İnsan hüquq və azadlıqları hüquqi dövlətdə ali dəyər kimi qiymətləndirilir

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində daha da inkişaf etdi. İnsan hüquq və əsas azadlıqlarının qorunmasına təminat verən demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ölkəmizdə alternativsiz yol kimi göstərilir.

 

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edir. Konstitusiyamızın İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı adlanan 71-ci maddəsində göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyadaqanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

 

Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

 

Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.

Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.

Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

 

Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.

 

Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydadahüdudlarda fəaliyyət göstərə bilərlər.

 

Azərbaycan Respublikasının 2001-ci il yanvarın 25-də Avropa Şurasına daxil olması, daha sonraİnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azalıqların təmininə sadiqliyin ifadəsidir.

 

Son illər ölkəmizdə universalregional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil edən Azərbaycan beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutub. Beynəlxalq müqavilələr dövlətlər arasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin, dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla milli qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir.

 

Beynəlxalq hüququn səmərəliliyi, beynəlxalq müqavilələrin müddəalarının həyata keçirilməsi və beynəlxalq öhdəliklərə əməl olunması dövlət daxilində həyata keçirilən təşkilati və hüquqi tədbirlərdən asılıdır.

 

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətlərin üzərlərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, onların yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla, ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur. Respublikamızda pacta sunt servanda (müqavilələr icra olunmalıdır) pirinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi davam etməkdədir. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsini də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsidir.

 

Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu istiqamətdə növbəti addımlardan biri də dövlət başçısı tərəfindən 27 dekabr 2011-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın qəbul olunmasıdır. Bu Proqram insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universalregional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edir.

 

6 fəsil və 75 bənddən ibarət olan Proqramda aşağıdakı istiqamətlər üzrə konkret qanunvericipraktiki tədbirlər müəyyən olunur, onların izahı verilib:

 

- normativ-hüquqi bazanın təkmilləşdirilməsi;

- əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi;

- dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi;

- insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri;

- insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq;

- proqramın həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi.

 

Milli Fəaliyyət Proqramında qadınların, uşaqların, həbs yerlərində saxlanılan şəxslərin (müvafiq qanun layihəsi Milli Məclisin yaz sessiyasında ikinci oxunuşdan keçmişdir), miqrantların, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının daha etibarlı təmin olunması, habelə hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsi, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə və digər sahələrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi planlaşdırılır. Bu zaman hüquqi aktların layihələri hazırlanarkən ölkəmizin Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.

 

Sənəddə əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin - qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. bu baxımdan yoxsulluğun azaldılması, məşğulluğun təmin olunması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə artıq qəbul olunmuş müvafiq xüsusi dövlət proqramlarının icrasına Milli Fəaliyyət Proqramı kontekstindən yanaşılmalıdır.

 

Proqrama uyğun olaraq dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması və bu sahədə institusional islahatların həyata keçirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi, hakimlərin və hakimliyə namizədlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə olunması, məhkəmə qərarlarının vaxtında və dəqiq icra edilməsi üçün icra işinin səmərəliliyinin yüksəldilməsi, habelə vəkillik institutunun gücləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi məsələləri mühüm istiqamətlər sırasındadır.

 

Milli Fəaliyyət Proqramında insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilərək əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə ixtisaslaşmış beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi, bu sahədə beynəlxalq sənədlərin, xüsusilə də İnsan Hüquqlarına dair Avropa Konvensiyasının, işgəncələr əleyhinə Konvensiyanın dövlət qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən öyrənilməsinin təmin edilməsi nəzərdə tutulub.

 

Proqramda BMT-nin müxtəlif təsisatları, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESCO, UNİCEF, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarla birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanır.

 

Milli Fəaliyyət Proqramı insan haqlarının daha etibarlı müdafiəsi üçün qanunvericilik, məhkəmə-hüquq sistemi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində islahatları nəzərdə tutan əhatəli, uzunmüddətli sənəddir. Milli Fəaliyyət Proqramı konseptual, miqyaslı xarakter daşıyır və “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf strategiyası çərçivəsində qarşıya qoyulan vəzifələr kontekstində nəzərdən keçirilməlidir. Bu sənəd insan hüquqlarının müdafiəsinin Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biri olduğunu təsdiqləyir. Milli Fəaliyyət Proqramının qəbul edilməsi Azərbaycanın Yaxın Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsləri çərçivəsində yaxın tərəfdaşlıq etdiyi Avropa İttifaqı, habelə ATƏT tərəfindən insan haqlarının qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilib.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-23 dekabr.-S.10.