Azərbaycan multikulturalizm mərkəzi kimi

 

Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bu ölkədə əsrlər boyu ayrı-ayrı millətlər, xalqlar, etnik azlıqlar və dini konfessiyaların nümayəndələri qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayırlar. Buna görə də multikulturalizm həm də Azərbaycan dövlətinin xarici siyasətinin vacib istiqamətlərindən biridir.

 

Ölkəmizdə tolerantlığın və mədəni, dini müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanıtmaq məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəz yaradıldıqdan sonra multikulturalizmin Azərbaycan modelinin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlər həyata keçirilib.

Tarixi abidələrimizlə fəxr edirik

 

2016-cı ilin aprel ayının 25-27-də Bakıda keçirilən BMT-nin Svilizasiyalar Alyansının VII Qlobal Forumu öz əhəmiyyətinə görə xüsusi yeri tutur. Forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxış edərək deyib: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və svilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çox konfessiyalı ölkədir. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik”.

Dövlət başçısı öz nitqində Azərbaycanın multikulturalizm sahəsində əldə edilən nailiyyətləri və ənənələri sadalamaqla, dünyanın ən qədim məscidlərindən birinin 743-cü ildə Azərbaycanın Şamaxı şəhərində tikildiyini, ən qədim kilsələrdən birinin qədim Albaniyanın Şəki şəhəri yaxınlığında yerləşdiyini, hökumətin məscidlərin, pravaslav və katolik kilsələrinin, habelə sinoqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırdığını və s. məsələləri Forum iştirakçılarının diqqətinə çatdırıb.

 

Maddi-mədəni irsin talan edilməsi real faktlarla

Keçirilən bu tədbirdə Azərbaycan Respublikası ev sahibi olaraq ilk öncə ölkəmizin son illərdə iqtisadi, siyasi, mədəniyyət, humanitar, demokratiya və digər sahələrdə əldə etdiyi nailiyyətlərini bütün dünyaya nümayiş etdirir.Digər tərəfdən isə ölkəmizə gələn yüksək səviyyəli qonaqlar dünyada baş verən qlobal prosesləri, o cümlədən də ictimai-siyasi prosesləri təhlil etməklə bütün dünya üçün önəmli mesajlar verirlər. Bununla da Bakı və bütün Azərbaycan dünya siyasətinin diqqət mərkəzinə çevrilir. Eyni zamanda, həmin forumda Azərbaycanın ərazi bütövlüyünə və suverənliyinə təcavüzkar Ermənistan və onun havadarları tərəfindən edilən qəsd, torpaqlarımızın geri alınması üçün ortaya qoyduğu haqlı mövqeyi bəyan edir. Təcavüzkarlar tərəfindən Azərbaycanın maddi-mədəni irsinin talan edilməsi, multikulturalizm obyektlərinə vurulan zərbə də real faktlarla diqqətə çatdırılır.

 

Terrorçuların dini, mənşəyi, bölgəsi və mədəniyyəti yoxdur

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan VII Qlobal Forumda hazırda dünyanın yaşadığı ən böyük problemlərdən biri olan qaçqın və məcburi köçkün məsələsinə toxunaraq deyib: “Bu gün 60 milyona qədər insanın ölkələrindəki toqquşmalar nəticəsində evlərini tərk etmək məcburiyyətində qaldıqları bir dünyada yaşayırıq. Əksəriyyəti uşaq və qadınlardan ibarət olan bu məsum insanların bir hissəsinin ümidlə çıxdıqları yolçuluq dənizlərin qaranlıq sularında daha böyük fəlakətlə nəticələnir. İstədikləri yerə çata bilənlər isə qonaq olduqları cəmiyyətlərdə şübhə ilə qarşılaşır və ayrıseçkiliyə məruz qalırlar”.

