Vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolu

 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

 

   Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

 

   Gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib: Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; İstedadlı gənclərə dövlət qayğısı; Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;        Gənclərin məşğulluğunun təmin edilməsi; Gənc ailələrə dövlət yardımı; Gənclər təşkilatlarına dövlət yardımı.

 

   Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxtregionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1997-ci il fevralın 1-də "2 fevral" - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalandı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumilikdə Azərbaycan gənclərinin 6 forumu keçirilib ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir.

 

   Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər (azerbaijans.com).

 

   Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 6 aprel 2011-ci il tarixində prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalanıb. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb.

 

   Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əksəriyyəti gənclərlə bağlıdır. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq gənclər QHT-lərinin də cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırmasından ibarətdir. Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılının sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən gənclər QHT-ləri əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya və digər sahələrdə fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirirlər. Onlar əhalinin yuxarıda qeyd olunan müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində bu layihələr vasitəsilə kömək etməyə çalışırlar.

 

   Bu gün gənclər QHT-lərinin layihələrini dəstəkləyən əsas donorlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasıdır. Son illərə kimi digər QHT-lər kimi gənclər QHT-lərinin layihələrinin əsas donorları arasında beynəlxalq donorlar üstünlük təşkil edirdisə, hal-hazırda bu nisbət yerli donorların hesabına dəyişib. 2012-ci ili gənclər QHT-ləri üçün vətəndaş cəmiyyətinin quruculuğunda və inkişafında mühüm dönüş nöqtəsi hesab edən Hacılı həmin ildən Azərbycan gəncliyinin innovativ potensialından geniş istifadə etmək məqsədi ilə Azərbaycan Gənclər Fondunun fəaliyyətə başladığını xatırladıb. Onun bildirdiyinə görə, fəaliyyətə başladığı andan Azərbaycan Gənclər Fondu məqsədlərinə uyğun olaraq gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimaisosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirir.

 

   "Azərbaycan Gənclər Fondunun fəaliyyətə başlaması gənclər QHT-ləri üçün müxtəlif yönümlü ideyaların dəstəklənməsinə, onların vətəndaş cəmiyyəti quruculuğu istiqamətində yeni imkanlar yaratmış oldu. Yəni Gənclər Fondu gənclərin inkişafına yönəlmiş yenilikçi bir ideya olaraq müxtəlif layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə, liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün imkanları daha da təkmilləşmiş oldu".

 

   Siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Hacalıyev də Azərbaycn gənclərinin milli ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi üçün respublika rəhbərliyinin davamlı tədbirlər həyata keçirdiyini deyərək, bildirib ki, ötən müddətdə cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı, onların intellektual səviyəsinin yüksəldilməsi üçün bütün zəruri imkanlar yaradılıb. Onun sözlərinə görə, prezident İlham Əliyev son 12 ildə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlət başçsı ölkədə gənclər siyasətini uğurla davam etdirərək müvafiq sərəncamı ilə 2007-ci ili "Gənclər ili" elan etdi. Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayği ildən-ilə artırılmaqdadır. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunması deyilənləri bir daha təsdiqləyir. Gənclər siyasətinin həyata keçirilməsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə işin səmərəsini artırmaqla yanaşı, onların informasiya cəmiyyətinə uyğunlaşmasına real zəmin yaradır.

 

   Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın böyük əhəmiyyəti olub. Gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında 30-dək sosial xidmət müəssisəsi - gənclər evləri (mərkəzləri) istifadəyə verilib. Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb.

 

   Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" da dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

 

   Strategiyada Azərbaycan gəncliyinin çağırış və hədəfləri iki qrupa bölünür: qeyd olunur ki, ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur. Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur. Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir. Bu baxımdan "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" göstərilən müddəti əhatə edən dövrdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir.

 

   Həmçinin qeyd olunur ki, strategiyanın səmərəliyini qiymətləndirmək məqsədilə qiymətləndirmə indikatorları sistemi və onların ölçmə mexanizmləri yaradılmalıdır. Bu indikatorlar görülən işlərlə gənclərin vəziyyəti arasında əlaqəni özündə ehtiva etməlidir. Mövcud "Azərbaycan gəncləri" statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artırılması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin olunması, aliorta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi kimi məsələlər nəzərdə tutulub.

 

   Murad MƏMMƏDLİ

 

Ekspress.-2016.-15 mart.-S.10.