Dövlət - vətəndaş cəmiyyəti
arasında qarşılıqlı fəaliyyət
Vətəndaş cəmiyyəti,
hüquqi dövlət quruculuğu
"Vətəndaş cəmiyyəti"
və "dövlət" anlayışları bir-birini
tamamlayan, daxili əlaqəsi olan vahid ictimai orqanizmdir. Hər
iki anlayış həm sosial-iqtisadi sahələrin
inkişafında, həm də siyasi həyatın
canlanmasında mühüm rol oynayır. Azərbaycanda vətəndaş
cəmiyyətinin əsas atributlarından olan QHT-lərin
demokratik cəmiyyətin formalaşmasında və
inkişafında rolu böyükdür.
III sektorun cəmiyyətdə əsas
rolu vətəndaşların tələbatının ödənilməsi
istiqamətində öz potensial qüvvələrinin səfərbər
edilməsindən, bu yöndə vətəndaş
şüurunun artırılması və işlək mexanizmlərin
formalaşdırılmasından ibarətdir. Ölkədə
sosial mühiti yaxşılaşdırmaqla QHT-lər sosial
inkişafın zəruri şərti olan sosial və siyasi
sabitliyin təmin edilməsinə mühüm töhfə
vermiş olurlar.
İnkişaf etmiş ölkələrdə
sosial-iqtisadi layihələrin həyata keçirilməsində
QHT-lərə mühüm önəm verilir. Belə təcrübə
Azərbaycanda da uğurla tətbiq olunur. Qeyri-hökumət təşkilatlarının
fəaliyyəti sosial sferanın innovasiyalı
inkişafına, dövlət və vətəndaş cəmiyyəti
əməkdaşlığının daha da yüksəlməsinə,
cəmiyyətin sosial müdafiə sahəsində
potensialının inkişafına, güclənməsinə əhəmiyyətli
dərəcədə müsbət təsir göstərir.
Azərbaycanda vətəndaş cəmiyyəti
və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu
ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili
qarşılıqlı tərəfləri kimi
özünü göstərir. Vətəndaş cəmiyyəti
üzvləri üçün birgəyaşayış
qaydalarını özündə əks etdirən vətəndaş
cəmiyyəti etikası formalaşır.
Vətəndaş cəmiyyəti
və hüquqi dövlətin arasındakı
qarşılıqlı münasibətlərdən
danışarkən, burada şaquli əlaqələrin
üfüqi əlaqələrə və əksinə,
çevrilməsi prosesi baş verir. Demokratik cəmiyyətlərdə
vətəndaş cəmiyyəti və hüquqi dövlət
arasında sıx qarşılıqlı əlaqə
yaranır. Vətəndaş cəmiyyətində insanlar azadlıq
əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət
kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız
yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət
göstərir. Bu cəmiyyətin formalaşması zamanı
bütün sahələrdə sivilizasiyalaşma baş verir.
Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə,
o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə,
digər tərəfdən hüquqi dövlət, demokratiya və
vətəndaşların ictimai fəallığı ilə
sıx bağlıdır. Vicdan azadlığı problemi bəşəriyyətin
inqilabi-demokratik inkişafının nailiyyəti, zəmanəmizin
aktual problemlərindəndir. Vicdan, şəxsi və ictimai mənafeyi
öz əqidəsinə uyğun olaraq insanın hərəkət
etmək bacarığı və imkanıdır. Geniş mənada
vicdan azadlığı, vətəndaşların bu və ya
digər əməllərə (ədalət və ədalətsizlik,
yaxşı və pis) qiymət verməkdə mənsub
olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda
tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət
etməkdə azad olmaq imkanıdır. Sözün dar mənasında,
vicdan azadlığı kateqoriyası insanların dinə
münasibətə tam sərbəstliyini nəzərdə
tutur. Vicdan azadlığı istənilən dini seçib ona
riayət etmək və heç bir dinə inanmamaq, yəni
ateist mövqedə durmaq hüququnun təmin edilməsi kimi
iki vacib prinsiplə müəyyən edilir.
