“İstəyirəm böyük sənətkar
olum...”
Almaz Ələsgərova: “Ad alsam,
daha da böyük işlər görərəm”
Əməkdar artist Almaz Ələsgərova
“Sənə ehtiyacım var”, “İlk məhəbbət”, “Sənsizəm”,
“Bir xumar baxışla”, “Yazığım gəlir sənə”,
“Sənsiz də xoşbəxtəm” və s. mahnıları
ilə tamaşaçı qəlbinə yol tapıb. Olduqca səmimi,
sadə, hər zaman xoş auraya malik olan, öz zəhməti
ilə ucalmağa üstünlük verən Almaz xanım bu
il 50 yaşını tamamlayır. Biz də onunla müsahibəmizdə
bu yarım əsrdə nələr etdiyi, nələrə
nail olduğu barədə söhbət etdik.
- Almaz xanım, necə oldu ki,
musiqini seçdiniz, sevdiniz?
-
İkinci sinifdə oxuyandan həndbolla məşğul idim. Mərhum
qardaşım Kamal Azərbaycan yığmasında
oynayırdı. Məni də öyrətmişdi. Onun yolu ilə
gedirdim. Həndbolda dərəcəm də var idi,
yığmaya keçməliydim. Gözəl
oynayırdım, özüm də solaxay idim. Amma 10-cu sinifdə
oxuyanda musiqiyə yönəldim. Yaxşı
yadımdadır, məktəbimizdə Yeni il şənliyi
keçirilirdi. Biz də heyvan qiyafəsi geyməliydik. Mən Razindəki
kluba getdim. Qapını açanda ansamblı gördüm.
“Dalğa” instrumental ansamblı idi. Bəxtiyar Nurməmmədov və həyat
yoldaşı idarə edirdi ansamblı. Səhəri
gün bacım məni aparıb ansambla yazdırdı. Məni canla-başla götürdülər. Özləri də oxumağıma heyran oldular.
Bəstəkar mahnıları oxuyurdum orda.
16 yaşına çatanda istədim İncəsənət
İnstitutuna qəbul olum. Staj lazım oldu.
Ona görə də gedib fabrikdə işlədim.
Mən rusdilli olmuşam. Çox əziyyət
çəkirdim Azərbaycan dilində oxumağa. İki
il işləyə-işləyə
hazırlığa getdim. Ansamblın rəhbəri
Bəxtiyar müəllim məni
hazırlaşdırırdı. Qəbulda
yanıltmac, mahnı, şeir lazım idi. İki il staj yığan kimi gedib instituta girdim. Bir həftədən sonra Hacıbaba Bağırov,
Xalidə Hasilova, Emin Sabitoğlu bizim instituta gəldilər.
“Nəğməli Könül” tamaşasına
Könül roluna qız istəyirdilər. Gəlib mənə çatanda dayandılar, məni
seçdilər. Musiqili Komediya
Teatrının işçisi oldum. İki
ayın içində o tamaşanı təhvil verdim.
Orada iki il işlədim. “Bildirçinin
bəyliyi”ndə Balaxanımı, eləcə də bir
neçə tamaşada oynadım.
İnstituta təzə girəndə oxumağa daha
çox meyl bağladım. Bizim İncəsənət İnstitutunda Vaqif Gərayzadənin
ansamblı var idi. Mən ora qəbul olan
kimi bu ansamblın solisti oldum. Vaqif Gərayzadənin
bəstələdiyi, Akif İslamzadənin repertuarında
olan, eləcə də Vətənə aid mahnılar
oxuyurdum.
Sonra Musiqili Komediya Teatrından çıxıb
Mahnı Teatrına gedəsi oldum. Rəşid müəllim dedi ki,
filan vaxt gələrsən. Gələndə səhnədə
jüri təşkil elədi. Mən Azərbaycan, rus,
türk, ukrayna dilində mahnılar oxudum onlar
üçün. Çox bəyəndilər.
Rəşid müəllim dedi ki, “mən səni bu teatrda xora
yox, solist kimi götürürəm”. Mən onun ən sevimli tələbəsiydim.
İki il onunla çiyin-çiyinə
işlədik, konsertlərə getdik, tədbirlərimiz oldu.
- Yeri gəlmişkən, Rəşid
Behbudovu necə xatırlayırsınız?
- O, sənətə
qiymət verən insan olub. Elə-belə, nəyinsə
xatirinə insanları teatrda saxlamazdı. Xoşlamazdı
ki, teatrın solistləri gedib hardasa konsertdə oxusunlar.
Yaxşı yadımdadır. Mən ora işə düzələndən sonra
“Bakı payızı” müsabiqəsi keçirilirdi.
