"Məktəblərdə tədris arzuolunan səviyyədə deyil"

 

Möhsün Nağısoylu: "Dərsliklər uşaqların yaşı nəzərə alınmadan, akademik şəkildə yazılır"

 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, tanınmış alim Möhsün Nağısoylu uzun müddət Azərbaycanı bir sıra beynəlxalq elmi konfranslarda təmsil edib, elmi məruzələrlə çıxış edib. Məqalələri Tehran, Kabil, Sankt-Peterburq, Kazan, Ankara, Konya şəhərlərində nəşr olunan elmi toplularda nəşr edilib. Tərtibçisi olduğu "Nizami. İncilər" kitabı Türkiyədə, "Farsca əlyazmalar kataloqu" kitabı İranda çap olunub.

 

   Möhsün Nağısoylu abituriyentlər üçün "Azərbaycan dili" (1999), "Ədəbiyyat" (2000), "Azərbaycan dili və ədəbiyyat" (2003) dərs vəsaitlərinin müəllifi, M.Füzulinin "Hədiqətüs-süəda" (1993), M.Nəsirinin "Lisanüt-teyr" (2000), "Şeyx Səfi təzkirəsi" (2006) əsərlərini tərtib və çap edənlərdən biridir.

 

   Hazırda AMEA-nın Dilçilik İnstitutunun direktorudur.

 

   Bu günlərdə Möhsün müəllimlə görüşüb ana dilinin saflaşması, bu yöndə görülən işlər və problemlərlə maraqlanldıq, özünün elmi fəaliyyətinə nəzər saldıq.

 

   - Möhsün müəllim, söhbətə tərcüməçilik fəaliyyətinizdən başlayaq. Necə oldu ki, sizə məşhurluq gətirən "Quran qissələri" kitabını tərcümə elədiniz?

 

   - Mən on il Əfqanıstanda tərcüməçi işləmişəm. Orada işləyəndə Kabul şəhərində kitabxanada əlimə Sədrəddin Bəlağinin "Quran qissələri" kitabı keçdi. Bu kitabı diqqətlə oxudum, gördüm ki, ədəbiyyat tariximiz üçün olduqca dəyərli kitabdır. Bizim klassiklərimizin, Nəsimi, Füzuli daxil olmaqla, hamısının yaradıcılığında Qurana, hədislərə müraciətlər var. Ona görə o kitabı tərcümə etməyə başladım. Kitabın ayrı-ayrı hissələri Tərcümə Mərkəzinin orqanı olan "Xəzər" jurnalında çap olundu. Digər tərəfdən, Tərcümə Mərkəzi kitabı 30 min tirajla çap etdi. Sonra həmin kitab İranın keçirdiyi bir tədbirdə mükafat aldı.

 

   Bundan başqa, fars dilində tərcümələr eləmişəm. Mən ali təhsilimi fars dili üzrə almışam. Fars dilini bilmək klassik ədəbiyyatı dərindən mənimsəməyimə kömək edib. Fars dilindən Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərini 2005-ci ildə Azərbaycan dilinə mən tərcümə etmişəm. Sufizmin mahiyyətini açıqlayan ən dəyərli qaynaqdır. Fars dilindən "Siddiqi Tahirə"ni tərcümə eləmişəm. Həzrəti Fatimə haqqında dini kitabdır.

 

   Bir də Seyid Yəhya Bakuvinin "Gülşəni Əsrar" əsərini çevirmişəm. O, XV əsrin məşhur Azərbycan mütəfəkkirlərindən biridir.

 

   Azərbaycanca-farsca 1400 səhifədən ibarət ikicildlik lüğət tərtib etmişəm, bu il çap olunmalıdır.

 

   Araşdırmalarım da Azərbaycanda tərcümə tarixi ilə bağlıdır.

 

   - Son vaxtların tərcümələri sizi qane edirmi?