Ekspertlərə görə, vətəndaş
cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət
müdaxiləsi olmayan, lakin vətəndaşların
hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə
tənzimlənən azad fərdlər birliyinə əsaslanır.
MEA İnsan Hüquqları
İnstitutu Din və İctimai Təhlükəsizlik
şöbəsinin müdiri, siyasi elmlər doktoru Gülzar
İbrahimovanın sözlərinə görə,
demokratiyanı siyasi sistem formalaşdırır. Onun
dayanıqlı olması üçün isə vətəndaş
mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də
hüquqi dövlətin mövcudluğu zəruridir. "Vətəndaş
cəmiyyəti insan azadlığı və
hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən
çəkinən, məqsədlərinə çatmaq naminə
neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan
yarana bilməz. Əgər bir vətəndaş öz
hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini
dərk etmirsə, hüquqlarını tələb etməkdən
vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş
cəmiyyətindən danışmağa dəyər".
Hüquqi dövlətin
formalaşması vətəndaş cəmiyyətinin
inkişafı ilə bağlıdır. Vətəndaş cəmiyyəti
vətəndaşları birləşdirən ictimai şəbəkə
olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların
özü və müəssisələr tərəfindən
yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində
dövlətə münasibətdə muxtar xarakter
daşıyır. Vətəndaş cəmiyyəti
sivilizasiyasının müasir səviyyəsində fərdlər,
qruplar və birliklər arasında dövlət vasitəsilə
şərtlənməyən, özünəməxsus,
inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni,
hüquq və siyasi münasibətlərdir.
Vətəndan Cəmiyyəti
Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin
Hacılıya görə, son onilliklərdə əksər
ölkələr dövlət paternalizmindən imtina edir, bərabər
hüquqlu dövlət, özəl sektor və vətəndaş
cəmiyyəti əməkdaşlığına xüsusi
diqqət yetirirlər. Onun sözlərinə görə,
müasir anlamda dövlət-özəl-vətəndaş cəmiyyəti
əməkdaşlığı ictimai məzmun daşıyan
beynəlxalq, milli və lokal layihələrin həyata
keçirilməsi məqsədi ilə bu sektorlar arasında
yaradılmış institusional və təşkilati alyans kimi
başa düşülür. "Nəzərə alsaq ki, hər
üç sektor cəmiyyətin idarə edilməsindən
mühüm iştirak edir və bu baxımdan onlar arasında əməkdaşlıq
vacibdir. Son illər siyasi, sosial, iqtisadi və digər sahələrdə
bir sıra uğurlara imza atan Azərbaycan üçün də
sektorlararası əməkdaşlığın elmi cəhətdən
araşdırılması, öyrənilməsi, təşkili
və tətbiqi mühüm əhəmiyyət kəsb edir.
İdarəetmənin bu sahəsi ölkəmizdə sistemli
şəkildə öyrənilməyən və tətbiq
edilməyən sahələrindən biridir" deyən
Hacılı bildirir ki, sektorlararası əməkdaşlıq
ideyası məhz bu üç sektorda fəaliyyət göstərən
qurumları bir araya gətirmək, onların səylərini
birləşdirmək və mövcud problemlərin həllində
onların imkanlardan birgə istifadə etmək
üçün meydana çıxıb.
