Vətəndaş cəmiyyəti və “Şərq tərəfdaşlığı” proqramı

 

Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları hökumətlərin ictimaiyyətə hesabat vermə cavabdehliyinin təmin edilməsində mühüm rol oynayırlar. Bu baxımdan onlar insan hüquqlarına hörmət, qanunun aliliyi, davamlı inkişafa əsaslanan demokratik islahatların təşviq edilməsində fəal iştirakçı ola bilərlər. Əslində bütün bunlar eyni zamanda Avropa Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığının dəyər və məqsədləridir.

 

Hələ 2008-ci ildə “Vətəndaş Cəmiyyəti Təşkilatlarının (VCT) daha da inkişaf etməsini dəstəkləməyi” və xüsusilə “VCT-lər arasında əlaqələri təşviq etmək və onların dövlət orqanları ilə dialoquna kömək etmək məqsədilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yaradılması” təklif edilib. 2009-cu ilin may ayında isə Şərq Tərəfdaşlığının təsis edildiyi Praqa Sammitində Vətəndaş Cəmiyyəti Forumunu qurmaq təklifi təsdiq edilib.

 

Şərq Tərəfdaşlığı çərçivəsində ilk Vətəndaş Cəmiyyəti Forumu 19-17 noyabr 2009-cu il tarixlərində Brüsseldə keçirilib. Forumda təxminən 200 vətəndaş cəmiyyəti təşkilatı iştirak edib və Şərq Tərəfdaşlığı çərçivəsində vətəndaş cəmiyyəti təşkilatlarının daha çox iştirak etməsi üçün daha böyük potensial aşkar edilib. İkinci Forum 18-19 noyabr 2010-cu ildə Berlində təxminən 230 vətəndaş cəmiyyəti təşkilatının iştirakı ilə baş tutub. Forumlar çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları təcrübə mübadiləsi aparılıb, Şərq Tərəfdaşlığının icrasını müzakirə edilib.

 

Ekspertlər qeyd edirlər ki, Avropa İttifaqı Azərbaycanda da vətəndaş cəmiyyətini konkret tematik alətlər vasitəsilə dəstəkləyir: Demokratiyaİnsan Hüquqları üzrə Avropa Aləti (DİHAA) və Qeyri-Dövlət İştirakçıları.

 

Azərbaycanda insan hüquqları və demokratik islahatların təşviqində, qrup maraqlarının sülh yolu ilə razılaşdırılmasının dəstəklənməsində, siyasi iştirak və təmsilçiliyin qüvvətləndirilməsində vətəndaş cəmiyyətinin rolunu artırmaq DİHAA-nın məqsədidir.

 

Qeyri-Dövlət İştirakçıları proqramında yoxsulluğun azaldılması və davamlı inkişaf strategiyalarında qeyri-dövlət iştirakçıları və yerli qurumların iştirakını dəstəkləmək üçün inklüziv və səlahiyyətli cəmiyyət təşviq edilir.

 

Avropa Qonşuluq Siyasətinin 2010-cu ilin iyul ayında başlanan icmalının nəticəsində Avropa Komissiyası və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Avropa İttifaqının Ali Nümayəndəsi 25 may 2011-ci il tarixdə “Dəyişən Qonşuluğa Yeni Cavab” adlı birgə müraciətini qəbul edib. Müraciətdə deyilir ki, Aİ gələcəkdə cəmiyyətlərlə tərəfdaşlıq etməklə qeyri-dövlət iştirakçılarının siyasi rolunun daha da artmasını dəstəkləyəcək, VCT-yə vəkillik sahəsindəki potensialını, onların islahatları yoxlamaq səriştəsini, Aİ proqramlarının icrasında və qiymətləndirilməsindəki rollarını artırmağa yardım edəcək. Bundan başqa, müraciətə uyğun olaraq Vətəndaş Cəmiyyəti Mexanizminin təsis edilməsi, Demokratiya Naminə Avropa Fondunun qurulması və media azadlığının təşviq edilməsilə Aİ vətəndaş cəmiyyəti təşkilatlarına daha çox yardım göstərməyə can atacaq, vətəndaş cəmiyyəti təşkilatlarının internetə və elektron kommunikasiya texnologiyalarına maneəsiz çıxışı məsələsinini diqqət mərkəzinə çevirəcək.

