Hüquqi və demokratik
dövlətin formalaşması
Vətəndaş
cəmiyyəti, hüquqi dövlət quruculuğu
Siyasi ədəbiyyatda dövlət anlayışı ali hakimiyyət orqanlarında təmsil olunan insanların birliyi kimi başa düşülür. Bu da o deməkdir ki, dövlət cəmiyyətdə siyasi sistemin əsas təsisatıdır. Yəni, dövlət cəmiyyəti idarə edir və onun siyasi və ictimai quruluşunu təmin edir.
Qədim Yunan filosofu Demokrit belə hesab edirdi ki, dövlətin əsas vəzifəsi ölkədə ədaləti təmin etməkdir. Dövlət qorunub saxlananda hər şey tam halındadır, dövlət dağılsa onunla birlikdə hər şey məhv olar.
Dövlətin birinci ünsürü olan ərazi dövlətin fiziki, maddi-təbii əsasıdır, onun məkan mahiyyətidir. Dövlətin ikinci ünsürü mövcud dövlətin ərazisində yaşayan və onun hakimiyyətinə tabe olan əhalidir. Dövlətin üçüncü ünsürü müəyyən ərazidə müvafiq orqanlar tərəfindən həyata keçirilən dövlət hakimiyyətidir. Dövlətin formalaşması üçün dövlət hakimiyyəti tarixi zərurətdir. Yeri gəlmişkən, vətəndaş cəmiyyətinin 10 prinsipi var ki, onlar arasında xüsusilə diqqətdə - hüquqi, demokratik, sosial, sivil dövlətin formalaşmasıdır. Bu baxımdan vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir.
Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəlincə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.
Ekspertlər qeyd edirlər ki, demokratiyanı siyasi sistem formalaşdırır və onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz.
Siyasi elmlər doktoru Gülzar İbrahimovanın fikrincə, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyinə əsaslanır: "Hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun və qanunazidd kimi tanınır. Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir. Vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtar xarakter daşıyır".
G.İbrahimova onu da qeyd edir ki, vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir: "Hüquqi dövlətdə bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir və orada siyasi elitanın "söz keçirməsi" cəmiyyətin liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir və sərbəstlik demokratiyanı yaradan şərtlərdən biridir və demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd bağlılığı göz önündədir".
Ümumiyyətlə, hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır, biri bərqərar olmadan o biri mümkün deyil. Fransız politoloqu Tokvill demokratiya şəraitində hüquqi dövlətin cəmiyyətdə oynadığı rolu təhlil edərək bildirir ki, demokratiya əmlakın mövcudluğunu, mülkiyyət anlayışını bütün adamlar üçün aydın etdiyi kimi, siyasi hüquqlar analyışını da hər bir vətəndaşın şüuruna çatdırır.
Fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, vətəndaş cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir: "XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş cəmiyyəti" anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlayıb. Yeni dövrdən başlayaraq Qərbdə vətəndaş cəmiyyəti yaranıb. Bu cəmiyyətin gerçəkləşməsi üç mərhələdən keçib. XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşmışdır. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edir. Bu dövrdə suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunur. Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi. Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bu cəmiyyətin siyasi cəmiyyətin alternativi və əksi kimi yarandığını iddia edənlər də var. Vətəndaş cəmiyyəti dar mənada "mülki cəmiyyət" kimi də qeyd olunur. Mülki cəmiyyət dedikdə, qeyri-dövlət quruluşu, dövlətin müdaxiləsinə məruz qalmayan, azad və bərabərhüquqlu adamların cəmiyyəti başa düşülür. Burada azad, sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir".
Ümumiyyətlə götürdükdə isə, XX əsrin sonlarında Şərqi Avropa və postsovet məkanında baş verən köklü dəyişikliklər, totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir.
Vahid Ömərovun fikrincə, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir: "Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır. Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromis və konsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür.
Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir: İqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq və digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr".
