Tolerantlıq - yüksək mədəniyyətin
təzahürü
Demokratiyanın
əsas göstəricilərindən biri də demokratik cəmiyyətin
çoxmillətli, çoxetnoslu olmasıdır. Demokratik dəyər
kimi təbliğ edilən tolerantlıq çoxmillətli
dövlət olan Azərbaycanda minilliklər boyu
formalaşmış xarakterik xüsusiyyətidir desək,
yanılmarıq. Burda ayrı-ayrı dini konfensiyaların
nümayəndələri uzun illədir çiyin-çiyinə
yaşayıb, birgə fəaliyyət göstərirlər.
Bu əzəldən də belə olub, indi də belədir, gələcəkdə
də bu cür olacaq. Azərbaycandakı dini
tolerantlığın təbliğinə elə də ehtiyac
yoxdur. Bunu ölkəmizdə bircə dəfə olan hər kəs
əyani şəkildə görə bilər.
Azərbaycanda
heç kimi öz adət-ənələrinə görə
aşağılamırlar
Şəki rayonunu
multikulturalizm beşiyi adlandırmaq olar. Uzun illər etnik xalqların nümayəndələrinin
yaşadığı Şəkidə onların ibadət
etdiyi kilsələr bu gün də qalmaqdadır. Bu məbədlərdən biri də rayonun Kiş kəndində
yerləşən Şəki Alban Məbədidir. Məbədə gedən yol Kiş
çayının üzərindən keçdiyindən, ora
gedib-gəlmək elə də asan deyil. Çayın
daşması nəticəsində rayon mərkəzi ilə kəndin
əlaqəsi kəsildiyindən, mədəbə üz
tutanlar da təbiətin xoş günündə ora gediblər.
Kilsəyə ziyarətə gələn Cəlil
Əmirov buranın əsrlər boyu ibadət yeri olduğunu deyir. Onun sözlərinə görə, bütün dinlərin
nümayəndələri, etnik xalqların nümayəndələri
Alban Mədəbinə ziyarətə gəlir. Aradan əsrlərin keçməsinə baxmayaraq bu
gün də Kiş Alban Məbədinin qapıları hər
kəsin üzünə açıqdır. İnanclı hər kəsin üz tutduğu məkandır
Kiş Alban Məbədi.
Məbəd nəzarətçisi
Sevinc Bilgin isə deyir ki, əvvəllər Şəkidə
digər xaqların nümayəndələri daha çox
olduqlarından ziyarətə gələnlərin sayı da
çox olub. Amma zamanla
Şəkidə yaşayan etniklərin sayı azalıb, bəzisi
dünyasını dəyişib, bəzisi
yaşadığı məkanı. Ona
görə də indi bu məbədə ibadət
üçün gələnlər də azdır.
Azərbaycan Milli Elmlər
Akademiyasının əməkdaşı, milliyətcə yəhudi
olan Qaliya Əliyeva da mədəbə ziyarətə gələnlərin
arasındadır. Bildirir ki, Azərbaycanda
heç kimi öz adət- ənələrinə görə
aşağılamırlar. Azərbaycanda
bütün xalqlar öz mədəniyyəti, dili, dini və
adət-ənənəsi ilə yaşayır. Bakı -yəhudi qəzeti olan “Amişav”ın
redaktoru vəzifəsində çalışmış həmsöhbətimizin
sözlərinə görə, Azərbaycan yeganə ölkədir
ki, burada antisemitizm - yəhudi düşmənliyi yoxdu. “Mən Bakıda 1990-cı ildən yaşayıram,
Azərbaycanın vətəndaşıyam və vətəndaşı
olduğum ölkəni də sevirəm”.
Dini tolerantlıq Azərbaycanda insana verilən
dəyərin ölçüsüdür
Azərbaycan nefti, mədəniyyəti
ilə tanındığı kimi dinlərə münasibəti
ilə də dünyaya nümunə olan bir ölkədir. Millət vəkili Yevda Abramov da hesab edir ki, üç
dinin kəsişdiyi məkan olan Azərbaycanda dünyada
analoqu olmayan dinlərarası münasibətlər, dostluq
mövcuddur. Azərbaycanda yəhudilərin timsalında
din və vicdan azadlıqlarının, konstitusion
hüquqlarının qorunması üçün heç bir
problemin olmadığını deyən müsahibimizin
bildirdiyinə görə, o biri din
daşıyıcıları da bunu təsdiqləyə bilərlər:
“Bu gün Azərbaycandakı tolerantlıq digər ölkələrə
nümunədir. Bunun nəticəsidir ki, son illərdə
dini məsələlərlə bağlı bütün beynəlxalq
konfranslar məhz Azərbaycanda keçirilir. Və bura gələn hər kəs də Azərbaycandakı
dini tolerantlığı bəyənir, dəstəkləyir
və bunu öyrənməyə çalışır.
Təbii ki, bu da Azərbaycana
başucalığı gətirir. Dini
tolerantlıq Azərbaycanda insana verilən dəyərin
ölçüsü, kriteriyasıdır”.
