Vətəndaş cəmiyyəti və hüquqi dövlətin
qarşılıqlı əlaqəsi
Vətəndaş cəmiyyəti xüsusi tipi, özünəməxsus sosial-iqtisadi, siyasi, hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi olan cəmiyyətdir. Vətəndaş cəmiyyəti bir növ “dövlətsizləşmiş” cəmiyyət olub dövlət və hüququn tarixi inkişafında müəyyən bir mərhələni təşkil edir. Bu cəmiyyətdə azad vətəndaşların könüllü birləşmiş strukturları mövcuddur və cəmiyyətə dövlətin müdaxiləsi qeyri-mümkündür.
Vətəndaş cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir. Məlum məsələdir ki, demokratik rejimlərin meydana gəlməsinin əsas şərtlərindən biri vətəndaş cəmiyyəti və hüquqi dövlətin qarşılıqlı əlaqədə fəaliyyət göstərməsidir. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin bağlılığı onların şəxsiyyətin hüququnu müdafiə etməsində də özünü göstərir.
Vətəndaş cəmiyyəti insan hüququnu, hüquqi dövlət isə vətəndaş hüququnu təmin etsə də, burada insanın təbii, fərdi və siyasi hüquqları nəzərdə tutulsa da, əslində, burada şəxsiyyətin hüququndan söhbət gedir. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin bağlılığının mühüm şərti kimi iqtisadi, siyasi, mədəni və mənəvi potensiyasını özünüreallaşdırma hüququna malik şəxsiyyət çıxış edir.
Cəmiyyətlə dövləti şəxsiyyətin ictimai-siyasi fəallığı bir-birinə daha sıx bağlayır. AMEA İnsan Hüquqları İnstitutu, Din və İctimai Təhlükəsizlik şöbəsinin müdiri, siyasi elmlər doktoru Gülzar İbrahimovanın sözlərinə görə, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyinə əsaslanır. Kantın “Vətəndaş cəmiyyətindəki insanlar dövlətdən asılı deyil və tam sərbəstdirlər” fikrinə diqqət çəkən İbrahimova deyir ki, demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. “Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər”.
G.İbrahimova dövlət anlayışını lakonik şəkildə bu cür səciyyələndirir: dövlət ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlayan, cəmiyyətdə təhlükəsizlik, rifah və əmin-amanlıq təmin etmə məqsədi daşıyan və bu məqsədə yönələn qanunvericilik, qəbul edilmiş qanunları tətbiq etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur. Siyasi leksikonda “hüquqi dövlət” termininə tez-tez təsadüf edilir. Məlumdur ki, bir siyasi hadisə olaraq “dövlət” çoxformalıdır. Hazırda dövlətin idarəçilik (respublika və monarxiya), quruluş (unitar, federasiya, konfederasiya) və rejim (demokratik və anti-demokratik) formaları mövcuddür. Hüquqi dövlətdə qeyd edilən strukturun normalara müvafiq olması mütləqdir. Belə dövlət liberal qanunvericiliyə, demokratik icraedici və konstitusion hakimiyyətə, insanların bütün təbii və vətəndaş hüquqlarını təmin edən və eyni zamanda onlara hörmət edən hüquqi normalara və insanlararası azad münasibətlərin yer aldığı vətəndaş cəmiyyətinə malik olmalıdır. Bu formaların hər birinin hüquqla əlaqəsi var. “Hüquqi dövlət” deyilən üçüncü forma ilə - dövlət rejimilə bağlıdır. Hüquqi dövlət isə demokratik dövlətin ayrılmaz əlaməti hesab edilir. Anti-demokratik dövlətlərin “hüquqi dövlət” olmasından söhbət gedə bilməz, çinki bu fenomenin orada mövcudlugu istisnadır. “Demokratiya bir dövlət formasıdır və onun zəruri əlamətlərdən biri də “hüquqi dövlətdir”. “Hüquqi dövlət” əlamətilə yanaşı bu sıraya həm də: 1) azad və həqiqi seçkilər vasitəsilə seçilən xalq nümayəndəliliyi; 2) dövlət idarəçiliyi üstündə nəzarət mexanizminə malik olan