Canlanır hər
qarış yer Sumqayıtda...
Gecədir... Eyvandan doğma şəhərimə
baxıram... Ulduzlar
sayrışır ... bu, ulduz deyil..... İnsan oğlunun əli
ilə yaradılan möcüzələr şəhərinin
işıqlarıdır...
Cəmi
66 yaşlı Sumqayıt şəhərinin inkişaf və
tərəqqi dövrü kimi xarakterizə olunan son 34 ili xalqımızın müdrik oğlu Heydər
Əliyevin adı ilə bağlıdır. Sumqayıt şəhərinə
və sumqayıtlılara diqqət və
qayğısını əsirgəməyən Heydər
Əliyev 16 dəfə Sumqayıt şəhərində olub
ki, bu səfərlərin də hər biri şəhərin
tarixi salnaməsinin ən parlaq və unudulmaz səhifələrini təşkil
edir.
Heydər
Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanda Sumqayıtda
əsas etibarilə metallurgiya və kimya müəssisələri
var idi. Bir il sonra məhz Heydər
Əliyevin təşəbbüsü ilə yüngül sənaye
müəssisələri - Üst Trikotaj və Xovlu İpək
fabrikləri tikilib istifadəyə verildi. Eyni
zamanda, sənayenin digər sahələri inkişaf etdirildi,
yeni istehsal sahələri istismara verildi.
Sumqayıt tarixi mənbələrdə
Etnoqraf
alim A.Hüseynzadənin tədqiqatlarından, onun “Abşeron
yarımadasının etnik toponomiyaları haqqında: Corat,
Saray, Sumqayıt” məqaləsindən aydın olur ki, hələ
bu adda şəhər yaranmamışdan əvvəl,
Abşeronda Sumqayıt adında 4 müxtəlif xüsusiyyətli
coğrafi adlar məlum idi. Əhali yaşayan məntəqə,
çay, mayak, dəmiryol stansiyası,
başlanğıcını Qafqaz sıra
dağlarının cənub yamaclarından
götürmüş üç çay - Gözlü
çay, Çikil çay və Əngilan çayın
axını Abşeron yarımadasında yeganə şirin su
mənbəyi olan Sumqayıt çayı əmələ gətirib.
Ədəbiyyatda toponimiyanın aşağıdakı
variantları məlumdur. Sumqayıt, Su qayıt, Sumqay, Sumqayıt,
Sukkayıt. XIX əsrin qırxıncı illərində
rus səyyahı İ.Brezin xalq etimologiyasının
toponomiyalarına əsasən, özünün yol qeydlərində
yazırdı: “Sumqayıtın yaxınlığında
çay axır, Sumqayıt və ya Su qayıt çayı. Türk dilində “su qayıt” mənasını
bildirir. Belə bir ad bu çaya ona görə
verilib ki, guya çayın suyu istidə quruyur,
yağışdan sonra isə yenidən əmələ gəlir”.
Alimlərin
tədqiqatlarına görə, Sumqayıtın ərazisində
eramızdan əvvəl VII əsrdə fars
tayfaları məskunlaşıblar. Orta əsrlərdə
isə burada lap dənizin kənarından böyük ticarət
yolu uzanırdı. O dövrün səyyahları bizə
Sumqayıt çayının hər iki tərəfində
yerləşmiş iki karvan sarayın təsvirini veribşlər.
Sonralar arxeoloqların tapdıqları
uçurulmuş körpünün qalıqlarını və
həmin karvan sarayları XVI-XVII əsrlərə aid edirlər.
Respublikamızda məşhur olan alim E.A.Poxomovun
fikrincə isə onları lap uzaq dövrə də aid etmək
olar.
Sumqayıt qəhrəmanlar, gözəl
insanlar şəhəridir
Məhz
70-ci illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində
Sumqayıt nəhəng tikinti meydançasına
çevrildi. Şəhərə gələn
qonaq və xarici nümayəndələr burda aparılan nəhəng
quruculuq prosesinin miqyas və vüsətinə heyran qalırdılar.
