Azərbaycan kinosu: Zəngin
ənənə və perspektivli gələcək
Dünyada qloballaşma prossesi sürətləndikcə, ölkələrin həm siyasi, həm də mədəni sahədə dünyaya inteqrasiyası zəruri şərtə çevrilir. Təbii ki, müasir dövrdə dövlətin ayaq üstə qalmasının əsas səbəbi onun iqtisadiyyatıdı. Səməd Vurğun demişkən, "çörək bol olarsa basılmaz vətən". Təbii ki, bu misranı böyük şairimiz müharibə ərəfəsində yazdığına görə, bu fikirləri müasir iqtisadiyyatla əlaqələndirmək düzgün olmazdı. Amma elə bir çörək də var ki, o gündəlik ərzaq tələbatı qədər mənəvi ehtiyaclarımızı da ödəyir.
Süfrələrəmizin bəzəyi çörək yaşamaq üçün bizə təpər olursa, ruhumuzun çörəyi həm də bizi yaşadır. Amma bu çörəyin o çörəkdən fərqi də var. Təndirdən çıxan çörək vaxt ötdükcə ətirini və keyfiyyətini itirirsə, ruhumuzun çörəyi heç vaxt təravətini və ləzzətini əldən vermir. Sobadan və təndirdən çıxan çörək evimizdən kənara çıxmırsa, ruhumuzun çörəyini bütün dünyaya yedizdiririk. Əslində hədər yerə Səməd Vurğun çörək məsəlini nümunə gətirmədim. Məsələ ondadı ki, hələ sovet dövründə yaşayıb yaratsa da, böyük şairimiz iti qələmi sayəsində digər 14 respublikada ölkəmizi yetərincə tanıda, müasir ifadəylə desək reklam edə bilib. Elə özü demişkən, "Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gündən". Bəli, böyük şair əsərləri ilə müsəlləh əsgərə çevrilmişdi. Deməli incəsənət və ədəbiyyat həm də silahımız, daxili gücümüzdü. Bir sözlə qloballaşma dövründə Azərbaycanı dünyaya tanıtmaq üçün, incəsənət və ədəbiyyat sahəsində yetərincə böyük işlər görülüb. Elə cənab prezidentimiz İlham Əliyev və Heydər Əliyev fondunun rəhbəri Mehriban Əliyevanın sahəsində Azərbaycan dünyaya həm də incəsənət və ədəbiyyat sahəsində də inteqrasiya olur. İndi dünya Azərbaycanı təkcə neftinə görə yox, həm də incəsənətə verdiyi dəyərə görə tanıyır. Əslində bu günə qədər görülən işlərin bəhrəsindən yazmalı olsaq, meşələr qələm çaylar mürəkkəb olsa belə sözlərimizi tam ifadə etmək üçün kağız tapa bilmərik. Bu mənada incəsənətin ən kütləvi və populyar sahəsi olan kino yaradıcılığına xüsusi diqqət göstərilməlidi. Çünki, müasir zamanda ölkənin əsas tanıtım vasitələrindən biri də kinodu. Ona görə ki, mavi ekranda canlandırılan hər bir şey hətta insan belə istəməyəndə evlərə daxil olur.
Kino sahəsinin
tarixi ənənələri
var
Hələ sovet dövründən filmlərimiz ölkəmizin tanıtımında böyük rol oynayıb. Bu mənada dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında 1945-ci ildə Rza Təhmasibin çəkdiyi film kinomuzun ilk göyərçini oldu. Bu film təkcə ittifaq ölkələrində yox, dünyanın müxtəlif ölkələrində uğurla nümayiş olundu. Hətta böyük şairimiz Səməd Vurğun Londonda olarkən "Arşın mal alan"ın posterini görərkən qürur duyduğunu da dilə gətirmişdi. Düzdü, həmin filmdən sonra hansısa ekran əsərimiz "Arşın mal alan" qədər dünyada populyarlıq qazanmadı. Amma bu filmin təsiri altında neçə-neçə filmlərimiz ölkəmizdən kənarda tanınmağa başladı. Hətta İttifaq ölkələrində keçirilən kinofestivallarda filmlərimiz müxtəlif nominasiyalarda qalib olub. Bu mənada "Axırıncı aşırım" filmini xüsusi qabarda bilərik. Belə ki, 1972-ci ildə Tiflisdə keçirilən V Ümumittifaq Kino Festivalında Adil İsgəndərovla Həsən Məmmədov bu filmdə yaratdığı ən yaxşı kişi obrazı nominasiyasında qalib elan olunub. Həmçinin "Yedi oğul istərəm", "Nəsimi" və "İstintaq" kimi kino əsərlərimizdə Ümumittifaq Kino Festivallarında mükafat sahibləri olublar. Bununla yanaşı, Azərbaycanın təbiətini və adət-ənənələrini təbliğ edən Yuli Qusmanın lentə aldığı "Qorxma, mən səninləyəm" filmini də xüsusi qabarda bilərik. Hətta həmin filmdə Qaxdakı Sumuqqala tarixi "sənət əsəri"ni bütün postsovet ölkələrində məşhurlaşdırdı.
