Vətəndaşların hüquqlarının qorunması və tanınması

 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiyainsan hüquqlarına hörmət olmadan mümkün deyil.

 

   Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olanbir-birini şərtləndirən amillərdir. İnsan hüquqları müxtəlif iqtisadisiyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Məlumdur ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil.

 

   Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilir. Azərbaycan dövləti ərazi bütövlüyünün, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası üçün sülhsevər siyasət apararaq atəşkəsə nail olmuş, ATƏT-in Minsk qrupu çərçivəsində və digər beynəlxalq təşkilatlar xətti ilə ardıcıl və məqsədyönlü görür.

 

   Qeyd edək ki, bütün ölkələrin konstitusiyalarının, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının müəyyənləşdirdiyi və həll etdiyi başlıca məsələlərdən biri şəxsiyyətin hüquqi statusu məsələsidir. Konstitusiyanın II bölməsində ifadə olunan normalar da məhz bu məsələyə həsr edilib. Şəxsiyyətin hüquqi statusu Konstitusiyanın ən əsas və vacib anlayışlarından biri hesab edilir. Bu baxımdan şəxsiyyətin hüquqi statusu dedikdə Konstitusiyada təsbit edilən əsas insan və vətəndaş hüquqlarının və vəzifələrinin məcmusu başa düşülür.

 

   İnsan hüquqları sırasına ənənəvi olaraq aid edilir: yaşamaq hüququ, azadlıq hüququ, təhlükəsizlik hüququ, mülkiyyət hüququ, şəxsiyyətin ləyaqət hüququ, şəxsi və ailə sirrini saxlamaq hüququ.

 

   Vətəndaş hüquq və azadlıqları dövlət tərəfindən qanun əsasında müəyyən edilir. Vətəndaşlara bu hüquq və azadlıqları dövlət bəxş edir. Vətəndaş hüquq və azadlıqları sırasına aiddir: seçki hüququ, siyasi partiyalarda birləşmək hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ, dövlətin və cəmiyyətin siyasi həyatında iştirak etmək hüququ, müraciət etmək hüququ və s.

 

   Hüquqşünas İsrayıl İmamlı qeyd edir ki, beynəlxalq hüquq dövlətlərarası beynəlxalq münasibətləri, bu münasibətlərin müstəqil subyektləri üçün qarşılıqlı hüquq və vəzifələr təyin etmək metodu ilə tənzim edən xüsusi hüquq normaları sistemidir: "Beynəlxalq hüquqda normayaratmanın əsas xüsusiyyəti ondan ibarətdir ki, onun subyektləri bu prosesdə öz iradələrini könüllü ifadə etmək yolu ilə iştirak edirlər. Bu, hesab etməyə imkan verir ki, beynəlxalq ümumi hüquq saziş xarakteri daşıyır. Normayaratma prosesində mövcud hüquq sisteminin öz subyektlərindən savayı bu sistem üçün "yad" olan başqa subyektlər iştirak etmədiyinə görə, beynəlxalq hüququn subordinasiya xarakteri inkar edilir. Mövcud sistemin subyektləri üçün beynəlxalq hüquqla əlaqədar "qanunvericilik", "beynəlxalq qanunçuluq" kimi anlayışların işlədilməsi səhvdir".

 

   Ümumiyyətlə, hüquqi tənzimetmə təcrübəsi qəbul olunmuş normaların təkmilləşdirilməsi, onların sonrakı inkişafının zəruriliyinə təsir göstərir, eyni zamanda yeni normaların yaradılmasını tövsiyə edir: "Konkret ictimai münasibətlərin tənzimlənməsi prosesində hüquqi normaların əhəmiyyətinin tam şəkildə üzə çıxarılması ilə yanaşı, həmçinin ictimai münasibətlərin tənzimlənməsi ilə əlaqədar problemlər də təzahür edir. Bütün bu göstərilənlər tam şəkildə təsdiq edir ki, hüquqyaradıcılığı beynəlxalq-hüquqi tənzimetmənin tərkib hissəsidir.

 

   Bu xüsusiyyətin üzə çıxarılması beynəlxalq hüquq yaradıcılığının tərifinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu əlamət hüquqyaradıcılığının hüquqi tənzimetmənin tərkib hissəsi olması xüsusiyyətini biruzə verir. Anlayışın mahiyyətinin açılması üçün müvafiq əlamətin həmin anlayışın tərkibinə daxil edilməsi zəruridir. Beynəlxalq normayaradıcılığının vacib meyarı beynəlxalq təşkilatların normativ imkanlarından istifadə edilməsidir. Belə ki, səlahiyyətlərinə aid sferalarda beynəlxalq vəziyyətin daim öyrənilməsi prosesində beynəlxalq təşkilatlar tez-tez müvafiq sahədə beynəlxalq-hüquqi tənzimetməyə dair tələbatları hiss edərək, buya digər konvensiyanın işlənib hazırlanması zəruriliyini qabaqcadan görürlər".

 

   İ.İmamlı aparılan araşdırmalar nəticəsini də qeyd edərək bildirir ki, beynəlxalq hüquq yaradıcılığının aşağıdakı tərkib elementlərinin onun anlayışına daxil edilməsi vacib əhəmiyyətə malikdir: Beynəlxalq hüquqyaradıcılığı beynəlxalq -hüquqi tənzimetmənin ilkin mərhələsidir.

 

   Beynəlxalq hüquqyaradıcılığı ictimai münasibətlərin inkişafının obyektiv qanunlarına uyğun şəkildə həyata keçirilir. Beynəlxalq hüquqyaradıcılığı ictimai münasibətlərin tənzimlənməsi məqsədilə həyata keçirilir.

