“Hər zaman Türkiyənin
yanındayıq”
Qardaş ölkədə
yaşayan azərbaycanlı incəsənət nümayəndələri
İstanbuldakı terror hadisəsinə münasibət
bildirdilər
Son dönəmlər qardaş Türkiyə Cümhuriyyətində baş verən terror hadisələri təbii ki, yerli əhalini və orada yaşayan xarici vətəndaşları narahat edir. Dekabrın 10-da Bakı vaxtı ilə saat 23:30 radələrində İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında ard-arda törədilən iki partlayış da onlarla insanın ölümünə səbəb oldu. Bu dəhşətli faciə nəinki Türkiyə, digər türk dövlətlərini də sarsıtdı, uşaqdan böyüyə hər kəs yasa batdı.
İncəsənət sahəsində çalışan və fəaliyyətini məhz Türkiyədə davam etdirən azərbaycanlı sənət adamları da bu hadisə ilə bağlı keçirdikləri hissləri gizlətmədilər. Onların bir neçəsi bizimlə söhbətində qeyd etdi ki, ölkəmiz tarix boyu mənfur ermənilərin hücumuna məruz qalıb. Ona görə də bu cür təhdidlərdən artıq qorxmurlar. Torpağının 20 faizi işğal altında olan bir ölkənin vətəndaşlarını heç bir terror hadisəsi qorxuda bilməz. Digər tərəfdən isə Türkiyə də elə bizim öz ata yurdumuzdur.
"TRT Avaz”da çalışan xalq artistimiz Azərin məsələ ilə bağlı danışarkən göz yaşlarına hakim ola bilmədi. Dedi ki, Türkiyə dünyada yaşayan türklərin ata yurdu sayılır: "İnsan olaraq təbii ki, bu hadisə hər birimizi narahat etməlidir. Nəticə etibarilə hamımız insanıq. Burada insan həyatından söhbət gedir. Türkiyə də bizim vətənimiz hesab olunur. Mən buranı özümə vətən hesab edirəm. Buradakı insanların mübarizə gücünü heyranlıqla izləyirəm. Özümü də buranın bir vətəndaşı hesab edirəm. Bir ölüb, min dirilərik – bu, həyat tərzinə çevrilib. Təbii ki, terror Türkiyədə və dünyanın bütün ölkələrində bir faciədir. Əslində bu bir partizanlıqdır. Müsəlman coğrafiyasına baxanda, görürük ki, hər yerdə göz yaşı var, hər yerdə insan tələf olur, hər yerdə uşaqlar öldürülür. Bu coğrafiyada Türkiyənin böyük bir qüvvə olduğunu danmaq olmaz. Türkiyə böyük bir qüvvədir. Bu coğrafiyada söz deyə bilən ölkələrdəndir. Ona görə düşünürəm, Türkiyəni belə edirlər ki, başı özünə qarışsın. Bu, birinci dəfə deyil ki... 35 ildir ki, Türkiyə terrorla mübarizədədir. Ancaq bu milləti özünə millət, dövləti dövlət bilən insanların məmləkətində, bu mübarizə içində Türkiyəni çökdürə bilməyəcəklər, Türkiyəyə qalib gələ bilməyəcəklər. Mən burada narahat deyiləm. Mən də bu millətin yanında, bu torpaqda canımı qurban verməyə hazıram. Hamı bilsin, qara qüvvələr də bilsinlər ki, Azərbaycan daim Türkiyənin yanında olacaq. Necə ki, vaxtında Azərbaycan türklərinin yanında Nuru paşa olub, Qafqaz İslam Ordusu olub, bu gün də biz Türkiyənin yanındayıq. Qanıbir, canıbir millətimizin yanındayıq. Türkiyəni heç vaxt tərk etməyəcəyik. Burada insanlar da narahat deyil. İnsanlar öz iş-gücündə, normal həyatlarını yaşayır. Çünki onların imanı güclüdür. Xalq bilir ki, vətən sevgisi imandan gəlir”.
Türkiyə
telekanalında çalışan aktrisa, aparıcı Nigar
Bahadırqızı isə deyir ki, hadisə baş verən
gün onlar evdə olublar: "Yoldaşımla işdən gəlmişdik.