Sektorlararası əməkdaşlıq
ideyası ilk dəfə Avropa ölkələrində
1990-cı illərdən yaranmağa və formalaşmağa
başlayıb. Danimarkada sektorlararası əməkdaşlıq
iş yerlərində sosial təcrid olunmanın
qarşısının alınması və cəmiyyətin
təcrid olunan həssas təbəqələrinin əmək
bazarına inteqrasiyası məsələsinin həll
olunmasına yönəlib. 2013-cü ildə
İtaliyanını Əmək Nazirliyi və Sosial Siyasət
İdarəsinin korporativ sosial məsuliyyətə dair Milli Fəaliyyət
Planında qeyd etdiyi əsas prioritetlərdən biri də
sosial müəssisələr və üçüncü
sektor təşəbbüslərinin, fəal vətəndaşlığın
və vətəndaş cəmiyyəti təşkilatlarının
stimullaşdırılmasıdır. "Qərb ölkələrində
sektorlararası əməkdaşlıq ideyası yaranıb
formalaşmazdan əvvəl bu sektorlar arasındakı
münasibətlərin paradiqması mübadiləçi
xarakter daşıyırdı. Yəni, sektorlar bir-biri ilə
ehtiyatla və qapalı davranır, etibar etmir və bir-biri barədə
stereotipik anlayışlara sahib idilər: Bu dövrdə
dövlət sektoru - bürokratikdir, avtoritar meyllər
güclüdür, qərarvermə proseslərində şəffaflıq
və hesabatlılıq aşağı səviyyədədir;
Özəl sektor - daha çox mənfəət əldə
etməyi düşünür, iqtisadi və şəxsi
maraqların üstündür; Vətəndaş cəmiyyəti
- idealistdir, hər zaman maliyyə
axtarışındadır".
Son illərdə dövlətlərin
siyasi, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə
etməsi, eyni zamanda özəl sektorun və vətəndaş
cəmiyyətinin inkişafı ilə sektorlar bir-birinə
olan münasibətlərinə də yenidən nəzər
salmaq qərarına gəldilər. Aydın oldu ki, yeni şərait
sektorların əslində bir-biri ilə qarşılıqlı
əlaqdə olmasını tələb edir və məntiq
onların biri olmadan digərinin keçinə bilməyəcəyinə
işarə edir. Münasibətlər paradiqmasını dəyişmək
təxirəsalınmaz bir ehtiyaca çevrildi. "Sektorlar bu
ehtiyacı aşağıdakı aspektlərdən hiss edirlər:
Dövlət sektoru-mövcud sosial ehtiyaclar və sosial xidmətlərin
təşkilindəki problemlər; azalmaqda olan ictimai resurslar və
ictimai xidmətlərin inkişaf etdirilməsi
üçün alternativ resursların
araşdırılması ehtiyacı; şəffaflıq,
hesabatlılıq və qərarların hazırlanması
proseslərində iştirakçılıqla bağlı
ictimaiyyətin artmaqda olan tələbi və s. Özəl
sektor: korporativ vətəndaşlıq və sosial məsuliyyətlə
bağlı qlobal tendensiya; imici ictimailəşdirmək və
ictimai hesabatlılığı artırmaq ehtiyacı;sosial
gündəmə çıxmaqla bəzi həssas məsələlərlə
bağlı ictimai təzyiqi yüngülləşdirmək
ehtiyacı və s. Vətəndaş cəmiyyəti: maliyyə
və maliyyə mənbələrinin çeşidini
artırma ehtiyacı;ictimai hesabatlılıqla bağlı
artmaqda olan tələbat və öz fəaliyyətinin təsirini
artırmaq üçün özəl sektorun idarəçilik
təcrübəsindən bir şeylər əxz etmək istəyi
və s. Yuxarıda sadalalanan bu və ya digər amillər
sektorları üçtərəfli əməkdaşlını
tələb edir və münasibətlərin yeni
paradiqması olan sinerji modelini yaradır. Bu model tərəflər
arasında qarşılıqlı inama, ümumi məqsədlər
uğrunda birgə fəaliyyət təşviq edir".
Sektorlararası əməkdaşlıq
ideyası Azərbaycan üçün yeni hesab oluna bilər.
