Vətəndaş cəmiyyətində dəyərlər sistemi

 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

Vətəndaş cəmiyyətində əxlaqi-etik dəyərlərin tərbiyəsi əsas amil hesab olunur. Böyük filosof Aristotel yazırdı: "Etika insana öz həyat fəaliyyətinin əsas məqsədlərini dərk etməyə və dövlətdə xeyirxah vətəndaşların tərbiyə edilməsi məsələsini həll etməyə kömək etməlidir, buna görə də o, siyasətlə yanaşı, həm də çox mühüm bir elmdir".

 

   Tədqiqatçıların fikrincə, etik dəyərlər anlayışı birgə yaşayış prosesində meydana gələn, insanlar arasında qarşılıqlı münasibətlərin bütün tiplərinin məcmusunun nəticəsi kimi cəmiyyətdəki mənəvi davranış normalarına və mənəvi prinsiplərə əsaslanır. Mənəviyyat normaları vətəndaş cəmiyyətində qadağalar və davranışlar şəklində mövcud olur. Qadağalar mənfi xarakter kəsb edir və özündə bütövlükdə cəmiyyət üçün arzuolunmaz fərdi davranış normalarını əks etdirir. Tarixi qadağalar həmişə əmrlərdən əvvəl olub. Bu baxımdan insan cəmiyyətində fərdlərin birgə yaşayışı ictimai həyat üçün təhlükəli ola biləcək hər bir insan fərdiliyinin müəyyən tərəfinin sıxılmasını tələb edir ki, insanlar arasında həmrəylik və qarşılıqlı yardım münasibətləri yaradılsın.

 

   Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun fikrincə, vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir: "Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə, çevrilməsi prosesi baş verir. Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları - parlamentsiyasi partiyalar dövlət strukturlarına çevrilir. Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır. Vətəndaş cəmiyyəti bəşəriyyətin ideal cəmiyyət arzusu olsa da, burada ayrı-ayrı sosialsiyasi qüvvələr, dövlət və xüsusi maraqlar arasında ziddiyyətlər və münaqişələr də baş verir. Bu münaqişələr aradan qaldırılır, həll edilirkonsensus, kompromis yaranır. Beləliklə, vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa, yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus və kompromisə, özünütəşkilə və sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir".

 

   V.Ömərov onu da qeyd edir ki, qərb dünyasında təşəkkül tapan və indidünyanın bütün demokratik ölkələrində formalaşmaqda olan vətəndaş cəmiyyəti bəşəriyyətin uzun əsrlər boyu arzuladığı ideal cəmiyyət - "cənnət" axtarışının gerçəkləşdiyi, həyata keçdiyi ümumbəşəri sərvət,ümumdünya fenomeni olub insanlığın ədalətli, azad, demokratik, ləyaqətli ictimai həyatda yaşamaq haqqını təsdiq edir.

 

   Əslində belə bir cəmiyyət qurmaq bəşəriyyətin əsas məqsədidir.

 

   Onu da qeyd edək ki, vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktaturatotalitarizm kabusunun nəticəsi və insanların azad, sərbəst yaşamaq arzusu ilə meydana gəlib. Hazırda da vətəndaş cəmiyyəti vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib, birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə yaradılır.

 

   Yeri gəlmişkən, mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə bir daha sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras isə onun milli-mənəvi dəyərləridir. Bu baxımdan hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin, milli-mənəvi dəyərlərin təsbiti mövzusuna üstünlük verilməlidir.

 

   Ekspertlərin fikrincə, milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir. Bundan başqa, milli və bəşəri dəyərlərin sintezini dünya təcrübəsi yönündə həyata keçirilən islahatlar ölkəmizin dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmağa şərait yaradır.

 

   Ekspertlər onu da vurğulayır ki, sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür.

 

   Ölkəmiz müstəqil dövlət quruculuğu yoluna qədəm qoyduqdan sonra milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq istiqamətində addımlar atmağa başlayıb. Dünya ölkələri arasında yalnız güclü dövlətlər öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Bu baxımdan Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması məhz bu istiqamətdə addımlar atılması üçün geniş imkan yaratdı.

