İctimai şuralarda
vətəndaş cəmiyyətinin rolu
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Dövlət orqanlarının işinin effektiv qurulmasının metodlarından biri də həmin qurumların işində vətəndaş cəmiyyətinin iştirakı, verilən qərarlara təsiri sayıla bilər. Hansı ki, son illər Azərbaycanda da bu sahədə xeyli irəliləyişlər hiss olunur.
Bu gün Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarət məsələsi gündəmdədir. Bu məsələ "İctimai iştirakçılıq haqqında" qanunda əksini tapıb. Qeyd edək ki, 2014-cü ildə qüvvəyə minən bu qanuna əsasən müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır.
Mərkəzi və yerli icra hakimiyyətləri yanında ictimai şuraların yaradılmasını Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə qeyd edib. Dövlət başçısının Nazirlər Kabinetinin son müşavirəsində söylədiklərini xatırlayaq: "Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki, sadəcə olaraq, insanlardan tələb etsək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır".
Bu gün bəzi nazirliklərdə, komitələrdə, yerli icra hakimiyyətlərində artıq ictimai şuralar formalaşdırılıb.
Qeyd edək ki, bu yaxınlarda ölkənin aparıcı QHT təmsilçiləri QHT Şurasının təşəbüsü ilə toplantı keçirərək, müzakirələr aparıblar. Nəticədə ictimai nəzarətin təşkili mexanizmlərinin müəyyən edilməsi və konkret addımların atılması üçün 3 istiqamət üzrə işçi qruplar yaradılıb; iqtisadi məsələlər; sosial məsələlər; ictimaiyyətlə əlaqələr.
Yuxarıda da qeyd etdiyimiz kimi, artıq əksər dövlət qurumları yanında ictimai şuralar yaradılıb. Ancaq bəzi qurumların bu sahədəki passivlikləri hiss olunur. Yəni, bir sıra təşkilatlar ictimai şuraların formalaşdırılmasında maraqlı görünmürlər. Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bunu həmin qurumların üzərinə düşən vəzifələri yerinə yetirə bilməməsi ilə əlaqələndirir. Dediyinə görə, onların müvafiq strukturları qəbul olunmuş qanunlarla tanış olmurlar. "Bəzi hallarda məmurlarımız bu işdə maraqlı olmurlar. Ona görə ki, bu şuralar yaradılsa onların strukturlarındakı mövcud problemlər ictimai müzakirəyə çıxarıla bilər. Onlar ictimai dinləmələrdən uzaq olmaq və qəbul edilən qərarlar daha dar çərçivədə həyata keçirilsin istəyirlər".
Dövlət başçısının Appelyasiya Şuralarının yaradılması barədə qərar verdiyini xatırladan fon rəhbəri "sia"ya bildirib ki, bu şuralar sahibkar-dövlət orqanları arasında münasibətlərlə bağlıdır. "Məhkəmə prosesləri keçmədən qvardi-məhkməmə strukturlarının yaradılmasını nəzərdə tutur. Sahibkarların şikayətləri araşdırılaraq ona uyğun cavab veriləcək. Bu sahibkarlıq mühitinin yaradılmasına və sahibkarlığa mane olan inzibati bürokratiyayanın aradan qaldırılmasına xidmət edəcək vasitədir. Eyni zamanda bu həm də ictimai nəzarətin həyata keçirilməsinin effektiv üsullarından biridir. Azərbaycan Prezidentinin verdiyi qərarlar kağız üzərində qalmamalıdır və müvafiq strukturlar bundan irəli gələn məsələləri doğru-dürüst yerinə yetirməlidirlər. Bu, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına və dövlət orqanlarına etimadın möhkəmlənməsinə gətirib çıxara bilər. Verilən qərarlar zamanı vətəndaşların bu qərarların hazırlıq mərhələsində iştirakı həm şəffaflığa həm də müvafiq qurumlara inamın artmasına səbəb olar. Belə olan halda həmin qərarlar daha effektiv nəticələrlə yekunlaşır".
Nuriyev hesab edir ki, ictimai şuraların yaradılması, atılan addımlarda vətəndaşların rəyinin öyrənilməsi baş verə biləcək mənfi fəsadların qarşısnı öncədən ala bilər.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da ictimai şuranın yaradılmasını idarəçilikdə qüsurları müəyyənləşdirmək baxımından ən effektiv üsul sayır. Onun sözlərinə görə, şura üzvləri heç bir məsləhətləşmə aparmadan müvafiq strukturların iş fəaliyyətinə nəzarət edə bilər.
Bəzi qurumların hələ də ictimai şura yaratmadığına diqqət çəkən S.Məmmədovun fikrincə, buna səbəb həmin təşkilatların onların işinə nəzarət edən şuralardan qorxmasıdır: "Qanunverici orqanda da bu yöndə qanun qəbul olundu amma hələki nəticə yoxdur. İctimai Şuranın yaradılması və işində ən aktiv iştirak edən qurum Ədliyyə Nazirliyi ilə yanaşı Dövlət Qulluğuna qəbul üzrə Dövlət Komissiyasıdır. Biz hətta onların işində ekspert kimi də iştirak edirik. Orada gedən bütün proseslər bizə bəllidir və lazım gəldikdə bu barədə açıqlamalar da veririk. Nazirlər Kabinetinin 171 və 172 saylı qərarları var ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ictimai şuraların və ictimai iştirakçılığın digər formalarını tətbiq etməlidir. Müvafiq əsasnamələr qəbul olunub".
