Dünyanı dolaşan
SƏS
Unudulmaz Rəşid Behbudovun "Ay
arşın malı alan"dan başlayan
karyerası bu gün də heyranlıqla xatırlanır
Onun mahnıları bu gün təkcə fondlarda, musiqi
arxivlərində ən qiymətli nəsnə kimi qorunmur, həm
də, milyonlarla insanların ürəklərində
yaşayır.
Anamızın laylası qədər, həm də
o şirin mahnıların musiqisi ilə
böyümüşük. O ecazkar mahnıların
zümzüməsi ilə boy atmışıq. "Ana”,
"Lalələr”, "Gözəlim sənsən”,
"Sevgilim, "Bakının ulduzları”, "Küçələrə su
səpmişəm, "Anacan”, "Sənə də qalmaz”,
"Sevgi mahnısı”... kimi unudulmaz mahnılar neçə-neçə
qəlblərin pünhan duyğularını dilləndirib.
Qara Qarayev, Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov,
Vasif Adıgözəlov, Arif Məlikov və digər
dünya şöhrətli bəstəkarların mahnılarına
əbədilik qazandırıb onun ifası. Bu
gün bu mahnıları ömründə heç olmasa bircə
defə eşitməyən insan çətin tapılar.
SSRİ
Xalq artisti, Sosialist Əməyi qəhrəmanı Rəşid Behbudovun
ecazkar səsi ölkəmizin sərhədlərini
aşıb bütün dünyaya yayılıb. Uzaq Afrıkadan,
Hindistandan, Kubadan, Argentinadan, Çilidən eşidilib, dilini
başa düşmədiyi insanları belə ovsunlayıb o
sehirli səs.
Müğənninin çəkildiyi və səsi
yazılmış bədii və sənədli filmlər
ekranlarımızda dəfələrlə göstərilməsinə
baxmayaraq, hələ də tamaşaçılar onları
sonsuz maraqla izləyir, ekran qəhrəmanlarına sevə-sevə
baxırlar.
Ot
kökü üstə bitər
Ailələrinin dərin musiqi kökləri vardı. Atadan oğula irsən keçmişdi musiqi
qabiliyyəti. Onların hər biri xalqı
öz musiqisinin arxasınca aparmağı bacardı. Minlərin, milyonların ürəyini əvəzsiz
ifaları ilə fəth edə bildilər. Behbudovlar nəsli zaman-zaman musiqi sənətimizə
başucalığı gətirdi, musiqimizin dünyada
tanınmasına kömək etdi.
Babasının Şuşada bəzzaz dükanı
vardı.
Atası Məcid cavanlığında, hələ Qarabağda
yaşadığı vaxtlarda arşın malı
satar, başsız qalmış ailəni dolandırardı. Gənc
Məcid varlı xanımların malikanəsinə
arşın malı aparanda şəhərin
küçələrində "Ay arşın malı
alan"- deyə "Segah” və "Bayatı” üstündə
oxuyar, xoş səsi ilə müştərilərin diqqətini
cəlb edərdi. Ancaq günlərin birində
o, arşınmalçılığın daşını
atıb xanəndə oldu. Məcid Qafqazda
xalq mahnılarının mahir ifaçısını
çevrildi. Onda bilmədi ki, tale bu
zarafatı bir də təkrarlayacaq, haçansa oğlu da
"arşınmalçı” olacaq.
Qonşuları tarzən Rzabala qovaq ağacının
altında salınmış palazın üstündə oturub
çalardı. Məcid el havaları, muğam
oxuyardı. Rəşid hər şeyi
unudub dinləyərdi. Onda 7-8 yaşı
vardı. Qardaşı Ənvər klarnet,
bacısı Nəcibə piano çalardı. Rəşid isə nə bir musiqi aləti
çalır, nə də oxuyurdu. Dərsdən
gələn kimi bostana qaçırdı. Onunku gül-çiçək, qovun-qarpız
tağları idi. Qızıl gülləri
bir dərsə gedəndə sayardı, bir də gələndə
sayardı ki, dərib-eləyən olmasın. Bir gün böyük qardaşı Ənvər
qaça-qaça gəlib "Ata, xəbərin var, Rəşid
oxuyur, özüm gördüm” deyəndə hamı sevincdən
donub qalır.
- Nə
oxuyur, a bala, harda gördün?
- "Müctəhid bağında”. Uşaqlar
yığışmışdı başına. Sən oxuyan bir hava var e, onu oxuyurdu, özü də
lap sənin kimi.