 

Onu da qeyd edək ki, Avropa Qonşuluq Siyasətinin icmalından sonra Avropa Koissiyası 2011-2013-cü illər üzrə Qonşuluqda Vətəndaş Cəmiyyəti Mexanizminə dair 20 sentyabr 2011-ci il tarixində qərar qəbul edib.

 

Yeri gəlmişkən, Avropa İttifaqı ilə ölkəmiz arasında olan əməkdaşlıq 1996-cı ildə imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə, 2006-cı ildən Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildən isə Şərq Tərəfdaşlığı Təşəbbüsünə əsaslanır. Əslində  “Şərq tərəfdaşlığı”nda məqsəd tərəfdaş ölkələri Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etmək idi.

 

Ekspertlərə görə, bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanırdı. Tərəfdaşlıq Avropa İttifaqının iqtisadiyyatına tədrici inteqrasiyanı daha da təşviq edəcək, dərin və hərtərəfli azad ticarət məkanının qurulması ilə nəticələnəcəkdir. Eyni zamanda, Avropa İttifaqının Şərq tərəfdaşları üçün uzun müddətdə viza rejiminin tam liberallaşdırılması ilə səfərlərin yüngülləşdirilməsidir. Hətta enerji bazarlarının qarşılıqlı əlaqələndirilməsi və inteqrasiyası ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın qurulması da bu yanaşmaya daxildir.

 

O da qeyd olunur ki, çoxtərəfli əməkdaşlıq xətti ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı qanunvericilik və standartlarını təqdim etmək, islahatlar sahəsində təcrübə və ən uğurlu praktika mübadiləsi aparmaq məqsədilə yeni forum təqdim edir. Bundan başqa, Avropa İttifaqının nəqliyyat və enerji sahələrindəki təşəbbüslərində ölkəmizin iştirakı beynəlxalq miqyasda  yüksək dəyərləndirilir.

 

Avropa İttifaqının TRASEKA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı Beynəlxalq Konfransın məhz Bakıda keçirilməsi ölkəmizə göstərilən etimadın bariz nümunəsi idi. 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi bu konfransda əldə edilmiş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstanın imzaladığı “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun texniki əlavələri olub. “Yeni İpək Yolu” adlandırılan TRASEKA proqramı Mərkəzi Asiya, QafqazAvropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. Proqramın məqsədi həmin dövlətlərin siyasiiqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları ilə Avropadünya bazarlarına çıxış imkanlarını yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir. Hazırda Avropa İttifaqı ölkələri Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşıdır.

 

İqtisadçı Vüqar Bayramov qeyd edib ki, ölkəmizin geostrateji mövqeyienerji ehtiyatları Avropa İttifaqı ölkələrinin diqqətini cəlb etməyə bilməz: “Aİ ilə ikitərəfli münasibətlərin mərkəzində enerji sektorunda əməkdaşlıq dayansa da, ötən illər ərzində iqtisadiyyatın digər sahələrində, o cümlədən sənaye, ticarət, kənd təsərüfatı, nəqliyyat, maliyyə sektorlarında da əlaqələr dərinləşməkdədir. İqtisadi əlaqələrin inkişafı və ticarətin genişlənməsi istiqamətində uğurlu siyasət izlənilmiş və nəticədə ölkəmizin ümumi ixracında Avropa İttifaqının payı 40 faizdən yüksək olub. Halbuki indi Azərbaycanın xarici ticarətinin cəmi 10 faizi MDB ölkələrinin payına düşür. Normal investisiya mühitinin yaradılması və maliyyə təhlükəsizliyinin təmin edilməsi Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayə axınını təmin edib. 2002-2012-ci illərdə ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların 50 faizdən çoxu Aİ ölkələrinin payına düşür. Böyük Britaniya, Almaniya, Fransaİtaliya kimi ölkələr bu istiqamətdə daha fəal siyasət həyata keçirirlər. Aİ ölkələri tərəfindən qoyulan investisiyanın 36 faizi qeyri-neft sektoruna yönəldilib. Hazırda Azərbaycanda Aİ ölkələrini təmsil edən 1200-dən artıq şirkət fəaliyyət göstərir. Güman ki, ölkə qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması, şəffaf idarəetmə mexanizmlərinin və “elektron hökumət”in tətbiqi, ölkəmizin “Doing bussinessindeksinin yüksəlməsi, infrastrukturun yenilənməsi Azərbaycan iqtisadiyatına investisiya axınını daha da sürətləndirəcək. Bundan başqa, Azərbaycanın və Aİ-nin də iştirakçısı olduğu TRACECA proqramının həyata keçirilməsi regionun inkişafı, tranzit daşımaların artımı, ticarət əlaqələrinin genişləndirilməsi baxımından ciddi əhəmiyyətə malikdir”.

