Qanunun aliliyi olan ölkə vətəndaş cəmiyyəti
üçün münbit
zəmindir
Hər bir insanın azadlığının digərlərinin azadlığı ilə uyğunlaşdırılmasının başlıca yolu vətəndaş cəmiyyəti formalaşdırmaqdır. Bu, alman filosofu Emmanuil Kantın qənaətidir.
Vətəndaş cəmiyyəti üç prinsipə əsaslanır: cəmiyyət üzvünün bir insan kimi azadlığı, ikincisi, bir təbəqə kimi onun digərləri ilə bərabərliyi, üçüncüsü isə cəmiyyət fərdinin bir vətəndaş kimi müstəqilliyi.
Ölkəmizdə hüquqi dövlət quruculuğu üç mərhələyə bölünür. Dövlət müstəqilliyini əldə etdikdən sonra yeni Konstitusiyanın qəbuluna qədərki zamanı əhatə edən dövrdə bir sıra yeni siyasi-hüquqi dəyərlər, prinsiplər, institutlar və mexanizmlər dövlət-hüquq sisteminə daxil oldu.
Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın hüquqi əsasları yaradıldı və fəaliyyətə başladı. Yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanın Avropa Şurasına daxil olmasına qədərki dövrdə konstitusiya nəzarəti orqanı, azad mətbuatın qanunvericilik bazası formalaşdırıldı ki, nəticədə də ölkəmiz insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyalara qoşuldu.
Ekspertlər qeyd edirlər ki, müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti ilə paralel hüquqi dövlətin formalaşması prosesi də sürətləndi. Məhz həmin dövrdən dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına və ən önəmlisi insan azadlığının qorunmasına xüsusi önəm verildi. Bu baxımdan demək olar ki, vətəndaş cəmiyyəti bir cəmiyyət modeli kimi əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən və siyasi-hüquqi cəhətdən müəyyən inkişaf mərhələsində olan insan birliyi formasıdır.
Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edir ki, hüquqi dövlətin yaradılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti ilə əlaqələndirilir: “Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir. Sirr deyil ki, müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi. Bütün bunlar kifayət qədər uğurlu nəticələrdir”.
Tədqiqatçılar qeyd edirlər ki, millətçilik, onun üzərində duran milli mədəniyyət bir sosial hadisə kimi keçmişdə qala bilər. Çünki millət, milli dəyərlər və milli mədəniyyətlər anlayışları XIX əsrdən etibarən mövcud olub. Hazırda isə mədəni müxtəliflik özünü daha qabarıq şəkildə göstərdiyi üçün “milli” və “etnik” məfhumları arasında müəyyən rəqabət başlayıb. O da təsadüfi deyil ki, dünya ölkələri arasında etnik azlıqlar öz mədəni, siyasi, iqtisadi müstəqilliyini elan etməyə və buna nail olmağa çoxsaylı cəhdlər göstərir.
Siyasi elmlər doktoru Gülzar İbrahimovanın sözlərinə görə, hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Kanta görə, hüquqi dövlətdə qanunlar xalqın iradəsi ilə qəbul olunur. Onun fikrincə, hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdanibarətdir. Hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun və qanunazidd kimi tanınır. Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir”. Hüquqi dövlətin mövcudluğu üçün hansı şərtlərin zəruri olması da diqqəti çəkən məslələrdən biri olaraq qalır.
Hüquqi dövlətin mövcudluğuna gəlincə, ekspertlər aşağıdakı şərtləri zəruri hesab edirlər. Hakimiyyətin fəaliyyətinin hüquq normaları ilə tənzimlənməsi. Burada söhbət bütün dövlət orqanlarından gedir. Məlumdur ki, müasir demokratik cəmiyyətlərdə hakimiyyət üç qoldan: qanunverici, icraedici, məhkəmə hakimiyyətindən ibarətdir.Hakimiyyətin hər üç qolunun fəaliyyəti hüquq normaları ilə tənzimlənməlidir. Bununla bağlı hüququn bütün sahələrində çoxlu sayda normalara rast gəlmək mümükündür. Bu o deməkdir ki, dövlət başçısından tutmuş ən kiçik məmura qədər,onların bütün fəaliyyəti hüquq çərçivəsində olmalı və ondan kənara çıxmamalıdır.
Hakimiyyətdən müdafiə hüququ- fərdlərə aid olan hüquqdur. Hakimiyyət orqanı səlahiyyət həddini aşdıqda, hüquq normasının onun üçün cızdığı dairədən kənara çıxdıqda fərdin bundan qorunmaq - müdafiə olunmaq hüququ olmalıdır.
Qanunun aliliyi və qanunçuluq. Bu əlamət bir tərəfdən Qanunun göstərişlərinin hüququn bütün subyektləri üçün eyni məna və qüvvə kəsb etməsini, digər tərəfdən isə hüquqi aktların “nərdivan”ında aşağıda duran aktın yuxarıda duranauyğunluğunu ehtiva edir. Ən yuxarıda isə - birinci yerdə Qanun (Konstitusiya, referendum yolula qəbul edilən aktlar və sair) durur ki, aşağıda duran aktda mövcud olan normanın ona mütləq uyğun olmasını, olmadıqda isə hüquqi qüvvə kəsbetməməsini şərtləndirir.
Hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğunluğu. Çox vaxt hakimiyyət orqanının çoxcəhətli fəaliyyətinin bütünistiqamətlərini zaman, təbii fəlakət, gözlənilməyən hadisə və digər səbəblərdən vaxtındanormativləşdirmə imkanı olmur. Amma onun fəaliyyəti zəruri və qaçılmaz olur. Belə hallarda da hakimiyyətin fəaliyyəti hüququn ümumi prinsiplərindən kənara çıxa bilməz. Bu halda qəbul edilən qərarlar mütləq ədalətə söykənməli, cəmiyyətin fundamental maraq və mənafelərinə cavab verməlidir. Bununla bağlı ədalətsiz qanun qanun deyil tezis-ideyasından çıxış edilir və qərarın leqitimlik məsələsi əsas görürülür.
Hüququn ümumi prinsiplərinə cavab verməyən norma leqitim hesab olunmur. Son dövrlərdə belə prinsiplər daha çox beynəlxalq hüquq normaları ilə müəyyən edilir”.
Avropa konvensiyasının 6-cı maddəsinə görə, “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılmasıhüququna malikdir”.
Tək bu normanın özündə bir neçə prinsip (məhkəmələrin qanun əsasında yaradılması, müstəqil və qərəzsiz olması, məhkəmə prosesinin ağlabatan müddətdə baş tutması, onun ədalətli və açıq olması və sair) ehtiva olunub.
Dövlət hakimiyyəti sisteminin hüquqi təşkili. Qanuni hakimiyyət özünün qərarlaşması və möhkəmlənməsi üçün hüquq formasında ifadə olunur. Çünki güc öz-özlüyündə hakimiyyəti yarada bilməz. Dövlət hüquqla, hüquq normaları ilə bağlıdırvə o, elə bir qüvvədir ki, hüquqa xidmət göstərməlidir. Yəni, dövlət insan hüquqlarına zidd olan qanunlar yarada bilməz.
Vətəndaş cəmiyyətinin varlığı. Hegel ilk dəfə şəxsiyyət və dövlət arasında həm şəxsiyyət, həm də dövlət üçün əhəmiyyətli olan ictimai mühitin mövcud olduğunu göstərib”.
Hegelə görə, əgər dövlət özüylə müxtəlif şəxslərin vəhdətini ehtiva edirsə, onda vətəndaş cəmiyyətində hər kəs özü üçün məqsəd, bütün qalanlar isə heç nədir. Bu baxımdan ekspertlər qeyd edir ki, başqaları mahiyyətdir, buna görə də xüsusi məqsəd üçün vasitələrdir. Odur ki, başqaları ilə nisbətsiz fərd tam həcmində öz məqsədlərinə nail ola bilməz. Vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır və fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtəlif xarakter daşıyır. Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplarvə birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir.
Hüquqi dövlət və vətəndaş cəmiyyətinin birgə vəhdət təşkil etməsinə gəlincə, G.İbrahimova bu barədə deyir: “Hüquqi dövlətdə, bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür.
Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir və orada siyasi elitanın “söz keçirməsi” cəmiyyətin liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir və sərbəstlik demokratiyanı yaradan şərtlərdən biridir və demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd bağlılığı göz önündədir. Kantın da dediyi kimi: “Ümumdünyəvi vətəndaş cəmiyyətinin formalaşması demokratiyanın yaranması deməkdir”. Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır, biri bərqərar olmadan o biri mümkün deyil.
Fransız politoloqu Tokvill demokratiya şəraitində hüquqi dövlətin cəmiyyətdə oynadığı rolu təhlil edərək bildirir ki, demokratiya əmlakın mövcudluğunu, mülkiyyət anlayışını bütün adamlar üçün aydın etdiyi kimi, siyasi hüquqlar analyışını da hər birvətəndaşın şüuruna çatdırır.
Düzdür, qeyri-demokratik şəraitdə də cəmiyyət mövcuddur. Lakin bu cəmiyyət hakimiyyət strukturlarının nəzarəti altında olur və onlara hesabat verir. Məsələn, avtoritar rejimdə əgər vətəndaş cəmiyyətini təşkil edən qurumlar dövlət tərəfindən təsdiq edilərək birbaşa onun nəzarəti altına alınırsa, demokratiya şəraitində cəmiyyət nəzarətdən azaddır və əksinə, cəmiyyət yox, dövlət ona hesabat verir”.
Platon “Qanun” dialoqunda yazırdı ki, o yerdə ki, qanunun qüvvəsi yoxdur və kiminsə hakimiyyəti altındadır, orada dövlətin məhvi labüddür.
Qanunun aliliyini tanıyan hüquqi dövlət qurulmuş ölkə vətəndaş cəmiyyəti üçün münbit zəmindir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan məhz belə ölkələrdəndir.
Rəşid
RƏŞAD
Ekspress.-2016.-21 dekabr.-S.10.