“Məni Azərbaycandan çox
Avropada tanıyırlar”
Otuz yeddi yaşlı muğam ustası Qoçaq Əsgərov bu günə kimi dünyanın 60-a yaxın ölkəsində oxuyub. “Şur”, “Bayatı-Şiraz”, “Şüştər”və s. muğamları, xalq mahnıları və təsnifləri özünəməxsus tərzdə ifa edən Qoçaq tez-tez xaricdə olur, Azərbaycanı layiqincə təmsil edir, tanıtdırır.
Biz də bu günlərdə ölkədə olmasından istifadə edib, bu sadə, təvazökar, zəhmətkeş sənət adamı ilə görüşdük, gördüyü işlər barədə Azərbaycan oxucusunu məlumatlandırmaq istədik.
- Qoçaq,
bu sənəti seçməyiniz necə oldu?
- Mənim doğulduğum məkan da Qarabağdı. Füzuli rayonunun Qoçəhmədli kəndi. O kənddən iki böyük sənətkar çıxıb -İslam Rzayev və Süleyman Abdullayev. Mən də o kəndin yetirməsiyəm. Muğam özü məni çəkib gətirdi bu sənətə.
İlk dəfə Füzuli rayonunda Ağabala Abdullayev adına 2 saylı Musiqi Məktəbində təhsil almışam. Təvəkkül Musayevin tələbəsi olmuşam. İki-üç il orda oxumuşam. Sonra müharibə düşdü, döyüşlərdə yaralandım. 1992-ci ildə səhhətimlə bağlı bu sənətdən aralandım. 1998-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum.
Asəf Zeynallıda Zabit Nəbizadədən dərs almışam. Demək olar ki, muğam anlayışını, muğamın sirllərini ondan öyrənmişəm. O, gözəl insan, gözəl müəllim, gözəl pedaqoqdur. Mən muğam oxuyanda, hər zaman deyirdi ki, musiqinin içinə gir. Bu, mənə çatmırdı. İllər keçdikcə artıq təcrübəyə yiyələndikdən sonra mənə çatdı ki, o, nə demək istəyir...
2005-2006-cı ildə “Muğam”
müsabiqəsində iştirak eləmişəm.
2004-də Milli Konservatoriyaya daxil olmuşam. Dörd il
Arif Babayevdən dərs almışam. Arif müəllim böyük
ustaddır. Böyük şəxsiyyətdir
Azərbaycan muğamında.
Arif müəllimdən həm
muğamın, həm
də şəxsiyyət
kimi formalaşmağın
sirlərini öyrənmişəm.
Ondan “Bayatı Qacar”, “Orta mahur”,
“Bayatı Şiraz”, zərb muğamlarını
öyrənmişəm...
- Yeri gəlmişkən, indi də muğam müsabiqələri keçirilir.
Muğam
müsabiqəsində iştirakınız
şəxsən sizə
hər hansı təkan verdimi?
- Hər zaman düşünürük ki,
nə iş görürüksə, dövlət
ona qarşılıq
verməlidir. Əslində, elə olmamalıdır.
Heydər Əliyev Fondu
mənim ilk dəfə
Amerikaya getməyimə
müəyyən dərəcədə
pul ayırmışdı.
Mən o
pulun qarşılığında
Amerikanın bir neçə ştatında
konsert verdim, filmə çəkildim.
Qayıdandan sonra da bir neçə ölkəyə dəvət
aldım. Mən dövlətimə
nə eləməliyəm,
bunu mən bilməliyəm. Fikrimcə, damarından
türk qanı axan hər bir
insan ölkəsindən
xaricə çıxırsa,
ölkəsini yaxşı
da təbliğ eləməlidir, uğurlar
qazanmalıdır.
Azərbaycan məkanında belə bir şey var. Hansısa bir erməni çıxıb
bizim olan şeyi, məsələn,
“Laçın”, “Şuşanın
dağları”, “Sarı
gəlin”i oxudu. Bir ay Azərbaycan
televiziyaları həmin
mahnını verir.
Bu eləməmişdən elə sən həmin mahnını dünyaya yayımla da...
- Bayaq İslam Rzayevlə Süleyman Abdullayevin adını çəkdiniz.
Onları necə xatırlayırsınız?