 

Türkiyə prezidenti öz nitqində dünyada mövcud olan ziddiyyətlərə toxunaraq qeyd edib ki, islam adından hərəkət edən dini quruplaşmalar ən böyük qətliamları məhz müsəlmanlara qarşı törədir, ən böyük zərəri məhz onlara verirlər. Bəzi məkirli siyasət yürüdən dairələrin fürsətdən istifadə edərək ayrıseçkilyi şiddətləndirməsini, sevgi əvəzinə nifrət toxumları əkməsini, ayrıseçkiliyi özləri üçün vəzifə kimi gördüklərini müşahidə edirik. beləliklə də, müxtəlif mədəniyyətlərə, inanclara sahib olan insanlar arasındakı uçurumun dərinləşməsi daha böyük fəlakətlərin indidən yaşanacağını deməyə əsas verir.

Ərdoğan bəyan edib ki, terrorun, terrorçuların, və terrorçu qruplaşmaların dini, mənşəyi, bölgəsi və mədəniyyəti yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir inanc, din, mədəniyyət, vicdan qəbul etməz. Xüsusən də əsas mənası sülh, barış olan islam dini. Bizim dinizmizdə terrorun əsla yeri yoxdur. İnsanlıq olaraq qarşı-qarşıya olduğumuz bu təhdid hamımızı narahat edir.

 

Rəcəb Tayyib Ərdoğan indiyə qədər Türkiyəyə təşrif gətirən  3 milyondan artıq qaçqınlara, o cümlədən də 280 mindən çox düşərgələrdə yaşayan belə insanlara 10 milyard dollar  dövlət tərəfindən, 5-10 milyard dollar isə bələdiyyə və QHT-lər tərəfindən yardım edildiyini, lakin bunun kifayıt etmədiyini dilə gətirib. “Biz bəzi Qərb ölkələri kimi o insanların üzünə qapılarımızı bağlamırıq və onları qəbul etməkdə davam edəcəyik” deyə Türkiyə prezidenti bildirib.

 

Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqu təşkil edən Qafqaz ölkəsi

 

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası mədəni dünya ilə qarşılıqlı şəkildə zənginləşməsi, onun dünyada tanınması, davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafı üçün dini tolerantlıq, multikulturalizm ideyası mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov “Heydər Əliyev: Güclü dövlət quruculuöu və sosial inkişafın vəhdəti” məqaləsində qeyd edir ki, Azərbaycan mütərəqqi dünyəvi dövlət perespektivini aydın dərk edən bir ölkəyə çevrilmişdir. Bunun Azərbaycana islam dünyası üçün mədəni inkişaf nümunəsi olmaq şansını verdiyini çəkinmədən demək olar. Heydər Əliyevin güclü dövlət konsepsiyasında mədəniyyətin və sosial inkişafın yeri, rolu bu strateji məqsəddə öz əksini tapmışdır. Azərbaycan mahiyyət etibarilə dünyəvi dövlət kimi inkişafda olmalıdır, lakin o eyni zamanda güclü mədəniyyət ənənəsini özündə etiva etməlidir.

 

Novruz Məmmədov daha sonra məqaləsində göstərir ki, Azərbaycan dövlət səviyyəsində mədəniyyətlər və dinlərarası dialoqu təşkil edən, cəmiyyətdə onu praktiki şəkildə həyata keçirən yeganə Qafqaz ölkəsidir... Bütün bunların kökündə ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında nəzəri şəkildə yer almış prinsiplərin dövlət quruculuğuna tətbiqi mexanizminin işlənməsi durur.

 

Düzgün milli, etnik və din siyasəti ölkəmizin beynəlxalq nüfuzunu artırır

 

Dünyada tolerantlıq məkanları multikulturalizmin ocaqları sadalanarkən, Beynəlxalq Tolerantlıq Günü qeyd edilən zaman Azərbaycan xalqı ilk növbədə yada düşür. Azərbaycan xalqının qədim zamanlardan Azərbaycan ərazisində yaşayan və məskunlaşan müxtəlif etnik qurupların, milli azlıqların etiqad etdikləri dini və milli adət-ənənələrinə hörmət, dözümlü münasibət bəslənilməsi, tolerant, multikultural ənənələri və dinlərarası normal münasibətlərin hökm sürdüyü bir məmləkət olması haqqında kifayət qədər tarixi məlumatlar vardır. Bu gün də Azərbaycanda təşəkkül tapmış davamlı tolerantlıq mühitinə də müsbət təsir edir. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan söz, vicdan və dini etiqad azadlığından, normal dövlət-din münasibətlərindən, demokratik, hüquqi şəraitdən lazımınca yararlanırlar. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən düzgün milli, etnik və din siyasəti ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.