 

   - İndi ölkəmizdə tərcümə işi inkişaf edib. Ayrıca mərkəz də var -Nazirlər Kabineti Yanında Bədii Tərcümə Mərkəzi. Ona da tanınmış yazıçı-publisist Afaq Məsud rəhbəlik edir. Orda istedadlı mütərcimlər var. Son vaxtlar ingilis, rus, fars dilindən tərcümələr edilir. Tərcümələr yaxşıdır. Amma Nizaminin "Xəmsə"sinin tərcüməsində hələ də müəyyən qüsurlar var. Arzu edilən səviyyə hələ də yoxdu.

 

   Bu yaxınlarda Miryəhya Yusiflinin Qurani-Kərimin nəzmlə tərcüməsi çıxdı. Mən də həmin kitabın redaktoruyam. Ön söz də yazmışam. Quranı tərcümə etmək uzun müddət qadağan olunmuşdu. Çünki Allah kəlamıdır. Onu tərcümə etmək asan iş deyil. Çoxlu şərhlər yazılır, izahlar, açıqlamalar verilir...

 

   "Dədə Qorqud"da Qurani-Kərimin ixlas surəsinin poetik tərcüməsi var. Quranın tam mətninin orta əsrlərdə türkcə tərcüməsi var. Ən məşhuru 1333-cü ildə hazırlanmış bir əlyazmadı.

 

   - Möhsün müəllim, bir az da təhsilimizdən danışaq. Orta məktəblərdə ana dilindən tədrisin səviyyəsi sevindirici halda deyil...

 

   - Orta məktəblərdə ana dili məsələsi, təbii ki, məni qane eləmir. Mənim nəvələrim də məktəbə gedir. Tədris arzuolunan səviyyədə deyil. Səbəblərdən biri də dərsliklərin səviyyəsi ilə bağlıdır. Birinci sinifdə uşaqlar ana dilindən əşya, hərəkət, əlamət bildirən sözlər keçirlər. Axı, uşaq onları o şəkildə qavraya bilmir. Bu sahədə müəyyən islahatlar lazımdır. Dərsliklər birinci növbədə şagirdlərin qavrama qabilyyətinə uyğun şəkildə, onların yaşını, inkişafını nəzərə almaqla hazırlanmalıdır. Həqiqətən də məktəblərdə tədrisin səviyyəsi arzuolunan şəkildə deyil.

 

   Mən dərsliklərlə əlaqəli adamam. Uzun müddət həm Bakı Özəl Türk Liseyində, həm Qafqaz Universitetində, həm "Araz" hazırlıq kurslarında ana dili və ədəbiyyat fənnini tədris eləmişəm. Dərsliklərdə iki problem var: birincisi, uşaqların səviyyəsi nəzərə alınmayıb, ikincisi də bəzi dərsliklərin dili akademik şəkildə yazılıb. Şagird bunu anlamır.

 

   Bəzən də dolaşıq, mübahisəli məsələləri dərsliyə daxil edirlər. Alimlərlə yanaşı, orta məktəb müəllimlərini də bu işlərə cəlb eləmək faydalı olar.

 

   - Yüksək vəzifəli məmurların ana dilini bilməməsi, ana dilinə biganə yanaşması hələ də problem olaraq qalır...

 

   - Təəssüf ki, elə hallar var. Hətta belə halların aradan qaldırılması üçün ölkə başçısı səviyyəsində tələb, məqsəd qoyulub.

 

   Bu, orta təhsildən irəli gəlir. Tutaq ki, bir nazir, bir məmur orta məktəbi rus dilində və ya başqa dildə oxuyub. Onun təhsili özünü göstərir. Ana dilinin qayda-qanunlarını pozmaq üstündə hətta müəyyən cərimə, cəza tədbirləri var. Hamı ana dilini yüksək səviyyədə bilməlidir. Ana dilinin qayda-qanunlarına hörmətlə yanaşmalıdır. Ədəbi dilin normalarına əməl etməlidir.

