Gələcəyimizin etibarlı təməli
- vətənpərvərlik
Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır".
Normal düşüncə tərzi olan hər kəsin daxilində Vətənə sevgi yaşayır. Bu sevgi yüksək olduqca böyük şəxsiyyətlər yetişdirir. Ana Vətən məhz belə böyük şəxsiyyətlərin qollarına söykənir və adı ucalır. Ulu öndər Heydər Əliyevin Vətənə sevgisi o qədər uca və yenilməz idi ki, çətin günlərdən və mübarizələrdən qalib kimi çıxararaq bu gün bizə xoşbəxt yaşadığımız Azərbaycanı bəxş etdi. Bu gün hər birimiz müstəqil Vətənimiz, bayrağımız, azadlığımıza görə ümummilli liderə borcluyuq və onun ideyalarını yaşatmalı, onun qədər olmasa da, bütün qəlbimizlə Vətəni sevməliyik. Vətənə sevgi ilə ürəyimiz çırpınmasa, ölkənin parlaq gələcəyini dumana qərq edərik.
Vətənə sevgi ana südündən, ana laylasından başlayır
Dövlətin gələcək inkişaf taleyini müəyyən edən uşaqlarda vətənpərvərlik hisslərinin tərbiyəsi önəmlidir. Hər bir ailə bu müqəddəs hissi övladlarına kiçik yaşlarından aşımalıdır. Balacalara yurdun gözəlliklərindən, igidlərindən, nağıllarından danışmaq onlarda Vətən haqqında ilkin təəssüratları yaradır. Uşaqlar dövlət bayrağı, dövlət gerbi, dövlət himnini sevməli, müstəqilliyimizin rəmzlərinə hörmətlə yanaşmağı və uğrunda hər cür fədakarlığa hazır olmağı öyrənməlidir. Ümummilli liderin siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib ki, "gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə yaşamalıdırlar".
Ailədən başlayan vətənpərvərlik tərbiyəsini təhsil müəssisələri davam etdirməlidir. Təhsil müəssisələri hər bir xalqın tərəqqi qapısıdır. Övladlarımızın vətənpərvər ruhda böyüməsi, vətənini sevən, onun uğrunda ölməyə belə hazır olan mərd şəxsiyyətlər kimi yetişməsində vətənpərvər müəllimlərin rolu böyükdür.
Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrətin sözlərinə görə, vətənpərvərlik bütün fənlərin tədrisində uşaqlara aşılanmalıdır: "Bütün fənn müəllimləri öncə özləri vətənpərvərlik nümunələrinə malik olmalıdırlar ki, qarşısındakı şagirdlərinə örnəkləri ilə bu mötəbər hissi ötürə bilsinlər. Təhsil müəssisələrində bu sahədə bir çox işlər aparılır. Görülən işlər barədə məlumatları məktəblərin adına açılmış sosial şəbəkələrdəki səhifələrdə də görmək olar. Misal üçün, Mübariz İbrahimovun anadan olduğu gün ilə əlaqədar təhsil işçilərinin məktəblilərlə bərabər Biləsuvar rayonuna getmələri və orada Milli Qəhrəmanımızı anmaları bir gözəl örnək oldu. Bu kimi tədbirlərin sayının çoxalması təqdirəlayiqdir".
A.Həsrətin fikrincə, uşaqlarda və gənclərdə vətənpərvərlik hissini düzgün formalaşdırmaq üçün bu ülvi hissi əsl vətənpərvər insanların timsalında təbliğ etmək lazımdır: "Əməlində əyriliyi olan adam vətənpərvərlikdən dərs keçərkən dediklərindəki süniliklər açıq-aşkar özünü göstərəcək. Çünki vətənpərvərlik hissindən uzaq olan adamlar danışdıqlarından və etdiyi əməllərindən tanınırlar. Yalnız və yalnız əməllərinin dürüstlüyü ilə seçilən, şəffaflığı ilə dəyərləndirilən, əqidəcə təmiz, vicdanlı, tam vətəninə bağlı insan canı ilə, damarında axan qanı ilə vətənpərvərlik hissini başqasına ötürə bilər".
