Hüquqi dövlətin köçkün problemi

 

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda hökumətin qarşısında duran əsas problemlərdən biriinsanlara layiqli sosial şəraitin yaradılmasıdır.

Elə insanlar var ki, onlar özlərindən asılı olmayan səbəblərdən müxtəlif sosial çətinliklərlə üzləşirlər. Bu sosial çətinliklər onların təhsil, səhiyyə, kommunal xidmətlərdən istifadəsini çətinləşdirir, mənzil-məişət şəraitii ağırlaşdırır, yerlərinin itirilməsinə səbəb olur. Belə insanlara dövlət xüsusi dəstək göstərməsə onları ağır sosial vəziyyətdən çıxartmaq çətin olur, onlar öz müstəqilliyini itirir və nəticədə cəmiyyətdə böyük sosial ədalətsizlik yaranır. Buna görə də dövlət insanların sosial inkişafında qeyri-bərabərliyi aradan qaldırmaq üçün ağır sosial vəziyyətdə olan insanlara xüsusi qayğı, dəstək verir.

 

Xüsusi qayğı və dəstəyə ehtiyacı olan insanların bir hissəsini qaçqın və məcburi köçkün həyatı yaşayanlardır.

 

XX əsrdə Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlı olub. Azərbaycanın geostrateci mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq edib, ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə 1905, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlıların öz yurdlarından didərgin salınması ilə nəticələnib.

 

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovuldu və Azərbaycana pənah gətirdi.

 

Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınan 50 min nəfərədək Ahıska (məshəti) türkü də Azərbaycanda sığınacaq tapıb.

 

Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) ərazisi işğal olundu, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün düşdü və respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşdı.

İlkin vaxtlarda məcburi köçkünlərin böyük əksəriyyəti 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən ibarət qəsəbədə, ferma, yeraltı qazmayol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalardauşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və digər kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır şəraitdə məskunlaşdı.

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrildi.

 

2007-ci ildə Azərbaycan Hökuməti Dövlət Neft Fondunun vəsaiti hesabına ölkədə olan sonuncu çadır düşərgəsinin (ümumilikdə 12 düşərgə) ləğv edilməsinə nail oldu. Bundan əlavə, həyata keçirilən sosial tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son illərdə 74 faizdən 15 faizədək azaldı.

 

Ümumiyyətlə, 2001-2015-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,9 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 94 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınmışdır. Bunun da 2,7 milyon kvadrat metr yaşayış sahəsinə malik 89-u, yaxud 94 faizi son 12 ildə inşa edildi.

Yeni salınan yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi məktəbi, 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 kilometr drenac şəbəkəsi çəkilib, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.

Bu günədək 49 min ailə və ya 243 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, ondanda 45 min ailə, yaxud 225 min nəfər (92 %) son 12 ilin payına düşür.

 

Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətlər tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 4 milyon manat həcmində müxtəlif yardımlar göstərilib.

 

Soba yanacağının alınması üçün təsdiqlənən 5 milyon manat vəsaitdən yanvar ayında 1 milyon manat hesabına hər ailəyə ayda 40 litr olmaqla, 41 min məcburi köçkün ailəsinə neft paylanıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 20 rayon (şəhər) icra hakimiyyətinə 511 min manat məbləğində humanitar yardım verilib.

 

Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə yerlərindən məhrum olan və işlə təmin olunmamış 9 min nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilib.

 

Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının milyonu keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyasının 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” qətnamə qəbul edir.

 

Bundan əlavə, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı, qətnamələrdə münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunan ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə yanaşı qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması məsələsi də öz əksini tapıb.

 

BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində 2008-ci ildə gündəliyin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndi üzrə qəbul edilən qətnamədə işğal olunan ərazilərdən köçkün düşən insanların öz evlərinə qayıtmaq hüququ bir daha təsdiq olunub.

 

İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin konfransları və dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul edilən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə də münaqişə nəticəsində qaçqın və məcburi köşkün düşmüş insanların öz evlərinə qayıtmasının vacibliyi vurğulanır.

 

Avropa Şurası Parlament Assambleyası tərəfindən 2005-ci ildə qəbul edilən qətnamədə Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsinin Ermənistan qüvvələri və separatçı qüvvələr tərəfindən işğalından narahatlıq qeyd olunub və məcburi köçkünlərin öz evlərinə şərəf və ləyaqətlə qayıtmaq hüququ təsdiq olunub.

 

Avropa Parlamenti tərəfindən 2010-cu ildə qəbul edilən “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiyasına ehtiyac” adlı qətnaməsində də yüz minlərlə qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmaq hüququnun reallaşmasına imkan verilməməsindən narahatlıq ifadə olunubbu hüququn beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə tez bir zamanda yerinə yetirilməsi tələb edilib.

 

Bütün qeyd olunan irəliləyişlərin əldə edilməsi Azərbaycan Hökumətinə heçasan başa gəlməyib və məcburi köçkünlərin problemləri tam olaraq həll olunmayıb. Məcburi köçkünlərin xeyli hissəsi hələ də yaşayış üçün əlverişsiz olan köhnə tikililərdə, çətin şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyacı var. Buna səbəb, ölkəmizdəki problemin çox geniş miqyaslı olmasıdır. Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə dünyada ilk yerlərdən birini tutur. 1 milyona yaxın qaçqın və məcburi köçkünə 20 ildən çox bir müddətdə qayğı göstərmək həddindən artıq böyük bir yükdür. Bu problemin yeganə və kompleks surətdə həlli üçün yalnız bir yol vardır ki, o da Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasıdır.

 

Ermənistan tərəfinin mübahisəli hesab etdiyi Dağlıq Qarabağın statusu məsələsinin həllində razılığın olmaması və bu dövlətin əsassız iddiaları bu qədər insanın öz torpaqlarına qayıtmaq, orada öz evlərinə sahib çıxmaq, yaşamaq, öz müqəddəs yerlərini, əcdadlarının qəbirlərini ziyarət etmək və s. bu kimi elementar hüquqlarının uzun illər ərzində pozulması üçün əsas olmamalıdır. Bütün məcburi köçkünlər tezliklə öz daimi yaşayış yerlərinə qayıtmalıdırlar. Azərbaycanlı məcburi köçkünlər təkcə Dağlıq Qarabağ ətrafındakı işğal olunan rayonlara deyil, eyni zamanda, məhz Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağın azərbaycanlı icmasının təhlükəsizlik və sülh şəraitində Dağlıq Qarabağa qayıtması və bölgənin erməni icması ilə normal şəraitdə əməkdaşlıq etməsi gələcəkdə regionun statusu məsələsinin həlli üçün ən mühüm qarantiyadır. Əks təqdirdə, Dağlıq Qarabağda mono-etnik vəziyyətin formalaşdırılması nəticəsində bu regionun statusu məsələsi heç vaxt həll olunmayacaq.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-16 dekabr.-S.10.