Onu da qeyd edək ki, yaşadığımız müasir dövrdə dövlətin sosial siyasətinin tənzimlənməsi istiqamətində fəaliyyətin genişləndirilməsi zərurəti aktuallaşıb. Bu da o deməkdir ki, dövlətin sosial funksiyasının xüsusi mahiyyət qazanması sosial dövlətin inkişafına şərait yaradır. Bu proses bilavasitə sosial olanın iqtisadiyyat üzərində üstünlük əldə etməsi, insanın layiqli həyat şəraitinin təmin edilməsinin dövlətin əsas məqsədinə çevrilməsi ilə bağlıdır. Dövlətin sosial və iqtisadi sferanın tənzimlənməsi istiqamətində məqsədyönlü fəaliyyəti sosial siyasət prinsiplərini şərtləndirir. Məhz bu mənada sosial siyasət dövlətin digər iqtisadi subyektlərin həyat və əmək şəraitinin dolğun təminatına yönəldilmiş fəaliyyətidir. Dövlətin sosial sahədə apardığı islahatlar sosial siyasət zəminində qurulur və formalaşır. Beləliklə, sosial siyasət dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemidir. Əslində qloballaşma prosesi sosial siyasətin yeni mahiyyət kəsb etməsinə və standart proqramlar əsasında həyata keçirilməsinə, eyni zamanda müxtəlif ölkələrdə sosial siyasətlə bağlı oxşar islahatların aparılmasına səbəb olub. Bundan başqa beynəlxalq, milli və submilli sosial siyasətlər ölkələrin yoxsulluq əleyhinə qlobal fikir birliyinə gələrək inkişaf edən sosial birliyin dəyişməsinə təsir etməkdədir.
Uğurlu sosial siyasətə gəlincə, demək olar ki, ölkənin gələcək inkişafına geniş şərait yaradır. Bu baxımdan sosial siyasəti dövlətin sosial institutlarının və cəmiyyətdəki sosial-iqtisadi və sosial-siyasi münasibətlərin sosial subyektlərinin tənzimlənməsi mexanizmi kimi də nəzərdən keçirmək olar.
Ekspertlər onu da vurğulayır ki, sosial siyasət uyğun institutun maliyyə və ictimai potensialını istifadə etməklə dövlət və digər siyasi və sosial institutların cəmiyyətin sosial sahələrinin inkişafına, insanların həyat şəraitinin, tərzinin və keyfiyyətinin təkmilləşdirilməsinə, onların həyat tələbatlarının müəyyən bir hissəsinin təmin edilməsinə, onlara zəruri sosial dəstəyin göstərilməsinə, vətəndaşların sosial təhlükəsizlik, yardım və müdafiə ilə təmin edilməsinə yönəlmiş fəaliyyətidir. Yəni, dövlətin sosial siyasəti bilavasitə sosial fəallıq və digər sosial institutlarla bağlıdır. Sosial siyasət yalnız dövlət və onun institutları vasitəsilə deyil, həm də digər subyektlər tərəfindən həyata keçirilir və bu siyasət mövcud hüquqi çərçivədə olub, müəyyən mənada dövlətin sosial siyasəti ilə üst-üstə düşür.
Son olaraq qeyd edək ki, sosial siyasi fəaliyyətin əsas məsələləri yalnız insanların həyat şəraitinin deyil, eyni zamanda sosial keyfiyyətlərin - əməksevərlik, nizam-intizam, sosial məsuliyyət, ictimai fəallıq, mənəvi dəyərlər, həmçinin bu keyfiyyətlər əsasında insanların həyat tərzinin təkmilləşdirilməsi kimi müəyyənləşdirilib. Bu baxımdan hökumətin əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması və sosial qeyri-bərabərliyin azaldılması, sosial nemətlərin hər kəs tərəfindən əldə edilməsi, keyfiyyətli təhsil, səhiyyə və sosial xidmətlərin təmin edilməsi kimi müəyyənləşdirilir.
Rəşid RƏŞAD
Ekspress.-2016.-18 mart.-S.10.