Ailəsinin üstündə kölgə kimi dayanan ulduz

O, hələ də anasından qorxur

 

Türkiyənin tanınan şou nümayəndəsi Demet Akalın ötən gün yerli mətbuata müsahibə verib. Müsahibənin girişində qeyd olunur ki, onun ifa etdiyi bütün mahnılar qısa zamanda hitə çevrilir. Akalın "instagram”da 5,1 milyondan artıq izləyicisi var. O, yaxın zamanlarda Türkiyədə məktəb də açacaq.

Demet Akalın yaradıcılığının 20-ci ilini "Rəqibsiz” adlı albomu ilə qeyd edir. Onun hər bir mahnısı top onluqda ön sıralarda yer alır. Hər il ən çox konsert verən müğənnilər sırasındadır. İnternetdən ən çox yüklənən mahnılar da onunkudur. Davamlı olaraq mətbuatın gündəmində yer alır, özünəməxsus həyat tərzi, stili var. Məqsədi daha çox sevilmək və mahnılarının daha çox insana çatmasıdır.

 

- Demet Akalın kimi bir məşhurluğa sahib olan xanımın gələcəyə dair hansı xəyalları var?

- Əslində bütün həyatım uşaqlarımı, həyat yoldaşımı, işimi düşünməklə keçir. Bu aralar əcaib bir həngamə içindəyəm. Bəzən düşünürəm ki, görəsən həyat yoldaşıma az vaxt ayırıram? Sevdiklərimə daha çox vaxt ayırmağa çalışıram. Övladım dünyaya gəldikdən sonra nəinki həyata baxışım, hətta həyatım da dəyişdi.

 

- Bu aralar günləriniz necə keçir?

- Səhər qızım Hira yuxudan duranda "bu gün onu hara götürə bilərəm ki, xeyli əylənsin” deyə düşünürəm. O, hər səhər "ana gedək” deyir.

 

- Haqqınızda çox dedi-qodu yayılmır. Belə olan halda necə olur ki, hər diqqət mərkəzində qala bilirsiniz?

- Bəli, hər zaman diqqət mərkəzindəyəm. Çünki normal insanlar kimi yaşayıram. Evə qapanıb qalmıram. Jurnalistlərlə dost münasibətim var. Mən maneken işlədiyim zamanlardan bu günə qədər onlarla uzun dostluğum var. İndiyə qədər jurnalistlərə "məni çəkməyin”, "haqqımda yazmayın” kimi bir iradım olmayıb. Düzdür, bəzən çox səmimi münasibət göstərirəm, səhər isə xəbərin başqa şəkildə çıxdığını görürəm. Ancaq bunu da o qədər də ciddiyə almıram. Mənim tək problemim insanlar tərəfindən yanlış anlaşılmaqdır. Ondan başqa heç bir problemim yoxdur. Tək məqsədim daha çox sevilmək, mahnılarımın daha çox insana çatmasıdır. Sosial mediada biri pis nəsə yazarsa, ona "tanısanız, əslində çox sevərsiniz” cavabını verirəm.

 

- Yaxşı, nə üçün sizin adınız gələndə, özəlliklə də bu aralar, söhbət hər zaman pula gəlib çıxır?

- Bir dəfə pul mövzusunu zarafata çevirmişdim. Ancaq deyəsən, insanlar bunu ciddiyə alıblar və məni səhv başa düşüblər. Çox zaman mənə "sonradan varlanan” deyirlər. Onu hər zaman deyirəm. Kiçik bir yerdən gəldiyim üçün mən sonradan varlanmışam. Mən hər zaman şükür edən, keçmişini unutmayan biriyəm. Doğulduğum torpaqlara ayda bir dəfə getməsəm, özümü yaxşı hiss etmirəm. Hər zaman ailəmin üstündə kölgə kimi dayanıram. Hər ailənin bir böyüyü var. Bütün sülaləmin böyüyü mənəm. Misal üçün əgər biri evlənirsə, onun xeyir işində yeməyin düzülüş qaydasına qədər hər şeyi ilə mən maraqlanıram. Mənə elə gəlir ki, əgər maraqlanmasam,  gözəl alınmayacaq, qohumlarım xoşbəxt olmayacaq. Ancaq indi şou aləminin 90 faizində ailəsini, valideynlərini bir şəkildə geri atan və ya onlardan özünü soyudan müğənnilərimiz var. Onlar çox böyük filmlərdə çəkilsələr də, mükafatlar alsalar da uğura gedən yolları haradasa tükənir. Mən hələ də bu günə qədər anamdan qorxuram. Bu böyüyə qarşı olan bir hörmətdir. Bir şey olanda "birdən anam eşidər” deyə ehtiyat edirəm. Təbii ki, belə olan halda Allah da mənə gözəl yollar açar. Mən buna inanıram. Çünki belə böyüdüm, belə yetişdirildim. Qızımı da elə yetişdirməyə çalışıram. 

