Hüquqi dövlətdə əqli
mülkiyyət hüququ
Hüquqi dövlətdə əsas insan və vətəndaş hüquqları və azadlıqlarının bütün növlərinə dövlət təminat verir. Hüquqi dövlət bu hüquqların birini digərindən üstün cəhətlərinə görə fərqləndirmir.
Dövlətin önəm verdiyi hüquqlardan biri də əqli mülkiyyət hüququdur. Əqli mülkiyyət hüququ əsas hüquq və azadlıqlardan sayılır. Qeyri-maddi mülkiyyətləri qorumaqla dövlət insan inkişafına və bununla da bütövlükdə cəmiyyətin inkişafına müvəffəq olur.
Azərbaycanda da əqli mülkiyyət hüquqi tanınır və müdafiə edilir. Ölkənin əsas qanunu olan Konstitusiyada da əqli mülkiyyət hüququ ilə bağlı ayrıca maddə var. Həmin maddədə qeyd edilir ki, hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
Azərbaycanda ayrıca Müəllif Hüquqları Agentliyi də var. Müəllif Hüquqları Agentliyi 2005-ci ildə yaradılıb. Agentlik müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahəsində mərkəzi icra hakimiyyəti orqanı kimi bu sahədə dövlət siyasətini və idarəçiliyini həyata keçirir. Hazırda Agentliyin inzibati idarəçiliyində 5 Qanun, o cümlədən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlar vardır.
Qeyd edək ki, ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda milli müəllif-hüquq institutunun yaradılmasına başlanılıb, 1995-ci ildə qəbul edilən Konstitusiyasında ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub, Azərbaycanda onun sovet dövrü də daxil olmaqla ilk dəfə olaraq “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun (1996) qəbul edilib.
Agentliyin məlumatına görə, milli müəllif-hüquq institutunun inkişafı və təkmilləşdirilməsi sonrakı illərdə davam etdirilib, əqli mülkiyyət hüquqlarının qorunmasına aid bir sıra yeni qanunvericilik aktları qəbul edilib. 2002-ci ildə qəbul edilən “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanun MDB məkanında, 2003-cü ildə qəbul edilən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun isə Şərqi Avropa və Asiyada ilk qanunlar olyb. Buraya 2004-cü ildə qəbul edilən “Məlumat toplularının hüquqi qorunması haqqında” Qanunu, 2012-ci ildə qəbul edilən “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunu da əlavə etsək, görərik ki, Azərbaycan hazırda MDB ölkələri arasında ən zəngin qanunvericilik bazasına malikdir.
Bundan başqa, 2015-ci ildə “Reklam hüqqında” Qanun qəbulu da əqli mülkiyyət hüququnun qorunmasında mühüm rol oynayır. Bununla belə, əqli mülkiyyət sahəsindəki müasir inkişaf tendensiyaları nəzərə alınmaqla Azərbaycanın əqli mülkiyyət qanunvericiliyi daim inkişaf edir və təkmilləşdirilir.
Əqli mülkiyyətin iqtisadi inkişafa böyük töhvəsi olur. Son 20 ildə əqli mülkiyyət sürətlə inkişaf edən və ictimai rəyi xüsusilə cəlb edən mürəkkəb fenomen kimi çıxış edir. Əqli mülkiyyətin iqtisadi kateqoriya kimi araşdırılmasının nəticələrinə əsasən müəyyən edilib ki, əqli mülkiyyət əmlak dəyəri olan qeyri-maddi nemətlərdir. Onun iqtisadi xarakteristikası və funksiyaları göstərir ki, əqli mülkiyyət iqtisadi münasibətlərində fəal iştirak edir, əqli mülkiyyət qanunverisiliyi isə tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların istehsalı və yayılması arasında tarazlıq yaradır.
Son illər əqli mülkiyyətin iqtisadi mənada çəkisi artıb. O cümlədən makroiqtisadi səviyyədə iqtisadi artım əqli mülkiyyət və onunla bağlı dövlət siyasətinin fəal amili kimi səciyyələnir. Müəlliflik hüququna əsaslanan mədəni (kreativ) sənaye sürətlə inkişaf edir. İnternet əqli mülkiyyətin virtual bazarına çevrilib. Müəllif hüquqlarının inkişafına yaradılan şərait sayəsində iqtisadiyyatda da onun payının artmasına şərait yaradıb. Əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafının zəruriliyi və bununla əlaqədar ölkənin ÜDM-də onun payının artırılması üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi BMT tərəfindən də xüsusi qeyd olunur. Yalnız son 10 ildə müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan iqtisadiyyatın ÜDM-də payı 2003-cü ildə olan 2,1%-dən 2014-cü ildə 5,5%-ə çatıb və hazırda inkişaf etmiş ölkələrin orta səviyyəsinə yaxındır.