Vətənpərvərliyin zirvəsi - hərbi vətənpərvərlik
Hər bir dövlət vətənpərvər insanların sayəsində inkişaf edir. Ölkənin gələcəyi gənclərin nə dərəcədə vətənpər olmasından, vətənə xidmət etməsindən asılıdır. "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının sözlərinə görə, torpaqlarının 20 faizinin düşmən tapdağı altında olan bir ölkədə gənc nəslin hərbi
vətənpərvərlik ruhunda yetişdirilməsi olduqca mühüm məsələdir. Bu, dövlətimizin gənclərlə bağlı siyasətinin əsas prioritet istiqmətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin banisi olduğu dövlət gənclər siyasəti uğurlu nəticələrini verib. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayıb. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır.
F.Şahbazlı bildirib ki, insan həyatındakı bütün hisslər kimi vətənpərvərlik hissləri də tərbiyəyə möhtacdır: "Bu hiss sonradan insanların gələcəyini müəyyən edən bir istiqamət kimi çox vacibdir. Nəzərə almalıyıq ki, qarşımızda vəhşi bir düşmən - Ermənistan durub. Orada hər bir uşağı doğuşdan Azərbaycana nifrət ruhu ilə böyüdürlər. Təbii ki, bu, bizim üçün bir siqnal olmalıdır. Orta məktəblərdə hərbi vətənpərvərliyə həsr olunan dərslər təkmilləşdirilməlidir. Bu dərslər formal xarakter daşımamalı, məktəbin son siniflərində oxuyan, cəmiyyətə artıq vətəndaş kimi təqdim olunacaq şagirdlər üçün həqiqətən də konkret bilgilər öyrədən dərslər kimi keçirilməlidir. Tək orta məktəblərdə deyil, ali təhsil müəssisələrində hərbi vətənpərvərlik təbliğatı yüksək səviyyədə olmalıdır".
O qeyd edib ki, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində Azərbaycandakı gənclər təşkilatlarının da üzərinə çox böyük məsuliyyət düşür: "Gənclər təşkilatları milli qəhrəmanlarımızın, şəhidlərimizin timsalında gənclərimizə Vətəni sevməyi, Vətən uğrunda savaşmağı nümunə göstərməlidir. Vətənpərvərlik "Vətəni sevirəm deməklə" bitməməlidir. Biz gənclərə Vətəni sevməyin, ona xidmət etməyin yollarını göstərməliyik. Vətənə xidmət etmək vətən torpaqlarını səngərdə qorumaqdan başlayan, Vətən üçün təhsil, mədəniyyət, elm və başqa sahələrdə uğurlu nəticələrə qədər davam edən Vətən uğrunda hər cür fədakarlıqdır".
Dediyinə görə, gənclər təşkilatları vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində fəaliyyətini artırmalıdır: "Bu gün Azərbaycanda fəaliyyət göstərən milli donor institutları, Azərbaycan Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası və digərləri bu tipli təşəbbüsləri dəstəkləyirlər. Xüsusilə, cəbhə bölgəsində xidmət edən əsgərlərlə görüşlərin sayı artırılmalıdır. Onlar Azərbaycan cəmiyyətinin, xalqının, gəncliyinin onlara böyük etimadının olduğunu hər an hiss etməlidirlər. Çünki millətin inamı orduda düşmənlə üz-üzə xidmət edən əsgərlər üçün çox böyük ruh yüksəkliyidir. Ona görə də biz hərbi xidmətdə olan, cəbhə bölgəsində xidmət edən gənclərimizi ziyarət etməyi yalnız müəyyən əlamətdar günlərdə düşünməməli, bunu ənənə halına gətirməliyik. Gənclər təşkilatları, müvafiq dövlət qurumları bu istiqamətdə ciddi iş aparmalıdırlar. Biz gənclərimizi bir dəqiqə də olsun vətənpərvər ruhdan kənarda qoymamalıyıq".