 

   Beynəlxalq hüquqyaradıcılığı beynəlxalq hüququn ikidaha çox subyektləri tərəfindən həyata keçirilir. Beynəlxalq hüquqyaradıcılığı dövlətlərin iradəsinin razılaşdırılması yolu ilə həyata keçirilir. Beynəlxalq hüquqyaradıcılığı - beynəlxalq-hüquqi normaların yaraqdılması, dəyişdirilməsi və ləğv edilməsi ilə tamamlanan (başa çatan) fəaliyyətdir.

 

   Onu da qeyd edək ki, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosialsiyasi fəallığının artırılması yönündə bir çox islahat proqramları həyata keçirilib.

 

   Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasmın 24-cü maddəsində (ümumilik, ayrılmazlıq, pozulmazlıq və toxunulmazlıq prinsipləri), 25-ci maddəsində (bərabərlik prinsipi), 71-ci maddəsinin 1-ci hissəsində (dövlət müdafiəsi prinsipi), 71-ci maddəsinin 6-cı hissəsində (birbaşa qüvvədə olma prinsipi) insan və vətəndaşın hüquqi statusunun əsas prinsipləri təsbit olunub. İnsan və vətəndaşın hüquqi statusunun bütün bu konstitusion prinsipləri Azərbaycan dövlətinin insan və vətəndaşın hüquq və azadlıqları sferasında siyasətinin əsas istiqamətlərini müəyyən edir və onların hüquqi statusunun əsasını təşkil edir.

 

   Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiyasında bəyan edilir ki, əsas hüquq və azadlıqlar toxunulmazdır və hər kəsə doğulduğu andan mənsubdur. Burada söhbət ondan gedir ki, əsas hüquqları dövlət bağışlamır, şəxsin doğulma faktı onun hüquqlara malik olmasına əsas verir.

 

   Ekspertlər bir çox ölkələrdə insan hüquqlarının qorunması ilə bağlı qanun və qaydaların səmərəli tətbiqinin təmin edilməsi üçün yaradılan xüsusi komissiyaların yaradılmasından bəhs edirlər. Bu komissiyaların əksəriyyəti, dövlət orqanlarından asılı olmayaraq, müstəqil fəaliyyət göstərirlər. Hətta onlardan müntəzəm olaraq qanunvericilik orqanları qarşısında hesabat vermək də tələb oluna bilər. Komissiyalar müstəqil xarakter daşıdığı üçün onların tərkibinə, bir qayda olaraq, müxtəlif əhali qruplarının insan hüquqları sahəsində xüsusi marağı, biliyi və təcrübəsi olan nümayəndələri daxil olur. Hər bir ölkədə üzvlərin seçilməsi ilə əlaqədar özünəməxsus tələblər və məhdudiyyətlər, məsələn, müxtəlif peşə kateqoriyalarından, siyasi partiyalar və ərazilərdən seçilən nümayəndələr və ya namizədlər üçün kvotalar qoyula bilər. Bu da o deməkdir ki, insan hüquqları komissiyaları başlıca olaraq vətəndaşları ayrı-seçkilikdən qorumaqla, eyni zamanda insanın mülki və digər hüquqlarını qorumaqla məşğuldur. Bundan başqa, komissiyaların bir qismi konstitusiyalarda qəbul olunmuş hüquqlardan hər hansı birinin güman edilən pozulma hallarını nəzərdən keçirməklə məşğuldur. Digər bir qismi isə insanın irqi, dərisinin rəngi, dini, cinsi, milliya etnik mənsubiyyəti, əlilliyi, sosial vəziyyəti, siyasi əqidəsi və əmlak vəziyyəti kimi son dərəcə müxtəlif əlamətlərə əsaslanan ayrı-seçkilik hallarını nəzərdən keçirmək imkanına malik ola bilərlər.

 

   Ümumiyyətlə isə insan hüquqları komissiyalarının ən vacib funksiyalarından biri insan hüquqları sahəsində mövcud milli qanunların ziddinə olaraq yol verildiyi güman edilən sui-istifadə halları barədə ayrı-ayrı şəxslərdən şikayətlər almaq və onları tədqiq etməkdir. Komissiyalar öz vəzifələrini lazımi qaydada həyata keçirmək üçün, adətən, tədqiq edilən məsələ barədə dəlillər toplamaq imkanına malik olurlar.

 

   Ekspertlər onu da xüsusilə vurğulayırlar ki, insan hüquqlarının həyata keçirilməsinə yalnız qanuniinzibati xarakterli tədbirlər sayəsində nail oluna bilər.

 

   Vətəndaşların gündəlik həyatında vacib hüquqlarından biri də istehlakçı hüquqlarıdır ki, bu yöndə də bir çox işlər görülüb.

 

   Hüquqşünas Nemət Ağalarov deyib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun Mülki Məcəllədən, bu qanundanbu qanuna müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir: "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş qaydalar bu qanunda nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. Azərbaycan Respublikası ərazisində istehlakçılar bir sıra hüquqlara malikdir. Belə ki, malların və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə, istehlak etdikləri malların lazımi keyfiyyətdə olmasına, malların təhlükəsizliyinə, malların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğundüzgün məlumat əldə etməyə, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların vurduğu zərərin ödənilməsinə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə, ictimai təşkilatlarda birləşməyə hüquqları var".

 

   Rəşid RƏŞAD

Ekspress.-2016.-16 mart.-S.10.