Hüquqi dövlətin əsas prinsipi

 

Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, eyni zamanda onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməkdədir. İlk dəfə belə bir əməkdaşlıq 1998-ci ildə imzalanmış və müddəti 2000-ci ilədək müəyyən edilərək “İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilib.

2006-cı ildə isə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilməsi olub. Ekspertlərin fikrincə, insan və vətəndaşın hüquqi statusunun konstitusion prinsipləri Azərbaycan dövlətinin insan və vətəndaşın hüquq və azadlıqları sferasında siyasətinin əsas istiqamətlərini müəyyən edir və onların hüquqi statusunun əsasını təşkil edir.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Konstitusiyasında bəyan edilir ki, əsas hüquq və azadlıqlar toxunulmazdır və hər kəsə doğulduğu andan mənsubdur. Yəni, əsas hüquqları dövlət bağışlamır, şəxsin doğulma faktı onun hüquqlara malik olmasına əsas verir. İnsan və vətəndaşın hüquqi statusunun əsas prinsiplərdən başqa prinsiplərə aşağıdakıları da aid etmək olar:

- İnsan hüquqları ali sərvətdir, onlara hörmət, riayət və müdafiə isə dövlətin vəzifəsidir

- İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi, insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır

- İnsan və vətəndaşın hüquq və azadlıqlarının təmini hər hansı əlamət üzrə diskriminasiya ilə bir araya sığa bilməz

- İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır

- Əsas hüquq və azadlıqlar bütün dövlət ərazisində eyni olmalıdır.

- Şəxsi, siyasi, iqtisadi, sosial və mədəni hüquq və azadlıqlar dəyərinə görə bərabər səviyyəlidirlər, bu hüquqların vahid sistemində ierarxiya yoxdur

- Kollektiv hüquqlar fərdin hüquqlarıdan ayrılmazdırlar, onlar fərdi hüquqlara zidd olmamalı, şəxsiyyətin hüquqi statusunu məhdudlaşdırmamalıdırlar və s.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəslinin bütün maddələri ardıcıl şəkildə hüquq və azadlıqlar üzərində qurulub ki, bu da Azərbaycan Respublikası ərazisində olan, Azərbaycan Respublikası vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmasından asılı olmayaraq hər kəs üçün tanınır.

Yeri gəlmişkən, 1995-ci ildə Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış ilk milli Konstitusiyamiz demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin yaradılması ilə  bağlı prinsipləri özündə ehtiva etdi. Konstitusiyanın “vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq” müddəası ölkəmizin sivil gələcəyinə hesablanmış dövlət sisteminin qurulmasından xəbər verirdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Bu da o demək idi ki, vətəndaş cəmiyyətində  dövlət strukturlarından fərqli olaraq tabeçilik əlaqələr yox, horizontal əlaqələr üstünlük təşkil edirdi.

Tədqiqatçı Rasim Quliyev qeyd edir ki, Azərbaycan artıq hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu dövrünü yaşayır: Siyasi sahədə müsbət dəyişikliklərə aşağıdakıları aid edə bilərik: siyasi partiyaların və ictimai-siyasi təşkilatların yaranması, siyasi plüralizm, demokratik hüquq və azadlıqların təsdiqi, dövlət idarəçiliyi sisteminin struktur dəyişmələri (məsələn, prezident institutunun qəbulu, əvvəllər mövcud olan xalq deputatları sovetlərinin icra komitələri əvəzinə icra hakimiyyətlərinin yaradılması, Konstitusiya Məhkəməsinin təşkili, yerli özünüidarə sistemi kimi fəaliyyət göstərən bələdiyyələrin yaranması, nazirliklərin sayının azalması və onların fəaliyyətlərinin təkmilləşməsi). İqtisadi sahədə aşağıdakıları qeyd etmək olar: iqtisadiyyatın idarə olunmasında komanda - inzibati sistemin aradan qaldırılması, 1996-cı ildə başlayan və hələ də davam edən özəlləşdirmə, hansı ki, mülkiyyətin müxtəlif formaları üçün bərabər şəraitin və həmçinin, mənzil fondununtorpaq sahələrinin faktiki özəlləşdirilməsi, mal qıtlığının ləğvi və xidmət sferasının genişləndirilməsi ilə müşayiət olundu”.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət və ıçtimai həyat elə təşkil edilməlidir ki, qanuna riayət edilməsi hamı üçün eyni səviyyədə məcburi olsun, yəni dövlət məmurlarına və adi vətəndaşlara heç bir fərq qoyulmasın.