parlamentar (xalq nümayəndəliyi) sistem; 3) hakimiyyətə münasibətdə hər bir fərdə muxtarlıq təminatı verən bir sıra fundamental hüquqlara malik olma daxildir” deyən şöbə müdirinə görə, bu xüsusiyyətlər birlikdə müasir demokratik dövlət formasının məzmununu təşkil edir və onların hər biri digərlərini həlledici hesab edir. Lakin onun dediyinə görə, belə bir daxili struktur heç də bütün dövlətlər üçün məqbul sayıla bilməz. “Məsələn, Yaxın Şərq ölkələrinin çoxunda qanuni tənzimləmələrin dinamik, mobil artımına uyğun mühafizə mexanizmi müşayiət etmir, qanunun aliliyi pozulur, bununla da hüquqi nihilizm güclənir. Bu ölkələrdə qarşıdurmaların möhkəmləndirilməsinin və sosial gərginliyin səbəblərindən biri, rəhbərlikdəki keyfiyyətin, icra intizamının, qanunların və digər normativ hüquqi aktların səmərəsiz şəkildə idarə edilməsidir. Yaxın gələcəkdə ölkələrin sabit inkişafı bu kimi əhəmiyyətli məsələlərin həllinə bağlıdır”.
Hüquqi dövlətin formalaşmasının vətəndaş cəmiyyətinin inkişafı ilə bağlılığından danışan G.İbrahimovanın sözlərinə görə, hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. “Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun və qanunazidd kimi tanınır. Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir.
Hüquqi dövlətdə, bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir və orada siyasi elitanın “söz keçirməsi” cəmiyyətin liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir və sərbəstlik demokratiyanı yaradan şərtlərdən biridir və demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd bağlılığı göz önündədir”.
Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır, biri bərqərar olmadan o biri mümkün deyil. “Fransız politoloqu Tokvill demokratiya şəraitində hüquqi dövlətin cəmiyyətdə oynadığı rolu təhlil edərək bildirir ki, demokratiya əmlakın mövcudluğunu, mülkiyyət anlayışını bütün adamlar üçün aydın etdiyi kimi, siyasi hüquqlar analyışını da hər bir vətəndaşın şüuruna çatdırır.
Düzdür, qeyri-demokratik şəraitdə də cəmiyyət mövcuddur. Lakin bu cəmiyyət hakimiyyət strukturlarının nəzarəti altında olur və onlara hesabat verir”.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun bildirdiyinə görə, dövlət və cəmiyyət müxtəlif anlayışlar olsa da, qlobal cəmiyyətin bir-birini tamamlayan iki tərəfidir. Siyasi həyat vətəndaş aləmindən təcrid olunmuş həyat deyil. Vətəndaş cəmiyyətinin özünün legitimliyi, əsas məsələlərdən biridir. “Bu cəmiyyətin özü məhz hüquqi dövlətdəki siyasi qüvvələrin legitimliyinin mənbəyi kimi çıxış edir. Vətəndaş cəmiyyəti siyasi sistemin əsası olduğu kimi hüquqi dövlət də vətəndaş cəmiyyətinin inikasıdır. Bu cəmiyyət inkişaf etdikcə, hüquqi dövlətin demokratikliyi daha da genişlənir”.
Hüquqi dövlət qanun vasitəsilə vətəndaş cəmiyyətinin mövcudluğu və fəaliyyəti üçün şərait yaradır. Bu tip dövlətdə demokratiyanın ümumiliyi hakimiyyətin səmərəliliyi, qanundan asılılığı cəmiyyətin hüquqi əsası kimi çıxış etmək imkanı qazanır. O, həm də ümumbəşəri və birləşdirici xarakter kəsb edir. Vətəndaş həmrəyliyinin, milli barışığın, konsensus və kompromisin bərqərar olması, demokratik, sosial-siyasi təsisatların təkmilləşdirilməsi, sağlam rəqabətə əsaslanan liberal iqtisadiyyatın yaradılması, milli xarakter kəsb edən mədəni-mənəvi mühitin yaradılması da cəmiyyət və dövlətin qarşılıqlı əlaqəsində əsas rol oynayır.
