Tərəqqinin əzablı yollarında

(Sona Vəliyevanın “İşığa gedən yol” kitabı haqqında düşüncələr)

 

Akif  ƏLİ,

fəlsəfə doktoru, yazıçı-publisist

 

“Afərin, Sona xanım! Əllərinizə sağlıq!”

Filologiya üzrə fəlsəfə doktoru, şair, yazıçı-publisist Sona Vəliyevanın “İşığa gedən yol” kitabını diqqətlə oxuyub sonuncu, 767-ci səhifəni çevirəndən sonra fikrimdə yaranan ilk təəssürat bu oldu.

 

... Bir ay öncə Milli Mətbuat Günü münasibətilə keçirilən təntənəli tədbirdə Azərbaycan Mətbuat Şurasının böyük mütəfəkkir, ilk milli qəzetin yaradıcısı Həsən bəy Zərdabinin ömür yolundan bəhs edən “İşığa gedən yol” kitabına görə Sona Vəliyevaya təqdim etdiyi Ali Media Mükafatı, həqiqətən, yerinə düşüb.

Kitabı oxuyan hər kəs Sona xanımın xalqa xidmət amalı ilə zərif qadın çiyinlərinə nə qədər ağır yük götürdüyünün şahidi ola bilər. Onun zəhmətinin adekvat dəyəri hələ uzun illər bundan sonra nə qədər oxucu təqdiri, təşəkkürü, o cümlədən  jurnalistika ixtisası öyrənən nə qədər tələbə minnətdarlığı ilə veriləcəkdir. Çünki “İşığa gedən yol” kitabı, həqiqətən, çox dəyərli elmi-bədii-publisistik mənbədir. Əlbəttə, məsələ heç də bir kitabın yazılıb ortaya  qoyulmasında deyil. Məsələnin məğzi- yazılan kitabın məzmununda, görülən işin  əhəmiyyət dərəcəsində, çəkilən zəhmətin vəznindədir.

Mübaliğəsiz deyək ki, Sona Vəliyeva Azərbaycan mədəniyyətinin dirçəliş dövrü olan XIX əsrin sonu, XX əsrin əvvəlləri haqqında bəlkə də bir tədqiqat institutunun görə biləcəyi qədər mühüm və irihəcmli işi başa çatdırıbdır. O dövr elə bir dövrdür ki, uzun əsrlər boyu müsəlman Şərqinin ətalət mühitində yatan (əslində - yatızdırılan!) istedadlı bir xalqı qəflətdən ayıltmaq, onun daxilində milli heysiyyat və milli şüur potensialını oyatmaq, ayağa qaldırıb işıq gələn tərəfi göstərmək - nəinki mürəkkəb, çətin, ağır, hətta təsəvvür edilməyəcək qədər müşkül bir məsələ idi. O zamanlar Rusiyadan Qərbə, Avropaya açılan tərəqqi pəncərəsi sayılan Moskva və Peterburq mühitində bilik, savad qazanan, dünyagörüşü elmi təfəkkür üzərində formalaşan Həsən bəy Zərdabi doğma vətənə qayıdıb qürbətdə əldə etdiyi həmin təhsil, savad imkanlarından xalqın mənafeyi üçün istifadə etməyə başlayanda heç özü də bu işin bu qədər ağır olacağını təsəvvür etməzdi. Sözün əsil mənasında Millət fədaisi olan Həsən bəyin bütün cəfakeşliyi çox vaxt “milli-dini özgürlük” bəhanəsi altında Qərbin mütərəqqi yeniliklərinin qarşısını kəsməyə çalışan gerizəkalıların, köhnə fikirlilərin, savadsızların qalın zirehinə dəyib yerə düşür, heç olurdu. Beləcə ağır bir müşkülün altına girən bəy oğlu bəyin necə fövqəladə bir insan olduğunu açıb göstərmək, onun dolğun bədii-sənədli obrazını yaratmaq və məhz bu cür əzmkar insanın ağır millət yükünü qaldıra biləcəyinə oxucunu inandırmaq - heç də asan məsələ deyil.

Əsasən cahillikdən doğan eqoist fikirlərin xoşhal ətaləti altında daha rahat gəzən  bəzi kişilər özlərini Tanrı tərəfindən xüsusi yaradılmış məxluqat sayaraq hər sahədə, o cümlədən yaradıcılıqda qadınlardan üstün olduqlarını qabartmaqdan həzz alarlar.Ancaq yazıçı-publisist, alim və şair Sona Vəliyeva məhz yaradıcılıq işi ilə sübut edir ki, bu gün belə bir kitabı yazmaq hər kişinin işi deyil...