Yaxınlaşıb dedim ki, “belə bir müsabiqə var, istəyirəm iştirak edim”. “Hə”
demədi. Çox fikirləşdi. Həyat yoldaşı Ceyran xanımı
cağırdı. Ceyran xanım da məni
çox istəyirdi. O dedi ki, “uşaqdı, qoy gedib
iştirak eləsin”. Onda bizdə geyimlər
almağa imkan yox idi. O, mənə paltarlar tikdirdi. Mənə görə Tofiq Quliyevi teatra
çağırdı. Dedi ki, “bu, teatrın solistidi, mənim
tələbəmdi. Sizin təşkil etdiyiniz
festivalda iştirak edəcək”. Faiq
Sücəddinovu çağırdı. O, mənim
üçün mahnı yazdı -”Unuda bilmirəm”. Bu mahnı ilə müsabiqənin ikinci laureatı
oldum.
- Bir ulduz kimi hansı mahnı ilə
parladınız?
- Mən Alim Qasımovla dueti oxuyandan sonra Rəşid
Behbudovun teatrına gəldim. Artıq məni
tanıyırdılar. O mahnını- “Axtara-axtara”nı Vaqif Gərayzadə bəstələyib.
Sözləri Sərvər Qəniyevindir.
O vaxt nə mən populyar idim, nə də Alim Qasımov. O
mahnıdan sonra bizi cavanlar daha da sevdi. İndiyə
kimi də o mahnı ilə yaddaşlarda qalmışıq.
- Bu il yenidən
teatra qayıtdınız. Bu necə oldu?
- Bu il məndə fikir birdən-birə dəyişdi.
Çox istədim yenə teatra qayıdım.
“Muzkomediya”nın direktoru Əliqismət
müəllimin yanına getdim. O, mənim ən çox
hörmət etdiyim insandır. Allah onun canını
sağ eləsin. Məni işə
canla-başla götürdü. Dedi ki, “sənin
istedadına bələdəm, gözümün
qarşısında böyümüş sənətkarsan”.
Musiqi mənim ürəyimdir. Musiqisiz yaşaya bilmərəm.
Mən sənətimi atmamışam, indi də
oxuyuram. “Oğurlanmış arzular”
serialında oynamışdım. Bundan
sonra məndə teatra qarşı daha da istək yarandı.
- Teatra qayıdandan sonra ilk
oynadığınılz tamaşa mənim də izlədiyim
“Amerikalı kürəkən” oldu...
- Bu
tamaşa çox gözəl tamaşadı. Halal
olsun onun ssenariisni yazan Marat Haqverdiyevə. İnsanların
nəbzini tutan əsərdi. Mən fəxr edirəm ki,
xalq artisti İlham Namiq Kamalla, xalq artisti Fatma Mahmudova, əməkdar
artist Novruz Qartalla oynamaq mənə nəsib oldu.
- Həyatda da o tamaşadakı
kimi qayınana olmaq istərdinizmi?
- Mən
belə qayınana ola bilmərəm. Tamaşada siz də görmüsünüz ki,
axırda Tünzalə xanım amerikalı kürəkənə
“mən indiyə kimi bilməmişəm, heç bir şeyi
düşünməmişəm. Amma
görürəm ki, əsl sevgi-məhəbbət pulla
ölçülmür. Saf sevgi-məhəbbət
heç bir pula satılmır” deyir.
- Sizcə, əsl sevgi necə olmalıdır?
İçinizdə bir sevgi
yaşadırsınızmı?
- Səmimiyyət
və hörmət olmalıdır. Bu, əsl
sevgidir. Sevgisiz adam ölər. Sevgi mütləq olmalıdır. Sevgi adamı
yaşadır, cavanlaşdırır...
- Hansı arzularla
yaşayırsınız?
-
Arzularım tükənməzdir. İstəyirəm
ki, həyatda elə bir insan, sənətkar olum, hər zaman məni
göstərəndə desinlər ki, bu necə aktrisadır,
bu necə müğənnidir? Qoy deməsinlər
ki, “adı var, amma sənəti yoxdur, onu kimsə qabağa
çəkir”. Mən heç vaxt həyatda
o sözlə barışmamışam. Həmişə
istəmişəm ki, özümə, sənətimə, səsimə
qiymət versinlər. Deməsinlər ki,
kiminsə sayəsində gəldi teatrda rol aldı, xalq artisti
oldu.
- Hobbiniz nədir?
- Ürəyim
gedir xaricə getmək üçün. Gəzməyi
çox sevirəm. Çünki özüm At ilindənəm. Gözəl həyatı
sevirəm. İstəyirəm
dostlarımla xaricə qızımın yanına gedim.
Evdə biş-düş edim, dostlarım gəlsin... Belə şeylər mənim ürəyimdədir hər
zaman.
Aş, dolma üçün ürəyim gedir.
- Toylara gedirisniz?
-
Toylarsız yaşamaq olmaz. Öz səviyyəmdə
olan toylara gedirəm. Qane emtəyən məbləğ
də olur. Hər şeyə şükür
edirik. Fikirləşirəm ki, hələ
Musiqili Teatrda dostlarım üçün solo-konsert verim.
