«Daha
nüfuzlu ola
bilərdim»
İyunun 7-də 70 yaşını qeyd edəcək kino-ssenarist və rejissor Ramiz Fətəliyev bu ərəfədə prezident
tərəfindən həm
«Şöhrət» ordeninə
layiq görülüb,
həm də xalq artisti adına.
Yubilyarın AzadlıqRadiosuna qısa müsahibəsini təqdim edirik.
– Ramiz bəy, təbriklər,
70-i haqladınız.
– Çox sağ
olun, minnətdaram.
– Eyni vaxtda həm xalq artisti adı
aldınız, həm
də «Şöhrət»
ordeni. Bu, nadir hadisədir. Necə bacardınız
bunu?
– Allah haqqı, bilmirəm. Oturmuşdum evdə. Başladılar
zəng etməyə,
təbrik etməyə...
Mən özüm haqqında danışa bilmərəm.
Sabah yubileydir, səhnədə olacağam,
nəsə deyəcəyəm,
nəsə deməyəcəyəm.
Mümkündürsə, gəlin ora.
– 70 il
bir sənətkara ürəyindən keçənləri
reallaşdırmağa bəs
edirmi?
– Sənətkarın məhsuldarlığına
baxır. Bəzi sənətkarları 28 yaşında, ya 37 yaşında dueldə öldürüblər. Lermontov-dur, Pushkin-dir. Onlar böyük, zəngin əsərlər qoyublar.
Bəzilərinə 100 il də çatmır.
– Siz neyləyə bildiniz? Bir az da çətin dövrə
düşdü yaradıcılığınızın
son 20-30 ili.
– Çətin dövrə
düşdük, bəli.
Rəqəmlər deyir ki, guya məhsuldardır.
Amma deyim ki, mən
çox razıyam işimdən, heyranam, yox. Həmişə qələmi əlimə
götürəndə şübhələnirəm
ki, ümumiyyətlə,
mən öz işimləmi məşğul
oluram? Doğrudan, məndə nə
şöhrətpərəstlik var, nə də
özündənrazılıq. Bu, mənim təbiətimdədir.
Bunları sabah
səhnədə də
deyəcəyəm.
– Dediniz ki, hələ də qələmi əlinizə götürəndə
şübhələnirsiniz ki, «öz işimlə
məşğulammı». Nədir bu
şübhə toxumunu
səpən?
– Nə sizi çaşdırır?
Dedim axı, heç vaxt özümdən razı olmamışam. Həmişə öz nöqsanlarımı
tapmışam. Bəziləri başqalarına qarşı
tələbkardır, mən
birinci növbədə
özümə qarşı
tələbkaram.
– Sizcə, başlıca nöqsanınız
nədir?
– Üç amil var ki, adam nəzərə almalıdır. Biri səhhətdir, biri
vaxtdır, biri də nüfuzdur. Mən deyə bilmərəm ki, bu 3 amilin
hər birinə ideal münasibətim olub.
Üçünə də hansısa
dərəcədə zərbə
vurmuşam.
– Peşmansınız
buna görə?
– Əlbəttə, vaxtımı
daha sərfəli keçirə bilərdim,
səhhətim daha möhkəm ola
bilərdi, daha nüfuzlu ola bilərdim. Əlbəttə, buna heyfsilənirəm.
– Nə mane oldu Sizə? Öz istədiyiniz həyatı
yaşadınız, buna
görədir, ya başqa amillər vardı?
– Yox... Necə deyim, o çox
zəngin və mürəkkəb kompleksdir.
Zəmanə də başqa olub yəni... Elə vaxtlar olub, mən tamam ayrı işlərlə məşğul olmağı
özümə borc bilmişəm. Vətənə
sevgi xatirinə, ailəyə sevgi xatirinə və s... Yəni yolum, necə deyərlər, hamar olmayıb.
– Film çəkmək
niyyətiniz varmı və ya ssenari
yazmaq?
– Bəli, əlbəttə
var, ürəyimdən
keçir, planımda
da var. Amma bir kompleksim var, planlarımdan danışmıram. Planlar
pozula bilər, iş alınmaya
bilər. Sonra özüm də
pis vəziyyətdə
qalaram, siz də.
– Bir film çəkirdiniz:
«Ən adi soyad», Heydər Əliyev haqqında idi. Aqibəti necə oldu?
– Donduruldu qaldı dörd il
qabaq.
– Davamı çəkilməyəcək?
– Belə başa düşürəm ki, yox.
– Araşdırdınızmı
niyə dondurulub film?
– Araşdırmamışam. Mən baş
verənləri qəbul
etmişəm, sadəcə.
– Xocalı hadisələri ilə bağlı parlamentin təhqiqat komissiyasının sədri
olmusunuz. İllər sonra ABŞ konqresmenlərinə
məktubda yazırdınız
ki, «mən adi adamları şoka salacaq məlumatları hələ
də açıqlamıram».
Xocalı ilə bağlı
Azərbaycan ictimaiyyətinə
hələ də açıqlanmayan məlumatlar
çoxdurmu?
– Təbii. Hər bir ölkədə müddət var, bəzi işlərə görə 25 il,
bəzi işlərə
görə 50 il vaxt keçməlidir. Sağ qalanlara mənəvi zərbə dəyə bilər deyə, zaman lazımdır. Humanist məsələlərə bağlıdır.
Məsələn, nəvə babasına
cavabdeh deyil və ya min dənə buna bənzər şey var. Vaxt lazımdır. Bu, dünyada qəbul
olunan praktikadır.
Var, əlbəttə, deyilməyən
şeylər var.
– Bu, gizlində qalanlar sıravi adamlara aiddir, ya hakimiyyətin olimpində olanlara?
– Hamısına aiddir. Hamısına pay düşür.
– Sonda qayıdaq yubileyə. Yubilyarın ən böyük arzusu nədir?
– Torpaqlarımızın qaytarılmasıdır.
–
Vaxtınızı almayaq, yəqin zənglər gəlir.
–
Dalbadal. Sizinlə danışıram, elə səs gəlir,
«pik-pik»...
– Bir
sözünüz qaldımı deyiləsi?
– Yox, uğur arzulayıram hər kəsə. Arzu edirəm ki, hər zaman ədalətli, prinsipial və səmərəli olasınız.
Ekspress.-2016.-8 iyun.-S.13.