"Gec-tez oxumalıydı da. Mənim oğlum deyil,
qadan alım!”- deyə Məcid
kişi sevinclə dillənir.
Anası Firuzə xanım 42 yaşında qəflətən
vəfat edəndə Rəşidin 16 yaşı vardı. Elə həmin
illərdə o, Tbilisidə "Teo-caz” adlı kiçik caz
ansamblı yaradır. O dövrdə ansamblı
bütün ittifaqda məşhur olan Ayvazyan bunu görüb Rəşidi
öz ansamblına dəvət edir. O, Ayvazyanın caz-bəndi
ilə bütün ölkəni dolaşır. Cəbhədə
konsertlər verir. Bakıda qastrol səfərində
olanda burada qalmaq qərarına gəlir. Həm
də ki, onun qohum-əqrəbası - Vəkilovlar burada
yaşayırdı. Tezliklə Rəşidin
səsi və zahiri görkəmi Bakını fəth edir.
Çox keçmir ki, lap nağıllardakı kimi xoşbətlik
quşu başına qonur - Rza Təhmasib onu "Arşın
mal alan” filminə dəvət edir.
Bizim
"Arşın mal alan”
Rəşid
Behbudov 1945-ci ildə həmin filmdə
Arşınmalçı rolunda çəkilir və bu film ona əbədi
şöhrət gətirir. "Əsgər rolu Rəşid Behbudovun
oynadığı ilk roldur. Rəşid öz gözəl,
lirik səsilə estrada səhnəsində
SSRİ-nin bir çox şəhərlərində
sevilmiş və dəfələrlə
alqışlanmışdı. Əsgər onun
ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi
böyük ümidlər verdiyini göstərir...”- deyə
filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan
kinematoqrafiyasının təntənəsi” məqaləsində
aktyorun oyununu qiymətləndirirdi. Çəkilişlər
zamanı atasının ölüm ayağında olması
haqqında kinostudiyaya teleqram gəlir. R.Behbuov
geyimini dəyişmədən, qrimini belə təmizləmədən
yol maşını ilə Qazağa tələsir. Gəlib çatanda görür ki, atası eyvanda
oturub çay içir. "Mənə
dedilər ki, indi sən məşhur müğənni olmusan,
kinoda çəkilirsən. Mən də yoxlamaq istədim
görüm, düzdür, ya yox”, - deyə atası dillənir.
Bu hadisədən bir az sonra ikinci teleqram gəlir.
Bu dəfə atası həqiqətən vəfat
etmişdi.
Rəşid
Behbudov bu filmdən sonra qısa bir vaxt ərzində məşhurlaşır,
eyni zamanda, film Azərbaycanı bütün dünyaya
tanıtdırır. Bir fin tamaşaçısı filmdən
aldığı təəssüratı baş rolun
ifaçısı R.Behbudova: "Azərbaycanlılar nə
gözəl xalqdır...” - deyə bölüşür.
Rəşid
Behbudov söhbətlərinin birində demişdi: "Mən
dünyanın hər hansı bir ölkəsində konsert
proqramı ilə çıxış edəndə
tamaşaçılar məni hər şeydən əvvəl
"Arşın mal alan” filminin qəhrəmanı tacir
Əsgər kimi alqışlayırdılar” - deyib. Doğrudan da, filmdə ifa olunan, dünya
ekranlarında məharətlə səslənən mahnı
uzun illər müğənninin "vizit vərəqəsinə”
çevrilir. Film 50-dən çox ölkədə
nümayiş etdirilir. 1946-cı ildə
filmdəki Əsgər roluna görə Rəşid Behbudov
"Stalin” mükafatına layiq görülür.
"Arşın
mal alan”ın ekranlara
çıxmasının 40 illiyi münasibətilə
Bakının "Bahar” yay kinoteatrında keçirilən təntənəli
gecədə R.Behbudov Çin dilində Əsgərin
ariyasını özünəməxsus ustalıqla oxuyur,
sonra çıxış edərək: "Filmin yubileyini biz
sovet kinosu günündə bayram edirik. Fikrimizcə, bu, təsadüfi
deyil, çünki "Arşın mal alan”
- Azərbaycan kino sənətinin əsl, keçən on illər
ərzində solmayan və həmişə yaşayacaq
bayramıdır. "Arşın mal alan”
Azərbaycan kinosunun bütün dünyada bayrağı oldu.
