Azərbaycanlı
rəssam böyük uğura
Nigar Nərimanbəyova Fransada ən yaxşı rəssam
seçilib
Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil
Fransa Rəssamlarının məşhur Payız Salonunun
“TOİLE D'OR” ali mükafatını tanınmış
azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim
edib.
AZƏRTAC xəbər verir ki,
atası, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan N.Nərimanbəyova
“Adajio” diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb. Bununla da o,
“2016-cı ilin Fransada və Avropada ən
yaxşı rəssamı” statusuqazanıb.
Qeyd edək ki, N.Nərimanbəyova
artıq bir neçə ildir Azərbaycanı böyük və
irimiqyaslı “ART EN CAPITAL” layihəsində təmsil edir. Bu layihə Parisin əsas
sərgi salonunda – Qrand Paledə Fransa Prezidenti Fransua Ollandın
himayəsi ilə keçirilir.
“ART EN CAPITAL”ın əsas və
yeganə mükafatı olan “TOİLE D'OR” 1973-cü ildə Fransa Milli Mədəniyyət
Federasiyası tərəfindən təsis edilib və
əsərləri nümayiş olunan dünyanın çox sayda rəssamından
yalnız birinə verilir. İlk dəfədir ki,
azərbaycanlı rəssama təqdim edilən bu mükafata bu günə
qədər müxtəlif ölkələrdən ancaq 36
rəssam layiq görülüb.
Müstəqil rəssamların Qrand Paledəki salonunda hər il 5
minə qədər rəsmlə 2 mindən artıq
tanınmış rəssam iştirak edir. Zamanında bu salon Pol Sezan, Pol Qogen, Anri de Tuluz-Lotrek, Kamil Pissarro, Şaqal, Dali, Van Qoq, Modilyani, Brak, Miro, Düşan, Utrillo,Brauer kimi böyük rəssamlara
şöhrət qazandırıb.
Bu gün dünya miqyaslı rəssamların
siyahısına qızıl hərflərlə
azərbaycanlı Nigar Nərimanbəyovanın da adı
yazılıb. Rəssamın bu qələbəsi müasir Azərbaycanın
təsviri sənətinə böyük töhfədir.
Nigar Nərimanbəyova deyib: “Bu xəbərdən inanılmaz
həyəcan keçirirəm! Sevincimin həddi-hüdudu yoxdur.
Xoşbəxtəm ki, Azərbaycanı Avropanın dünya miqyaslı
sənət meydançalarında ləyaqətlə
təmsil edirəm, ölkəm barədə ən
yaxşı tənqidçilər və
sənətşünaslar söz açır. Bu inanılmaz uğurdur.
Artıq azərbaycanlı rəssamın adı Avropa və Fransada ən
yaxşı rəssamların reyestrinə daxil oldu.
Əlbəttə, bu, həm də
yaradıcılığımın çoxsaylı
pərəstişkarlarının xidmətidir. Onların sevgi və
səmimiyyəti mənə həmişə ilham verirvə
məni xoşbəxt edir”.
Qeyd edək ki, azərbaycanlı
rəssamın rəsmləri uzun müddətdir ki, Avropa seyrçilərinin
diqqət mərkəzindədir. Məşhur fransız
sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın
yaradıcılığını böyük Şaqalla müqayisə
edərkən onun rəsmlərini “müasirincəsənətin şah əsərləri”
adlandırıb.
Ekspress.-2016.-10 iyun.-S.13.