 

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərlə bağlı deyib ki,  ölkə başçısı Aİ rəhbərləri ilə mühüm konfranslarda, forumlarda apardığı danışıqlar, eyni zamanda Aİ rəhbərlərinin son vaxtlar Azərbaycana səfəri və aparılan danışıqlar münasibətlərin dinamik inkişafını nümayiş etdirir: “Azərbaycan müstəqilliyinin ilk illərindən dünyada gedən proseslərdə öz yerini tutub. Azərbaycan Avropa ilə daha sıx əməkdaşlıq prinsipi üzərində öz dövlətçiliyini inkişaf etdirməyi qarşısına məqsəd qoyubbu istiqamətdə uğurla irəliləyir. Rəsmi Bakının bu münasibətlərdə əsas mövqeyi ondan ibarət olub ki, münasibətlərimiz bərabərhüquqlu, ədalətli olsun, qarşılıqlı hörmət və anlaşma üzərində qurulsun. Belə olmasa, bu əməkdaşlıq uğurlu ola, gələcəyi təmin edə bilməz. Son vaxtlar bu istiqamətdə Azərbaycanla Avropa İttifaqı arasında anlaşma var. Son illər gedən prosesin nəticəsi olaraq ən azı “Şərq tərəfdaşlığı”na üzv dövlətlərin hər biri öz yolunu seçdi. Azərbaycanın öz maraqlarını qorumaq istiqamətində addımlar atdığı və buna nail olduğu üçün Azərbaycanla Avropa İttifaqı arasında müəyyən tərəfdaşlıq, əməkdaşlıq əlaqələrinin inkişafını özündə əks etdirən sənəd üzərində gedir. Düşünürəm ki, müəyyən müddətdən sonra bu, həyata keçiriləcək və Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın gələcəyini təmin edəcək.

 

Çünki bir müddət əvvəl Avropa İttifaqının xarici siyasət məsələləri və enerji məsələləri üzrə komissarları ölkəmizə gəldilər və münasibətlərin mahiyyəti ilə bağlı öz mövqelərini ortaya qoydular. Tək söz və bəyanatlar deyil, Cənub Qaz Dəhlizi ilə bağlı atılan addımlar da bunu göstərir”.

 

Siyasi ekspert Vüqar Zifəroğlunun fikrincə, Azərbaycan uzun müddətdir qərbyönümlü siyasəti bütün çalarları ilə həyata keçirməyə müəyyən səylər göstərir: “Yəni Avropaya inteqrasiya xəttinə yönəlmiş siyasət var. Bəzi dövrlərdə yaxınlaşmada hansısa fasilə olsa da, bu, çox uzun sürməyib. Son dövrlər Azərbaycanın Qərblə əlaqələrində yaxınlaşma, uzlaşma meylləri daha çox diqqəti cəlb edir. Bu, müxtəlif formalarda özünü büruzə verir. O baxımdan belə bir müqavilənin imzalanması Azərbaycanın Qərblə münasibətlərini daha yüksək səviyyəyə qaldıra bilər. Bu isə, öz növbəsində, Azərbaycanın inkişafı, bölgədə nüfuzunun daha da artması baxımından müəyyən əhəmiyyətə malikdir”.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-1 dekabr.-S.10.