Dünyanın demək olar ki, əksər ölkələrinə
ixrac olunan şəhər sənayesi məhsullarının
keyfiyyəti və əsaslı tikintisinin gedişi ilə daim
maraqlanan, tez-tez məlumatlar alan ölkə
başçısı Sumqayıtı daim öz nəzarəti
altında saxlayır, onun ortaya çıxan bütün
problemlərini operativ şəkildə həll edirdi. Bu diqqət
və qayğının nəticəsi idi ki, 70-ci illərdə
Sumqayıtda hər il 80 min kv.metr mənzil
sahəsi tikilib istifadəyə verilirdi. Hazırda fəaliyyət
göstərən istehsal sahələrinin çoxu, 40-dan
artıq ümumtəhsil məktəbi, 60-dan çox uşaq
tərbiyə müəssisəsi, saysız-hesabsız mədəniyyət, məişət
xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz
prezidentimizin odövrdəki məqsədyönlü sosial
siyasətinin bəhrələridir.
Respublika rəhbərinin diqqət və
qayğısı sayəsində şəhər əhalisinin
rifahı durmadan yüksəldi. Adamlar yaradıcı əməkləri
ilə şöhrət qazanır, ucalırdılar. Sumqayıt keçmiş Sovetlər Birliyində
dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər,
inşaatçılar, əmək qəhrəmanları kimi
şöhrət qazandı.
Tağı
Quliyev, Aslan Osmanov, Zəminə Həsənova, Murad Zeynalov,
Tofiq Kərimov, Əsəd Məmmədəliyev, Şəmşad
Pənahov, Məzahir Abdullayev, Məmməd Məmmədov kimi
əmək qəhrəmanlarının adlarını fəxrlə
çəkmək olar.
Heydər
Əliyev Sumqayıt haqqında belə deyirdi: “Sumqayıt qəhrəmanlar,
gözəl insanlar şəhəridir. Sumqayıt
sizin şəhərinizdir. Siz Azərbaycanın
sənayesini, mədəniyyətini, ölkəmizin həyatını
burda inkişaf etdirirsiniz. Siz gözəl
insanlarsınız. Sizin hər birinizə
baxdıqda ürəyim dağa dönür, sevinirəm.
Burada yaşayanların yaşlısı da,
cavanı da, körpəsi, uşağı da, qadını
kişisi də-hamısı gözəldir, qəhrəmandır,
cəsarətlidir”.
“Sumqayıt adi şəhər deyil”
Sumqayıtın
25 illiyi münasibətilə şəhərə gələn
Heydər Əliyev sumqayıtlı gənclərə
müraciət edərək demişdir: “Sumqayıt adi şəhər
deyil. Bu şəhər ilhamlı,
yaradıcı, coşqun gəncliyin yaşadığı
şəhərdir. Sürətli
inkişaf üçün şəraiti və potensial
qüvvəsi olan ikinci belə bir şəhər yoxdur.
Ona görə də onu ən müasir,
nümunəvi sənaye, elm, sənət mərkəzinə
çevirmək Azərbaycan gəncliyinin, ilk növbəd
sumqayıtlı cavanların qarşısında duran ən
şərəfli vəzifədir. Onu
müvəffəqiyyətlə yerinə yetirmək isə Vətən,
xalq qarşısında müqəddəs borcu yerinə yetirməyə
bərabərdir”.
Sumqayıtda memarlıq sahəsində,
tikintidə Bakı standartları
Bu gün isə Azərbaycan prezidenti İlham Əliyev
ulu öndərin siyasətini layiqincə davam etdirir. Azərbaycanı
işıqlı gələcəyə aparmaq
üçün əlindən gələni edir. “Biz Sumqayıtın inkişafına çox
böyük diqqət göstəririk. Sumqayıtı,
müasir sənaye mərkəzinə çevirmək üçün
konkret proqramlarımız, icra mexanizmlərimiz var və biz
bunu edəcəyik. Sumqayıt şəhərin
bütün infrastrukturu, bütün kommunal infrastrukturu yenilənməlidir.