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yeni təşəbbüslə çıxış etdiyini deyən Sahib Məmmədova görə, ictimai nəzarətlə bağlı daha təkmil qanun ortaya çıxmalıdır. "Əks halda bəzi orqanlar, məmurlar bu islahatları sabotaj edəcək. İctimai iştirakçılığın iştirakçıları yalnız QHT-lər deyil. Qanunda da göstərildiyi kimi 5 vətəndaş xəmiyyəti qurumu: QHT-lər, Həmkarlar ittifaqları, KİV, bələdiyyələrin məhəllə komitələri və vətəndaşların təşəbbüs qrupları. Gedən proseslərə mətbuat və QHT-lər xüsusilə diqqət yetirməli, yaxşını təşviq etməli, pisi də deməlidir".
Qeyd edək ki, "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı var. 2014-cü il mayın 30-da qəbul olunmuş Əsasnamə "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən hazırlanıb və ictimai şuraların vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsi qaydalarını müəyyən edir.
Əsasnamədə bildirilir ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə isə müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı ictimai şuranın üzvü ola bilər.
Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının işçiləri həmin orqanlarda yaradılan ictimai şuraya üzv ola bilməzlər.
Əsasnamədə qeyd olunur ki, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ictimai şuranın sərbəst və bütün tərəflərə bərabər münasibət göstərməklə formalaşdırılması üçün tam şərait yaratmalıdırlar.
Qanunun 6.1-ci maddəsinə uyğun olaraq, ictimai şuralar vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməlidir.
İctimai şuralara seçkilərin təşkili həmin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. İctimai şuralara seçkilərin təşkili məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında 9 nəfərdən ibarət seçki komissiyaları yaradılır.
Bildirilir ki, seçki komissiyalarının tərkibi mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv (mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə müvafiq sahə üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının nümayəndələri) olmaqla təşkil edilir.
Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddi həmin orqanın fəaliyyət istiqamətlərinin genişliyi və iş həcmi nəzərə alınmaqla, 5-15 üzvdən ibarət tərkibdə seçki komissiyaları tərəfindən müəyyən edilir.
Seçki komissiyalarının fəaliyyəti yalnız ictimai şuralara seçkilərin təşkili və ictimai şuranın üzvlərinin say həddinin müəyyən edilməsi ilə məhdudlaşır.
İctimai şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. Seçki komissiyalarının üzvləri bu səsvermədə iştirak edə bilməzlər.
Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması və başa çatması vaxtını elan edirlər.
Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Yeri gəlmişkən, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni hazırlanan "İctimai nəzarət haqqında" qanun layihəsinin ictimai müzakirəsini keçirib. "İctimai nəzarət haqqında" yeni qanun layihəsinin məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin vəzifə və funksiyalarının, həmçinin qanunvericlik aktlarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi sahəsində münasibətlərin tənzimləməkdir.
İctimai nəzarət mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir. Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən hazırlanan 17 maddədən ibarət layihədə qeyd olunur ki, ictimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralar vasitəsilə həyata keçirilir. İctimai şuralarda Qeyri-Hökumət Təşkilatları, Həmkarlar İttifaqı, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilər.
İctimai Şuranın tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənən İctimai Şuralar Haqqında Əsasnaməyə əsasən yaradılan vahid seçki komissiyası tərəfindən seçiləcək. İctimai şuraların say tərkibi, ictimai sədri, katibliyi, səlahiyyət müddəti ilə bağlı məsələlər bu əsasnaməylə müəyyənləşdiriləcək. İctimai nəzarət subyektinin hüquqları sırasına ictimai tədbirlər keçirmək, rəy sorğuları təşkil etmək, tövsiyyələr hazırlayıb təqdim etmək, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanının rəhbərliyi ilə ictimai nəzarətin nəticələrini müzakirə etmək və sair daxildir. Layihədə qeyd olunur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri ictimai nəzarətin subyektləri ilə əməkdaşlıq etməli, onların sərbəst fəaliyyəti üçün zəruri olan iş şəraiti yaratmalı, lazımı avadanlıqla təchiz etməli və qaldırılan məsələlərin həllində müvafiq tədbirlər görməlidir. Müzakərlər zamanı millət vəkilləri və vətəndaş cəmiyyətinin təmsilçiləri layihə bağlı müxtəlif təkliflər səsləndirdilər. Qeyd olunub ki, səslənən təkliflərin müvafiq sayılanları layihəsinin birinci, ikinci və üçüncü oxunuşda müzakirəsi zamanı nəzərə alınacaq.
Murad
MƏMMƏDLİ
Ekspress.-2016.-1 mart.-S.10.