Transformasiya prosesi baş verən ölkələrdə, o cümlədən, Azərbaycanda vətəndaş cəmiyyətinin hüquqi dövlətlə əlaqəli inkişaf etdiyi qənaətində olan Ömərov hesab edir ki, ölkəmizdə bərqərar olan bu təsisatlardakı ümumbəşəri, liberal dəyərlər müsəlman Şərqi üçün də cəlbedicidir və gələcəkdə bu proseslərin Şərqdə baş verməsi zərurətə çevrilə bilər. Dediyinə görə, ərəb dünyasında avtoritar rejimlərin demokratik meyili rejimlərlə əvəz edilməsi buna əyani sübutdur. “Qeyri-dövlət vətəndaş cəmiyyətinin iqtisadi, siyasi, sosial, dini-mədəni sahələri dövlətlə vəhdət təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının formalaşmasında hüquqi dövlət həlledici rol oynayır. Ölkəmizdə milli şüurun qərbləşməsi bu prosesə öz təsirini göstərir”.
Azərbaycanda aparılan demokratik islahatlar, rəqabətə davamlı iqtisadiyyatın yaradılması və milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi hüquqi, demokratik, sosial dövlətin və vətəndaş cəmiyyətinin bir-birilə yaxınlaşmasını şərtləndirən amillərdəndir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin səmərəli qarşılıqlı əlaqənin təmin edilməsində qeyri-hökumət təşkilatları, yerli özünüidarə orqanları (bələdiyyələr) da mühüm rol oynayır. Onlarla hüquqi dövlət arasında sivil qaydada münasibətlər yaradılır, qanunvericiliyin təkmilləşdirilməsi və insan haqlarının qorunmasında bu təsisatların mühüm təsiri olur.
Azərbaycanda vətəndaş cəmiyyətinin milli təsisatları güclü dövlət sayəsində mövcuddur. “Vətəndaş cəmiyyəti” termini universal xarakter kəsb etsə də, Azərbaycanda bu cəmiyyətin də milli-hüquqi dövlətin yaranması da spesifik xüsusiyyətləri ilə fərqlənir. “Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun Qərb modeli formalaşsa da, prosesdə ölkəmizin milli spesifikası da özünü göstərir. Digər bir amil də demokratik təsisatların xarici siyasətə təsiridir”.
Akademik Ramiz Mehdiyevin “Vətəndaş cəmiyyəti heç bir sərhəd tanımır, buna görə də öz xüsusi təsisatları vasitəsilə dövlətin xarici siyasətinə Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi, mədəni və digər əlaqələrinə müsbət təsir edə bilir” fikrini xatırladan V.Ömərovun dediyinə görə, məhz bu təsir dövlət və cəmiyyətin bağlılığının daha da möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, ölkədə cəmiyyətin və dövlətin dirçəldilməsi vətəndaş və siyasi mədəniyyətin yüksəldilməsindən də asılıdır. “Azərbaycanda dövlət və cəmiyyətin qarşılıqlı münasibətlərindən danışarkən, iqtisadi və siyasi islahatların aparılmasını, özəlləşdirmə, təsərrüfat, azadlığının təmin edilməsi, aksioner cəmiyyətlərin, kiçik və orta sahibkarlığın inkişafını da unutmaq olmaz. Dövlətlə cəmiyyətin bağlılığı müxtəlif formalarda təzahür edir: vətəndaş cəmiyyəti dövlətə maddi dövlət yardımı tələb edən təşəbbüslərlə müraciət edir. Dövlət vətəndaş təşəbbüslərinə yardım edir bir çox ictimai birliklərin, təşkilat və fondların inkişafı üçün maddi vəsait ayırır”.
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun vəhdətdə formalaşması ulu öndər Heydər Əliyev xidmətləriylə bağlıdır. H.Əliyev demokratik tipli təsisatların yaradılmasını Azərbaycan xalqının həyati prinsipi hesab edirdi: “Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir”.
Murad MƏMMƏDLİ
Ekspress.-2016.-24 avqust.-S.10.