Onu da qeyd edək ki, hüquqi dövlətin birinci əlaməti qanunun aliliyindən ibarətdir. Bu o deməkdir ki, dövlət qanunlara əsaslanmalı və onun tələblərini rəhbər tutmalıdır. Qanunlar vətəndaşlar üçün məcburi olduğu qədər də dövlət üçün məcburidir. Yəni, dövlət qanunda ifadə edilən normalara tabe olmalıdır.

Hakimiyyətin bölgüsü prinsipi hüququ dövlətin ikinci əlaməti sayılır. Azərbaycan respublikasında dövlət hakimiyyəti üç hakimiyyət sahəsi tərəfindən həyyata keçrilir və təşkil olunur: qanun vericilik hakimiyyəti tərəfindən; icra hakimiyyəti tərəfindən; məhkəmə hakimiyyəti tərəfindən.

Hüquqi dövlətin üçüncü əlaməti ondan ibarətdirki, bu dövlət şəxsiyyətin hüquq və azadlıqlarını real olaraq təmin edir. İnsan haqları hüquqi dövlətin məkan daşıdır, cəmiyyətin bütövlükdə inkşafı üçün vacib amildir. Dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti hüquqi dövlətin dördüncü əlamətidir. Dövlət və şəxsiyyət arasındakı münasibətlər qarşılıqlı məsuliyyət əsasında qurulur. Belə ki, vətəndaşlar onların üzərinə qoyulmuş vəzifələri icra etməlidir, eyni zamanda dövlət də öz üzərinə vəndaşların hüquqlarını və onların həyata kecrilməsini təmin etmək vəzifəsini götürür.

Qeyd edək ki, ölkə başçısının rəhbərliyilə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərliliyinin artırılması, hüquq mədəiyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan məqsədyönlü siyasətin bir nümunəsidir.

Hüquqşünaslar qeyd edirlər ki, hüquqi dövlətdə, bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür.

Bu baxımdan hüquqi konstitusiya dedikdə, insanların hüquq və azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi başa düşülür. Tənzimləməyə məruz qalan ictimai münasibətlər, daha dəqiqi, real mövcud olan münasibətlər isə faktiki konstitusiya ifadəsi ilə xarakterizə edilir. Hüquqifaktiki konstitusiya arasında fərqin aşkar duyulması isə hüquqi islahatların cəmiyyətin inkişaf tempindən geridə qalması, müasir tələblərə tam cavab verməməsi anlamına gəlir.

Alman filosofu İmmanuel Kanta görə, hüquqi dövlətdə qanunlar xalqın iradəsi ilə qəbul olunur. Yəni, hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdan ibarətdir. Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişafyetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquqsiyasi münasibətlərdir. Bu baxımdan vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi: “1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyamız dünyada nadir qanun toplusundan biridir. Burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub. İnsan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib. Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığı, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Mühüm tarixi əhəmiyyətə malik olan bu sənəd ölkəmizdə insan və vətəndaş azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları lazımi şəkildə öz əksini tapıb”.

Qeyd vedək ki, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, ancaq vətəndaşların hüquqlarını müdafiə edən azad fərdlər birliyinə əsaslanır.

Ekspertlər onu da qeyd edirlər ki, demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Bundan başqa, vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, ondademokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər.

 

Rəşid RƏŞAD

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur

 

Ekspress .- 2016.- 30 iyul - 1 avqust.- S. 10.