Qoy heç kəs inciməsin, ancaq belə məqamlarda nə təkəbbür, nə təbii yaradılış imkanları, nə fiziki güc kara gəlməz. Belə bir kitabı yazmaq üçün bir çox başqa şərtlər də lazımdır: idrak potensialı, mənəvi zənginlik,intellektual baza, dərin elmi savad, genişdünyagörüşü, ziyalı həssaslığı... 

Elmi-bədii-publisistik kitab saysız-hesabsız faktoloji materiallarla zəngindir. Müəllif zəngin bilgilərə istinad edərək Həsən bəy Zərdabinin həyatında mühüm rol oynamış, onun formalaşmasında, uğurlarında iştirak etmiş, arxa-dayaq olmuş - Rəhim bəy, Səlim bəy, Fərəc bəy, Mənzər ana, Hənifə xanım, Vera, rektor Solovyov, Taclıbəyim, Mirzə Fətəli, Seyid Əzim, Hacı Zeynalabdin, qubernator Staroselski, Nəcəf bəy, Əsgər ağa, Əlimərdan bəy, İsmayıl Kaspıralı və b. kimi maraqlı insanların bədii obrazlarını ustalıqla yaradır. Millətin balalarını oxutmaq üçün xeyriyyə cəmiyyəti açmaq niyyətilə Həsən bəy Şamaxı, Gəncə, Şuşa, İrəvan, Tiflis və başqa yerləri gəzib mötəbər insanlarla söhbət etdikcə, keçilən hər vilayət, hər şəhər, kənd haqqında, o yerlərin tarixi haqqında oxucuya ətraflı məlumat verir.

Eynən yeri gəldikcə xalqın həyat və məişətinə aid mühüm cəhətləri vurğulayır, bədii təsvirləri və sənədli təsdiqləri diqqətlə qələmə alır. Milli adət-ənənələr, toylar, bayramlar, ayin və mərasimlər, ailə-nikah, evdarlıq, kulinariya məsələləri, kənd təsərrüfatı, flora və fauna, meteorologiya, coğrafiya, etnoqrafiya, xalq yaradıcılığı, şifahi və yazılı ədəbiyyat, aşıqsənəti, teatr, dramaturgiya, rəssamlıq, kənd təsərrüfatı, mətbuat işi... - bir sözlə, məharətlə qələmə alınan bütün şərhlər müəllifin ensiklopedik biliyə malik olduğunu göstərir. 

Həmin zəngin məlumatları bir yerə toplayıb nizamlamaq, sistemli şəkildə və xronoloji ardıcıllıqla oxucuya təqdim edə bilmək - həm əsərin dəyərini artırır, həm də xoş təəssürat yaradır. Sanki yazıçı sevə-sevə qələmə aldığı qəhrəmanın arzu-istəklərinə, idellarına uyğun olaraq özü də millət yolunda çalışan bir elm, təhsil, maarif fədaisi kimi fəaliyyət göstərir. Hiss olunur ki, müəllif indiyə qədər oxuduğu, öyrəndiyi, tanış olduğu bütün mənbələri dərindən mənimsəyərək bəhrələndiyi məlumatlardan yüksək peşəkarlıqla istifadə etmişdir. O, elmi-nəzəri məxəzlər üzərində qurulan orijinal bədii düşüncələrini, fərqli dünya görüşünü özünə xas dəst-xəttilə qələmə alır. Zəruri olan hər bir izahatın xeyli səbrlə, sərbəst şəkildə, incə zövq və səlis dillə yerli-yataqlı təqdim olunması isə şübhəsiz, müəllif üslubunun özəlliyindən xəbər verir.

1873-cü ildə Bakı gimnaziyasında dərs dediyi tələbələrlə birlikdə hazırladığı tamaşanın nümayişi ilə Azərbaycanda ilk Milli Teatrın əsasını qoyan Həsən bəy Zərdabi az sonra Azərbaycana başqa bir müasir mədəniyyət nümunəsini - jurnalistika sənətini  gətirir.”Nə qədər biz avamıq, bizi aldadacaqlar”,- deyən Həsən bəy tərəqqi naminə məhz mətbuat işini xüsusilə vacib sayırdı. Bugünkü qəzet bolluğunda, ölkədə mətbuat və digər KİV-lərin gur inkişaf etdiyi bir vaxtda 22 iyul 1875-ci ildə ilk sayı çapdan çıxan “Əkinçi” qəzetinin iki il ərzində min bir əziyyətlə işıq üzü görən yazıları ilə tanış olduqca, o dövrün qaragüruhçu dini xurafatından qurtula bilməyən, əhalisinin əksəriyyəti savadsız olan bir mühitdə bu qədər mütərəqqi fikirləri yaymağın necə mümkün olduğu və nə qədər böyük cəsarət tələb etdiyi heyrət doğurur: “... Ey bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti də buraxmağa adamı yoxdur.”

