Dövlətlərin tanınması

Var dövlətimizin imzası imzalar içində

 

Dünyada, beynəlxalq aləmdə iştirak etmək hər bir xalqın, şəxsin və onu təmsil edən hər bir dövlətin haqqıdır. Dünyanın hüquq və siyasət məzmunlu tərkibi də məhz hüquqdan meydana gəlir. Dövlətin hüququ onun fəaliyyət tərkibi ilə yaranır və maraqlarının təminatına istiqamətlənir.

 

Dövlətlər universal siyasət qurum olduqlarından, bir-birləri ilə əlaqələr və münasibətlər qurmaq səlahiyyətlərinə sahibdirlər. Dövlətlər bu səlahiyyətləri bir-birləri üçün qarşılıqlı tanınma yolu ilə tanıyıblar. Dövlətlər bir-birlərini tanıyır, səlahiyyətli, hüquqi tərəf kimi qəbul edir və hüquq-siyasət prizmasından çıxış edərək tanıtma, tanıtdırma aktını həyata keçirirlər. Qarşılıqlı siyasi-hüquqi aktlar sayəsində beynəlxalq sistem formalaşır.

 

Tanıma bir dövlətin, başqa bir dövlətə beynəlxalq hüququn subyekti kimi nəzərdən keçirilməsini və onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfli aktdır. Tanıma bilavasitə beynəlxalq-hüquqi məsələ deyil, çünki bir dövlətin başqa dövləti tanımaq vəzifəsi və ya müvafiq olaraq, ikinci dövlətin tanınmaq hüququ yoxdur. Başqa sözlə, tanıma dövlətin tam öz ixtiyarındadır və onu heç kim məcbur edə bilməz ki, yeni yaranmış dövləti və ya hökuməti tanısın. Bir dövlət başqa bir dövləti (və ya hökuməti) tanıyarkən öz siyasi və iqtisadi maraqlarını əldə rəhbər tutur.

 

Dövlətin və ya hökumətin tanınması mühüm beynəlxalq-hüquqi nəticələr doğurur. Tanıyan və tanının dövlət (hökumət) üçün normal ikitərəfli münasibətlər qurmaq, o cümlədən diplomatik nümayəndəliklər təsis etmək və müqavilələr bağlamaq üçün zəruri şərtdir.

 

Tanıma birbaşa və ya dolayı yolla ifadə oluna bilər. Bir dövlətin tanımadığı dövlətlə beynəlxalq konfransda iştirak etməsi dolayı tanıma hesab edilməməlidir. Lakin dövlətin hər hansı bir yeni dövlətin BMT-yə qəbul olunmasının lehinə səs verməsi dolayı tanıma sayıla bilər.

 

Tanımanın yeni dövlət üçün hansı əhəmiyyət daşıması ilə bağlı iki bir-birinə mövcud nəzəriyyə mövcuddur: kostitutiv nəzəriyyə və deklarativ nəzəriyyə. Konstitutiv nəzəriyyə (“təsis etmək”, “yaratmaq” sözündəndir) görə, dövlət yalnız tanındıqdan sonra beynəlxalq hüququn subyektinə çevrilir. Tanıma dövlətçiliyin, beynəlxalq-hüquqi subyektliyin ilkin zəruri şərtidir. Tanıma dövləti və ya hökuməti “yaradır”. Kostitutiv nəzəriyyənin bir sıra mühüm qüsurları var. Belə çıxır ki, yeni qurumlar beynəlxalq-hüquqi subyektliyi üçüncü tərəflərin subyektiv mövqeyindən asılıdır. Beynəlxalq-hüquqi subyektlik obyektiv fakt olmalıdır və onun mövcudluğunu yalnız beynəlxalq hüquq normalarını tətbiq etməklə ortaya çıxmaq olar. Digər tərəfdən, sözügedən nəzəriyyədən aydın deyil ki, hər hansı bir dövlətin beynəlxalq hüququn subyekti sayılması üçün nə qədər dövlət onu tanımalıdır: bir dövlət, yoxsa “aparıcı” dövlətlər, yaxud dünyanın bütün ölkələri.

