Vətəndaş cəmiyyəti və dəyərlər sistemi

 

Vətəndaş cəmiyyəti özlüyündə heç bir təşkilati mərkəzə malik olmayan cəmiyyətdir. Vətəndaş cəmiyyətini təşkil edən təşkilatlar və birliklər öz-özünə yaranır. Dövlətin hər hansı formada iştirak etmədiyi vətəndaş cəmiyyəti ictimai həyatı təşkil edən və tənzimləyən qüdrətli sferaya çevrilməklə, demokratik dövlətin ən mühüm tərəfidir.

 

Vətəndaş cəmiyyəti institutlarının inkişaf dərəcəsi isə hər bir dövlətdə demokratiyanın inkişaf səviyyəsini əks etdirir. 

 

Dövlətdən və kommersiya sektorundan ayrı olmaq, ümumi ehtiyac, maraq və dəyərləri olan insanlar tərəfindən formalaşdırılmaq, kənar təsirlərdən və nəzarətdən azad, müstəqil inkişaf imkanlarına malik olmaq vətəndaş cəmiyyətinin əsas keyfiyyətləri sayılır. Vətəndaş cəmiyyəti özütəşkil olunan və öz-özünə inkişaf edən bir sistem olsa da, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli şəkildə fəaliyyət göstərir və inkişaf edir.

 

Vətəndaşların birləşmək və dövlətin və cəmiyyətin idarə olunmasında iştirak hüquqları, insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olmaqla, ölkə qanunları ilə müəyyən edilir. Belə hüquqlardan istifadə etməklə, vətəndaşların fərqli formalarda cəmiyyətin həyatına qatılmaq, eyni zamanda ona təsir etmək imkanları vardır. Bundan başqa, vətəndaş cəmiyyəti dövlət və özəl sektordan kənarda vətəndaşların ən müxtəlif səviyyəli müstəqil birliklərinin kompleksini təşkil edir.

 

Vətəndaş cəmiyyəti azad və bərabərhüquqlu fərdlərin bazardemokratik hüquqi dövlətçilik şəraitinə dövlət vasitəsilə tənzimlənən qarşılıqlı münasibətlərin çoxcəhətliliyidir. Vətəndaş cəmiyyəti aşağıdan öz-özünə təşəkkül tapan ictimai orqanizm olmaqla xüsusi mənafelərin və fərdiyyətçiliyin azad oyun sferasıdır. Yəni bu cəmiyyətin formalaşmasını şərtləndirən birliklər öz-özünə, vətəndaşlar qrupununya müəssisələrin təzahürü ilə yaranır.

Vətəndaş cəmiyyəti şəxsiyyətin inkişafı, onun siyasi, iqtisadi, sosial və mənəvi cəhətdən formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Hüquqi dövlət və vətəndaş cəmiyyətini səciyyələndirən keyfiyyətlərin şəxsiyyətə təsirinin mühüm cəhətlərindən biri də dəyərlər sisteminin yenidən mənalandırılması və dəyərlər oriyentasiyasının dəyişdirilməsidir. Hər bir cəmiyyətdə müəyyən dəyərlər sistemi mövcud olurbu dəyərlər sistemi əhalinin, ayrı-ayrı fərdlərin davranış və hərəkətlərinin nizama salınmasında mühüm rol oynayır. Xüsusən də fundamental xarakterli dəyərlər ictimai həyatın bütün sferalarına dərindən nüfuz edir. İnsanların iqtisadi sahədəki fəaliyyəti, siyasi fəallığı və mənəvi həyatı bir çox cəhətdən məhz onlardan asılı olur. Şəxsiyyətin demək olar ki, bütün həyat fəaliyyəti həmin dəyərlər sisteminin əsasında qurulur.

 

Dəyərlərin rolu bununla məhdudlaşmır, onlar ictimai şüurun müxtəlif kanalları, adət-ənənələr vasitəsilə nəsildən-nəsilə ötürülürinkişaf etdirilir.

İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras isə onun milli-mənəvi dəyərləridir. Bu baxımdan hər sahədə mənəvi dəyərlərin təsbiti mövzusuna üstünlük verilməlidir.

 

Müstəqil dövlət quruculuğu yoluna qədəm qoyduqdan sonra Azərbaycanda milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq istiqamətində addımlar atılır. Dünya ölkələri arasında yalnız güclü dövlətlər öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Bu baxımdan Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması məhz bu istiqamətdə addımlar atılması üçün geniş imkan yaradıb.