Bu sözləri Həsən bəy göz yaşları içində fəryad edərək yazırdı.

İlk mətbu nəşr olan “Əkinçi”nin yaranma tarixi haqqında müfəssəl bəhs olunan kitabda həmçinin o dövrün - “Bakinskie izvestiya”, “Tiflisskie vedomosti”, “Kafkaz”, “Qolos”, “Kaspi”, “Tərcüman”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus” və digər qəzetlər barədə də məlumatlar verilir. Dahi klassiklər Nizami, Nəsimi, Füzuli, Tusi və b. haqqında ətraflı söz açılır. Müəllifin erudisiyasına dəlalət edən bütün bunlara yalnız gərgin mütaliə, tədqiqatçılıq səriştəsi, oxumaq-öyrənmək səbri, müxtəlif elm sahələrilə maraqlanmaq həvəsi sayəsində nail olmaq mümkündür. Roman-epopeya janrının tələblərinə uyğun olaraq toxunulan hər məqamla bağlı oxucuya dolğun informasiya verilir, araşdırma və aydınlaşdırmaların nəticələri ərklə, inamla təqdim edilir, oxucu üçün heç bir qaranlıq cəhətin qalmasına imkan verilmir. Həssas və diqqətcil müəllifin nəzərindən hətta ən xırda, əhəmiyyətsiz sayıla biləcək kiçik detal da yayınmır.  Bəzən ilk baxışda uyğunsuzluq, yaxud unutqanlıq kimi görünən məqamlara müəllif  bir-neçə səhifədən sonra qayıdaraq izahını verir və tələskən oxucunu “nigarançılıqdan” çıxarır. Demək hər şeyin öz yeri, öz məqamı varmış, müəllif bunu bilir və bu yolla da oxucunu aparır.  

“İşığa gedən yol”da onlarla maraqlı epizod, yüzlərlə incə detal, həssas nüans, qəlbləri titrədən, duyğuları oyadan ibrətamiz hadisələr var. Xasiyyəti kimi özü də gözəl olan Həsən bəyin romantik əhvalatları, xüsusən onu böyük səmimiyyətlə sevən üç qızın - Vera, Taclıbəyim və Hənifə xanımın hiss-həyəcanları, sevgi etirafları və onların hər birinə azərbaycanlı mentalitetinə xas namus-qeyrət fövqündən yanaşan Həsən bəyin vicdanlı münasibət bəsləməsi çox diqqətlə, həzin duyğularla təsvir olunur.

Romanın əsas leytmotivini təşkil edən yuxu epizodu isə xüsusi dəyərə layiqdir. Böyük bir ömür yaşamış görkəmli şəxsiyyətin zəngin həyat yolunu qırmızı bir ana xətt ətrafında toparlamağa imkan verən bu yuxular uğurlu yaradıcılıq tapıntısıdır. Vizual cəhətdən də təsəvvürdə çox maraqlı, baxımlı lövhələr canlandıran yuxu təsvirləri xüsusi zövqlə qələmə alınmış mətnlərdən ibarətdir. Əsrarəngiz, sirli-sehrli, ulduzlu-işıqlı yuxular Həsən bəyin taleyinə işarə edən alın yazısı kimi bütün kitab boyu davam edir. Həyatının müxtəlif çağlarında, mühüm hadisələr ərəfəsində hər dəfə Həsən bəy yuxusunda ulduzlu səma altında, su üzərindəki yolla, uzaqlarda yanan işığa doğru gedir. Moskvada ali təhsil alanda, Bakıda qəzet çıxartmaq üçün çalışanda, Zərdabda kənd camaatına xidmət edəndə... Bu yuxular ona mənəvi güc verir, sanki ona qeybdən gələn  İlahi təqdir kimi doğru yolda olduğuna əminlik yaradır.

