Hüquqi dövlət-vətəndaş
cəmiyyəti vəhdəti
Hüquqi sistem cəmiyyətin və dövlətin bütün hüquqi təşkilini əks etdirən geniş kompleks kateqoriyadır. Bu baxımdan hüququn özü, hüquq düşüncəsi, hüquq mədəniyyəti, hüquqi tərbiyə, hüquq münasibətləri, hüquq qaydası, həmçinin hüquqi ənənələr və digər mühüm komponentlər hüquq sistemi anlayışına daxildir.
Əslində hüquq sisteminə daxil olan və yuxarıda sadalanan komponentlər öz əhəmiyyətinə, ictimai münasibətlərə və insanların davranışına təsir dərəcəsinə görə təbii olaraq eyni olmur. Ancaq onlar eyni zamanda bir sıra ümumi qanunauyğunluqlara tabedirlər. Yəni, ümumi qəbul olunmuş tərifə əsasən, hüquq sistemi - hər hansı bir dövlətin ərazisində qüvvədə olan hüquq normalarının vəhdətində və qarşılıqlı uzlaşmasında, eyni zamanda hüququn nisbətən müstəqil hissələrə bölünməsində ifadə olunan daxili struktur quruluşudur. Bu da o deməkdir ki, hər bir sistem kimi, hüquq sistemi də əsas əlamətlərlə ifadə olunur.
Hüquqşünasların fikrincə, hüquqi dövlətdə, bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil
insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür.
Bu baxımdan hüquqi konstitusiya dedikdə insanların hüquq və azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi başa düşülür. Əslində tənzimləməyə məruz qalan ictimai münasibətlər, daha dəqiqi, real mövcud olan münasibətlər isə faktiki konstitusiya ifadəsi ilə xarakterizə edilir. Bundan başqa, demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması prioritet məsələ kimi bəyan edilib. Bu da o deməkdir ki, milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır. Belə ki, hazırda dövlətin idarəçilik və rejim formaları mövcuddür. Hüquqi dövlətdə qeyd edilən strukturun normalara müvafiq olması mütləqdir. Belə dövlət liberal qanunvericiliyə, demokratik icraedici və konstitusion hakimiyyətə, insanların bütün təbii və vətəndaş hüquqlarını təmin edən vəeyni zamanda onlara hörmət edən hüquqi normalara və insanlararası azad münasibətlərin yer aldığı vətəndaş cəmiyyətinə malikolmalıdır. Bu formaların hər birinin hüquqla əlaqəsi var.
Qeyd edək ki, hüquqi və faktiki konstitusiya arasında fərqin aşkar duyulması hüquqi islahatların cəmiyyətin inkişaf tempindən geridə qalması, müasir tələblərə tam cavab verməməsi anlamına gəlir.
Siyasi elmlər doktoru Gülzar İbrahimova hüquqi dövlətin formalaşmasında vətəndaş cəmiyyətinin rolunun nədən ibarət olması barədə fikir bildirib: “Hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Kanta görə, hüquqi dövlətdə qanunlar xalqın iradəsi ilə qəbul olunur. Onun fikrincə, hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdanibarətdir. Hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun və qanunazidd kimi tanınır. Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir”.
Hüquqi dövlətin mövcudluğu üçün hansı şərtlərin zəruri olması da diqqəti çəkən məslələrdən biri olaraq qalır.
Hüquqi dövlətin mövcudluğuna gəlincə, ekspertlər aşağıdakı şərtləri zəruri hesab edirlər.
1) Hakimiyyətin fəaliyyəinin hüquq normaları ilə tənzimlənməsi. Burada söhbət bütün dövlət orqanlarından gedir. Məlumdur ki, müasir demokratik cəmiyyətlərdə hakimiyyət üç qoldan: qanunverici, icraedici, məhkəmə hakimiyyətindən ibarətdir.Hakimiyyətin hər üç qolunun fəaliyyəti hüquq normaları ilə tənzimlənməlidir. Bununla bağlı hüququn bütün sahələrində çoxlu sayda normalara rast gəlmək mümükündür. Bu o deməkdir ki, dövlət başçısından tutmuş ən kiçik məmura qədər,onların bütün fəaliyyəti hüquq çərçivəsində olmalı və ondan kənara çıxmamalıdır.
2) Hakimiyyətdən müdafiə hüququ- fərdlərə aid olan hüquqdur. Hakimiyyət orqanı səlahiyyət həddini aşdıqda, hüquq normasının onun üçün cızdığı dairədən kənara çıxdıqda fərdin bundan qorunmaq - müdafiə olunmaq hüququ olmalıdır.
3) Qanunun aliliyi və qanunçuluq. Bu əlamət bir tərəfdən Qanunun göstərişlərinin hüququn bütün subyektləri üçün eyni məna və qüvvə kəsb etməsini, digər tərəfdən isə hüquqi aktların “nərdivan”ında aşağıda duran aktın yuxarıda duranauyğunluğunu ehtiva edir. Ən yuxarıda isə - birinci yerdə Qanun (Konstitusiya, referendum yolula qəbul edilən aktlar və sair) durur ki, aşağıda duran aktda mövcud olan normanın ona mütləq uyğun olmasını, olmadıqda isə hüquqi qüvvə kəsbetməməsini şərtləndirir.
4) Hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğunluğu. Çox vaxt hakimiyyət orqanının çoxcəhətli fəaliyyətinin bütünistiqamətlərini zaman, təbii fəlakət, gözlənilməyən hadisə və digər səbəblərdən vaxtındanormativləşdirmə imkanı olmur. Amma onun fəaliyyəti zəruri və qaçılmaz olur. Belə hallarda da hakimiyyətin fəaliyyəti hüququn ümumi prinsiplərindən kənara çıxa bilməz. Bu halda qəbul edilən qərarlar mütləq ədalətə söykənməli, cəmiyyətin fundamental maraq və mənafelərinə cavab verməlidir. Bununla bağlı ədalətsiz qanun qanun deyil tezis-ideyasından çıxış edilir və qərarın leqitimlik məsələsi əsas görürülür.
Hüququn ümumi prinsiplərinə cavab verməyən norma legitim hesab olunmur. Son dövrlərdə belə prinsiplər daha çox beynəlxalq hüquq normaları ilə müəyyən edilir. Məsələn, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə, “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Tək bu normanın özündə bir neçə prinsip (məhkəmələrin qanun əsasında yaradılması, müstəqil və qərəzsiz olması, məhkəmə prosesinin ağlabatan müddətdə baş tutması, onun ədalətli və açıq olması və sair) ehtiva olunub.
5) Dövlət hakimiyyəti sisteminin hüquqi təşkili Qanuni hakimiyyət özünün qərarlaşması və möhkəmlənməsi üçün hüquq formasında ifadə olunur. Çünki güc öz-özlüyündə hakimiyyəti yarada bilməz. Dövlət hüquqla, hüquq normaları ilə bağlıdırvə o, elə bir qüvvədir ki, hüquqa xidmət göstərməlidir. Yəni, dövlət insan hüquqlarına zidd olan qanunlar yarada bilməz.
6) Vətəndaş cəmiyyətinin varlığı. Hegel ilk dəfə şəxsiyyət və dövlət arasında həm şəxsiyyət, həm də dövlət üçün əhəmiyyətli olan ictimai mühitin mövcud olduğunu göstərib.
Əslində Hegelə görə, əgər dövlət özüylə müxtəlif şəxslərin vəhdətini ehtiva edirsə, onda vətəndaş cəmiyyətində hər kəs özü üçün məqsəd, bütün qalanlar isə heç nədir. Bu baxımdan ekspertlər qeyd edir ki, başqaları mahiyyətdir, buna görə də xüsusi məqsəd üçün vasitələrdir. Odur ki, başqaları ilə nisbətsiz fərd tam həcmində öz məqsədlərinə nail ola bilməz. Vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə müxtəlif xarakter daşıyır. Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplarvə birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir.
Hüquqi dövlət və vətəndaş cəmiyyətinin birgə vəhdət təşkil etməsinə gəlincə, G.İbrahimova bu barədə deyir: “Hüquqi dövlətdə, bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir və orada siyasi elitanın “söz keçirməsi” cəmiyyətin liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir və sərbəstlik demokratiyanı yaradan şərtlərdən biridir və demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd bağlılığı göz önündədir. Kantın da dediyi kimi: “Ümumdünyəvi vətəndaş cəmiyyətinin formalaşması demokratiyanın yaranması deməkdir”. Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır, biri bərqərar olmadan o biri mümkün deyil. Fransız politoloqu Tokvill demokratiya şəraitində hüquqi dövlətin cəmiyyətdə oynadığı rolu təhlil edərək bildirir ki, demokratiya əmlakın mövcudluğunu, mülkiyyət anlayışını bütün adamlar üçün aydın etdiyi kimi, siyasi hüquqlar analyışını da hər bir vətəndaşın şüuruna çatdırır.
Düzdür, qeyri-demokratik şəraitdə də cəmiyyət mövcuddur. Lakin bu cəmiyyət hakimiyyət strukturlarının nəzarəti altında olur və onlara hesabat verir. Məsələn, avtoritar rejimdə əgər vətəndaş cəmiyyətini təşkil edən qurumlar dövlət tərəfindən təsdiq edilərək birbaşa onun nəzarəti altına alınırsa, demokratiya şəraitində cəmiyyət nəzarətdən azaddır və əksinə, cəmiyyət yox, dövlət ona hesabat verir.
Platon “Qanun” dialoqunda yazırdı ki, o yerdə ki, qanunun qüvvəsi yoxdur və kiminsə hakimiyyəti altındadır, orada dövlətin məhvi labüddür. Qanunun aliliyini tanıyan hüquqi dövlət qurulmuş ölkə vətəndaş cəmiyyəti üçün münbit zəmindir.
Ekspertlərin qeyd etdiyi kimi vətəndaş cəmiyyəti yüksək inkişaf etmiş hüquqi dövlət çərçivəsində fəaliyyət göstərə bilər. Belə dövlət vətəndaş cəmiyyətinə “qanunun qadağan etmədiyi hər işi görməyə” imkan verir, ona şərait yaradır, hüquqlarını müdafiə edir. Vətəndaş cəmiyyəti isə öz növbəsində ölkə qanunlarına riayət edir. Göründüyü kimi, bu göstəricilər arasında hər tərəfə xeyir verən demokratik əlaqə mövcuddur. Yəni, vətəndaş cəmiyyəti dövlətdən asılı deyil, lakin onunla məqsədinə doğru “qarşılıqlı anlayış” şəraitində fəaliyyət göstərir.
Rəşid RƏŞAD
Ekspress.-2016.-23 iyun.-S.10.