Su, kanalizasiya xətləri, qazlaşdırma,
elektrik xətlərinin çəkilişi - bu işlərin
böyük əksəriyyəti öz həllini
tapmışdır. Ancaq biz yenə də
bu məsələlərlə məşğul
olacağıq. Sumqayıtı memarlıq
baxımından gözəl şəhərə çevirmək
üçün artıq konkret proqramlar icra edilir. Mən bu məsələləri nəzarət
altında saxlayıram və Sumqayıtı gözəlləşdirmək
üçün konkret planlarımız vardır. Parklar abadlaşır, biz yeni dənizkənarı
bulvarın tikintisinin başlanmasına qərar vermişik.
Mən keçən dəfə də burada
olarkən demişəm, Sumqayıtda, memarlıq sahəsində,
tikintidə Bakı standartları tətbiq edilməlidir.
Bakı bu gün dünyanın ən gözəl
şəhərlərindən biridir. Sumqayıt
da geri qalmamalıdır. Əvvəlki
dövrdə tikilmiş binalar bərpa edilməlidir, gözəlləşdirilməlidir.
Yeni tikilən binalar gözəl memarlıq
üslubunda yaradılmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, mən
Sumqayıtın inkişafına xüsusi diqqət göstərirəm. Mən şəhərdə
dəfələrlə olmuşam, bundan sonra da dəfələrlə
olacağam. Çünki hələ ki,
burada görüləsi işlər çoxdur”.
Sumqayıtda quruculuq və yenidənqurma
mərhələsi
Aprelin
14-də Sumqayıt şəhərində 2016-cı ilin
birinci rübünün sosial-iqtisadi inkişafın
yekunları və qarşıda duran vəzifələrə həsr
olunmuş hesabat yığıncağında icra başçısının məruzəsindən
məlum olur ki, ötən üç ayda şəhər
üzrə ümumi məhsul istehsalı və xidmətlərin
həcmi 244,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq
dövrü ilə müqayisədə 75,6 milyon manat və ya
44,8 faiz artım deməkdir. Sənaye müəssisələrində
məhsul istehsalı 82 faiz artaraq 173,8
milyon manat təşkil edib. Bütün maliyyə
mənbələri hesabına ayrı-ayrı sahələrin
inkişafına 9 milyon manatdan çox investisiya yönəldilib.
Ayrı-ayrı
sənaye sahələri üzrə məhsul istehsalı: kimya
sənayesi üzrə -121,6 faiz ; yüngül sənaye - 125,0
faiz ; yeyinti sənayesi - 24,6 dəfə ; digər sahələr
üzrə-4,8 dəfə ; energetika üzrə - 93,0 faiz olub.
Şəhər İcra Hakimiyyətinin başçısı
Zakir Fərəcov çıxışında bildirib ki,
hesabat dövrü Sumqayıt şəhəri
üçün uğurlu olub. Həyata keçirilən tədbirlər
nəticəsində son 3 ayda 1933 yeni iş yeri
açılıb. Ötən dövrdə 3297
nəfər ailə üzvü olan 848 ailəyə
ünvanlı sosial yardım təyin edilib. Regionların sosial-iqtisadi inkişafına
böyük diqqət yetirən prezident İlham Əliyevin hərtərəfli
qayğısı sayəsində rüb ərzində
Sumqayıtda əsaslı və kompleks yenidənqurma işləri
görülüb.
Bundan əlavə, Heydər Əliyev və Azərbaycan
küçələrində yerləşən, memarlıq
baxımından xüsusi əhəmiyyət kəsb edən
yaşayış binalarının fasadları və
eyvanları da yüksək zövqlə üzlənib. Heydər
Əliyev Mərkəzində, Şahmat və Musiqi Məktəbində
son tamamlanma işləri aparılır, Sumqayıt Dövlət
Dram Teatrı əsaslı şəkildə təmir olunur.
Rüb ərzində şəhərdə yol-nəqliyyat
infrastrukturunun yenidən qurulması istiqamətində kompleks
tədbirlər davam etdirilib. Koroğlu
küçəsində 4525 paqonmetr bardür
düzülüb. Sülh küçəsi boyunca
“Göyərçin” abidəsinə doğru ümumi
uzunluğu 4 kilometr, eni 14 metr olan ikitərəfli yolda 3791
paqonmetr qranit səki daşı qoyulub, yolda tikinti işləri
yekunlaşmaq üzrədir.