Şahbazlı bildirib ki, vətənpərvərliyin təbliğatı işində medianın da üzərinə böyük məsuliyyət düşür: "Çox təəssüf ki, bu gün televiziya kanallarımızın Azərbaycan gənclərini vətənpərvər ruhda böyüməsinə xidmət göstərdiyini deyə bilmirik. Televiziya kanalları vətənpərvər gənclərin, Vətəni üçün sözün həqiqi mənasında ortaya ciddi işlər qoyan, Vətən bayrağını dünyanın müxtəlif ölkələrində yüksəklərə qaldıran mərd oğulların deyil, tamamilə başqa sahələrin nümayəndələrinin, hətta vətən üçün üz qarası olan insanların təbliğatını aparmaqla məşğuldur. Bu çox ciddi problemdir. Cəmiyyətdən televiziya kanallarına bu istiqamətdə ciddi təpkilər bundan sonra da davam etməlidir".
Müasir dövrdə gənclərə internet məkandan, televiziya kanallarından, mətbuatdan daha tez təsir etmək olur. İnformasiya axınında vətənpərvərlik mövzusunda maraqlı verilişlərin, məqalələrin, diskussiyaların sayını artırsaq, gənc nəsillərə mükəmməl vətənpərvərlik hissini aşılayarıq.
Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur
Vətənin yeni doğan arzularını gerçəkləşdirən, işğal altında olan torpaqlarının azad olma ümidlərini doğruldan gənclər işıqlı sabahımızdır. Şübhəsiz ki, gənclərimizin əksəriyyəti Vətəninə hədsiz sevgi və hörmətlə yanaşır. Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda vətənpərvərlik gənclərimizə xas olan bir xüsusiyyətdir: "Vətənpərvərliyin yüksək olmasının iki səbəbi var. Birincisi, ailələrdə olan mühit, söhbətlərin mövzusu, ikincisi, Azərbaycan cəmiyyətində Vətənə olan münasibət hər bir gəncimizi vətənpərvər edir. İlk növbədə vətənpərvərliyi gənclərimizin Azərbaycanla bağlı olan tale yüklü məsələlərə çox həssaslıqla yanaşmasında, ölkənin milli maraqlarını özünün şəxsi maraqlarından üstün tutmasında görürəm. Gənc oğullarımızın hər biri bu gün hərbi qulluqda olmağa çalışır. Hərbidən yayınma halları demək olar ki, yoxdur. Gənclərimiz ictimai-siyasi, sosial fəaliyyətində vətənpərvərliklə bağlı işlərini daim yüksək tutur. Azərbaycandan kənarda təhsil alan və ya yaşayan gənclərimiz də Azərbaycanın tarixinin, mədəniyyətinin, tale yüklü məsələlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır".
A.Mirzəzadənin sözlərinə görə, gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılması istiqamətində daim yeni işlərin icrasına ehtiyac var: "Tariximizlə bağlı yeni məlumatların açıqlanması, Azərbaycanın nüfuzunun artmasında xidməti olan insanların tərcümeyi halı, fəaliyyəti ilə bağlı məlumatlara geniş yer verilməsi, gənclərin özünün təşəbbüskarlığının təbliğ edilməsi vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə xidmət edəcək".
Vətənə sevgi insanın canından, qanından gəlir. Deyirlər ki, insan itirəndə daha çox qədrini bilir. Amma Vətən o qədər müqəddəsdir ki, onu itirməyi təsəvvür etmək belə insana ağır gəlir. Vətən əldən gedərsə, millət də əldən gedər. Vətəni sevməklə yanaşı onu qorumağa hər an hazır olmalıyıq.
Gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılmasına dair ən gözəl və dərin mənalı kəlamların müəllifi ulu öndər Heydər Əliyev deyib ki, "hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir! Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir!"
Aynurə MƏMMƏDOVA
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun
keçirdiyi müsabiqəyə təqdim
etmək üçün
Ekspress.-2016.-26 fevral.-S.11.