Onun sözlərinə
görə, bəzi beynəlxalq təşkilatların Azərbaycanda
insan haqlarının boğulmasını iddia etməsi də
ölkəmizə təsir etmək üçün
düşünülmüş iyrənc yollardan biridir. “Amma ölkəmizdə keçirilən
bütün beynəlxalq təbdirlər dünyaya göstərir
ki, Azərbaycan multikultural, tolerant dövlətdir”.
Multukulturalizm
Azərbaycan xalqının qanında,
canındadır
Azərbaycan Dağ Yəhudiləri
İcmasının sədri Milix Yevdayev Heydər Əliyevin təbirincə,
“tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”
deyərək, bildirir ki, əgər xalqın yüksək mədəniyyəti
olmasa, nə tolerantlıq, nə qarşılıqlı
hörmət-izzət, nə də multukulturalizm ola bilər. “Sehirli çubuq
vasitəsilə heç bir yerdə, heç bir ölkədə,
heç bir millətdə multukulturalizm dəyərlərini
yaratmaq mümkün deyil. Multukulturalizm dəyərləri
tolerantlıqdan doğan dəyərlərdir. Multukulturalizm Azərbaycan xalqının qanında,
canında, dilində, ruhundadır”.
Mediada dini bilgilərin
artırılması mütləqdir
Dini tolerantlığın
inkişafı daha çox dini maarifləndirmədən
asılıdır. Bu sahədə isə əsas
iş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
və təbii ki, ölkə mediasının üzərinə
düşür. Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Dini maarifləndirmə işinin təşkili
şöbəsinin müdiri Sadiq Mirzəyevin sözlərinə
görə, Dövlət Komitəsi dini radikalizm və
ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin
təbliği, tolerant və multikultural ənənələrimizin
təşviqi, həmçinin xurafat və fanatizmin
qarşısının alınması məqsədilə
kompleks tədbirlər həyata keçirir. Həmin tədbirlərin
təşkili və keçirilməsi prosesinə aidiyyəti
qurumlar, o cümlədən yerli icra hakimiyyəti orqanları,
qeyri-hökumət və gənclər təşkilatları,
ziyalılar, din xadimləri və dini icmalar cəlb olunur.
Eyni zamanda, Dövlət Komitəsi ilə
müvafiq dövlət qurumları arasında müxtəlif
din və məzhəb mənsubları arasında
dözümsüzlük, ayrı-seçkilik,
qarşıdurma, zorakılıq hallarına yol verilməməsi,
dini icmaların fəaliyyətində tolerantlığın
gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin
qarşısının alınması məqsədilə tədbirlər
planlarının imzalanması artıq ənənə
halını alıb.
Həmsöhbətimiz dini
maarifləndirmə sahəsində ideoloji işin
aparılmasını günün vacib tələbi sayır. Dediyinə görə, aparılan işin effektivliyinin
təmin olunması və uğurla nəticələnməsi
üçün ziyalıların, vətəndaş cəmiyyətlərinin,
KİV-in, eyni zamanda dini sahədə fəaliyyət göstərən
mütəxəssislərin və elm adamlarının bu
prosesdə fəal iştirakı vacib amildir. “Həmçinin əsas məsələlərdən
biri də, xüsusən gənclər arasında zərərli
dini ideologiyalara qarşı güclü immunitetin, müqavimət
mühitinin formalaşdırılmasıdır. Dini və milli dəyərlərimizin birgə
inkişafı, dindarlar arasında təhsil səviyyəsinin
daha da gücləndirilməsi, dini elmlərlə
yanaşı, dünyəvi elmlərin də öyrənilməsi,
ümumi dünyagörüşünün yüksəldilməsi
qeyd olunan problemlərin aradan qaldırılmasında
faydalı olacağına şübhə etmirəm”.
Medianın bütün
dünyada təbliğat və təşviqat işinin əsas
lokomotivi olduğunu deyən S.Mirzəyev Dövlət Komitəsinin
bu mühüm vasitədən maksimum dərəcədə
faydalanmağa çalışdığını
vurğulayır. “Dövlət
Komitəsi dini maarifçilik sahəsində KİV ilə əməkdaşlığa
böyük əhəmiyyət verir. Bütövlükdə
cəmiyyətimizdə, o cümlədən onun maarifləndirilməsində
xüsusi rolu olan mediamızda dini bilgilərin
artırılması mütləqdir”.