 

Ölkədə dini azadlıqlar tam təmin edilib

 

Azərbaycanda bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Azərbaycan beynəlxalq numanitar forumlara, BMT-nin Svilizasiyalar Alyansına, Mədəniyyətlərarası Dialoq Forumuna, YUNESKO və İSESCO-nun mötəbər tədbirlərinə ev sahibliyi edir. Eyni zamanda, dünya dinləri nümayəndələrinin təmsil olunduğu ali məclislər-MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini Liderlərinin Beynəlxalq Sammiti Bakıda keçirilir.

 

Oktyabrın 2-də Roma Papası Fransisk Azərbaycana səfər edib. Onun bu səfəri Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda, sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edir. O, ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə yüksək qiymət verərək demişdir ki, sizin ölkədə dini azadlıqlar tam təmin edilib. Onun bu səfəri Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda, sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev isə ona belə cavab verib: “Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi  sülh, mehribanlıq şəraitində yaşayır”.

 

Tolerantlıq mühiti bir model olaraq dünyada təbliğ olunur

 

Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamafobiya, dini ekstremizm, antisemitizm, ksenefobiya kimi halların artması da müşahidə olunur. Təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dünyada milli-etnik, dini zəmində qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm dindən sui istifadə edərək münaqişələr yaratmaq kimi bütöblükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr də tez-tez baş verir.

 

Azərbaycan Respublikası əksər beynəlxalq və regional təşkilatlarda təmsil olunur. Azərbaycan Respublikası bu gün dünyada daha çox ehtiyac duyulduğunu nəzərə alaraq  təmsil olunduğu məclislərdə daim mədəniyyətlərarası dialoqa, aparıcı dünya dinlərini həmrəyliyə, sülhə çağırır. Azərbaycanın bütün dövlət və qeyri dövlət orqanları, o cümlədən Heydər Əliyev Fondu tərəfindən ölkəmizin tolerantlıq mühiti bir model olaraq dünyada təbliğ olunur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı İcmasının sədri Gennadi Zelmanoviç, Alban-udi Xristian dini İcmasının sədri Robert Mobili başqaları arasında mövcud yüksək səviyyəli münasibətlər də Azərbaycanda dinlərarası münasibətlərə müsbət təsir göstərir.

 

Dini, milli və siyasi ekstremizmə qarşı ciddi mübarizə

 

2015-ci il noyabrın 26-da Nardaranda baş verən hadisədən sonra Azərbaycanda da dini ekstremizmə qarşı mübarizənin zəruriliyi gündəmə gəldi. Azərbaycan dini modeli ən düzgün modeldir. Baxmayaraq ki, qanunda din dövlətdən ayrıdır, Azərbaycanda dövlət həmişə dinin, din isə dövlətin yanında olub. Xüsusilə narahatlıq doğuran məsələlərdən biri ondan ibarətdir ki, xaricdə dini təhsil alıb Azərbaycana qayıdan gənclərin bir qismi ekstremizmə meyil edir. Bunu nəzərə alaraq Milli Məclisdə “Dini ekstremizə qarşı mübarizə haqqında” müvafiq qanun layihəsi hazırlandı. Azərbaycanda dini, milli və siyasi ekstremizmə qarşı ciddi mübarizə aparılır.

 

Mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarırıq

 

Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, təhsil, mədəniyyət və intellektual potensialı, elmi-mədəni yenilik , texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır.Biz qloballaşma prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya yolunu seçməmişik. Çünki biz dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələrisə öyrənməyə də təşviq edə bilirik. Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq belə deyib: “Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir”.

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2016.-9 dekabr.-S.10.