İlk dəfə o, işıqlı yuxusunu balaca uşaq vaxtı yayda babasının böyrünə sığınaraq yatdığı çardaqda görür: “... O, yuxusunda gördü ki, həyətlərində şam ağacından düzəldilmiş nərdivanı səmaya söykəyərək göy üzündəki ən parlaq ulduzları dərib nənəsinin tikdiyi güllü torbaya yığır... Nərdivanla enmək istərkən özü ilə yer arasındakı məsafə birdən-birə ucsuz-bucaqsız dənizə dönürdü... Suyun üzü ilə kəndlərinə doğru dümağ işıqlı yol uzanırdı... Yol gözəlliyindən bərq vurub yanırdı. Suyun üzərində izah olunmayan bu gözəllik onu valeh etmişdi... Ona elə gəlirdi ki bu yol heç zaman bitməyəcək...”

Və nəhayət, ömrünün qürub çağında ağır xəstə yatan Həsən bəy o yuxunu son dəfə görür: “...Həsən bəy həmin gecə səhərə qədər yenə inildədi. Qəribədir, gündüz çox çətinliklə və anlaqsız danışan Həsən bəy yuxuda çox aydın nitqlə hey deyirdi: “Hənifə, bax o işığa, o, mənim çırağımdır, gedirəm evimizə gətirəm”, - söyləyirdi. İllərlə onunla yaşayan və çətin məqamlarda onu müşayiət edən yuxunu yenə görürdü. Yenə o, itmiş yolunun başlanğıcını tapa bilmirdi. Qarşısındakı tez-tez ayrılan yolların rəngi də dəyişmişdi elə bil... Yenə uzaqdan suyun üstü ilə uzanan yol, közərən şam, bərq vuran ulduzlar, yol göstərən çıraqlar suyun üstündəki ağ buludların içindən göylərə uzanan meyvə ağacları küləyin gücü ilə yırğalanırdı...”

Mütəmadi təkrarlanan yuxu motivini kitabın yekununda rəmzi olaraq çox dərin və təsirli mənalandıran müəllif yazır ki, Bakıda görünməmiş bir izdihamla son mənzilə yola salınan Həsən bəyin cənazəsini də, ömrü boyu öz qəlbində ağırlığını daşıdığı, dərdini çəkdiyi insan selini də sanki bir işıq, nur topası müşayiət edirdi və insanlar başları üzərindəki o işıq topasına heyran-heyran baxırdılar. Bu - Həsən bəyin müqəddəs ruhu idi “işıq şəklində, nura çevrilərək” minilliklərə doğru irəliləyirdi. Qəribə idi ki, dahi insanın ruhundan saçan o parlaq işıq izdihamın son mənzilə doğru apardığı cismindən xeyli qabaqda gedirdi. Müəllif haqlıdır: üzərinə Tanrı tərəfindən qoyulmuş milli maarifçilik missiyasını tam təmənnasız olaraq əzmlə, bacarıqla, israrla və yorulmadan yerinə yetirən H.B.Zərdabinin ruhu əbədi olaraq xalqın başı üzərində işıq saçacaqdı. Bu parlaq işığın son mənzili yoxdur, tükənməyən, bitməyən işıqlı yol heç vaxt sona çatmayacaqdı. Elm, təhsil, maarif, mədəniyyət işığına doğru aparan yolda bütün dahilər kimiHəsən bəyin də ruhu daim uğrunda fəda olduğu xalqı, milləti müşayiət edəcəkdi...     

Böyük səbr və səliqə ilə yazılmış kitabı oxuduqca Həsən bəy Zərdabinin təmənnasız millət sevgisi, xalqabağlılığı heyrət doğurduğu kimi, müəllifin özünün də vətənpərvərliyi xoş təəssürat yaradır. Bəlkə də kimsə vətənpərvər olmağı ziyalı borcu sayar. Ancaq sirr deyil ki, “xəlqi” görünmək və “xalqın sevimli sənətkarı” adlanmaq naminə “vətənpərvərlikdən” boğazdan yuxarı danışanlar da az deyil. Yazıçı-publisist Sona Vəliyeva isə bu mövzuda heç bir ibarəli söz, pafoslu cümlə işlətmir. Onun mülahizələrindən, hadisələrə münasibətindən, müəllif mövqeyindən Vətəni necə dərin məhəbbətlə sevdiyi, Azərbaycan xalqına, türk millətinə səmimi duyğularla bağlı olduğu sezilir.

