Hüquqi dövlətdə miqrasiya
prosesinin tənzimlənməsi
Dünyada baş verən hərbi,
siyasi, iqtisadi və təbii hadisələrlə əlaqədar
olaraq bir ölkənin vətəndaşları digər
ölkələrin ərazisinə miqrasiya edir. Bəzi insanlar
işğaldan qaçır, bəziləri zəlzələ
və başqa təbii fəlakətlərin
yaratdığı zərərdən qaçır, bəziləri
əmək fəaliyyəti üçün başqa ölkəyə
üz tutur və s. Bu insanlar hansı səbəbdən
olmasından asılı olmayaraq miqrasiya prosesinin
iştirakçısına çevrilir.
Bir qayda olaraq miqrasiya edən insanlar
hüquqi dövlətin bərqərar olduğu ölkələrə
üz tutur. Bu da əsassız yerə deyil. Hüquqi dövlətlərdə
insanlar milliyyətindən, dinindən, irqi və siyasi mənsubiyyətindən
asılı olmayaraq təbii hüquqları qorunur, onların
yaşamasına, əmək fəaliyyəti ilə məşğul
olmasına, təhsilinə, tibb xidmətindən istifadə
etməsinə qanun çərçivəsində icazə
verilir. Buna görə də miqrasiya edənlərin mütləq
əksəriyyəti hədəf ölkə kimi hüquqi
dövlətlərin ərazisini seçirlər.
Azərbaycan 1991-ci ildə müstəqilliyini
bərpa etdikdən sonra miqrasiya prosesi ölkəmizin
timsalında gücləndi. Müstəqilliyinin ilk illərində
çoxlu sayda Azərbaycan vətəndaşı müharibə
amilini və iqtisadi vəziyyətlə əlaqədar olaraq
xarici dövlətlərə üz tutdu.
Bu miqrasiyanın əsasında
keçid dövrünün yaratdığı çətinliklərlə
yanaşı, xüsusən qonşu Ermənistanın Azərbaycan
torpaqlarına təcavüzü və işğalının
ağır iqtisadi nəticələri də oldu. Bunun nəticəsində
1 milyona yaxın qaçqın və məcburi
köçkün əhali yarandı. Daha sonra nəqliyyat
şəbəkəsinin inkişafı ilə əlaqədar
və coğrafi mövqeyi səbəbindən Azərbaycan
tranzit ölkəsi rolunu da oynamağa başladı.
Nəhayət, son illər ölkəmizdə
qeydə alınan sürətli iqtisadi inkişaf və enerji,
nəqliyyat və s. sahələrdə həyata keçirilən
böyük layihələr nəticəsində Azərbaycan
artıq miqrantlar üçün cəlbedici bir təyinat
ölkəsinə çevrilməkdədir.
Bütün bunlar ölkəmizi mirasiya
prosesinin iştirakçılarından birinə çevirdi.
Miqrasiya proseslərinin bir sıra çoxşaxəli çətinlikləri
ilə qarşılaşan Azərbaycan bu proseslərin
müvafiq şəkildə idarə olunması məqsədilə
son illər ərzində həm qanunvericilik, həm də
institusional sahədə bir sıra ciddi addımlar atdı və
zəruri islahatlar həyata keçirdi. Bu fəaliyyətlərin
əsasında 2004-cü ildə qəbul edilən Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Siyasəti
Konsepsiyası dayanır ki, həmin konsepsiyada hökumət
qurumları qarşısında duran əsas məqsədlər
müəyyən edilir.
Dövlət Miqrasiya Siyasəti
Konsepsiyasını gerçəkləşdirmək və
qoyulan məqsədlərə nail olmaq üçün Azərbaycan
Prezidentinin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə
“Azərbaycan Respublikasının 2006-2008-ci illər
üçün Dövlət Miqrasiya Proqramı” təsdiq
edildi. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq,
miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi,
bu sahədə dövlət tərəfindən tənzimlənmənin
səmərəliliyinin artırılması, aidiyyəti
dövlət orqanlarının miqrasiya sahəsində işlərinin
əlaqələndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi,
əmək miqrasiyası sahəsində kvotaların tətbiqi,
qeyri-qanuni miqrasiyanın qarşının alınması
üzrə kompleks tədbirlərin həyata keçirilməsi
və eləcə də digər ölkələrin miqrasiya
xidmətləri və əlaqədar beynəlxalq təşkilatlarla
əməkdaşlıq nəzərdə tutulur. Dövlət
Miqrasiya Proqramının həyata keçirilməsi ölkəmizdə
miqrasiya üzrə müasir bir sistemin yaradılmasına
yönəldi.