Azərbaycanlı aktyor və rejissorlar respublikamızdan kənarda çəkilən filmlərimizdə də ölkəmizin adını ucalara qaldırıb. Bu mənada Bəşir Səfəroğlunun Tacikistanda Molla Nəsrəddin haqda çəkilən filmdə Mollanı oynamasını xüsusi qabarda bilərik. Fəxrəddin Manafov isə 1985-ci ildə Özbəkistan istehsalı olan "Əlvida, yayın yaşıllığı" filmində baş rolda yer almışdı. Rejissorlara gəlincə, Rasim Ocaqovun Rusiyada çəkdiyi "Qətldən 7 gün sonra" filmi isə şimal qonşularımızın bu günə qədər sevə-sevə izlədiyi filmlərdən biridi. Rasim Ocaqova qədər isə böyük rejissorumuz Əjdər İbrahimov ünlü türkiyəli aktrisa Türkan Şorayın rol aldığı "Məhəbbətim mənim, kədərim mənim" filmini araya-ərsəyə gətirə bilmişdi. Bir sözlə kinomuz hələ sovet dövründə hazırkı post-sovet məkanının avanqardına çevrilə bilmişdi.
Kino ədəbiyyatla
sıx bağlıdı
Kino sahəsinin digər sahələrindən üstünlüyü ondan ibarətdi ki, çəkilmiş filmdə həm də həmin ölkənin ab-havasını əks etdirmək olar. Kino əsəri həm də ölkənin məişət və mədəni həyatını dünyaya tanıdır. Məsələn biz hazırda inkişafda olan Türkiyə kino sənayesini misal gətirə bilərik. Belə ki, qardaş ölkə istehsalı filmlərə baxdıqda həm müasir, həm də keçmiş türk cəmiyyətinin və mədəni həyatının ştrixlərini görə bilirik. Bu mənada müasir dövrdə Azərbaycan həqiqətlərini dünyaya nümayiş etdirmək adına kinomotoqrafiya sahəsindən ideal nəsə tapmaq mümkün deyil. Özü də kino elə bir sahədi ki, o həm də ədəbiyyatı öz arxasınca daşıya bilir. Belədə öz ədəbiyyatını qızıl məcməyiyə qoyaraq onu lentə almaq, aktyorlarını dünyaya tanıtmaq əla tanıtım vasitəsidi.
Film yaradıcılığı ədəbiyyatla demək olar eyni vəhdət təşkil edir. Belə ki, əgər rejissor filmə həyat verirsə, yaxşı ssenari ekran əsərinin uğurlu alınmasının təminatçısıdı. Bu qəbildən dünyaya çıxış əldə edən bir çox yazıçılarımızın əsərləri film çəkilişləri üçün yaxşı əsər ola bilər. Məsələn, Çingiz Abdullayevin detektiv əsərləri dünyanın müxtəlif ölkələrində populyarlıq qazana bilib. Nəzərə alaq ki, hazırda dünya ədəbiyyatında ən çox oxunan janrlardan biri, bəlkə də ən birincisi detektivdi. Abdullayevi isə hazırda yaşayıb-yaradan dünyanın detektiv yazarları sırasında ilk sıralarda göstərmək olar. Təbii ki, Çingiz yaradıcılığı ilə yaxından tanış olan hər hansısa bir ədəbiyyatsevər yazıçının həyatı haqda müxtəlif mənbələrdən məlumatlar toplayır. Nəticədə bundan Azərbaycan udur. Üstünlüyümüz həm də ondan ibarətdi ki, Abdullayevin əsərləri hazır filmlər üçün bazadı. Bunun daha bir bariz nümunəsi Aqil Abbasın "Dolu" romanı əsasında ekranlaşdırılan eyniadlı kinolentdir. Qarabağ mövzusunda çəkilən film son illərdə yaradılan uğurlu sənət işidir. Yetərincə tamaşaçı kütləsi qazanan "Dolu" filmi Azərbaycan xalqının döyüş ruhunun qorumasına xidmət edir.