 

Dünyada baş verən proseslər bizdən həyati bacarıqlara yiyələnən və yüksək milli-mənəvi dəyərlərə malik vətəndaşların yetişdirilməsini tələb edir. İnsan fərd kimi doğulub, tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir, vətəndaş kimi fəaliyyət göstərir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə və cəmiyyətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik insan nəzərdə tutulur. Bu baxımdan maddi və mənəvi inkişafda müvazinətin saxlanmasının beynəlxalq mədəni təşkilatlar səviyyəsində dəstəklənməsi dünyanın xoşbəxt gələcəyinə dair nikbin proqnozları hələ də stimullaşdırmaqdadır. Hətta günümüzdə dövlətlə bərabər QHT-lərin də işinin əsas qayəsi vətəndaşlar arasında mədəni və milli-mənəvi dəyərlərin yayılmasına kömək etmək olmalıdır.

 

Vətəndaş cəmiyyətinin əsas subyektinin insan və dəyərlər sistemi olduğunu deyən fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun sözlərinə görə, bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə, çevrilməsi prosesi baş verir. Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları - parlamentsiyasi partiyalar dövlət strukturlarına çevrilir. “Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir”.

 

Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəlincə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.

 

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılıya görə, vətəndaş cəmiyyəti bir institut olaraq filosoflar, tarixçilər və digər tədqiqatçıların əsrlərdir maraq dairəsindədir. Vətəndaş cəmiyyətini müxtəlif aspektlərdən öyrənən təqiqatçılar ilk öncə bu anlayışın mahiyyətini izah etməyə və bu bunun əhəmiyyətini insanlara çatdırmağa çalışıblar. Bunun nəticəsidir ki, müasir dövrümüzdə vətəndaş cəmiyyəti anlayışı daha geniş məna kəsb etməyə başlayıb.

 

Vətəndaş cəmiyyətinin əsas məqsədi, amalı dövlətinin cəmiyyətədəki hakimiyyətini, gücünü neytrallaşdıraraq tarazlığa nail olmaqdan ibarətdir.

Vətəndaş cəmiyyəti insanların etimadını qazanmaqla hökumətin yolunu kəsir və nəticədə hökumət insanlardan özünə qarşı loyallıq tələb edə bilmir. Vətəndaş cəmiyyətini təşkil edən QHT-lər, azad həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və digər könüllü təşkilatlar və təsisatlar hökumətə imkan vermir ki, o insanların inandığı yeganə quruma çevrilsin.

 

Siyasi hakimiyyətə bir sıra məhdudiyyətlər qoymaqla vətəndaş cəmiyyəti elə bir qarşılıqlı öhdəliklər şəbəkəsi yaratmalıdır ki, cəmiyyət özü-özünü idarə edə bilsin. “Vətəndaş cəmiyyəti azad insanların spontan hərəkətlərinin nəticəsidir. O, tələb edir ki, hökumət insanların yolundan çəkilsin və onlara istədikləri kimi birləşməyə imkan versin.

 

Vətəndaş cəmiyyəti demokratiyanın bərqərar olduğu ölkələrdə demokratikləşmə prosesinin ifadəsi, eyni zamanda mühüm və aparıcı amil olaraq onun inkişafına müstəsna rol oynayır.

 

Vətəndaş cəmiyyəti fəal surətdə siyasi liderlərə xatırladır ki, dövlətin ehtiyacları üçün olan xərclər və dövlət siyasəti ilə bağlı olan qərarlar qəbul edilərkən müxtəlif mənafe və maraqlar nəzərə alınmalıdır. Ona görə də fəal vətəndaş cəmiyyəti demokratiyanın inkişafı üçün əsas şərtdir. Onun dövlət hakimiyyətinə müxalif mövqe tutmaq və avtoritarizmə müqavimət göstərmək üçün potensialı, plüralistik təbiətə malik olduğundan müəyyən qrupların mənafeyinin dəstəklənməsində dövlətin bir alətinə çevrilməməsinə qarşı çıxmaq üçün hər cür imkanı var”.

 

Milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında, gələcək nəsillərə ötürülməsində qeyri-hökumət təşkilatlarının da üzərinə böyük vəzifələr düşür. III sektor bilməlidir ki, milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. O da məlumdur ki, gənc nəsil eyni zamanda xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Hazırda Azərbaycan QHT-lərinin də əsas amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etmək olmalıdır.

 

Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir. Bundan başqa, milli və bəşəri dəyərlərin sintezini dünya təcrübəsi yönündə həyata keçirilən islahatlar ölkəmizin dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmağa şərait yaradır.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-28 dekabr.-S.10.