Yaşamaq insanın əsas hüququdur
İnsanın sahib olduğu əsas hüquq yaşamaq hüququdur. İnsanın yaşamaq hüququnu məhdudlaşdıran cəmiyyət vətəndaş cəmiyyəti ola bilməz, burada hüquqi dövlətin formalaşmasından danışmağa əsas olmaz. Bütün hüquqi, demokratik ölkələrdə insanların yaşamaq hüququ ən yüksək səviyyədə təmin edilir.
Yaşamaq hüququ təbii hüquqlardan biridir. Bu o deməkdir ki, belə hüququ sadəcə vətəndaşlar deyil, həm də əcnəbilər əldə edir.
Yaşamaq hüququ bütün digər hüquqlar üçün ilkin məntiqi şərtdir. Təsadüfi deyil ki, insan hüquqlarının ümumi kataloqunu müəyyən edən mühüm beynəlxalq sənədlər məhz yaşamaqhüququndan başlayır.
İnsan Hüquqları üzrə Universal Bəyannamənin 3-cü, “Avropa insan hüquqları və əsas azadlıqları haqqında” Konvensiyanın 2-ci, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı, İnsan Hüquqları üzrə Amerikaarası Konvensiyanın 4-cü, insan və xalqların hüquqlarına dair Afrika Xartiyasının 4-cü maddəsi yaşamaq hüququnu nəzərdə tutur. Bu sənədlərdə təsbit olunan yaşamaq hüququnun şərhi ilə bağlı ən mürəkkəb məsələ insan həyatının başlandığı,yaxud həqiqətən başa çatdığı anın müəyyən edilməsi ilə bağlıdır.
Azərbaycanın əsas qanununa əsasən, dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digir hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
Qanunla nəzərdə tutulan zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.
Yaşamaq hüquqi həm də ölkədə insanların yaşamaq haqqını müəyyənləşdirir. Bu məsələ vətəndaşlarla, əcnəbilər arasında fərqləndirilir. Vətəndaşlar yaşamaq haqqı birmənalı şəkildə tanınır. Amma əcnəbilərdə bu status fərqlidir.
Konstitusiyaya əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olarkən, qanunla və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
Ölkəmizdə daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycanın qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Qanuna əsasən isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycanın qanun və məhkəmə qarşısında bərabərdirlər.
Bu qanunda qeyd edilir ki, azı iki il Azərbaycanda qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda daimi yaşamaq hüququ verilə bilər.
Amma şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycanda yaşamaq hüququ verilə bilməz. Belə şəxslər Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Göründüyü kimi, yaşamaq hüququ insanın ən ümdə və ayrılmaz hüququdur. O, şəxsin öz fiziki və bioloci fərdi mövcudluğu üçün heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsini, insanın bir sosial varlıq kimi müxtəlif maddi və mənəvi nemətlərdən bəhrələnməsini ifadə edir. Hər hansı psixobioloji çatışmazlığa malik olub-olmamasından, habelə, şəxsi-mənəvi keyfiyyətlərdən asılı olmadan hər bir şəxs yaşamaq hüququna malikdir.
Müasir dövrdə dövlətlərin üzərinə həm də fərdin layiqli həyat səviyyəsini təmin etmək, yəni yaşamaq hüququnu müəyyən optimal səviyyəyə qaldırmaq tələbi də qoyulub.
Yaşamaq hüququ ilə bağlı praktika və nəzəriyyədə bu hüququn əmələ gəlməsi və nə zaman bitməsi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir.
Yaşamaq hüququnun əmələ gəlməsi ilə bağlı iki müxtəlif fikir var. Bunlardan biri yaşamaq hüququnun hələ ana bətnində olarkən formalaşması ilə bağlıdır. Bir sıra Qərb ölkələrində və ABŞ-ın bəzi ştatlarında abort qadağan olunub. ABŞ Ali Məhkəməsinin 1973-cü ildəki qərarına görə, abort müəyyən bir müddətdən sonra ananın sağlamlığı üçün təhlükə yaradarsa, qadağan oluna bilər.
Hələ doğulmamış şəxsin hüquq subyekti hesab olunması və yaşamaq hüququna malik olması bəzi dövlətlərdə konstitusion əsasda həll olunub. İkinci fikir isə real həyatda hələ canlı kimi doğulmamış, mövcud olmayan uşağın hüquq subyektliyi məsələsi bir qədər mürəkkəbdir. Bu fikrin tərəfdarları insanın doğulduqdan sonra yaşamaq hüququ əldə etməsini qəbul edirlər.
Yaşamaq hüququnun nə zaman bitməsi də mühüm əhəmiyyət kəsb edir. Yaşamaq hüququnun hər hansı hüquqi bir faktdan asılı olmadan mövcud olduğuna görə onun bitməsi də, bir qayda olaraq, ölüm faktı ilə baş verir. Lakin burada da müəyyən məsələlər var. Birincisi, ölüm faktının hansı anda əmələ gəlməsidir. Belə qəbul olunur ki, beynin fəaliyyətinin dayanması ölüm faktı kimi qəbul oluna bilər. Belə olan halda, hələ də öz funksiyalarını yerinə yetirən digər orqanların transplantasiya məqsədilə həkim tərəfindən ayrılması cinayət hesab olunmur. Çünki beynin fəaliyyətdən düşməsi ilə hüquqi fakt yaranmış olur.