 

Deklarativ nəzəriyyə (“bəyan etmək” sözündəndir) əksinə hesab edir ki, tanıma obyektiv fakt kimi artıq mövcud olan beynəlxalq-hüquqi subyektliyi yalnız bəyan edir. Yeni yaranmış dövlətin beynəlxalq hüququn subyekti olması onun başqa dövlətlər tərəfindən tanınmasından qətiyyən asılı deyildir.

Tanımanın iki forması mövcuddur: de-fakto (de facto) və de-yure (de yure). Dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə və uzun müddət qalacağına tam əmin deyil. De-fakto tanıma zamanı müvafiq dövlətlər arasında, adətən, yalnız konsulluq münasibətləri qurulur. De-yure tanıma tam tanımadır. Bu halda tanıyan dövlət tanımanın obyekti ilə diplomatik münasibətlər qurmağa hazır olduğunu bəyan edir; istənilən halda, diplomatik münasibətlərin qurulması de-yure tanıma hesab olunur. Beləliklə, tanımanın iki forması arasında fərq onların doğurduğu hüquqi nəticələrin həcmindədir.

 

Praktikada elə hallara rast gəlinir ki, iki bir-birini tamamlayan dövlət konkret məsələlərin həlli üçün rəsmi əlaqəyə girməyə məcbur olurlar. Bu faktik, qeyri-rəsmi tanıma “ad hoc” tanıma (yəni bu hal üçün, bir dəfə üçün) adlanır.

 

Tanınmanın destinatorundan (obyektivindən) asılı olaraq, onun aşağıdakı növlərini ayırırlar: dövlətin tanınması; hökumətin tanınması; milli-azadlıq hərəkatının tanınması; vuruşan tərəfin tanınması, mühacirətdə olan hökumətin tanınması.

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Nəsibovun sözlərinə görə, beynəlxalq münasibətlərdə tanıma və tanıtma da yeni tələblər, yeni geosiyasi şərait  üzərində formalaşır. Məsələn, faşist Almaniyasının 1939-cu ildə Polşaya hücumu sayəsində yeni geosiyasi şərait yaranmış və Polşanın mühacir hökuməti əvvəlcə Fransada, sonra isə Böyük Britaniyada məskunlaşmışdı. Bununla bərabər, General Şarl De Qolun başçılığı ilə Fransa “Azadlıq Hərəkatı” formalaşmışdı. Bu hərəkat Böyük Britaniya tərəfindən bir siyasi və hərbi tərəf kimi qəbul olunurdu.

 

Politoloq bildirir ki, dövlətlər, xalqlar imperiya və postimperiya, mövcudluq və məğlubiyyət dövrünü yaşayırlar. Bu baxımdan da geosiyasi şəraitə müvafiq olaraq tanınma, yenidən tanınma meydana gəlir. Bu hallara misal olaraq Osmanlı imperiyasının, Böyük Britaniya, Fransa və Sovet imperiyasının dağılmasını və yeni geosiyasi fonda müstəqil dövlətlərin meydana gəlməsini və müstəqil dövlətlərin tanınması (de-yure) hallarını nümunə göstərən Nəsibova görə, tanınma rəvan, stabil və eləcə də çətin şəraitdə ortaya çıxan bir proses kimi xarakterizə oluna bilir. “Tarixən tanınma prosesi dövlətlər tərəfindən birtərəfli olaraq həyata keçirilib, eləcə də konfranslarda, konqreslərdə, həmçinin digər beynəlxalq yığıncaqlarda müəyyən olunub.  Məsələn, Paris sülh konfransında (1919-cu il) Azərbaycanın və Gürcüstanın müstəqilliyi İngiltərə tərəfindən (I Dünya müharibəsində qalib müttəfiq dövlət idi) de-fakto tanınıb. Bundan sonra Azərbaycan hökuməti ayrı-ayrı ölkələrdə konsulluqlar və digər diplomatik nümayəndəliklərin təsisi haqqında qərar qəbul edib. Paris sülh konfransında Almaniya  məğlub tərəf olmaqla Polşanın müstəqilliyini tanıyıb”.