Özünü bütünlüklə xalqın inkişafına həsr edərək, “Əgər bir kişi elmi, ədəbi, tərbiyə ilə mədəniyyəti bir tərəfə qoyub pul qazanmağı ondan yaxşı tutursa, ol kişidə millətpərvərlik olurmu?!”- deyən Həsən bəyin xalq yolunda nə qədər əziyyətlər çəkdiyi, nə qədər məhrumiyyətlər gördüyü, həm yaradıcı ziyalı kimi, həm də görkəmli ictimai-siyasi xadim kimi nə qədər əzmlə çalışdığı romanda canlı boyalarla təsvirini tapır. Belə epizodlardan birində Bakıya qonaq gəlmiş Maksim Qorki ilə Fyodor Şalyapini neft mədənlərinə səfərdə müşayiət edən Həsən bəy fəhlələrin dözülməz şəraitini görüb xəcalət çəkir və neftin hesabına var-dövlət qazanan milyonçuları nəzərdə tutaraq ürəyində: “Ay namərdlər, kazinolarda hər gün sovurduğunuz milyonların heç olmasa, mində birini sərf edərək bu bədbəxtlərə insan kimi başını qoyub yatmağa bir yer düzəltmək olmazdımı?!” - düşünür.

Əsər H.B.Zərdabini bizə yenidən tanıdır, o böyük ziyalının indiyə qədər təsvir ediləndən və təsəvvür edildiyindən daha yüksək dəyərə layiq şəxsiyyət olduğuna inandırır. Bu yerdə əsərdən çıxan bir mühüm nəticəni də qeyd edək. Sirr deyil ki, XIX-XX əsrin qovuşağında Azərbaycanın və ümumən türk dünyasının milli-mənəvi dirçəlişində, ictimai-siyasi oyanışında və mədəni tərəqqisində elə şəxslər, elə hadisələr var ki, biz indiyə qədər onların ilk olduğunu bilirdik. Ancaq tarixi sənədlər əsasında yazılan “İşığa gedən yol” kitabını oxuduqca görürük ki, həmin “ilk”lərin əksəriyyəti Həsən bəy Zərdabinin adı ilə bağlı olub. O “ilk”lərin rişəsi Həsən bəyin ideallarından və ideyalarından qida alıb. Çox ziyalıya ilk yol göstərən, tövsiyə edən, stimul yaradan başlanğıc o olub. Milli intibah korifeyləri Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Əlimərdan bəy Topçubaşov, xüsusən, türk dünyasının tanınmış ziyalısı İsmayıl bəy Qaspıralı və b. kimi dəyərli insanlar məhz dahilər dahisi Həsən bəy Zərdabidən dərs alıblar, onun fəaliyyətindən örnək götürüblər, onun nümunəsi və məsələhətləri ilə “işıq gələn” səmtə üz tutublar. O cümlədən, “millət atası” kimi tanınan məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev də Həsən bəyin müdrik məsləhətlərinə mötəbər yanaşıb, bir çox  xeyriyyəçiliklə təkliflərinə dəstək verib...

Təbii, bu halların heç biri o  böyük insanların fəaliyyətinin əhəmiyyətini azaltmır. Ancaq deyilənlər hamısı Həsən bəyə möhtəşəm abidə ucaltmış müəllifin təqdirəlayiq zəhmətinin yüksək qiymətidir. Axı zamanında bir çox ilklərə imza atmış Həsən bəy Zərdabinin haqqının tanınması da Haqq işidir! Əlbəttə, xalqımız, dövlətimiz bütün digər görkəmli fikir adamları kimi H.B.Zərdabinin də qədr-qiymətini layiqincə uca tutur, o sevilir və hər zaman anılır. Haqqında tədqiqat əsərləri, kitablar, məqalələr yazılır. Vaxtilə bu böyük insan haqqında “Mədəniyyət toxumu səpən “Əkinçi”” məqaləsini yazanda mən  onun qəzet yaradıcılığına ətraflı nəzər salmışdım. Ancaq “İşığa gedən yol” kitabında H.B.Zərdabinin hərtərəfli istedada malik olduğu göstərilir və mütəfəkkirin indiki şöhrət kürsüsündən qat-qat ucalarda, heç çəkinmədən deyək - müqəddəslik zirvəsində dayandığı sübut edilir. Beşikdən - son mənzilədək Həsənbəyin bütün həyatını və yaradıcılığını qələmə alan müəllifin təfsirində sübut olunur ki, milli oyanış tariximizin beşiyi başında dayanan nadir simalardan biri də məhz Zərdablı bəy oğlu bəy olubdur!         