 

   - Yeri gəlmişkən, ədəbi dilin vəziyyətindən razısınızmı?

 

   - Normaldır. Sadəcə olaraq ədəbi dildə müəyyən proseslər gedir. Yəni, yeni sözlər daxil olur. Bəzi sözlər dilimizdən çıxır. Eləcə də bütün dünyada gedən qloballaşma prosesi bizim dilimizə də təsir edir. On-on beş il bundan qabaq multikulturalizm, tolerantlıq kimi sözlər işlədilmirdi. İndi onlar aktiv işlənən sözlər sırasındadır. Hər halda, dilə daxil olan yeni sözlərə nəzarət lazımdı. Onu kim necə gəldi işlətməməlidir.

 

   İranda dil qurumu, dil akademiyası var. Onlarda hər il fars dilinə daxil olan yeni sözlərin kiçik həcmdə lüğəti hazılanır və müəyyən dövlət idarələrinə, alimlərə, ziyalılara paylanır, müzakirəsi keçirilir. Əgər həmin sözlər qəbul olunursa, vətəndaşlıq statusu qazanır. Bizdə də belə mexanizm olsa, yaxşı olar.

 

   - İnstitutun "Qaynar xətt"i ilə bağlı problem həllini tapdımı?

 

   - "Qaynar xətt"imiz bu günlərdə fəaliyyətə başlayıb. Bu məsələdə bizə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi kömək edib. Kompüter verib, qurğunu yerləşdirib. Məsul şəxs də təyin olunub. Hazırda sınaq müddətində fəaliyyətə başlayıb, zənglər də gəlir. Çox qısa müddətdə -bir-iki həftə ərzində tam fəaliyyətə başlayacaq. Orada iki telefon nömrəsi olacaq, dörd və yeddi rəqəmli.

 

   - Hazırda sizə hansı səpkidə zənglər gəlir?

 

   - Daha çox elanlarla, reklamlarla, adlarla bağlı zəng edirlər. Deyirlər ki, kafenin adı ingilis dilində yazılıb. Haqlıdırlar. Qanuna görə hər hansı bir qurumda, təşkilatda adlar ana dilində yazılmalıdır, formatı obirilərdən iri olmalıdır...

 

   - Aparılan monitorinqlərin faydası olurmu?

 

   - Nazirliklərdə, idarələrdə və s. qrumlarda bu monitorinqlərin faydası çox olub. Biz onların bəzilərini çox cərimə eləmişik. Ötən il ərzində müəyyən təşkilatlardan 4000 manata yaxın pul daxil olub hesabımıza. Onlar işlərini bizim tövsiyələrə uyğunlaşdırırlar.

 

   Monitorinq Şöbəsi dərsliklərin, reklamların, elanların, afişaların, sosial şəbəkələrin, radio-televiziya verilişlərinin, həm də mahnıların monitorinqini aparacaq. Mahnılarda da bəzi sözlərdə ədəbi dilin normaları pozulur, yersiz sözlər işlədilir. Yaxşı olar ki, ayrıca bir qurum olsun, bu məsələlər onlarla razılaşdırılsın.

 

   Şəxs adları ilə bağlı da bizə müraciət edirlər. O gün biri zəng edib ki, qızının adını "Peşman" qoymaq istəyir. Belə ad qoyarlar? Bəlkə kimsə qızı olduğuna görə peşman olub, deməli, qızının adını "Peşman" qoyacaq?

 

   - Azərbaycan dilinin funksional qrammatikası barədə nə kimi işlər görəcəksiniz?

 

   - Bu məsələni Elmi Şurada qoymuşuq. Azərbaycan dilinin elmi qrammatikası son dəfə Dilçilik İnstitutu tərəfindən ötən əsrin 80-ci illərində 3 cilddə nəşr olunub. 35 ildən çox müddət keçib. Ona görə də biz planlaşdırırıq ki, Azərbaycan dilinin elmi qrammatikasını müasir elmi tələblər səviyyəsində yenidən işləyək, yenidən hazırlayaq.