Miqrasiya sahəsində dövlət
siyasətinin vahid şəkildə həyata keçirilməsi,
idarəetmə sisteminin təkmilləşdirilməsi və
bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin
əlaqələndirilməsi məqsədilə Azərbaycan
Prezidentinin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti təsis
edildi.
Bu günədək Azərbaycanda
miqrasiya məsələlərinə aid olan 20-dən artıq
qanun və normativ akt qəbul olunub. Miqrantların hüquq və
azadlıqlarının təmin edilməsi kontekstində Azərbaycan
BMT-nin “Bütün əməkçi miqrantlar və
onların ailələrinin hüquqlarının qorunması
haqqında beynəlxalq konvensiya”ya və insan alveri və
miqrantların qanunsuz daşınmasına qarşı
mübarizəyə dair Palermo Protokollarına qoşulub.
Bundan əlavə, miqrasiya proseslərinin
asanlaşdırılması və eləcə də qanunsuz
miqrasiyanın qarşısının alınması məqsədilə
biometriyanın tətbiqi istiqamətində vacib addımlar
atılıb. Belə ki, biometrik eyniləşdirmə üzrə
əlaqədar dövlət qurumlarının təmsilçilərindən
ibarət xüsusi işçi qrupu təsis edilibvə həmin
qrupun tərtib etdiyi təkliflər əsasında “Azərbaycan
Respublikasında biometrik eyniləşdirmə sisteminin
yaradılması üzrə 2007-2012-ci illər
üçün Dövlət Proqramı” tərtib edilərək,
ölkə Prezidentinin 13 fevral 2007-ci il tarixli Sərəncamı
ilə təsdiq edilib.
2011-ci il 30 dekabr tarixində “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Qanununda bir sıra dəyişikliklər
olundu. Həmin Qanunla şəxsiyyət vəsiqəsində
elektron daşıyıcının (çipin) yerləşdirilməsi,
həmin elektron daşıyıcıya daxil olacaq məlumatların
müəyyən edilməsi, şəxsiyyət vəsiqəsinin
əldə edilməsi hüququna malik olan Azərbaycan vətəndaşlarının
yaş həddinin azaldılması (15 yaş), yeni nəsil
şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin
dəyişdirilməsi və digər vacib dəyişikliklərin
həyata keçirilməsini nəzərdə tutur.
Sözügedən dəyişikliklər 2014-cü ilin yanvar
ayının 1-dən qüvvəyə mindi.
Miqrasiya proseslərinin idarə
olunmasın sadəcə Dövlət Miqrasiya Xidmətinin nəzarətində
olan məsələ deyil. Xarici İşlər Nazirliyinin də
üzərinə müəyyən vəzifələr
düşür.
Nazirlik əcnəbilərin ölkəyə
gəlməsi üçün dünya üzrə 60-dək səfirlik
və konsulluqlar vasitəsi ilə viza alınması
üçün müraciətləri cavablandırır,
xaricdə yaşayan Azərbaycan vətəndaşlarına
konsulluq xidmətləri göstərir, xaricdə daimi və ya müvəqqəti
yaşayan Azərbaycan vətəndaşlarının
qeydiyyatını aparır, miqrasiya sahəsində beynəlxalq
təşkilatlar və tərəfdaş dövlətlərlə
əməkdaşlığı təşviq və təmin
edir.
Azərbaycan hökuməti miqrasiya sahəsində
bir sıra beynəlxalq təşkilatlar və ölkələrlə
də əməkdaşlıq edir. Miqrasiya sahəsində əməkdaşlıq
edilən əsas tərəfdaş Beynəlxalq Miqrasiya Təşkilatı
(BMqT) çıxış edir. Azərbaycan 2001-ci ildən
etibarən BMqT-nin üzvüdür, təşkilat tərəfindən
isə hələ 1996-cı ildən bəri Azərbaycanda
müxtəlif yardım və texniki layihələr həyata
keçirilir.
Eyni zamanda, Avropa İttifaqı və
ATƏT ilə birgə bir sıra fəaliyyətlər
gerçəkləşdirilir. Avropa Qonşuluq Siyasəti
çərçivəsində Avropa İttifaqı və Azərbaycan
arasında 2006-cı ilin noyabrında qəbul olunan Fəaliyyət
Planında miqrasiya ilə bağlı geniş spektrli məsələlərə
- sərhədlərin idarə olunması, miqrasiyanın idarə
olunması, sığınacaq məsələləri və
qeyri-qanuni miqrasiyanın qarşısının
alınması, readmissiya məsələsi üzrə dialoq,
geri qaytarılmış miqrantların reinteqrasiyası, viza
prosedurlarının sadələşdirilməsi və bir
çox digər məsələlərə istinad olunur. Fəaliyyət
Planında əksini tapmış miqrasiya məsələlərinin
həyata keçirilməsi məqsədilə müvafiq
dövlət qurumlarının nümayəndələrindən
ibarət Xüsusi İşçi Qrupu təsis edilib.