- İslam müəllim
Azərbaycan muğamında
elit oxuyan olub. Bu gün bütün oxuyanlar İslam müəllimin oxuduğu təsnifləri
yenə də oxuyurlar.
İslam müəllim mənim sənətimlə bağlı
bir həmkəndli olaraq yox, bir
sənətkar kimi yüksək fikirdə olub. Mənim uğurlar qazanmağımı
gözləyirdi. Allah nəsib etdi.
Süleyman Abdullayev də Azərbaycan muğamında
özünəməxsus, sayılıb-seçilən
sənətkar olub. 70-ci illərdə
yaxşı oxuyan 3 ifaçı olub- Süleyman Abdullayev, Sabir Mirzəyev, Arif Babayev. Həmin
dövrdə bilet tapılmayıb onların konsertinə.
- Muğamları
lentə yazdırırsınızmı?
- Mən İngiltərədə,
Avstraliyada, İtaliyada
4 dəfə disk buraxmışam.
İki filmə çəkilmişəm.
“Montanada muğam” filmini “Post Vaşinqton”
qəzetinin müxbiri
Tomas Qolds çəkib.
O film Los-Ancelesdə dörd
mükafat alıb. Həm dəsgah, həm xalq mahnıları ifa etmişəm. “Sarı gəlin”
adında ilk CD diskim İngiltərədə çıxıb.
- Azərbaycanı
neçə xarici ölkədə təmsil
etmisiniz?
- Bu vaxta kimi dünyada
56 solokonsert vermişəm.
Yeni Zelandiyaya kimi gedib çıxmışam.
Xaricilər Azərbaycan
muğamına yüksək
səviyyədə dəyər
verirlər...
- Muğamın sintezinə necə baxırsınız?
- Çox gözəl baxıram. Muğamı, muğamın kökünü
bilən insanlar bu sintezi qəbul
edirlər. Mənim fikrimcə,
hər muğam oxuyan özü elə böyük bir bəstəkardır.
- Boş vaxtlarınızda nə edirsiniz? Hobbiniz var?
- At minməyi, silah atmağı xoşlayıram...
- Televiziyaya baxırsınız?
- Çox adamlar deyir ki, “Azərbaycan
kanallarına baxmıram”.
Bütün kanallara baxıram.
“İctimai kanal”da
bir veriliş var, bir xanım
aparır, ona baxıram. Musiqi ilə bağlı “Məclisi üns”ə baxıram...
- Özünüz
verilişlərə dəvət
alırsınız?
- Yüngün xarakterli, səviyyəsiz verilişləri
xoşlamıram. Şou xarakterli
belə verilişlərə
getmirəm.
- Nə vaxt hiss etdiniz ki, məşhursunuz?
- Məni Azərbaycandan
çox Avropada tanıyırlar. Hansısa əcnəbinin “İctimai
televiziya”da “Azərbaycan
muğam ifaçılarından
Alim Qasımovu, Qoçaq Əsgərovu tanıyırıq” deməsi
mənim üçün
böyük fəxrdir.
- Hansı kitabları oxuyursunuz?
- Roman, hansısa əsər oxumuram. Özlüyümdə
Füzulinin, Nəsiminin,
Seyid Əzim Şirvaninin qəzəllərini
mütaliə edirəm.
- Xaricdə də kifayət qədər tanınmış
muğam ustasısınız.
Fəxri
adınızın olmaması
sizi narahat etmir ki?
- Mən dövlətdən
120 manat pensiya alıram. İkinci qrup Qarabağ
əliliyəm. 1992-ci ildə döyüşdə
yaralanmışam, demək
olar ki, artıq bir gözümü itirmişəm.
Bütün dünyanı
gəzmişəm, müalicəsi
mümkünsüzdür...
Nə adım
var, nə titulum var. Mən dövlətçiliyi sevən
insanam. Dövlətimə inanıram, dövlətimə
güvənirəm. Vaxtı çatanda,
yəqin, verərlər.
Versələr də sağ olsunlar, verməsələr də...
Napoleonun belə bir sözü var: “İnsanlar var ki, bu
həyatda ad və titul üçün yaşayırlar. O insanlar
ad üçün, şan-şöhrət
üçün hər
şeylərindən keçərlər”.