 

   - Son vaxtlar ingilis dili də inkişaf edir ölkəmizdə...

 

   - O da bir problemdir. Vaxtilə Sovetlər birliyi dövründə rus dili bizim ana dilimizi sıxışdırırdı. Baxmayaraq ki, Konstitusiyada kağız üzərində dövlət dili Azərbaycan dili yazılmışdı. Amma dövlət idarələrində işlərin çoxu rus dilində aparılırdı. Hətta 70-ci illərin axırı-80-ci illərin əvvəli dissertasiyalar rus dilində yazılırdı. Mənim özüm dissertasiyamı rus dilində yazmışam. İndi isə ingilis dili dəbə düşüb.

 

   Bizim prezidentimiz rus, ingilis dilində gözəl danışır. Amma birinci növbədə ana dilini gözəl bilir. Elə bizim ulu öndər Heydər Əliyev ana dilini necə gözəl bilirdi, necə gözəl danışırdı! Əsl natiq idi. Birinci şərt ana dilini gözəl bilmək, ana dilində gözəl danışmaqdır. Bizim o ingilis, rus dilində danışan məmurlar birinci növbədə ölkə başçısından nümunə götürməlidirlər. Ana dilinə olan dövlət qayğısının özü bunu sübut edir ki, Azərbaycanda yaşayan bütün şəxslər, millətindən asılı olmayaraq, Azərbaycan dilini bilməlidirlər. Xüsusilə də dövlət idarələrində işləyən bütün məmurlar. Dövlət səviyyəsində bizim dilimizə qayğı yüksək səviyyədədir. Amma onun tələblərinə əməl etmək hər bir vətəndaşdan asılıdır.

 

   - Dilçilər yetişdirmək imkanları necədir indi?

 

   - Keçən il üç nəfər magistraturaya daxil olub. Qədim dillərə. Bu, Akademiya (AMEA -red.) sistemində birinci haldır. Bu da Akademiyanın prezidenti Akif Əlizadənin təşəbbüsüdür. Qədim dilləri bilmək bizim xalqımızın, dilimizin, mədəniyyıtimizin tarixini, etnoqrafiyasını öyrənmək baxımından əhəmiyyətlidir. Gələcəkdə də bu sahəyə diqqət artırılmalıdır. Gələn il magistraturaya qəbul daha çox olsa, yaxşı olar. Bizim institutun dissertanturası, doktoranturası var. Əsasən üç ixtisas üzrə -Azərbaycan dilçiliyi, türk dilləri və nəzəri dilçiliyə istedadlı gənclər daxil olurlar.

 

   Azərbaycanda yaşayan azsaylı xalqların da dilini və dil əlaqələrini, onların bir-birinə təsirini öyrənirik.

 

   - Gələcək planlarınız nədən ibarətdir?

 

   - Planlarımızdan biri Azərbaycan dilinin etimoloji lüğətini hazırlamaqdı. İkinci məsələ, Azərbaycan dilinin qrammatikasını fundamental şəkildə, elmi əsaslarla hazırlamalıyıq.

 

   Bizim qədim yazılı abidələrdə türk mənşəli sözlər işlənib, arxaik sözlərə çevrilib. Həmin sözlərin lüğətini hazırlamaq lazımdır. Türk mənşəli arxaik sözlər lüğətini hazırlamaq niyyətindəyik.

 

   Azərbaycan dilinin informasiya və terminoloji bazasını yaradacağıq. Xüsusu olaraq əcnəbilər və müstəqil öyrənənlər üçün Azərbaycan dili dərsliyi çap elətdirəcəyik.

 

   Ortaq türk dili məsələsi də bizi düşündürür...

 

   Namiq MƏMMƏDLİ

Ekspress.-2016.-17 mart.-S.11.