Ümumi
sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıtın
yeni Dənizkənarı Bulvar Kompleksində və Sahil
parkında 3700 paqonmetr uzunluğunda istinad divarı tikilib, 4200
kilometr uzunluğunda yolun özülü tikilib, yerə tamet
döşənib. Şəhərdə genişmiqyaslı
yaşıllaşdırma işləri davam etdirilib, 49 min
ağac, 82 min gül kolu, o cümlədən palma
ağacları əkilib, müxtəlif ərazilərdə
qazon salınıb.
Azərbaycan Respublikasının prezidenti İlham
Əliyev Sumqayıt və sumqayıtlılara onların
problemlərinin həll olunmasında daim dəstək olub. İlin əvvəlində
şəhərdə 100 binanın dam örtüyünün
təmir olunmasına vəsait ayrılması
üçün sərancam imzalayıb. Şəhərin
17-ci və 18-ci mikrorayonlarında artıq 81 binanın dam
örtüyünün yenidən qurulması işləri
başa çatdırılıb. Bu sahədə
işlər sürətlə davam etdirilir.
Elə həmin
sərəncamla Sumqayıt şəhərində çoxmərtəbəli
binaların lift təsərrüfatının maddi-texniki
bazasının möhkəmləndirilməsi məqsədilə
vəsait ayrılması növbəti dəfə onun
sumqayıtlılara olan diqqət və qayğısından xəbər
verir. Artıq 140 ədəd yeni lift
quraşdırılıb. Ayrılmış vəsait
hesabına 60 ədəd lift yenisi ilə əvəz olunur və
bu sahədə əhalinin problemləri tam həll olunacaq.
Sumqayıt mühüm bir mərhələni, quruculuq və
yeniləşmə mərhələsini yaşamaqdadır. Bu mərhələni
fərqləndirən əsas amil görülən işlərin
ölkə prezidenti İlham Əliyev tərəfindən
xüsusi diqqətdə saxlanılmasıdır.
Görüləcək işlər çoxdur və
tutduğu vəzifəsindən, cəmiyyətdəki
mövqeyindən asılı olmayaraq hamı bir nəfər
kimi Sumqayıtın yeni standartlara çıxması, gözəl
şəhərlərindən birinə çevrilməsi
işlərində yaxından iştirak etməlidir, prezident
İlham Əliyevin Sumqayıt və onun zəhmətkeş
insanlarına olan böyük inamını şərəflə
doğrultmalıdır.
Ukraynanın
Çerkassı, Gürcüstanın Rustavi, Rumıniyanın
Piteşti, Almaniyanın Lüdviqshafen şəhəri
Sumqayıtla qardaşlıq əlaqəsi yaradıb.
1951-ci ildə Mir Cəlal Sumqayıt haqqında “Yeni şəhər” adlı roman yazıb. 1978-ci ildə yazılmış “Yaxşı insan” pyesində Mirzə İbrahimov şəhərin inşaatçıları barədə yazıb.
Sumqayıtın
adı dünyanın ən böyük və iri şəhərləri
sırasında çəkiləcək
Bu gün Sumqayıt şəhərindəki tikintisi başa çatmaqda olan Heydər Əliyev Mərkəzi və Şahmat Məktəbi və tikintisi davam etdirilən Sumqayıt bulvarı müasir memarlığın tələblərinə yüksək səviyyədə cavab verir. Bu tikintilər memarlıq incilərinin bariz nümunəsidir. Eləcə də Sumqayıtda əkilmiş saysız-hesabsız palma, şam ağacları, qızılgül, digər bəzək kolları şəhəri yaşıllığa qərq edir, ona xüsusi yaraşıq verir. Bu da onu deməyə əsas verir ki, icra başçısı Zakir Fərəcovun rəhbərliyi altında Sumqayıt böyük sənaye mərkəzinə, çox gözəl, abad şəhərə çevriləcək, adı dünyanın ən böyük və iri şəhərləri sırasında çəkiləcək...
Sonda sevinirəm ki, o ulduzları yandıran insanlar içərisində mənim atamın da əməyi olub...
Namiq MƏMMƏDLİ
Ekspress.- 2016.- 14 iyul.- S. 11.