Milli Mətbuat 141 illiyini təntənəli
qeyd etdi
Dünən Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) 22 iyul - Milli Mətbuatın
yaranmasının 141 illiyi ilə əlaqədar keçirdiyi
fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin
mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Azərbaycan
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov, KİVDF-nin
icraçı direktoru Vüqar Səfərli, Mətbuat
Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri,
KİV rəhbərləri və digər qonaqlar iştirak
edib.
KİVDF-nin icrası direktoru Vüqar Səfərli
Azərbaycan milli mətbuatının tarixi haqqında
danışıb. O bildirib ki, milli mətbuatımız 141 il ərzində
şərəfli bir yol keçib və hazırda müstəqil
bir mətbuat kimi fəaliyyət göstərir. Onun sözlərinə
görə, son illər ərzində Azərbaycanda mətbuata
dövlət qayğısı xüsusi diqqət mərkəzində
olub.
KİVDF-nin icraçı direktoru qeyd
edib ki, budəfəki müsabiqədə 19 istiqamət
üzrə 70 KİV-dən 167 yazı daxil olub və 114 nəfər
qalib elan olunub. Səfərli bildirib ki, KİVDF il ərzində
yerli icra hakmiyyəti və mərkəzi icra hakimiyyəti
orqanları ilə birlikdə müsabiqələr
keçirilir. Dediyinə görə, 2015-ci ildə 11 belə
müsabiqə keçirilib: “Bu il isə artıq 6 müsabiqə
keçirilib və ilin sonuna qədər də bu qədər
müsabiqənin keçirilməsi
planlaşdırılır”.
V.Səfərli əlavə edib ki,
müsabiqələrin keçirilməsində məqsəd həm
jurnalistlərin peşəkarlığının
arıtırılması, həm də onların sosial-maddi vəziyyətinin
yaxşılaşdırılmasıdır.
Çıxışlardan sonra
müsabiqə qalibləri mükafatlandırılıb. Qeyd
edək ki, “Ekspress” qəzetinin əməkdaşı Namiq Məmmədli
də müsabiqədə I yerə çıxanlar
arasındadır.
Yeri gəlmişkən, dünənki tədbirdə
Mətbuat Şurasının Ali Media Mükafatının
laureatları da mükafatlandırılıb. İlk olaraq Ali
Media Mükafatının 3-cü dərəcəsi üzrə
- media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə
görə təltif olunan “525-ci qəzet”in baş redaktor
müavini Seyfəddin Hüseynli, “Yeni Müsavat” qəzetinin
baş redaktor müavini Azər Ayxan, jurnalist-publisist Aida
Eyvazova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə
Sadıqova və jurnalist-publisist Rəşid Hüseynov
mükafatlandırılıblar.
Azərbaycan həqiqətlərinin təbliğindəki
xidmətlərinə görə təltif olunan Beynəlxalq
Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və
media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə
görə təltif olunan Bakı Media Mərkəzinin
redaktoru Müsəllim Həsənova Ali Media
Mükafatının 2-ci dərəcəsi üzrə
mükafatlar təqdim edilib.
Sonda Azərbaycan milli mətbuatının
banisi Həsən bəy Zərdabinin
yaradıcılığından bəhs edən
“İşığa gedən yol” romanına görə Ali
Media Mükafatının 1-ci dərəcəsi üzrə
laureatı və qalibi, yazıçı-publisist, filologiya
üzrə fəlsəfə doktoru Sona Vəliyevaya mükafat
təqdim edilib.
Məlumat üçün bildiririk ki,
Ali Media Mükafatı Mətbuat Şurasının İdarə
Heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı
ilə təsis edilib.
Tədbir daha sonra bədii hissə ilə
davam etdirilib.
NƏRGİZ
Ekspress.- 2016.- 23-25 iyul.- S. 8.