının təkminləş- dirilməsi ilə əlaqədar olaraq hazırlayır, ümumi, sahəvi və sahələrarası idarəçiliyin sistemini, idarəçilik münasibətlərində iştirak edən tərəflərin hüquqi statusunu işləyib hazırlayır.
Mütəxəssislər qeyd edirlər ki, inzibati hüquq elminin predmetini, dövlət idarəçiliyinin icraedici-sərəncamverici fəaliyyəti prosesində yaranan ictimai münasibətlərin hüquqi nöqteyi-nəzərdən nizama salınma problemlərini öyrənilməsini təşkil edir. İctimai münasibətlərin icraedici-sərəncamverici fəaliyyət dairəsində hüquqi cəhətdən nizamasalma problemləri dövlət idarəçiliyin mahiyyəti, vəzifələri, prinsipləri, forma və metodları ilə əlaqəli sürətdə öyrənilir. İdarəçilik fəaliyyətinin müxtəlif sahələrini əhatə edən inzibati hüquq insititutları, hüquq elmində hüquq normalarının tətbiqi ilə əlaqədar olan bütün məsələlərin hərtərəfli tətbiq edilməsini tələb edir. Əslində elmi tədqiqatlar yolu ilə işlənilən və hazırlanan səmərəli təkliflər qüvvədə olan inzibati hüququn inkişafına böyük təsir göstərir. Bu da o deməkdir ki, elmi tədqiqat metodu ilə hazırlanan təkliflər qanunvericiliyin də təkminləşməsinə səbəb olur.
Onu da qeyd edək ki, inzibati hüquq cəmiyyətin siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni həyatının inkişafına kömək edir, ictimai asayişin gözlənilməsini və mühafizəsini, dövlətin müdafiə qüdrətinin və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir. Bu baxımdan inzibati hüquq münasibətlərinin obyekti olaraq əksər hallarda insan fəaliyyəti, onların davranışı götürülür. Yəni, təşkilati-əmlak xarakterli münasibətlərdə inzibati hüquq münasibətinin obyekti müəyyən əmlakdır.
Ekspertlər onu da vurğulayır ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlıqlarını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətalann qarşısını almaqdan ibarətdir.
Son olaraq qeyd edək ki, inzibati hüququ pozan şəxs hüquqpozmanı törətdiyi vaxtda və yerdə qüvvədə olan qanunvericilik əsasında məsuliyyətə cəlb edilir. İnzibati hüquqpozmaların qarşısının alınmasına və onlarla mübarizəyə dair münasbətləri nizamlayan sistemləşdirilmiş qanunvericilik aktı Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsidir. Həmin qanunun 12-ci maddəsində inzibati xətaların anlayışı aşağıdakı şəkildə verilir: “Bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət ve ya hərəkətsizlik) inzibati xəta hesab olunur”.
Rəşid RƏŞAD
Ekspress.-2016.-12 avqust.-S.10.