Qanunun aliliyi hüquqi dövlətin əsas xüsusiyyətidir

 

Hər birimiz bu prinsipin qorunmasında dövlətə yardımçı olmalıyıq

 

Hakimiyyət və qanun həmişə yanaşı mövcud olaraq, birgə inkişaf edib. Bəzən hakimiyyətin qanunu üstələdiyi vaxtlar da olub, amma özbaşınalığın qarşısını almaq üçün qanunun hakimiyyətə nəzarət etməsi də vacibdir.

Qanunun aliliyi onda öz ifadəsini tapmış xalqın ümumi iradəsinin suverenliyinə əsaslanır. Lakin dövlət hakimiyyətinin ali nümayəndəli orqanının fəaliyyəti buna heç də təminat vermir. Qanunun ümumxalq iradəsindən kənara çıxması, birincisi, o, qəbul edilən məqamda mümkündür: ikincisi, qanun köhnələ bilir və artıq əhalinin iradəsini adekvat əks etdirə bilmir. Nəhayət, qanunun aliliyi yalnız dövlət aparatı tərəfindən onun təmin edilməsinin dönməzliyində ifadə olunmur, o, habelə onun sərəncamlarında vətəndaşların əməl etməsinə inamın olmasını nəzərdə tutur. Hələ XVIII əsrdə böyük alman alimi İ.Kant “hüquqşünaslığın metafizik əsasları” adlı kitabında “vətəndaşların və dövlət hakimiyyətinin qarşılıqlı məsuliyyətini necə təmin etmək olar” sualınna cavab verərək yazırdı ki, bütün sınanmış idarə formalarından ən yaxşısı respublikadır, lakin əgər hakimiyyət bölgüsü yoxdursa, hətta onun özü də hakimiyyətin özbaşınalığının və korlanmasının qarşısını almağa təminat verə bilmir. Onun fikrincə, burada qanunverici orqana ilkin mövqe məxsusdur, çünki yalnız burada vətəndaş özü üçün səmərəli müdafiə tapa bilir və tapmalıdır. O yazırdı ki, məhkəmə hakimiyyətinin müstəqilliyi təcrübədən irəli gəlir: hakimiyyət başında olanlar həmişə qanunu öz mənafeyinə uyğun şərh etməyə can atırlar. Buna yol verməmək üçün konstitusiya məhkəməsi təsis etmək lazımdır.

Qanunun aliliyi prinsipi hüquqi dövlətin əsas əlaməti kimi öz əksini XVIII əsr “İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə”də və bu sənədin varisi olanÜmumdünya İnsan hüquqları Bəyannaməsi”ndə (1948) öz əksini tapıb. “İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə”də qanunun aliliyi göstərilir: “Qanun yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir. Qanunla qadağan olunmayan hər şeyə icazə verilirqanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz”.

Qanun ümumi iradənin ifadəsidir. Bütün vətəndaşlar şəxsən, yaxud nümayəndələri vasitəsilə qanunun yaradılmasında iştirak etmək hüququna malikdir. Qanun hamı üçün olmalıdır, o, qoruyur, yaxud cəzalandırır. Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər və ona görə də qabiliyyətlərinə uyğun olaraq, şəxsi keyfiyyətlərini və istedadlarını şərtləndirən fərqlərdən başqa hər hansı fərqdən asılı olmayaraq, bütün ictimai mənsəbləri, yerləri və yaxud vəzifələri tutmaq hüququna malikdirlər.

Qanun yalnız ciddi və şəksiz zəruri cəzalar müəyyən etməlidir; heç kəs qanun pozuntusundan əvvəl qəbul olunmamış və xalqa elan edilməmiş, müvafiq qaydada tətbiq edilməmiş qanunla cəzalandırıla bilməz”.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 7-ci maddəsində qanunun aliliyi prinsipi təsbit edilib: “Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan, qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ vardır”.

Məlum məsələdir ki, hüquqi dövlətin birinci əlaməti qanunun aliliyindən ibarətdir, yəni dövlət qanunlara əsaslanmalı və onun tələblərini rəhbər tutmalıdır. Qanunlar vətəndaşlar üçün məcburi olduğu qədər dövlət üçün də məcburidir. Dövlət qanunda ifadə edilən normalara tabe olmalıdır. Dövlətin fəaliyyəti yalnız qanuni formadaqanuna uyğun olaraq həyata keçirilməlidir. Hüquqi dövlətin qanunun aliliyi əlamətinin mahiyyəti də məhz bundan ibarətdir.

Hər dövlət quruluşu konstitusiyanın və digər qanunların təsbit etdiyi hüquq və vəzifələrə malikdir. Və heç kimin bu hüquq və vəzifələri aşmaq, dəyişdirmək gücü yoxdur. Hüquq hər şeydən üstündür. Hüququn aliliyi prinsipihüquqi dövlətin ən mühüm prinsiplərindən biridir. Hansı ki, bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Azərbaycanda Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda, hüquq sisteminin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsi konstitusiyanın hüquqi qüvvəsini təsbit edib.