 

Beynəlxalq səviyyədə hüquqi-siyasi tanıma dövlətlərin bəyanatından, qəbul etdikləri qərarlardan (fərdi olaraq və təşkilat formasında) ibarətdir. Tanıma ilə dövlət obyektini özünə yaxın edir və hüquqi-siyasi subyektə çevrilmiş tərəflə (dövlətlə, hökumətlə, mühacir hökuməti ilə, qiyamçı tərəflə)   əlaqələri yaradır. Tanınma bir proses kimi münasibətdən, mövqedən başlayır, əlaqələrlə (məsələn, diplomatik əlaqələrlə) yekunlaşır. “Beynəlxalq aləmdə tanınma dövlətlər və hökumətlər arasındakı əlaqə və münasibətlərdə inteqrasiya məzmunlu əməkdaşlıq və tərəfdaşlıq prinsiplərini müəyyən edir. Bu prinsiplərlə qurulan əlaqələr regional və qeyri-regional sistemlərin, strukturların yaranmasını təmin edir. Diplomatik tanınma sonrakı addımlar üçün baza rolunu oynayır və müqavilələr üçün tərəflərə haqlar verir”.

 

Dediyinə görə, siyasi-hüquqi və nəticə etibarilə rəvan, stabil, normal, uyğun, digər tərəflərin milli və beynəlxalq maraqlarına zərbə vurmadan, status-kvoya qayıtmadan, qarşılıqlı şəkildə razılıqlı olaraq (məsələn, dövlətin yumşaq və razılaşmış formada, başqalarına zərərlər vurmadan parçalanması ilə nəticələnən yeni dövlətlərin yaranması halı), beynəlxalq regional və qlobal təhlükəsizliyə zərər vurmadan (məsələn, beynəlxalq terror təşkilatının başqa bir dövlət ərazisində bəyan etdiyi qondarma qurumu müstəqil dövlət kimi tanımaq özü elə onu tanıyanlar üçün təhdiddir), beynəlxalq hüququ kobud şəkildə pozmamaqla, nəticələnən tanınma adi beynəlxalq hüquq normaları ilə həyata keçirilən  normal bir aktdır. Tanınma beynəlxalq münasibətlərdə sistem yaradan və münasibətləri əlaqələrə keçirən, yəni reallaşdıran və təsdiqləyən və əksər hallarda pozitivliyi özündə əks etdirən bir aktdır. Tanınma ilə dövlətin (tanıyan dövlətin) xarici əlaqələri genişlənmiş olur və sistemdə meydana gələn yeni subyekt hesabına başqa dövlətlərin və xalqların imkanları genişlənmiş mərhələyə qədəm qoyur. “Tanınma və əməkdaşlıq resursların istifadə imkanlarını böyüdür. Lakin bununla bərabər, məhdudlaşdırıcı hallar da olur, xarici siyasət istiqamətləri məhdudlaşır. Məsələn, bir və ya da bir neçə tərəfin mənafeyinə uyğun gəlməyən beynəlxalq tanınma ziddiyyətləri yaradır və əlaqələrin soyumasına gətirib çıxarır. Ziddiyyətlər yaradan tanıma halına misal olaraq Kosovonun müstəqilliyinin tanınması zamanı yaranan qruplaşmanı misal göstərmək olar”.