Təcili yardım maşınlarının səsini
eşidəndə, bir hadisənin baş verdiyini təxmin etdik. Televiziyanı açdıq və xəbərləri
izlədik. Gördük ki,
yanılmamışıq. Yenə qorxu,
yenə göz yaşları, yenə də
terror. Buradakı insanlar
artıq ölüm hadisələrinə,
sanki hər dəqiqə nələrinsə
olacağına alışıblar. Sanki hər
dəqiqə, hər yerdə bir bomba partlayacaq kimi hiss edirik. Hər bir
insanın gözündə
qorxu var. Dünəndən
etibarən sənət
adamları xəstəxanaları
ziyarət etməyə
başlayıblar. Onlar da dəstək olmağa çalışırlar. Yürüşlər edirlər, aksiyalar
keçirirlər. Yenə də
türklər meydanlarda
terroru lənətləyirlər.
Ölənlərə Allahdan rəhmət
diləyirik. İnşallah, bir daha belə
hadisələr yaşanmaz.
Biz buna çox
ümid edirik”.
Qardaş ölkədə fəaliyyət
göstərən müğənnimiz
İradə İbrahimovamətbuata
açıqlamasında deyib
ki, hər gün gözünü açıb uşaq ölümü, heyvanlara qarşı zorakılıq,
bombaların partlaması
xəbərlərini eşitməkdən
yorulub. Hər şeyi atıb Türkiyədən getmək
istəsə də, ancaq bu da
çarə deyil:
"Hamı buranı
tərk edib getsə, nə olacaq? Vətənə kim sahib çıxacaq?
Çox
pis haldı, insan həyatdan küsür. Özümdən çox övladlarımı,
dünyaya gələcək
uşaqları düşünürəm.
Bunların sonu nə olacaq? Terrorun ziyanını adi
insanlar, körpələr
çəkir. Biz övladlarımız üçün
yaşayırıq, onlara
gələcək qurmağa
çalışırıq. Bu terrorla onlara
hansı gələcəyi
qoyub gedəcəyik?
Bu, insanlıq deyil, Türkiyənin inkişafına mane olmaq istəyirlər. Uşaqlarımın təhlükəsizliyi üçün
bəlkə çıxıb
gedərəm. Amma sonra
düşünürəm ki, asan deyil.
Həyat yoldaşım
burada özü üçün iş qurub, övladlarımın
məktəbi var. Yaşayış
tərzimizi necə ataq?”
İ.İbrahimova küçədə çox qalmamağa çalışdıqlarını söyləyib: "Səhər
həyəcanla oyanırıq
ki, bu gün
də yenə nəsə partlayacaq, ya partladı, neçə şəhid verəcəyik, nə olacaq? Ümid edirəm ki,
bu problemlər
2016-cı ildə qalacaq.
2017-ci il hamı üçün problemsiz keçəcək.
Dünyanın hər
yerində terror var. Allah türkü
qorusun! Ümidimiz odur ki, xain insanlar bu
işlərdən uzaqlaşarlar.
Qorxu, şübhə içində
yaşamaq qədər
pis bir şey
yoxdur. Bakıda nə gözəl
yaşayırdıq, heç
bir narahatlıq yox idi. Düzdür,
cəbhə bölgəsində
döyüş davam edir. Amma Bakıda metroya
düşəndə qorxmurduq.
Burada isə maşınla gedəndə, liftə minəndə, kimisə görəndə həyəcanla
baxırsan ki, terrorçu olar. Alış-veriş mərkəzinə girəndə, həyəcanla
tez işini görüb qaçırsan
ki, partlayış baş verər. İnşallah, bu vəziyyətə
tezliklə son qoyular".
"Oyunçu köy”
teatrında aktrisa kimi çalışan Vüsalə Bəşirova
Ankarada fəaliyyətini
davam etdirir. O deyir ki, paytaxtda hər
şey qaydasındadır.
Terror hadisəsi Türkiyədə
yaşayan insanları
tədirgin edib, onlar həyəcanlıdırlar:
"İnsanların qulağı
səsdədir ki, birdən haradasa bomba partlayar. Artıq partlayışların davamlı
xarakter alması insanları rahat yaşamağa da imkan vermir. Ankarada belə bir şayiə
gəzir ki, guya 2 gün sonra da nəsə
olacaq. Hətta xəbərdarlıq da edilib ki,
bir müddət insanların çox toplaşdığı mərkəzlərdən
uzaq olsunlar”.