Hüquqşünaslara görə, hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun - dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir.

Yalnız hüququn dövlətə ehtiyacı yox, eyni zamanda, dövlətin də hüquqa ehtiyacının olduğunu qeyd edən hüquqşünaslar bildirirlər ki, o hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz. Dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir. Burda isə söhbət dövlət orqanları sisteminin daha əlverişli təşkilindən, onların səlahiyyət və fəaliyyətlərinin əsas istiqamətləri və prinsiplərinin müəyyən edilməsindən gedir. Bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlərdir, cəmiyyətdə qanunçuluq rejiminin elementləridir, vəzifəli şəxslə vətəndaş arasında qarşılıqlı əlaqənin əsasıdır.

Qanunların aliliyini təmin etmək hüquqi dövlətin əsas dəyərlərindən biri sayılır. Yəni, qanunların aliliyini təmin etmədən hüquqi dövləti formalaşdırmaq qeyri-mümkündür.

Hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət qollarının səlahiyyətləri, davranışları qanunla tənzimlənməlidir. Hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır.

İctimai həyatın bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanun qüvvəli aktlarla deyil, yalnız qanunla nizama salınmalıdır.

Qanunun aliliyi inzibati orqanların mövcud qanunlardan asılı olması deməkdir. Bu isə onu bildirir ki, inzibati orqan qanuna zidd olan hər hansı bir tədbir görə bilməz. Qanunun aliliyi prinsipi idarəçiliyin bütün sahələrinə qeyri-məhdud şəkildə və məcburi qaydada şamil olunur. Bu prinsip həm formal mənada qanuna, həm də maddi mənada qanunlara, yəni təlimatlara, prezidentin sərəncam və fərmanlarına bağlılığı ehtiva edir.

Qanunun aliliyi dövlət orqanlarının qanuna bağlılığı deməkdir. Qanunun aliliyi təmin olunan dövlətdə hakimiyyət orqanları səlahiyyətləri həddində, öz səlahiyyətləri çərçivəsində ciddi surətdə konstitusiyayaqanunlara riayət edərək fəaliyyət göstərirlər. Qanunlar isə haqqa və ədalətə, bərabər mənafelərə, bərabər münasibət prinsipinə əsaslanır.

Qanunun qeyd-şərti prinsipinə əsasən, inzibati orqan yalnız o halda fəaliyyət göstərə bilər ki, ona bu səlahiyyət qanunla verilmiş olsun. Bu, hər şeydən əvvəl, əlverişsiz inzibati aktlara, yəni vətəndaşın hüquq və azadlıqlarına birbaşa müdaxilə edən inzibati tədbirlərə aiddir. Beləliklə, qanunun qeyd-şərti prinsipi qanunun aliliyi prinsipindən də irəli gedir. Çünki qanunun aliliyi prinsipi yalnız mövcud qanunların pozulmasını (neqativ mənada) qadağan edir. Qanunun qeyd-şərti prinsipi isə, ümumiyyətlə, inzibati orqanın fəaliyyət göstərə bilməsi üçün qanuni əsasın (pozitiv mənada) mövcud olmasını tələb edir.

Qanunun olmaması qanunun aliliyi prinsipinə əsasən deyil, məhz qanunun qeyd-şərti prinsipinə əsasən inzibati orqanların vətəndaşların hüquq və azadlıqlarına və ya mülkiyyətinə müdaxiləsini istisna edir (hüquq və azadlıqlara müdaxilə yalnız formal qanun əsasında ola bilər). Qanuni əsas dedikdə, mütləq parlamentin qəbul etdiyi hansısa bir formal mənada qanun başa düşülməməlidir. Yəni ümumi-mücərrəd bir qayda qismində qeyri-məhdud sayda şəxslərə və qeyri-məhdud xarakterli hallara şamil oluna bilən sırf maddi xarakterli ümumməcburi hüquq norması da qanuni əsas kimi çıxış edə bilər.

Demokratikhüquqi dövlət olan Azərbaycanda qanunun aliliyi prinsipinə əməl edilməsi üçün müəyyən tədbirlər görülür, islahatlar aparılır. Ölkəmizdə həyata keçirilən konstitusion islahatların məqsədi demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi mexanizmlərinin işlənib hazırlanmasıdır. Konstitusiyanın preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.

Qanunların aliliyini şərtləndirən əsas sənəd Konstitusiyamızdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir.

Hüquqi dövlət, demokratik cəmiyyət hər kəsin arzuladığı bir sistemdir. Artıq Azərbaycanda bu sistem formalaşıb və hər birimiz ədalətli, azad və güvənilən sistem olan hüquqi dövlətimizin bu əsas xüsusiyyətinə sahib çıxmalıyıq. Və kimliyindən asılı olmayaraq, hər birimiz hüququn aliliyi prinsipinin qorunmasında dövlətimizə yardımçı olmalıyıq.

 

Murad MƏMMƏDLİ

 

Ekspress.-2016.-13-15 avqust.-S.10.