 

Beynəlxalq hüququn müstəqil tərəfi olan (o halda ki, bu dövlət tanıma aktına qədər özü müstəqil siyasi aktordur)  hüquqi baxımdan tanınmış olan  bir dövlət müstəqillik qazanmış digər dövləti müəyyən aktla bəyan etməklə müstəqil tərəf kimi tanıyır və hüquqi baxımdan onunla hərtərəfli əlaqələr qurmaq marağını və istəyini bildirir. Özünü bu yöndə hazırlıqlı hesab edir. Ən əsası isə müstəqilliyini bəyan etmiş dövlət forması dövlət standartlarına cavab versin-lazımi strukturlara sahib olsun (“Konstitutiv” nəzəriyyə belə qənaətlə çıxış edir və dövlət tanındıqdan sonra beynəlxalq hüququn subyektinə çevrilir), “dövlət” adlanan məfhumun kriteriyalarını özündə əks etdirsin və beynəlxalq hüquqa əsasən, bəyan edilmiş müstəqillik üçüncü, dördüncü və s. tərəfin (dövlətin) müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn digər prinsiplərinə  qarşı yönəlməsin). “Bu akt müstəqil, suveren hüquqlu bir dövlətin beynəlxalq arenaya müstəqil tərəf kimi can atan dövləti eyni müstəvidə siyasi və hüquqi qurum kimi tanımasını əks etdirən hüquqi sənəddir. Lakin bu hüquqi sənəd başqa dövlətlər tərəfindən qəbul olunmaya bilər. Tanınma fərdi əsaslıdır və bu baxımdan da məcburi xarakterli deyil. Tanınma bu aspektdə həm universal maraqları əks etdirən, həm də regional fərdi milli maraqları özündə ehtiva edən hüquqi-siyasi proseslərdən ibarətdir”.

 

Siyasi tanıtdırma, tanıma hüquqi əsaslı olmaqla yanaşı, həm də yuxarı səviyyəli bir aktdır. Burada ilk növbədə dövlətlərin müstəqil tərəf kimi tanınması aktı əsas götürülür. Çünki dövlət müstəqil hüquqi subyekt kimi beynəlxalq arenaya daxil olur və digər dövlətlər və təşkilatlar tərəfindən hüquqi tərəf kimi qəbul olunur. Bir dövlətin müstəqilliyinin digərləri tərəfindən və BMT tərəfindən tanınması artıq bu dövlətin regional və qlobal miqyaslı siyasətdə hüquqi üzvlüyünü yaratmış və dünya siyasətinin tərkibinə çevirmiş olur.

 

E.Nəcibovun sözlərinə görə, müstəqilliyin tanınması leqal tanınmadır ki, bu da tanınan tərəfə siyasi, hüquqi, iqtisadi səlahiyyətlər verilməsi kimi baş düşülə bilər. “Düzdür, dövlətlər özləri elə hüquqi səlahiyyətlər yaradırlar, özləri özlərinə haqq verirlər. Lakin sonradan tanınma prosesi sanki, əvvəlkilər tərəfindən hüquqların verilməsi kimi başa düşülə bilər. Buna konstitutiv tanınma deyilir. Məsələn, BMT-nin üzv olmaq BMT tərəfindən dövlətlərə hüquqi səlahiyyətlər verilməsi kimi başa düşülməlidir. BMT dünya siyasətində iştirak üçün (məsələn, humanitar şəraitlərdə, böhranlı vəziyyətlərdə yardımçı tərəf kimi) dövlətlərə haqq vermiş olur. Bu haqq da dövlətlərin müstəqil hüquqi subyektlər kimi sənədlərə qoşulmalarından irəli gəlir. Bu baxımdan da qəbul etmək olar ki, əvvəlki səlahiyyətli və sonrakı səlahiyyətli dövlətlər mövcud olmuş olur. BMT üzvü olan dövlət BMT-nin regionlar üzrə əməliyyatlarında hüquqlar əldə etmiş olur. Eyni zamanda, onu tanıyan dövlət ərazisində rezident tərəfə çevrilir”.

 

Hüquqi və demokratik dövlət olan Azərbaycan Respublikası bütün dünya dövlətləri tərəfindən tanınır və ərazi bütövlüyü dəstəklənir. Fəxrlə demək olar ki, müstəqil respublikamızın imzalar içərisində öz imzası var.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-8 dekabr.-S.10.