Ağdamın işğalından 23 il
ötür
Azərbaycanın Ağdam rayonunun Ermənistan
Silahlı Qüvvələri tərəfindən
işğalından 23 il ötür.
Ağdam rayonu 1993-cü il iyulun 23-də
erməni silahlı birləşmələri tərəfindən
işğal edilib.
İşğal nəticəsində
Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın
nəzarətinə keçib. 147 min nəfər əhalisi
olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir.
Ermənilər Ağdamın işğal olunmuş ərazilərində
tarixi abidələri, qəbiristanlıqları,
yaşayış obyektlərini, xəstəxanaları,
kitabxanaları, məktəbləri, idarə və müəssisələri
dağıdıblar. Ağdam uğrunda gedən
döyüşlərdə Azərbaycan tərəfi 6 mindən
çox şəhid verib. Doğma yurdlarından
köçkün düşən rayon əhalisinin əksəriyyəti
ölkənin müxtəlif bölgələrinə səpələniblər.
Hazırda Ermənistan "Hərbi münaqişələr
zamanı mədəni sərvətlərin qorunması
haqqında" Haaqa Konvensiyasının və "Mədəni
sərvətlərin qeyri–qanuni dövriyyəsi
haqqında" Paris Konvensiyasının müddəalarını
kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini
talamaqda davam edir.
İşğaldan əvvəl
Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31
tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət
müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış
tikililəri, həmçinin 54 məktəbəqədər
uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə
ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər,
109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə
görə, Ağdam rayonunun işğalı nəticəsində
ölkəmizə 252 milyon ABŞ dolları dəyərində
maddi ziyan dəyib.
Nərgiz
Ekspress.- 2016.- 23-25 iyul.- S. 3.