R.Hacılının bildirdiyinə görə, son illərdə
ölkəmizdə mövcud problemlərin həlli, sosial,
iqtisadi və digər uğurlara nail olmaq üçün
dövlət-özəl sektor, dövlət- vətəndaş
cəmiyyəti, özəl sektor-vətəndaş cəmiyyəti
aralarında ikitərəfli münasibətlərin
inkişafı istiqamətində müəyyən işlər
görülsə də, üçtərəfli əməkdaşlıq
sahəsində bir sıra boşluqlar mövcuddur. Mərkəz
sədri sektorlararası münasibətlərində mövcud
olan problemləri belə qruplaşdırır: Hər
üç sektorun hələ də bir-birnə ehtiyatlı
münasibəti, əməkdaşlıqdan və tərəfdaşlıqdan
çəkinməsi, təklif və təşəbbüslərinə
lazimi diqqət yetirilməməsi; beynəlxalq təcrübənin
kifayət qədər öyrənilməməsi;
sektorlararası əməkdaşlığın institusional
mexanizmlərinin mükəmməl olmaması; biznes və vətədaş
cəmiyyəti sektorlarının dövlət
proqramlarının hazırlanmasına və icrasına zəif
cəlb edilməsi; sektorlararası əməkdaşlığı
nəzərdə tutan konkret proqramların olmaması;
sektorlararası əməkdaşlıq ideyasının əhəmiyyəti
və təbliği sahəsində maarifləndirmə
işinin zəifliyi və s. Onun fikrincə, göstərilən
problemlərin aradan qaldırılması üçün
sektorlararası əməkdaşlıq sahəsində beynəlxalq
təcrübənin öyrənilməsi, sektorlararası əməkdaşlığın
və tərəfdaşlığın inkişafını nəzərdə
tutan proqramların hazırlanması və həyata
keçirilməsi, dövlət orqanları tərəfindən
hazırlanan və icra olunan dövlət proqramlarına digər
sektorların aktiv cəlb edilməsi vacib məsələlərdəndir.
"Sosial Hüquqların
Araşdırılması" İctimai Birliyinin sədri
Mayis Əliyevin dediyinə görə, bazar iqtisadiyyatı
ölkələrində iqtisadiyyatın
üçüncü sektorunun inkişafı sosial xidmətlər
sferasında qeyri-dövlət və qeyri-kommersiya
strukturlarının iştirakı meyillərinin güclənməsinə
və miqyasının genişlənməsinə səbəb
olub. Dünya təcrübəsi göstərir ki,
qeyri-dövlət və qeyri-kommersiya təşkilatları
sosial sferada dövlət strukturları ilə müqayisədə
çevik fəaliyyət göstərməklə daha səmərəli
fəaliyyət həyata keçirirlər.
Respublikamızda dövlət və
vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın
yeni bir yardım, dəstək müstəvisində
inkişafı və onun konturlarının müəyyənləşdirilməsi
məqsədilə Prezidentin 27 iyul 2007-ci il tarixli sərəncamı
ilə "Azərbaycan Respublikasının qeyri-hökumət
təşkilatlarına dövlət dəstəyi
Konsepsiyası" təsdiq edilib. Konsepsiyada QHT-lərə
dövlət dəstəyinin əsas prinsip və formaları,
prioritet sahələri, bu dəstəyin təmin edilməsinin
əsas vasitələri, onlara maliyyə yardımının
şərtləri ilə bağlı məsələlər əksini
tapıb. Sənəddə QHT-lərin ölkənin sosial,
iqtisadi, siyasi və mədəni həyatında fəal
iştirakının təmin edilməsi baxımından onlara
dövlət dəstəyinin formaları müəyyən
edilib. Bu formalar vasitəsilə respublikada QHT-lərə
dövlət tərəfindən göstərilən müxtəlif
xarakterli və məzmunlu yardımların istiqamətləri
konkretləşdirilib.
Bu gün QHT-lərin ölkəmizdə
vətəndaş cəmiyyətinin quruculuğu proseslərində
fəal iştirakı onların, bir çox layihələrin,
dövlət proqramlarının icrasında fəal
iştirakı fonunda özünü göstərir. Bu da
onların ölkənin ictimai-siyasi, sosial, iqtisadi və mədəni
həyatında fəal rol oynamaları baxımından
mühüm əhəmiyyət kəsb edir.
Bu gün davamlı inkişaf hədəfinə
nail olmaq üçün hər bir fəaliyyətin xarakterinə
və mahiyyətinə uyğun olaraq həm dövlət, həm
biznes, həm də vətəndaş cəmiyyətinin bərabər
fəaliyyət göstərməsi vacibdir.
Murad MƏMMƏDLİ
Ekspress.-2016.-4 mart.-S.10.