Şəxsin özünün könüllü olaraq həyatdan getməsi imkanı, yəni evtanaziya hüququ ən aktual problemlərdən biridir. Bu məsələyə də yanaşma iki cürdür. Birincisi, bəzi ölkələrdə (Hollandiya, İsveçrə və s.) evtanaziya leqallaşdırılıb. Evtanaziya tərəfdarları öz fikirlərini belə əsaslandırırlar ki, sağalacağına ümid olmayan şəxsin artıq əzab çəkməsinə şərait yaratmaq lazım deyil və özü istədiyi təqdirdə, həyatdan getmək imkanı verilməlidir. Əks fikrin tərəfdarları isə əsaslandırırlar ki, həyat insanın özü tərəfindən yaradılmayıb və insan özü bundan imtina edə bilməz. Bu, həm də sui-istifadə hallarını artıra bilər, həm də müalicə üsulunun tapılması da istisna olunmur.
Evtanaziya məsələsinə münasibət Azərbaycanda 1997-ci il 26 iyun tarixli “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 38-ci maddəsinə əsasən qadağan olunub.
Ölkəmizdə ölüm hökmü də ləğv edilib. 1998-ci il 10 fevral tarixli Azərbaycan qanunu ilə ölüm hökmü tamamilə aradan qaldırılıb.
Yuxarıda qeyd etdik ki, bəzi istisna hallarda insanın yaşamaq hüququ əlindən alınır. Əsas qanuna görə, yalnız həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda yaşamaq hüququna dair tələblər pozulmamış sayılır.
Belə ki, istənilən şəxs hüquqa zidd zorakılıqdan qorunan zaman, qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını alınması məqsədilə, qanuna müvafiq olaraq çevriliş və ya qiyamın yatırılması üçün ölüm baş verirsə bu yaşamq hüququnun məhdudlaşdırılması deyil.
Yaşamaq hüququnun şamil olunduğu “hər kəs”in hələ doğulmayan uşaqları əhatə edib-etməməsi məsələsində konsensus yoxdur. Qeyd olunan beynəlxalq sənədlərdən yalnız Amerikaarası Konvensiya yaşamaq hüququnu açıq şəkildə rüşeymə (ana bətnində olan embriona) şamil edir. Konvensiyaya görə yaşamaq hüququ, “ümumiyyətlə, maya bağlandığı andan qanunla qorunur”.
Yaşamaq hüququ ilə bağlı Avropa Məhkəməsinin presedent hüququ ötən on il ərzində sürətlə inkişaf etməyə başlayıb və hələ bir çox məsələlər, o cümlədən, həyatın başlanğıcı məsələsi tam araşdırılmayıb. Lakin Avropa İnsanHüquqları Komissiyası yaşamaq hüququnun müxtəlif aspektləri ilə bağlı qərarlar qəbul edib.
Avropa Konvensiyasının 2-ci maddəsi üzrə yaşamaq hüququnun hələ doğulmayan uşaqlara şamil olunub-olunmaması məsələsi adətən aborta dair işlərin kontekstində meydana çıxır. Abortla bağlı məsələlər sırf hüquqi aspektdənbaşqa, həm də mənəvi, siyasi, dini aspektləri, habelə, sağlamlığın mühafizəsinə aid aspektləri də əhatə etdiyindən istər Avropa Məhkəməsi, istərsə də keçmiş Avropa Komissiyası bu barədə qəti fikir bildirməkdən çəkinib. Birləşmiş Krallığa qarşı işdə Komissiya belə qərara gəldi ki, rüşeymin “yaşamaq hüququnu” mütləq şəkildə tanımaq Konvensiyanın məqsəd və predmetinə zidd olacaqdır. Onun qərarı belə oldu ki, abort hamiləliyin ilkin mərhələsində edilirsə, buhalda ona rüşeymin yaşamaq hüququnun məhdudlaşdırılması kimi baxmaq olar, bu, “həmin mərhələdə qadının həyatını və sağlamlığını müdafiə edən” məhdudlaşdırmadır.
Abortla bağlı məsələlərdən biri də abortlara icazə verilməsinin hamilə qadınların qanuni maraqları ilə rüşeymi müdafiə etməyə dair qanuni zərurət arasında tarazlığın pozulub-pozulmamasıdır. Bu məsələ ilə bağlı dəqiq qəbul olunmuşstandart olmadığından 2-ci maddənin hələ doğulmayan uşağa şamil olunub-olunmadığını araşdırarkən işə aidiyyəti olan bütün qanuni maraqlar və hüquqlar ağlabatan şəkildə balanslaşdırılmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasının yaşamaq hüququnu nəzərdə tutan 27-ci maddəsinin mətni birmənalı şəkildə yaşamaq hüququnu rüşeymə (ana bətnində olan embriona) aid etmir. Belə ki, Konstitusiyanın insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi adlanan 24-cü maddəsinin 1-ci bəndində deyilir ki, “hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır”. Ümumiyyətlə, “yaşamaq (həyat)”termininin Azərbaycan dilindəki anlayışı bioloci cəhətdən deyil, yalnız sosial cəhətdən mövcudluq anlayışını ifadə edir.
Mülki Məcəllənin 25-ci maddəsinin 2-ci bəndi Konstitusiyanın müvafiq normasını möhkəmləndirərək, nəzərdə tutur ki, “fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir”. Mülki Məcəllənin 25-ci maddəsinin 3-cü bəndində rüşeym üçün tanınan yeganə hüquqi vərəsə olmaq hüququdur, bu hüquq maya bağlandığı andan əmələ gəlir.
Azərbaycan qanunvericiliyinə əsasən, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Digər hallardaabort yalnız göstərişlərə (səbəblərə) əsasən həyata keçirilə bilər. Müvafiq surətdə, abort heç bir halda yaşamaq hüququnun pozulması hesab edilmir.
Vasif CƏFƏROV
Ekspress.-2016.-20-22 avqust.-S.10.