Hələ bir-iki tamaşa oynayım, sonra
baxarıq.
- Bu il 50
yaşınız tamam olur. Yaşadığınız
ömürdən razısınız?
- 50 ilimin
yarısından çoxu sənətdə keçib. Bununla da fəxr edirəm. Yenə
də doğulsaydım, sənətkar olardım. Çox işlər görmüşəm.
İndikilərə nə var... Çox əziyyətlər
çəkmişəm.
Amma
özümü necə hiss edirəmsə, elə o
yaşdayam. Mən get-gedə cavanlaşıram.
Özümü 30 yaşda hiss edirəm.
- Eşitmişəm, bizneslə də
məşğul olursunuz...
- Artıq beş-altı il olar, biznesim var. Öz sənətimlə
heç nə edə bilmərəm. Mən
onunla qızımı oxutdum, boya-başa
çatdırdım.
- Necə anasınız?
- Əla anayam. Uşaqların dilindən deyirəm.
Onlar məni çox istəyirlər. Elə tərbiyə etmişəm ki, həmişə
mənə hörmət qoyurlar. Hər
anaya da məsləhətim budur ki, uşaqlarını bələkdən
tərbiyə etsin.
- Qızlarınızın da səsi
var?
- Səsləri
var, evdə özləri üçün oxuyurlar, amma sənətə
gəlməyi düşünmürlər. Hər
zaman mahnı yazanda birinci onlara qulaq asdırıram. Onların fikirlərini öyrənirəm. Nöqsan tapanda, onların sözü ilə dəyişirəm
mahnını.
- Özünüz hansı musiqiyə
qulaq asırsınız?
-
Muğamlarımızı sevirəm. Muğamla
yaşayıram. Muğam mənim hər
şeyimdir. Özüm də istəsəm,
muğam oxuyaram. Amma estrada çox
oxumuşam. Birdən-birə muğam oxumaq istəmirəm.
Caza, türk sənət musiqisinə qulaq asıram. Ququşun
oxumağını çox sevirəm. Rusiya
musiqisi üçün ölürəm. Musiqinin dili,
milləti yoxdur...
- Bayaq dediniz ki, çox əziyyət
çəkmisiniz. Xətrinizə çox dəyiblər?
- O qədər
olur ki... Qabaqlar cavab verə bilmirdim, ürəyimdə
qalırdı. İndi lazım olana cavab
verirəm, lazım olanı da yerində otuzdururam.
- Paxıllığınızı
çəkənlər çoxdur?
- Siz necə
bilirsiniz? Mənim paxıllığımı
çəkməyən olar? Özümdən
kiçiklər də mənim paxıllığımı
çəkirlər. Həyat belədir də.
Onsuz yaşamaq mümkün deyil...
- Hansı rolları oynamaq istərdiniz?
- “Bankir adaxlı”da oynamaq istərdim. Onu, bilirsiniz
ki, Afaq xanım oynayıb. “Talelər
qovuşanda”, “Baladadaşın toy hamamı”
tamaşalarında oynayacağam.
- Necə olur ki, həmişə
yaxşı əhval-ruhiyyədə olursunuz?
- Bir
insanın içi gözəldirsə, üzünə vurur. Mən həmişə insanları sevmişəm.
İnsanlara pis deməyi sevmirəm. Pisliyi onlar özləri qazanırlar. Tamaşaçı səmimiyyət istəyir.
Mən efirdə necəyəm, həyatda da eləyəm.
Dəyişə bilmirəm. Durub efirdən “müğənniyəm, 15 minə
paltar geyinmişəm” deyə bilmərəm. Çünki bu, yalandı. Mən
yalan şeyi deyə bilmərəm. Ona
görə tamaşaçı məni çox istəyir.
Sənət adamlarına səslənirəm ki,
efirə olduğunuz kimi çıxın. İnsanları aldatmaq lazım deyil, onlar hər
şeyi görürlər, bilirlər. Bakı
balaca şəhərdi, hamı bir-birindən xəbərdardı.
Ona görə də mən dostlarımı, pərəstişkarlarımı,
tamaşaçılarımı bu şeylərlə
aldatmıram. Çalışıram həyatda
kobud olmayım, sevilim, böyük sənətkar olum. Sənətimə müsbət qiymət versinlər.
İnşallah xalq artisti də olaram. Nə vaxt hökumət məsləhət görsə,
onda da xalq artisti olacağam. Mən istəyirəm
ki, əziyyət çəkim, əziyyətimin
qarşısında da mükafatımı alım. Bəziləri ad alırlar, otururlar. Mən ad alsam, daha da böyük şeylər eləyərəm.
Daha da böyük planlarım olar...
Namiq MƏMMƏDLİ
Ekspress.- 2016.- 16-18 iyul.- S.9.