 

   Ekspertlərin fikrincə, qloballaşan dünya prosesləri bizdən həyati bacarıqlara yiyələnən və yüksək milli-mənəvi dəyərlərə malik vətəndaşların yetişdirilməsini tələb edir. İnsan fərd kimi doğulub, tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir, vətəndaş kimi fəaliyyət göstərir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə və cəmiyyətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik insan nəzərdə tutulur. Bu baxımdan maddi və mənəvi inkişafda müvazinətin saxlanmasının beynəlxalq mədəni təşkilatlar səviyyəsində dəstəklənməsi dünyanın xoşbəxt gələcəyinə dair nikbin proqnozları hələ də stimullaşdırmaqdadır. Hətta günümüzdə dövlətlə bərabər QHT-lərin də işinin əsas qayəsi vətəndaşlar arasında mədəni və milli-mənəvi dəyərlərin yayılmasına kömək etmək olmalıdır.

 

   Ümumiyyətlə vətəndaş cəmiyyətinin aparıcı inistutu kimi QHT-lər heç zaman unutmamalıdırlar ki, bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. QHT-lər bir məqamı da daim nəzərdə saxlamalıdırlar ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. O da məlumdur ki, gənc nəsil eyni zamanda xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Hazırda Azərbaycan QHT-lərinin də əsas amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etmək olmalıdır.

 

   Ekspert Elşən Nağıyevin fikrincə, vətəndaş cəmiyyətinin yaradılmasında vacib amillər aşağıdakılardır: "Çoxşaxəli iqtisadiyyat, müxtəlif mülkiyyət formaları və tənzimlənən bazar münasibətləri. Hakimiyyətin bölünməsi, siyasi plüralizm, vətəndaşların dövlət və ictimai işlərdə iştirakı, qanunun aliliyi və hər kəsin onun qarşısında bərabərliyi. Mənəvi ideologiyanın və dünyagörüşünün olmaması və vicdan azadlığı. Beləliklə, vətəndaş cəmiyyəti - bu ictimai münasibətlərin, formalqeyri formal strukturların, spesifik maraqların birləşmiş məcmusudur. Bütün bunlar insanın həyat fəaliyyətini təmin edən və müxtəlif maraq və təlabatların dövlətdən kənar təmin edilməsidir. Vətəndaş cəmiyyəti və dövlət biri-birini tamamlayır və biri-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyildi, cünki məhz azad vətəndaşlar şüurlu insan birgə yaşayışının ən səmərəli formasını yarada bilər. İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur. Bu mexanizm üç elementdən ibarətdir: Hakimiyyətin qanunverici, icraedici və məhkəmə olmaqla bölünməsinin prinsipləri həyata keçirilir; Hakimiyyət orqanlarına seçkilərdə partiyaların qarşılıqlı əlaqələr sistemininyaranması; Dövlətin və cəmiyyətin arasında mövcud olan əlaqə və münasibətlərin inkişafında müxtəlif təşkilatlar, komutələr və komissiyalar iştirak edirlər. Belə mexanizm dövlətin və vətəndaş cəmiyyətinin uzun sürən təkamülü nəticəsində yaranır. Siyasi sistemin müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün yeganə yol dövlətin və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqə və münasibətlərində, üstünlük güclü dövlət və onu tamamlayan vətəndaş cəmiyyətinin səmərəli fəaliyyətində olmalıdır".

 

   Son olaraq qeyd edək ki, vətəndaşların birləşmək və dövlətin və cəmiyyətin idarə olunmasında iştirak hüquqları, insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olmaqla, ölkə qanunları ilə müəyyən edilir. Belə hüquqlardan istifadə etməklə, vətəndaşların fərqli formalarda cəmiyyətin həyatına qatılmaq, eyni zamanda ona təsir etmək imkanları vardır. Bundan başqa vətəndaş cəmiyyəti dövlət və özəl sektordan kənarda vətəndaşların ən müxtəlif səviyyəli müstəqil birliklərinin kompleksini təşkil edir.

 

   Vətəndaş cəmiyyətinin əsas keyfiyyətlərinə gəlincə, bunlar aşağıdakılardır: dövlətdən və kommersiya sektorundan ayrı olmaq, ümumi ehtiyac, maraq və dəyərləri olan insanlar tərəfindən formalaşdırılmaq, kənar təsirlərdən və nəzarətdən azad, müstəqil inkişaf imkanlarına malik olmaq. Vətəndaş cəmiyyəti özütəşkil olunan və öz-özünə inkişaf edən bir sistem olsa da, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli şəkildə fəaliyyət göstərir və inkişaf edir.

 

   Rəşid RƏŞAD

Ekspress.-2016.-3 mart.-S.10.