 

- Mətbuatda moda yazarları sizi tənqid etmişdi. O nə ilə bağlı idi?

- Sizcə, moda yazarları dəbdən anlayırlar? Müzakirəyə çevrilən şəkil keçən mövsümün şəklidir. Mənim geyindiyim geyimi heç kimin əynində görə bilməzsiniz. Ona görə paltarlarımı xaricdən alıram, heç kimə bənzəmək istəmirəm. Sevdiyim markanın tərzi budur. Onsuz da bu geyimləri mən geyinməsəm, məşhurlar geyinməsə, heç kim geyinməyəcək. Belə geyimləri ancaq ulduzlar geyinir. Necə olur ki, Rihanna geyəndə bu stil, Demet geyəndə isə görməmişlik olur? Olsun, qoyun görməmiş olum. Nəticədə hansısa kişinin pulu ilə deyil, öz qazandığım pula alıram. Həmin yazarlar xaricdə keçirilən moda həftələrinə getməyi xəyal etsinlər, mənim puluma qarışmasınlar. Əgər mən işə əmək verirəmsə, ona hörmət edirəmsə və bu işdən də pul qazanıramsa, gedib ən yaxşı stilistlərlə çalışaram. Bu heç kimi narahat etməsin. Misal üçün Donatella Versace ilə müqavilə imzaladım. Onlar mənə "təbii ki, sizi geyindirməkdən zövq alarıq” dedilər. Məni üç dəfə ölçü-biçi götürməyə çağırdılar. Sizin xəyal edə bilməyəcəyiniz, hətta yuxuda belə görə bilməyəcəyiniz insanlarla çalışıram. Sanki Türkiyədə var-dövlət düşmənçiliyi var. Məndən böyük sənətkarlar da bu problemi yaşayır. İnsanlar düşünür ki, bu müğənni nə üçün çox qazanır? Əgər çox qazanırsa, demək ki, o, bu həyatı yaşamaq üçün çox çalışır. Yaxşı olar ki, moda yazarları var-dövlət düşmənçiliyi aparmasınlar, modaya aid yazılar yazsınlar.

 

- Sizin üçün keyfiyyət nədir?

- Geydiyim hər şey çox bahalı və keyfiyyətli deyil. Mənim gəlinlik paltarımın qiyməti cəmisi min lirə idi. "Bahalı, keyfiyyətli paltar geyinim” deyə bir iddiam yoxdur.

 

-  Deyirlər həyatda heç bir şey təsadüfi deyil. Sizin də bu gün bu zirvədə dayanmağınızın bir səbəbi olmalıdır.

- Ötən gün bir dostum dedi ki, uğur qazanmaq üçün getdiyin görücü, falçı harada yerləşir? Kaş ki, elə bir şey olsa, hər şey bu qədər asan olsa… Mənə deyirlər ki, çox şanslı insansan, gözəl mahnılar tapıb oxuyursan. Mənim bəstəkar və söz yazarı olan dostlarım sağ olsunlar. Onlar yazdıqları mahnıları ilk dəfə mənə dinlətdirirlər. Onların hər zaman ilk müraciət etdiyi qapı mənim qapım olur. Mənimsə elə bir bacarığım yoxdur. Mən elə mahnılar yazsaydım əsla və əsla kimsəyə verməzdim. Bu albomda "şərəfimə, namusuma” adlı bir mahnı var. Bu mahnı Merve Özbeyin mahnısı olacaqdı. Mən dedim ki, o mahnını Merve yox, mən alacam. Hətta həmin mahnı üçün günlərcə ağladım. Erdem Kınay dedi ki, bu mahnının xeyrini görməyəcəyik. Bu Mervenin mahnısıdır və çəkilişlərə başlamışıq. Dedim ki, yox, mən Merveyə başqa klip çəkərəm. Uşaq kimi ağladım və mahnını aldım. İndi də mənə başqa müğənnilərin mahnısı təklif olunur. Ancaq daha "yox” deyirəm. Çünki səhvimi başa düşmüşəm. Hər kəsin qisməti özündədir. Həyatımda bir dəfə birini haqqını yedim. O da Merve Özbeyin. İndi mən onlara kömək etməyə çalışıram. Demet Akalın adına görə əməyi keçmiş insanları yarı yolda buraxmamışam.

 

- Səmimiliyiniz bəlkə də özünüzlə dost olmağınızdan qaynaqlanır...