Bu gün Həsən bəyi bizdən yüzillər ayırır və o dövrün hadisələri haqqında ümumi məlumatlar qalsa da, apardığı söhbətlərin təfsilatı arxivdə yoxdur. Odur ki, əsərdə qəhrəmanın dilindən verilən əksər mətnlər, yazılan dialoqlar həm də (və bəlkə də daha çox)  müəllif təxəyyülünün məhsuludur. Yaradıcılıq prosesində real faktlara əsaslanan belə təxəyyül izharları məqbul sayılır. Həsən bəyin sevgi olaylarından tutmuş xeyriyyə cəmiyyəti yaratmaq, məktəb açmaq, teatr tamaşası hazırlamaq, qəzet çıxartmaq və s. fəaliyyətləri zamanı apardığı bütün danışıqlar, mübahisələr, düşüncələr... - təxəyyül məhsulu olsa da, istedadla yazıldığı üçün real və inandırıcı görünür.

Milləti xurafat və gerilik girdabında puç olmaqdan xilas edərək onu elm, savad, bilik, mədəniyyət işığına doğru aparmaq üçün ömrünü şam kimi əridib qaranlıq yolun işığını artıran böyük Həsən bəy Zərdabi sanki tədqiqatçının bugünkü zəhmətini görərək ürək yanğısı ilə deyirdi: “Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqdır ki, nə yazsın. Həqiqət, bizim əsbablar nəki yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi etməyib...”

Ancaq Həsən bəyin arzuladığı o gələcək günlərin birində Sona xanım Vəliyeva “tərəqqi etmək tariximiz” haqqında sanballı bir əsər yazdı. Yazdı ki, ata-baba mülkündə qayğısız yaşamaq, şad-xürrəm ömür sürmək imkanı olduğu halda, özünü millətçilik bəlasının qoynuna atıb nadan təhqirləri, cahil həqarətləri ilə üzləşən, həcv, lağ, hərzəvü-hədyan eşidən bu bəy oğlu bəy yalnız xalqın gələcəyi naminə hər məhrumiyyətlərə dözdü və əzmlə yolunu davam etdirdi... Yazdı ki, bütün dahilər kimi Həsən bəyə də getdiyi işıqlı yolu Tanrı göstərmişdi... Bütün seçilmişlər kimi Həsən bəy də başqa cür yaşaya bilməzdi,  bu yol onun alın yazısı, tale yolu idi, yaşamağının, həyatının mənası idi... Yazdı ki, 53 yaşına çatanda Həsən bəy ona görə yorğun-arğın, 70 yaşlı ahıl bir adamı xatırladırdı ki, haqq və ədalət uğrunda, milli inkişaf naminə apardığı mübarizənin ağırlığı onun fiziki gücündən qat-qat çox idi: “Çəkdiyi dərdlə içindəki qeyrət birləşərək üzünə vaxtsız qırışlar salmışdı...”

Bir sözlə, qədim və zəngin mədəniyyətə malik Azərbaycan yurdunun yetirdiyi dahi şəxsiyyətlərdən biri olan H.B.Zərdabinin bütün mənalı ömrü tam təfsilatı ilə irihəcmli “İşığa gedən yol” kitabında əbədiləşdirilib; o, xalq yolunda hansı əzabları yaşayıb, kimlərlə mübarizə aparıb, kimlərə dost deyib, kimləri düşmən sayıb, hansı zərbələri alıb, hansı uğurları qazanıb... Əsərin dilinin zənginliyi, mətnlərdəki kolorit, maraqlı kolliziyalar ətrafında cərəyan edən həzin, lirik-psixoloji epizodlar, zərif sevgi səhnələri, hadisələrə fəlsəfi münasibət, aforizm üslublu deyimlər tarixi faktlarla zəngin kitabın oxunuşunu asanlaşdırır.   

XIX əsrlə müqayisədə bu gün həm də Həsən bəy Zərdabinin səpdiyi elm, təhsil, maarif toxumları sayəsində xeyli inkişaf etmiş müstəqil Azərbaycanda vətənini, xalqını ürəkdən sevən, onun inkişafını səmimi qəlbdən arzu edən hər bir qədirbilən oxucu Sona Vəliyevanın çox böyük zəhmətlər hesabına ərsəyə gətirdiyi bu dəyərli kitabı oxuyub başa vurduqdan sonra əminəm ki, daxilindən mütləq bir alqış sədası qopacaqdır:

“Afərin, Sona xanım! Əllərinizə sağlıq!”

29.08.2016

Ekspress.-2016.-27-29 avqust.-S.9-13.