Hüquqi dövlətdə iqtisadi inkişaf

 

Dünya təcrübəsi göstərir ki, hər hansı bir iqtisadi sistemin normal fəaliyyətinin təmin edilməsində dövlət əsas rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudunun gözlənilməsi iqtisadiyyatın tənzimlənməsilə bağlı başlıca problemlərdən biridir.

 

Ümumiyyətlə götürdükdə XIX əsrin sonundan etibarən dövlət iqtisadi proseslərə nəzarət etməyə və onun tənzimlənməsi tədbirlərinin həyata keçirilməsinə başlayıb. Bu tədbirlər özünü iqtisadiyyatın tənzimlənməsi məqsədilə normativ-hüquqi aktların formalaşdırılması və onların praktik reallaşmasında daha qabarıq göstərib.

 

Xatırladaq ki, dövlətin iqtisadiyyata müdaxiləsinin genişlənməsinə Birinci Dünya müharibəsi və 1929-1933-cü illərin böhranı həlledici təsir göstərib. 30-cu illərin sosial-iqtisadi reallıqlarına əsaslanaraq C.M.Keyns tərəfindən irəli sürülən nəzəriyyədə ilk dəfə olaraq bazar iqtisadiyyatı şəraitində cəmiyyətin iqtisadi həyatına dövlətin tənzimləyici müdaxiləsinin əsasları konsepsiya formasında irəli sürülüb.

 

Ekspertlərin fikrincə, iqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması XX əsrin ikinci yarısından etibarən iqtisadçıların diqqətini cəlb edib. Bu, özünü rəqabətin təmin olunmasında, əmək bazarına müdaxilə edilməsində, qiymətlərin və xarici ticarətin tənzimlənməsi sahəsində daha qabarıq göstərib. Bu baxımdan iqtisadi münasibətlərin cəmiyyətdə daşıdığı xüsusi əhəmiyyət səbəbindən iqtisadiyyathüquq arasında olan qarşılıqlı əlaqənin mövcud vəziyyətinin xarakteri, hüquq sisteminin keyfiyyət göstəricisi kimi səciyyələndirilir.

 

Onu da qeyd edək ki, hüquqi tənzimləmə mürəkkəb prosesdiro, ictimai münasibətlərə hüquqi təsirin müəyyən vasitələrinin köməyi ilə reallaşdırlır. Məhz buna görə də hüquqi təsir və hüquqi tənzimlənmə anlayışları bir-birindən fərqli məqamları ilə xarakterizə olunur. Yəni, hüquq öz mövcudluğu ilə insanların davranışına əhəmiyyətli dərəcədə təsir göstərməklə, bir dəyər kimi insanların fəaliyyətinin istiqamətini müəyyən edir.

 

Ekspertlər onu da qeyd edirlər ki, hüquqi təsir ictimai münasibətlərin hüquqi tənzimlənməsi anlayışından daha geniş olduğu üçün burada hər şeydən əvvəl ictimai münasibətlərin birbaşa tənzimlənməsinə yönəldilən müəyyən hüquqi təsir vasitələrini fərqləndirmək lazımdır. Hansı ki, müvafiq vasitələr hüquqi tənzimləmənin predmeti olan ictimai münasibətlərin tənzimlənməsinə imkan yaradan mexanizmin formalaşdırılmasını təmin edir. Hüquqi tənzimləmə ictimai münasibətləri dövlətin məqsəd və vəzifələrinə uyğun olaraq qaydaya salan hüquqi vasitələr sistemi kimi xarakterizə oluna bilər. Bu sistemdə hüquq normaları hüquqi tənzimləmə dairəsindəki ictimai münasibətlərin iştirakçılarının məcburi davranış qaydalarını müəyyən edir.

 

İqtisadçı Cəbrayıl Vəliyev qeyd edir ki, iqtisadi artım bir ölkənin ölçülə bilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir: “Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi və ya müsbət kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçülə bilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər. Bu zaman adambaşına düşən milli gəlir azalış göstərəcəkdir. Bu görüşün əksikliyini təngid edən ikinci görüşə görə iqtisadi inkişaf isə daha çox fərdi bazada kalitatif-keyfiyyət baxımından müqayisəsi aparılan bir anlayışdır. Yuxarıda misal çəkdiyimiz ÜDM - iqtisadi artım, ÜDM/əhali sayı isə iqtisadi inkişaf göstərcəsi bu görüş tərəfindən qəbul edilir. Ancaq eyni zamanda bu görüşdə həm ÜDM-də, həm də əhalidəki dəyişmələr də nəzərə alınır və buna görə mütləq və nisbi dəyişmələrlə də bu nisbət hesablanır. Təbii ki, bu iki faktorun birində olan dəyişmə adambaşına gəlirdə də dəyişməyə səbəb olacaqdır. Əgər adambaşına düşən gəlirdə dəyişmə olmazsa, yəni “0” olarsa, bu durum iqtisadiyyatda stagnation-durğunluq, dəyişmə mənfi-azalma yönündə olarsa, reqression-geriləmə, müsbət-artım yönündə olarsa, pozitiv dəyər alarsa, development-inkişaf kimi qəbul edilir”.