Bizim "Arşın mal alan” dünya
ölkələrinin ekranlarını gəzdi. Çox
vaxt öz konsertlərimlə filmin arxasınca getməli
olurdum və Əsgər mənim ən gözəl "vizit
vərəqəm” idi" - deyir. Azərbaycan
kinosunun qızıl fonduna daxil olan həmin film 60 ildən
çoxdur ki, müvəffəqiyyətlə nümayiş
etdirilir.
R.Behbudovun
Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri
təkcə "Arşın mal alan”
kinokomediyası ilə bitmir. O, həmçinin "Bəxtiyar”
filmində, "1001-ci qastrol”, "Doğma xalqımıza”,
"Toyda görüş”, "Abşeron ritmləri”
film-konsertlərində, bir çox sənədli filmlərdə
və kinojurnallarda çəkilib.
1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə
gedir. Azərbaycanlı müğənni Sovet
İttifaqından bu ölkəyə gəlmiş ilk sənətçi
idi. Çində "Arşın mal alan”
filmi "Örtüksüz məhəbbət” adı ilə
nümayiş etdirilərək çox məşhurlaşmışdı.
Ona görə də Rəşid Behbudovu o
ölkədə hamı tanıyırdı.
Məşhurluq onu addımbaşı izləyirdi. "Bəxtiyar"
filmi isə bu populyarlığın yeni dalğası idi.
Üstəlik, Tofiq Quliyevin mahnıları, solo konsertlər,
laureatlıq... İfaçılıqda xalq
yaradıcılığını, vokal sənətini, estrada
janrını sintez edən Rəşid Behbudov təkraredilməz,
məlahətli səsi, xarici görünüşü və
aktyorluq istedadı ilə dinləyicinin və
tamaşaçının qəlbini ovsunlamaqda davam edirdi.
Dünyanı
gəzən ansambl
R.Behbudov
uzun illər Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi
çalışır. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi
müxtəlif janrlarını özündə birləşdirən
Azərbaycan Dövlət Mahnı Teatrını təşkil
edir və ömrünün sonunadək onun solisti və bədii
rəhbəri kimi ölkımizi dünyada tanıdır. Hazırda böyük sənətkarın
adını daşıyan Mahnı Teatrı vaxtilə
SSRİ-də ilk belə teatr idi. Müğənni
həmin ansamblla 60-dan çox ölkəni gəzir, O, xarici
ölkələrdə verdiyi konsertlərdə yerli
xalqların dilində oxuyur, heyrət nidaları və
alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə
daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri
zamanı verdiyi konsertlərdən yığılan vəsaiti
Tehranda Gənclər evinin konsert salonunun tikintisinə hədiyyə
edir. İran gənclər naziri
çıxışında 1962-ci ildə Tehranda tikilən dəbdəbəli
konsert kompleksi vaxtilə onun şərəfinə "Rəşidiyyə”
adlandırıldığını bildirir.
"Mən
İranda ilk qastrol səfərində olarkən çox
varlı, məşhur adamlardan birinin evində qonaq oldum" -
deyə R.Behbudov sonralar öz həyat yoldaşına
danışıb: "Mənim soyadımı eşidəndə
ev sahibəsi o saat soruşdu: "Sən
kimin oğlusan?" Mən kim olduğumu
söyləyəndə, o ağladı. Sən
demə, qadın vaxtilə onun toyunda oxuyan xanəndənin
oğlunu gördüyündən kövrəlibmiş”.
Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə
konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə
birgə dağlara aparırlar. Burada
R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə
konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə
oksigen yastığı ilə nəfəs alırdılar.
Həmin səfərdə iştirak edən
Boris Brunovun dediyinə görə, üç ay ərzində
kollektiv tərəfindən 85 konsert verilib və həmin
konsertlərdə bir neçə yüz min tamaşaçı
iştirak edib. R.Behbudov Çilidə Milli Qəhrəman
Viktor Xara ilə tanış olur və
onlar birlikdə mahnılar ifa edirlər.
Azərbaycan musiqi tarixinin ən şərəfli səhifələrdəndən olan Rəşid Behbudovun sənəti 14 dekabrda – görkəmli sənətkarın 100 illik yubileyinin qeyd edildiyi Heydər Əliyev Sarayında bir daha anıldı. İllər keçir, ancaq Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı olan sənətkar unudulmur. Sənətin böyüklüyü də budur...
Təranə Məhərrəmova
Kaspi.-2016.-15 dekabr.-s.7.