Mən o
xarakterli insan deyiləm. Bu gün İngiltərə
kimi dövlətdə
mənim 48 min “Sarı
gəlin” adlı diskim satılıbsa, bu mənim üçün
hər şeydir.
Mənim
heç bir mükafatım yoxdur.
Qismətim budur. Bunun axırına
kimi də gedəcəyəm. Ümidim bir
Allahadır. Allaha bağlı
insanam. Oxuduğum
qəzəllərdə Allaha
itaət edirəm...
- Hansı arzularla yaşayırsınız?
- Mən arzularla yaşayan insan deyiləm. Durum, arzu eləyim ki, nələrisə əldə
eləyəcəyəm, nələrəsə
can atıram... Mən uğur
dalınca qaçmamışam.
Uğur məni tapıb. Elə möhtəşəm yerlərdə
konsert vermişəm ki, bəlkə də elə insanlar var, onun
arzusunda yaşayır.
Dünyanın ən möhtəşəm
zalında -”Royal Albert Hall” konsert
salonunda da konsert vermişəm.
Həmin
zalda Məhəmmədəli,
Mayk Tayson döyüşüb. Ravi Şankar, “Bitlis” qrupu konsert verib.
Arzusunda olsaydım, bəlkə də o zalda konsert vermək
mənə qismət olmazdı...
- Hansı musiqiyə qulaq asırsınız?
- Mən musiqini növlərə bölmürəm.
Musiqinin hər janrına qulaq asıram. Məsələn caz musiqisinə,
roka qulaq asıram. Ravi Şankara,
Nüsrət Fateh Əlixana, Məmmədəli
Rza Şəcəryana,
ney ifaçlarına,
sufi yönlü musiqilərə qulaq asıram. Bu tip musiqiləri
sevirəm...
- Övladlarınızı musiqiçi
görmək istərdinizmi?
- Mən öz ailəmdə ağzımı
açıb oxumuram. İstəmirəm ki, övladlarım
musiqiçi olsun.
Musiqini bilmək gözəl şeydir. Musiqiyə
qulaq asmaqlarını
xoş qarşılayaram...
- Kəndinizi yadınıza
tez-tez salırsınız?
- On altı yaşında mənim döyüşən
vaxtlarım olub. Kəndimizin hər cığırı, hər
izi bu dəqiqə
də yadımdadır...
- Səsiniz necədir, dəyişiklik var?
- Şükür Allaha,
bir saat yarım dayanmadan konsert verirəm. Şərt o deyil ki, səhnəyə
çıxıb konsert
verəsən. Tamaşaçını saat yarım ələ almağı bacarmalısan ki, yarımçıq çıxıb
getməsin.
- Toylara gedirsiniz?
- Folklor musiqisinin dinləyicisi həmişə
az olur.
10-20 min manat alan
insanlar müvəqqətidirlər.
Birdəfəlik şpris kimidirlər.
Allah bilir, bir də həmin məbləği nə vaxt ona verərlər...
Mən yüksək məbləği
konsertlərimdən alıram.
Getdiyim konsertlərdə azərbaycanlı
olmur. Mən şəxsi kompaniyalarla
müqavilə bağlayıb
konsert verirəm.
Xaricdə müsahibə verdiyim
qəzetlər, televiziyalar
da qonorar verirlər.
Mən yaradıcılıqla
məşğul olan adamam. Hazırda “Şur”, “Şüştər”,
“Mahur” muğamları
üzərində işləyirik.
Yüz il
qala, mən Xan Şuşinski kimi oxuya bilmərəm.
Ancaq onun bir-iki boğazını
edə bilərəm.
Alim Qasımov, Arif Babayevin müəyyən çalarlarını
edə bilərəm.
Amma sırf onlar kimi oxuya bilmərəm.
Onlar mənim müəllimlərim
olub. Onlardan bəhrələnmişəm.
- Sonda nə demək istərdiniz oxucularımıza?
- Mənim gəzmədiyim ölkə qalmayıb. Ancaq onu gördüm
ki, dünyanın ən gözəl ölkəsi Azərbaycandır...
Namiq MƏMMƏDLİ
Ekspress.-2016.-16 dekabr.-S.9.