 

Daim önəmli bir məsələni qeyd edən iqtisadçının sözlərinə görə, bu da ÜDM-nin Satınalma Gücü Paritesinə görə hesablanmasıdır ki, bunu beynəlxalq qurumların ölkələr üzrə inkişaf göstərgələrində daha çox nəzərə alırlar və bu daha real bir göstəricidir.

 

C.Vəliyev üçüncü bir görüş haqqında isə deyir ki, ümumiyyətlə, ilk ikisindən fərqli olaraq sadəcə kantitativ-kəmiyyət göstəricilərindən yola çıxmaqla deyil, ümumiyyətlə, iqtisadiyyatın strukturunda və müxtəlif sahələrdə baş verən irəliləyişin iqtisadi inkişafın göstəriciləri olaraq qəbul edir: “Bu görüşün əsasını fransız iqtisadçısı Franchois Perroux qoyub. Ona görə, iqtisadi artım real milli gəlirin müəyyən bir dövr içində düzənli dəyişməsidir. Bu, adambaşına düşən ÜDM ilə də ölçülə bilər”.

 

İqtisadi inkişaf isə daha çox iqtisadiyyatın müxtəlif sahələrində və bütünündə struktural bazda olan dəyişikliklər, inkişafdır. İqtisadi inkişaf artım ilə birlikdə bu struktural dəyişiklikləri də özündə cəmləşdirir və buna görə də daha geniş bir anlayışdır. “Yuxarıdakı izahat nəticəsində qeyd edə bilərik ki, iqtisadi inkişaf iqtisadi artımdan daha geniş anlayışdır. Özündə həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişiklikləri, inkişafı birləşdirir. İqtisadi inkişaf sadəcə müəyyən dövr içində əldə edilən ümumdaxili məhsulun artması demək deyil bu artımın iqtisadiyyatda və əhalinin rəfah səviyyəsindəki müsbət dəyişikliklərə təsirindən də ibarətdir. Ümumiyyətlə, iqtisadi inkişaf davamlılıq xarakterdə olub, ən yaxşı iqtisadi strukturun əldə edilməsidir. İqtisadi inkişaf məqsədli iqtisadi siyasət aparılarsa, iqtisadi artım bu struktur dəyişiklərində əhəmiyyətli rol oynayar”.

 

Qeyd edək ki, “İqtisadi hüququn fərqləndirici cəhəti iqtisadi metodların normativ aktlarhüquq nəzəriyyələrinin təhlilində, eyni zamanda hüquqi sistemin iqtisadi davranışlara təsirinin tədqiqində özünü göstərir. Bu baxımdan iqtisadi konsepsiyalar insan davranışı haqqında metodoloji baza kimi çıxış edir. Bundan başqa, “İqtisadi hüquqhüquqi sistemlərin təhlili üçün müvafiq konsepsiyaların əsasını təşkil etməklə, fərdlərin davranışını arzu olunan istiqamətə yönəldən hüquq normalarının işlənməsi vasitəsi kimi çıxış edir. Bununla o digər konsepsiyalardan fərqlənir. Ümumilikdə, iqtisadi sferada hüquqi tənzimləmə tətbiq edilən münasibətlər, oxşar xüsusiyyətlərinə görə aşağıdakı üç qrupa ayrılır:

 

- İqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər subyektlərlə yaranan münasibətlərin iqtisadihüquqi cəhətləri

- Müəssisənin daxili təşkilinin şərtlərini və qaydalarını müəyyən edən iqtisadihüquqi münasibətlər

- Bütün cəmiyyətin və özünün mənafeyinin qorunması baxımından iqtisadiyyatı tənzimləyən dövlətin idarəetmə orqanları ilə fizikihüquqi şəxsləri arasında yaranan münasibətlər.