2013-2014-cü illər üçün Azərbaycan innovasiya göstəricisinə görə 148 dövlət arasında 51-ci yerdə, texnoloji səviyyəyə görə isə 50-ci yeri tutur və bununla, MDB məkanında liderdir. Cənubi Qafqaz regionunda Azərbaycanın göstəriciləri texnoloji hazırlıq səviyyəsi üzrə 18 pillə Gürcüstandan və 22 pillə Ermənistandan yüksəkdir, innovasiyalar üzrə isə Ermənistanı 52, Gürcüstanı isə 75 pillə üstələyir. Xüsusilə qeyd edək ki, Azərbaycan texnoloji səviyyəyə görə öz göstəricisini 11 pillə yaxşılaşdırıb. İnnovasiya göstəricisinin “innovasiya potensialı” komponenti üzrə Azərbaycan dünyada 35-ci yerdə gedir, “qabaqcıl texnologiyaların dövlət satın-alınmasına” görə isə 148 ölkə sırasında 14-cü yeri tutur.
Mövcud vəziyyət Azərbaycanın hazırkı yeni texnologiyalara keçidini, innovasiyaların tətbiqi və iqtisadiyyatın diversifikasiyası nailiyyətləri ilə yanaşı, aparılan dövlət siyasəti nəticəsində gələcəkdə yeni uğurlara zəmin yaradılmasından bəhs edir.
Ölkəmizdə elektron ticarəti də sürətlə inkişaf edir. Milli statistika orqanının məlumatına əsasən, yalnız 2015-ci ildə bu növ ticarətin artımı ötən ilin həmin müddəti ilə müqayisədə 1,7 dəfə artıb.
E-hökumət xidmətləri də getdikcə genişlənir. Statistikaya əsasən, bir ildə E-gov portalına 325 mindən artıq müraciət olunub, 195 minə yaxın insan 420 min elektron xidmətləri həyata keçirib. Onların istifadəsinə artıq sayca 251 növ elektron xidmət təklif olunur.
Azərbaycan əqli mülkiyyət sahəsində beynəlxalq əməkdaşlığa da önəm verir. Ölkəmiz əqli mülkiyyət hüquqlarının qorunması sahəsində geniş beynəlxalq əlaqələr qurub. 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvü olan Azərbaycanın bu sahədəki əlaqələri getdikcə artır. Azərbaycan ÜƏMT-nin inzibati idarəçiliyində olan müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində konvensiya və müqavilələrə, o cümlədən: “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına (1999), “ÜƏMT-nın Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında” Konvensiyasına (2001), “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının verilişləri haqqında” Roma Konvensiyasına (2005), “Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi”nə (2005) və “Ümümdünya Əqli Mülkiyyət Təşkilatının İfalar və fonoqramlara dair Müqaviləsi”nə (2005) qoşulub.
Azərbaycan həmçinin YUNESKO-nun “Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası”na (1997) qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunub. Sadalanan beynəlxalq Sazişlərə qoşulma qanunlar kimi qəbul edilərək milli qanunvericilik bazamızı tamamlayır və onun tərkib hissəsi kimi çıxış edir. Beləliklə, Azərbaycan müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahəsində ən vacib konvensiya və sazişlərin hamısında iştirak edir. Bundan əlavə, Azərbaycan hökuməti ilə Özbəkistan, Qazaxıstan, Ukrayna və Türkiyə hökumətləri arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Həmçinin 2001-ci ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Rusiya Müəllif Cəmiyyəti arasında müəlliflərin əmlak hüquqlarının idarəçiliyi sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb.
ÜƏMT və Avropa İttifaqının mütəxəssislərinin rəyinə görə, bu gün Azərbaycan MDB və Şərqi Avropa məkanında əqli mülkiyyət üzrə təkmil milli idarəetmə sisteminə və zəngin qanunvericilik bazasına malik olan ölkələrdən biridir. 2010-cu ildə dünyanın əksər dövlətlərinin nümayəndələrinin iştirak etdiyi ÜƏMT-nin əqli mülkiyyət avtoritetlərinin II Qlobal Simpoziumunda MDB ölkələrindən ilk dəfə olaraq Azərbaycanın müəllif-hüquq sisteminin təcrübəsi və nailiyyətləri barədə xüsusi məruzə edilib, 2012-ci ildə Bakıda İnternetin İdarəçiliyi üzrə Qlobal Beynəlxalq Forumda Şərqi Avropa ölkələrinin təmsilçisi kimi Azərbaycan nümayəndəsinin müəlliflik hüququ və İnternet mövzusunda prezentasiyanın təqdimatı olunub.
Görülən işlər sayəsində Azərbaycan 2006-cı ildə ABŞ Hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılıb, ÜƏMT-nin Akademiyası tərkibində “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi” fəaliyyətə başlayıb, rəqəmli hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər yaradılıb, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilib.
Qeyd etdiklərimiz öz əksini Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliyi ilə bağlı müvafiq Hesabatlarında da tapıb. Əqli mülkiyyətin qorunmasında Azərbaycan institutları MDB məkanında 2013-2014-cü illərin Hesabatına əsasən, şərhsiz lider mövqeyindədir. Ümumiyyətlə, son illərin hesabatlarına əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur.
Vasif CƏFƏROV
Ekspress.-2016.-16 avqust.-S.10.