Bundan əlavə, Azərbaycan Avropa
İttifaqı ilə şəxslərin readmissiyası və
viza prosedurlarının sadələşdirilməsinə dair
saziş layihələri üzrə danışıqlar
aparır, həmçinin Aİ-yə Yerdəyişmə
üzrə Tərəfdaşlığın
yaradılması ilə bağlı müraciət edib.
Azərbaycan, həmçinin, ikitərəfli
əsasda bir sıra dövlətlərlə miqrasiya sahəsində
əməkdaşlığın inkişaf etdirilməsi və
gücləndirilməsi üzrə davamlı iş aparır.
Beynəlxalq təşkilatlar ilə əməkdaşlığın
inkişaf etdirilməsi baxımından 2015-ci il ərzində
diqqəti çəkən məqamlardan biri Azərbaycan
hökumətinin dəvəti əsasında Beynəlxalq Miqrasiya
Təşkilatının Baş direkrotu Uilyam Leysi Svinqin 1-3
sentyabr tarixlərində ölkəmizə rəsmi səfəri
olub. Səfər Azərbaycanla Beynəlxalq Miqrasiya Təşkilatı
arasında mövcud əməkdaşlığın yeni vacib
mərhələsini açmışdır və onun
inkişaf etdirilməsi məqsədilə yeni imkanlar
yaradıb. Svinqin Cənubi Qafqaz regionunda ilk səfərini məhz
Azərbaycana etməsi miqrasiyanın idarə edilməsi sahəsində
aparılan məqsədyönlü siyasət və beynəlxalq
əməkdaşlıq nəticəsində Azərbaycanda bu
sahədə əldə edilən ciddi nailiyyətlərə
Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən
verilən qiymətin əyani nümunəsidir və digər
sahələrdə olduğu kimi bu istiqamətdə də
ölkəmizin Cənubi Qafqaz regionunda öndə gedən
ölkə olmasını bir daha təsdiq edib.
Azərbaycan hökumətinin dəvəti
əsasında ATƏT-in İnsan alveri ilə mübarizə
üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi
Mədinə Yarbuzinovanın 2015-ci ilin martın 9-13-də
ölkəmizə səfərinin yekunları ilə
bağlı ATƏT-in bəyanatı Azərbaycanda insan alveri
ilə mübarizə sahəsində son illər ərzində
həyata keçirilən məqsədyönlü işləri
alqışlamışdır və bu yönümdə
göstərilən səyləri dəstəkləyib.
BMT-nin Əhali Fondunun İcraçı
Direktoru Babatunde Osotimehinin ötən ilin noyabrında Azərbaycana
səfəri Azərbaycanın BMT və onun
ixtisaslaşmış qurumları ilə əməkdaşlığın
dərinləşdirilməsi kontekstində xüsusi yer tutub.
Məhz həmin səfər çərçivəsində
1994-cü ildə Qahirədə keçirilən Əhali və
İnkişaf üzrə Konfransının məqsədlərinin
reallaşdırılmasındakı səylərinə və
BMT-nin Davamlı İnkişaf Məqsədlərinin Azərbaycanda
dəstəkləməsinə görə Azərbaycan
Prezidenti İlham Əliyevə BMT-nin Əhali Fondunun
mükafatı təqdim edilib. Ümumiyyətlə,
B.Osotimehinin ölkəmizə səfəri təşkilatla əməkdaşlığın
genişləndirilməsi sahəsində vacib əhəmiyyət
daşımış və əlaqələrin
inkişafına önəmli tövhə verib.
Miqrasiya proseslərinin tənzimlənməsi
işinin təkmilləşdirilməsi və miqrasiya
orqanlarında qulluq keçən əməkdaşların
bacarıqlarının artırılması məqsədilə
Azərbaycan qabaqcıl ölkələrin miqrasiya üzrə
məsul qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla
birgə bir sıra uğurlu layihələr həyata
keçirib və bu istiqamətdə işlər hazırki
dövrdə də davam etdirilməkdədir.
Vasif CƏFƏROV
Ekspress.- 2016.- 23-25 iyul.- S. 10.