Vətəndaş cəmiyyətində inkişaf perspektivləri
Cəmiyyətin dövlət və biznes sektoruna daxil olmayan birliklərinin məcmusu beynəlxalq təcrübədə Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) adlandırılır. Bu birliklərin əsas xüsusiyyəti isə ondan ibarətdir ki, onlar dövlətdən və yerli özünüidarəetmədən fərqli olaraq kütləvi hakimiyyətə və ya rəsmi səlahiyyətlərə malik deyil. Hətta bir qayda olaraq öz daxili qaydaları əsasında təşkil olunur və fəaliyyət göstərirlər.
Belə birliklər hakimiyyətin həyata keçirilməsində iştirak etməsələr də, hakimiyyətə müxtəlif vasitələrlə təsir imkanına malikdirlər. Dünya ölkələrinin təcrübəsinə əsasən, vətəndaş cəmiyyəti müəyyən əlverişli şərait yaradıldığı təqdirdə inkişaf edir.
Ekspertlərin fikrincə, belə bir şərait dövlət tərəfindən və ya onun əksinə olaraq xeyli dərəcədə cəmiyyətin özü tərəfindən yaradılır. Yəni, dövlət lazımi qanunların qəbulu, demokratik strukturların formalaşdırılması, hamılıqla qəbul olunmuş norma və prosedurlara ciddi riayət etməsi və hüquqlara təminat yaradılması yolu ilə vətəndaş cəmiyyətinin inkişafına və müstəqil fəaliyyətinə şərait yaradır. Bundan başqa, vətəndaş cəmiyyətini dövlətdaxili münasibətlərin inkişafına təsir göstərən insan qruplarının təşkilatlanmış fəaliyyəti, sosial şəbəkələşmə kimi də müəyyən etmək olar. İctimai rifah naminə şüurlu və aktiv fəaliyyət kimi vətəndaş təşəbbüsləri, vətəndaş cəmiyyətinin əsas dinamik xüsusiyyətini təşkil edir.
Ümumiyyətlə götürdükdə, vətəndaş cəmiyyətinin inkişafı dedikdə həmin ölkənin ən əsası sivil inkişafı və qloballaşan dünyaya inteqrasiyası başa düşülür. Eyni zamanda, ölkənin ümumi siyasətinin əsas flaqmanı deyə bilərik. Bu baxımdan vətəndaş cəmiyyətinin inkişafı həm də dövlətlə qarşılıqlı əməkdaşlıq sayəsində baş verir. Əslində dövlət inkişaf etdikcə, vətəndaş cəmiyyəti subyektlərinin sayı artır.
Ekspertlərin fikrinə əsasən, inkişaf o zaman baş verir ki, hər iki tərəf bir-biri ilə dialoqdadır, hər iki tərəf uğur göstəricilərinə görə önə çıxmaq istəyir. Bu müqayisə birmənalı olmasa da, vətəndaş cəmiyyətinin inkişaf perspektivi bu dialoq üzərində qurulmalıdır.
Yeri gəlmişkən, vətəndaş cəmiyyəti bir cəmiyyət modeli kimi birinci mənada əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən və siyasi-hüquqi cəhətdən müəyyən inkişaf mərhələsində olan insan birliyi formasıdır. Vətəndaş cəmiyyətinin mövcudluğunun başlıca şərti isə onun hər bir üzvünün konkret mülkiyyətə və ya belə bir mülkiyyətə yiyələnməkdə iştirak imkanına, ondan öz istədiyi kimi istifadə edə bilmək və onun barəsində sərəncam vermək hüququna malik olmasıdır. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, vətəndaş cəmiyyəti eyni zamanda şəxsiyyətin sosial, intellektual və psixoloji inkişafının, daxili azadlığının və öz potensialını gerçəkləşdirmək imkanlarının yüksək səviyyədə olduğu bir cəmiyyətdir.
Hüquq elmləri doktoru Mayis Əliyevin qeyd edib ki, ümumdünya insan hüquqları Bəyannaməsində (1948-ci il) - hər bir insan özünün və ailəsinin sağlamlığının və rifahının təmin edilməsi üçün kifayət qədər, qida, geyim, yaşayış yeri, tibbi xidmət və zəruri sosial xidmətin daxil olduğu layiqli əhatə edən həyat səviyyəsi hüququna və işsizlik, xəstəlik, əlillik, dul qalma, qocalıq və özündən asılı olmayan səbəblərdən yaşayış üçün vəsaitlərinin itirilməsinin digər hallarında təminat hüququna malikdir: “Bəyannamə bütövlükdə sosial təminatla bağlı aşağıdakı məsələləri özündə təsbit edir:
1. Cəmiyyətin üzvü kimi hər kəsin sosial təminat hüququnu
2. Hər kəsin özünün və ailəsinin sağlamlığını və rifahını insanın əsas ehtiyaclarının (ərzaq, yaşayış, tibbi xidmət, sosial xidmət) ödənilməsi imkanını insanlara təmin edən layiqli həyat səviyyəsi hüququnu
3. Sosial təminat hüququnun yaranması üçün əsas olan sosial risklərin siyahısı .
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt aşağıdakı hüquqları tanıyır: - hər kəsin, sosial sığorta da daxil olmaqla sosial təminat hüququnu, özünün və ailəsinin layiqli həyat səviyyəsi hüququnu, fiziki və psixi sağlamlığın mümkün olan ən yüksək səviyyəsinə çatmaq hüququnu”.
Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi - İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-ci maddə - Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Hüquq elmləri doktoru onu da qeyd edir ki, sosial təminat hüququ insanın şəxsiyyət kimi formalaşması üçün baza rolunu oynayır: “Yaşamaq hüququ və sosial hüququ insanın əsas hüquqlarından biri kimi sosial təminat hüququ özündə aşağıdakı xarakterik xüsusiyyətləri əks etdirir: yaşamaq hüququ ilə qırılmaz əlaqədə olan bu hüquq, təbii ki, anadan olduğu andan hər kəsə məxsusdur. Beynəlxalq normalara uyğun olaraq bu hüquq toxunulmaz olduğundan dövlət ona özbaşına məhdudiyyətlər qoya bilməz. Çünki bu hüquq birbaşa məhkəmə vasitəsilə müdafiə oluna bilən subyektiv insan hüquqlarından biridir. Sosial təminat hüququ hər kəsin ayrılmaz, mütləq hüququdur və buna görə də heç bir dövlət orqanı bu hüququ məhdudlaşdıra bilməz”.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni vətəndaş cəmiyyətinin inkişaf perspektivləri ilə bağlı deyir: “Azərbaycan dövləti “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını qəbul edib. Orada QHT-lərin digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə də dövlətimizin inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb. Ona görə də üçüncü sektorun inkişafı ilə bağlı başqa hansısa sənəd, konsepsiya aparmağa ehtiyac yoxdur. Çünki bu konsepsiyada hər şey göstərilib. QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə də regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək. Həmçinin QHT-lərin ofislə təmin edilməsi, maddi-texniki bazasının yaradılması və ya yaxşılaşdırılması məhz üçüncü sektorun inkişafına kömək olacaq addımlardandır. Bütün bunlar QHT-lər üçün şəraitin yaradılmasıdır. Bu imkanların yaradılması, mövcud problemlərin həll edilməsi isə daha çox insanın, geniş kütlələrin bura cəlb edilməsi deməkdir. İnsanların öz asudə vaxtlarını təşkil etməsi, gənclərin təşkilatlanması, təcrübələnməsi, müxtəlif bilik və bacarığa yiyələnməsi, ofis, kompüter, dili biliklərinə yiyələnməsi məhz QHT-lərin daha güclü olması nəticəsində baş verə bilər. Bütün bunlarla yanaşı, nəticədə insanların vətəndaş cəmiyyəti institutlarının mahiyyətini anlaması, onu öyrənməsi gələcək fəaliyyəti üçün böyük bir əsas təşkil edir”.
R.Zeyni onu da qeyd edir ki, veteranların, şəhid ailələrinin, əlillərin və onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının müdafiə edilməsi vətəndaş cəmiyyətinin başlıca vəzifələrindəndir: “Ona görə də üçüncü sektorun perspektivi var. Yəni, cəmiyyətimizdə savadlı, ziyalı, təşkilatlanmış, təhsilli, eləcə də xaricdə təhsil almış gənclərimiz mövcuddur. Ümumiyyətlə, cəmiyyətimizdə müxtəlif təbəqələr var və bütün bu insanların vətəndaş cəmiyyətinin işində yaxından iştirak etməsi, bura cəlb edilməsi məqsədi ilə biz işimizi daha daha da inkişaf etdirməli, təşkilatlanmalı və geniş iş aparmalıyıq. Bunları həyata keçirmək üçün isə dövlət dəstəyi vacibdir. Bunlardan biri dövlət sosial sifarişinin vətəndaş cəmiyyətinə daha çox etibar etməsidir. Hesab edirəm ki, dövlət sosial sifarişləri daha çox QHT-lərə verilməlidir. Bu vasitə ilə üçüncü sektorun dövlət proqramlarının icrasına daha geniş cəlb olunmaqla burada balansını artırmaq lazımdır. Bu yeni iş yerlərinin açılması ilə bərabər, eyni zamanda dövlət vəsaitinin əldə edilməsi və işin daha da gücləndirilməsi, səmərəliliyin artırılması deməkdir. Bütün bunlar eyni zamanda vətəndaş cəmiyyətinin səfərbər edilməsi anlamını daşıyır. Biz bu gün kiçik layihələr həyata keçiririk. Biz tez-tez xarici qonaqlarla görüşürük. Onlar bizə sual verirlər ki, siz belə böyük təşkilat, koalisiya olduğunuz halda nə üçün kiçik layihələr həyata keçirirsiniz? Hesab edirəm ki, belə məqamlar aradan qaldırılmalı və balanslaşdırılmalıdır. Həmin o perspektiv, inkişaf məsələlərində bütün bunlar nəzərə alınmalıdır”.
Ekspert onu da qeyd etdi ki, dövlət büdcəsi hesabına müxtəlif istiqamətlərdə həyata keçirilən dövlət proqramlarına QHT-lər aktiv şəkildə cəlb edilməlidirlər. Bu da heç şübhə yox ki, gələcək perspektivdə vətəndaş cəmiyyətinin sivil, beynəlxalq standartlara uyğun inkişafına müsbət təsir göstərə bilər.
Qeyd edək ki, vətəndaş cəmiyyətini, dövlətdaxili münasibətlərin inkişafına təsir göstərən insan qruplarının təşkilatlanmış fəaliyyəti, sosial şəbəkələşmə kimi də müəyyən etmək olar. İctimai rifah naminə şüurlu və aktiv fəaliyyət kimi vətəndaş təşəbbüsləri, vətəndaş cəmiyyətinin əsas dinamik xüsusiyyətini təşkil edir.
Son olaraq qeyd edək ki, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması prosesi ictimai rəyin təkmilləşdirilməsi fonunda davam edir. Yəni, ölkədə qərb yönümlü və milli-mənəvi, əxlaqi-etik dəyərlər fərdiyyəçilik və kollektiv sağlam həmrəylik şəraitində formalaşmaqdadır.
Rəşid RƏŞAD
Ekspress.-2016.-23 avqust.-S.10.