Kinomatoqrafiya
yenidən dirçəlir
Müstəqillik qazandıqdan sonra Azərbaycan öz mədəni irsini dünyaya yetərincə tanıda bilib. Lakin kino sahəsi incəsənətin digər növləri ilə müqayisədə bir az geri qalır. Bu boşluq son zamanlar bu sahəyə dövlətin diqqət ayırması ilə doldurulur. Kino sahəsi çətin və kifayyət qədər maliyyə tələb edən bir incəsənət növüdü. Düzdü hazırki şəraitdə film istehsalı geniş biznes şəbəkəsinə çevrilib. Lakin Azərbaycanda bu istiqamətdə öz addımlarını atmaqdadır. Azərbaycan kinomatoqrafiyası yeni sənət işləri ilə kinosevərləri sevindirməkdədi.
Azərbaycanfilmdə son illər çəkilmiş "Hökmdarın taleyi" və "Cavad xan" kinolentləri tarixi mövzunun kino sahəsində yenidən qayıtmasına səbəb oldu. Bunun da məntiqi davamı olaraq bu yaxınlarda lentə alınmış "Əli və Nino" filmi sayəsində ölkəmiz dünya kinomotoqrafiyasının əsas müzakirə obyektlərindən birinə çevrildi. Dünyada bestseller olan "Əli və Nino" romanı əsasında eyniadlı filmin çəkilişləri qısa vaxtda yekunlaşdı. Müəllifi Qurban Səid olan "Əli və Nino" romanı XX əsrin orijinal əsərlərindən biri hesab olunur. Filmin əsas motivi iki gəncin məhəbəti üzərində qurulsa da, Azərbaycanın o dövrdə müstəqillik uğrunda mübarizəsi də əksini tapıb. Qədim ənənələr ölkəsi Azərbaycan Avropa və Asiyanın qovuşuğunda yerləşərək tolerantlıq və dialoqun nümunəsi olması bu film vasitəsi ilə dünyaya bir daha tanıdılır. Filmin əsas özəliyindən biri məşhur aktyor heyətinin cəmləşməsidir. Yerli aktyorlarla yanaşı burada dünya şöhrətli aktyorlarda rol alıblar.
Qeyd edək ki, uğurla keçən filminin premyerasının məkanı da təsadüfi seçilməyib. Bu ekran əsərinin nümayişi ABŞ-ın "Sundance" beynəlxalq film festivalı çərçivəsində "Premyera" kateqoriyasında olub. Xarici media "Əli və Nino"nun musiqisini və kinematoqrafiyasını yüksək dəyərləndirmiş, yayımlanmış materiallarda filmin musiqisinin nostalji, eyni zamanda romantik, kədərli, bununla yanaşı ümidverici olduğunu qeyd etmişdir.
Azərbaycan kinomatoqrafiyasının daha bir uğurlu layihəsi Elçin Musaoğlunun rejisoru olduğu "Nabat" filmidir. Təsadüfi deyil ki, bu film Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının nüfuzlu mükafatı olan "Oskar"a təqdim olunan filmlər arasına yer almışdır. Dünya premyerası 71-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutan ekran əsərində Azərbaycan xalqının ağrılı problemi olan Qarabağ münaqişəsindən bəhs edilir. Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.
Üstəlik "Nabat" filmi müxtəlif kinomüsabiqələrə dəvət alıb. Ekran əsəri 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında üç mükafata, Hindistanda 13-cü Pune film festivalında, İranda 33-cü Fəcr kinofestivalında və Türkiyədə keçirilən Boğaziçi beynəlxalq film festivalında mükafata layiq görülüb. Bununla yanaşı "Nabat" Almaniyanın Ştarnberq şəhərində 9-cu "Fünf Seen" (Beş göl) və Dəkkə film beynəlxalq müstəqil film festivalının müsabiqə proqramına daxil edilib.
Qeyd edək ki, bədii filmlərlə yanaşı sənədli film çəkilişləri də diqqətdən kənar qalmır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində çəkilmiş Aleksandras A.Brokasın "Sonu görünməyən dəhliz" sənədli filmi Xocalı həqiqətlərinin tanıdılmasında mühüm rol oynayıb. Dünyanın müxtəlif yerlərində nümayiş etdirilən ekran əsəri geniş tamaşaçı marağına səbəb olmuşdur.
Daha bir uğurlu iş kimi misal olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filmini göstərmək olar. Faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunmuş filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.
Yuxarıda sadaladıqlarımız kinomatoqrafiyamızın son illər nəzərə çarpan əsas işləridir. Lakin kino sahəsində görülən işlər bunlardan daha çoxdur. Təbii ki, Azərbaycan kinosunun dünyada tanınması adına görəcəyimiz işlər hələ yetərincədi. Amma fikrimcə, gələcəyə nikbin boylanmaq olar. Çünki bizim kinomotaqrafiyamızın xeyir duasını Bakıda mədəndə yanğını lentə alan kinonun yaradıcısı Lümyer qardaşları verib.
Rövşən
MƏMMƏDLİ
Ekspress.-2016.-27-29 fevral.-S.11.