Qeyd edək ki, Azərbaycan Jurnalistlərinin
Peşə Davranış Qaydalarının 3-cü Prinsipi
(Şərəf və ləyaqətin qorunması, şəxsi
həyatın toxunulmazlığı) jurnalistlərə dini və
milli məsələlər mövzusunda material
hazırlanması üçün istiqamət verir: “Jurnalist
adamları millətinə, irqinə, dininə.... görə
pisləməməli, onlar haqqında bu qəbildən olan
bilgiləri qabartmamalıdır”. Jurnalist Həmkarları
İttifaqının sədri Müşfiq Ələsgərli
o qənaətdədir ki, kiçik istisnaları nəzərə
alsaq, Azərbaycan jurnalistləri bu prinsipə, demək olar,
sadiqdirlər. “Amma bu gün vəziyyət
elədir ki, jurnalistlər təkcə “tabulara” əməl etməklə
kifayətlənməməlidirlər. Biz istəsək də,
istəməsək də, dünyada dini mövzuları
qabartmağa, dinlərarası savaşı
alovlandırmağa cəhd edən qüvvələr var.
Proses o qədər aktivləşib ki, hətta “demokratiya
beşiyi” sayılan Avropada da dini müstəvidə aksiyalar
baş verir, İslamafobiya meylləri güclənir”.
Onun sözlərinə görə,
proses Azərbaycanda da narahatlıq doğurur, istər dini
ekstremist qüvvələrə, istərsə də, bu
qüvvələrin təsiri altına düşüb
islamafob meyllərə qatılan sıravi insanlara cavab vermək
lazım gəlir. Dediyinə görə, bu baxımdan, Azərbaycan
jurnalistlərinin, Azərbaycan mediasının üzərinə əlavə
ictimai məsuliyyət düşür: jurnalistlər dini
mövzuda baş verən insidentlərdən xəbərlər
hazırlayarkən, yaxud, baş verənlərə cavab
xarakterli materiallar hazırlayarkən, atəşin
alovlanmasına yox, düyünün açılmasına,
proseslərin səngiməsinə xidmət edən
nüansları qabartmalıdırlar. “Həmçinin,
yaranmış durumda dini tolerantlıq nümunəsi olaraq Azərbaycanın
dünyaya örnək olaraq göstərilməsi
lazımdır. Bu məsələdə də
jurnalistlərin üzərinə ictimai məsuliyyət
düşür. Əlbəttə, kimsənin
qarşısında öhdəlik yaratmaq olmaz ki, sən
mütləq bu mövzularda material hazırlamalısan. Bu, yalnız bir vətəndaş məsuliyyəti,
ictimai vəzifədir ki, jurnalistlərimiz yaranmış gərginlikdən
çıxış üçün öz köməklərini
göstərməlidirlər”.
Bölgələrdə
dini tolerantlığın səviyyəsi
DQİDK-nin
Yevlax bölgəsi üzrə şöbəsinin müdiri
Natiq Əfəndiyev bölgələrdə
tolerantlığın səviyyəsini qənaətbəxş
sayır. Dediyinə görə, Dini Komitənin Yevlax bölgəsi
üzrə şöbəsinə daxil olan Mingəçevir
şəhər, Bərdə, Ağdaş və Yevlax
rayonlarında tolerantlığın səviyyəsi qənaətbəxşdir.
“Tolerantlıq Azərbaycan dövlətinin siyasətinin
tərkib hissəsidir” deyən müsahibimiz bu sahədə
inkişafa nail olunması üçün dini icmaların
yaradılmasını, Komitə tərəfindən nəşrinə
icazə verilmiş dini ədəbiyyatların paylanması və
dini maarifləndirmə tədbirlərinin həyata
keçirilməsini vacib sayır.
Təmsil olunduğu bölgədə dini maarifləndirmə
işinin təşkilinə gəlincə, N.Əfəndiyevin
sözlərinə görə, Azərbaycan
Respublikasının prezitentinin 27 noyabr 2014 cü il tarixli
müvafiq sərəncamına uyğun olaraq Yevlax rayonu Xaldan
kənd “Cümə” məscidi dini icması, Bərdə
rayonu “Uğurbəyli
kənd məscidi” dini icması, Mingəçevir şəhəri
“Mingəçevir kənd” dini icması, Ağdaş rayonu
“Üçqovaq məscidi” dini icmaları tərəfindən
layihə çərçivəsində 21 tədbir həyata
keçirilib.
İşlə
sübuta yetirilən əməl
Dünya
şahmat taxtası,
Hamı mənəm-mənəmliyindən
bir-birinə
şah deyir,
Qaçan da Allah deyir,
qovan da Allah
deyir.
Bu qaçhaqaç, qovhaqov
dünyasında Allahdan istədiyimiz nədir? Təbii ki, əmin-amanlıq, insanların bir-birinin
inanclarına hörmət bəsləməsini.
Hər kəsin öz dini
özü üçün alidir, hər kəs öz dininə
hörmət edir. Amma Azərbaycanda
hər kəs bir-birinin dininə hörmət edir. Ölkədə hər kəs öz dini ayinlərini
sərbəst keçirmək qabiliyyətindədir. Buna həm Azərbaycan Konstitusiyası, həm də
Azərbaycan prezidenti təminat verir. Bu təminat isə
sadəcə, sözlə deyil, işlə də sübuta
yetirilir...
Qalib İBRAHİMOĞLU
Ekspress.- 2016.- 12 iyul.- S.11.