- Sənətçilər o qədər də pis insanlar deyil. Demək ki, hər kəs o zirvədə olmağa layiqdir. Bəzən düşünürsən ki, filankəs içəridədir, amma bir başqası çöldədir, demək ki, belə olmalı imiş. Bəzi şeyləri Allah o qədər gözəl incələyib ki... Mahnı söyləyən insan əslində sonsuz sayda ruh bəsləyir. Mənə gələn mesajlarda deyirlər ki, intihar etmək istəyirdik, amma sənin filan mahnın bizi yenidən həyata qaytardı.

 

- Sizin mahnılarınız daha çox qəmgin notlar üzərində qurulub.

- Belə mahnılar artıq mənim ifamda formalaşıb. Mənə xoşbəxt mahnılar yaraşmır. Həyat yoldaşım Okan deyir ki, bu mahnı sənə yaraşmır. Deyirəm ki, mahnının sənə heç bir aidiyyəti yoxdur. Mən oxumaq istəyirəm. Qəmli mahnılar mənə o qədər çox yaraşır ki, mən artıq öz yolumun səmtini qərarlaşdırmışam.

 

- Sizin haqqınızda hansı mövzudan danışanda ona çox əsəbiləşirsiniz?

- Övladım haqqında. Onunla bağlı bir şey deyəndə dayana bilmirəm. Yumşaq danışanda xoşuma gəlir, ancaq övladını çox geyindirirsən, uşaq küçə uşağına oxşayır deyənlər də çoxdur. Uşaq rahat geyinməlidir. Hazırda qızımın xarakterinin tam formalaşdığı zamandır. Deyirəm ki, saçlarını yığım, razılıq vermir. Uşaqlar arasında 3 yaş sindromu vardır.

 

- Həyatınızın axarını dəyişə biləcək hər hansı hadisə yaşadınızmı?

- Hər bir insanın həyatında mütləq bir dönüş nöqtəsi vardır. Ancaq bu, o qədər keçmişdə qalıb ki, xatırlamıram. 90-cı illərdə hava balonlarında yanmağım mənim üçün həyatımın dönüş nöqtəsi idi. Elə hesab edirdim ki, ölmüşəm. Allaha şükürlər olsun ki, o günlər də keçdi. Sadəcə, izlər qalıb. Hər il daha da böyüyürsən. Nə qədər böyüsən də, yenə də həyatda nələrisə səhv edə bilirsən və yola davam edirsən. Son 6 ildə heç nəyə təəccüblənməməyi öyrəndim. İnsan oğlu çiy süd əmib. Mənə həmişə deyirlər ki, öz tay-tuşlarınla görüş, səndən aşağı olan insanlarla münasibət qurma. Mən heç zaman onların dediklərinə qulaq asmamışam. Əksini etmişəm. Keçmişim olan dostumdursa, əlbəttə ki, onun yanında olacağam. Ancaq siz də bir məni düşünün, hər işə çatdıra bilmirəm.

 

- İnsan bu qədər məşhur olduqdan sonra "doğurdan da mən önəmli insanam” deyir, yoxsa "bir gün bu məşhurluq bitərsə, necə olaram  deyə düşünür?

- "Bir gün bitərsə” deyə heç düşünməmişəm. Mənim bütün planlarım önümüzdəki 6 ay üçün olur. Bəzən mükafat alanda özümlə qürur duyuram. Xoşbəxt olduğum zamanlar olur və "müğənni olmaq necə də xoşdur” deyə düşünürəm. Əlbəttə ki, mən bu nailiyyətləri tək əldə etmirəm, komandamın da qiymətini bilirəm. Keçən il mükafat aldığım bir gecədə bütün aranjemanlarıma, bəstəkarlarıma limuzin göndərdim. Mükafat alanda elə bil havalı oluram.

 

- Görəsən, oxuduğunuz mahnılar hit olur, yoxsa siz oxuyursunuz deyə hitə çevrilir?

- Əlbəttə ki, oxuduğum mahnılar. Mahnılarım mənə çox yaraşır. Onlar hit ola biləcək mahnılardır. Deyirəm ki, mənim elə bir istedadım olsa, mahnılarımı heç kimə vermərəm.

 

- Bəzən gündəmdə olmaq insanı çox yorur.

- Müəyyən vaxtdan sonra nə etsəniz də o, gündəmə çevrilir. Əslində gündəmdə qalmağı o qədər də çox istəmirəm. Ancaq bəziləri qaşınanda onu yerində oturtmaq lazımdır.  

 

Çevirdi: Xəyalə Rəis

 

Kaspi.-2016.-15 dekabr.-S.13.