Türkiyədə yaşamağa davam
edəcəyini və
heç bir narahatlıq hissi keçirmədiyini deyən
Vüsalə qeyd etdi ki, hətta
alnına PKK-çılar
tərəfindən öldürülmək
yazılıbsa, qismətdən
qaçış yoxdur:
"Açığı, heç nədən qorxmuram. Bizə əvvəlcədən xəbərdarlıq
edilib ki, hər an hər şey ola
bilər. Burada vətən sevgisinə
bir daha şahid oldum. Onlar vətənlərini canları
bahasına belə olsa, qorumağa hazırdırlar. Gözlərində qəzəb var. Qorxmuram, sadəcə təlaşlanıram.
Çünki insan belə
vəziyyətlərdə mənən
sakit yaşaya bilməz. Yoxsa ölməkdən qorxmuram. Onsuz da bir gün biz də bu dünyadan köçəcəyik. Qorxunun əcələ
faydası yoxdur”.
Türkiyəyə köçüb Han Teatrında fəaliyyətini
davam etdirən aktrisamız Roza İbadova Kocamaz dedi ki, İzmirin
bir çox yerlərində plakatlar vurulub. Plakatlarda "İstanbul acımız böyük, terrora son” deyə fikirlər yazılıb: "Qeyd edim ki, bu
hadisə baş verəndən bir neçə gün öncə Türkiyənin
bir neçə şəhərində, eləcə
də İzmirdə canlı bombalar tutulub saxlanılmış,
partlayışların qarşısı
alınmışdı. İnsanlar çox
üzgündür. Metroda, avtobusda,
küçədə hamı
tədirgindir, təşviş
içindədir. Dünyasını dəyişən çevik
polislərə rəhmət
diləyir, yaralılar
üçün dua edir, bu hadisəni
törədənlərə lənətlər oxuyurlar.
İnsanlarda həyəcandan yüksəkdə
türkçülüyün özünəməxsus vətənpərvərlik
və qorxmazlıq hissi var. Hər kəs bayraqlara sarıldı, küçələrə
çıxdı. Sosial şəbəkələrdə
"Türk yenilməz”
deyə şərhlər
yazıldı. Yaralılara qan
vermək üçün
insanlar hələ də xəstəxanalara axın edir. Hadisə baş verməmişdən
əvvəl "Beşiktaş”ın
yarışı var idi. Biz də
ailəmizlə bərabər
onu izləyirdik.
Futbol bitəndən sonra bir az keçmişdi ki, bütün televiziya, media terror törədildiyini,
bu hadisənin "Beşiktaş” stadionunun yaxınlığında baş
verdiyini bildirdi. Yəni, çevik polislərin həmin gün toplandığı ərazidə.
Ailəlikcə çox üzüldük,
hamımız televiziyanın
qarşısına dikildik.
Bütün gecəni xəbərləri
izlədik. Artıq səhər
şəhidlərin sayını
bilirdik. Günahsız insanların ölümünə
çox kədərlənirik.
Buna bir son vermək
lazımdır. Bəzən insan
düşünür ki,
evdən çıxanda
hər kəslə vidalaşım, halallıq
alım. Çünki lənətə gəlmiş
terrorçuların insan
qanından, ailələrin
göz yaşından,
bu qədər etirazlardan, ölkəni matəmə tutmaqdan gözləri doymur. Ölkədə matəm elan
olunub, əyləncəli
proqramlar dayandırılıb.
Tədbiri, konserti olan bir çox
müğənnilər müəyyən
bir zamana qədər onları təxirə salıblar. Bir sözlə, bütün Türkiyənin canı yanır. Əlbəttə ki, mən də burdakı ailə üzvlərimizə
görə narahatam”.
Bir müddətdir Türkiyəyə
köçən müğənni
Ayan Babakişiyeva da axsam.az saytına İstanbulda baş verən terrordan danışıb: "Türkiyədə
yaşadığım üçün
ora da mənim
vətənimdir. Türklər güclü millətdir, ən ağır vəziyyətin
belə, öhdəsindən gəlməyi bacarırlar. Daha sakit bir
bölgədə - Asiya tərəfdə
yaşayıram. Ona görə də səs-küydən
bir qədər uzağam.
Özüm bu tərəfdə
yaşamağı seçdim. Avropa tərəf çox
səs-küylü olur. O hissəyə turistlər çox gəldiyi üçün
terror da oralarda törədilir. Bilirlər ki, terror nə
qədər çox olsa, turistlərin sayı azalacaq, iqtisadiyyat zəifləyəcək.
İstanbul dünyanın ən
gözəl və cənnət şəhəridir.
Düşünürəm ki, hər şey yaxşı olacaq, bu hal
geridə qalacaq”.
Xəyalə Rəis
Kaspi.-2016.-15 dekabr.-S.14.