 

İqtisadçılar qeyd edir ki, iqtisadiyyatın hüquqi tənzimlənməsinin subyekti kimi isə iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqifiziki şəxslər çıxış edir. Digər tərəfdən, dövlət də iqtisadi institutları vasitəsi ilə hüquqi tənzimləmənin subyekti kimi çıxış edir. “İqtisadi hüquqda hüquq sistemlərinin iqtisadi münasibətlərə təsiri tədqiq edilir.

 

Ekspert Vahid Ömərov qeyd edir ki, Azərbaycanda vətəndaş cəmiyyəti hüquqi dövlətlə əlaqəli inkişaf edir. Azərbaycanda bərqərar olan bu təsisatlardakı ümumbəşəri, liberal dəyərlər müsəlman Şərqi üçün də cəlbedicidir və gələcəkdə bu proseslərin Şərqdə baş verməsi zərurətə çevrilə bilər: “Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının formalaşmasında hüquqi dövlət həlledici rol oynayır. Ölkəmizdə milli şüurun qərbləşməsi bu prosesə öz təsirini göstərir. Akademik R.Mehdiyev Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin bir-birilə bağlı şəkildə tam gerçəkləşməsi üçün aşağıdakı şəraitin mövcudluğunu göstərir: “1. Siyasi (vətəndaş) cəmiyyətinin təkmilləşdirilməsi və ya bütün vətəndaşlara xüsusi mülkiyyətin bölünməsi; 2. Vətəndaş cəmiyyətinin fəaliyyətinin ayrılmaz atributu kimi insan hüquqlarının müdafiəsinin səviyyəsinin yüksəlməsi; 3.Qeyri-siyasi və qeyri-kommersiya fəallığına meyili olan yeni orta sinfin (əqli əməyin yeni şəraitinə uyğunlaşmış yüksək ixtisaslı mütəxəssislər, menecerlər, idarəçilərin) yaranması”.

Bu proseslərdə plüralist demokratiya, plüralist tipli şüurun formalaşması, suveren və dövlətçilik şüuru, dövlətçilik ideologiyası və dövlətçilik psixologiyasının müsbət təsiri vardır. Ölkədə aparılan demokratik islahatlar, rəqabətə davamlı iqtisadiyyatın yaradılması və milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi hüquqi, demokratik, sosial dövlətin və vətəndaş cəmiyyətinin bir-birilə yaxınlaşmasını şərtləndirən amillərdəndir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin səmərəli qarşılıqlı əlaqənin təmin edilməsində qeyri-hökumət təşkilatları, yerli özünüidarə orqanları (bələdiyyələr) da mühüm rol oynayır. Onlarla hüquqi dövlət arasında sivil qaydada münasibətlər yaradılır, qanunvericiliyin təkmilləşdirilməsi və insan haqlarının qorunmasında bu təsisatların mühüm təsiri olur.

 

Dövlətin hüquqi xarakterinin güclənməsilə aşağıdakı müsbət proseslər baş verir: “Vətəndaş cəmiyyətində hüquqi mədəniyyətin və hüquqi şüurun səviyyəsi yüksəlir. Vətəndaş cəmiyyətinin üzvləri ilə hakimiyyət arasında qarşılıqlı etimad yaranır. Hüquqi dövlətdə qəbul olunmuş qanunlar vətəndaş cəmiyyəti üzvlərinin təbii hüquqlarını pozmurbu qanunlar hamı tərəfindən qəbul edilir, hamı bu qanunlara tabe olur. Legitim, demokratik dövlət hakimiyyəti insan hüquq və azadlıqlarını təmin edən, vətəndaş cəmiyyətinin fəaliyyətini əhatə dairəsini genişləndirən səmərəli amillərdəndir”.

Son olaraq qeyd edək ki, yaşadığımız dövrdə hüququn iqtisadi təhlilinə bir sıra yanaşmalar mövcuddur. Belə ki, hüququn iqtisadi təhlili aşağıdakı üç fərqli, lakin qarşılıqlı əlaqəli elementləri nəzərdə tutur: Birincisi, bu iqtisadi nəzəriyyənin hüquqi normalarının təsirinin müəyyən edilməsi məqsədilə istifadə edilməsidir. İkincisi, hüquqi normaların gələcəkdə tətbiqi üzrə təlimatları təkmilləşdirmək üçün iqtisadi səmərəliliyinin müəyyən edilməsində iqtisadi nəzəriyyənin istifadə edilməsidir. Üçüncüsü, hüquqi normaların müəyyən edilməsi üçün iqtisadi nəzəriyyənin tətbiq edilməsidir.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-26 avqust.-S.10.