Vətəndaş cəmiyyətində
ailənin rolu
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən biri ailədir. Ailə yaxın qohumların birlikdə yaşadıqları sosial qrupdur. Lakin buna adi qrup kimi baxmaq doğru deyildir.O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir.Bu baxımdan da ailə cəmiyyətin mühüm təsisatlarından biri sayılır.
Ailə hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır. Nigah isə ailənin hüquqi əsasıdır. Nigah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. Ailənin mahiyyəti onun qurluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.
İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmiçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi, şəxsiyyətin formalaşması ailədə reallaşır.
Ailənin özünəməxsus funksiyaları vardır. Ailənin funksiyaları dedikdə onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Bu baxımdan ailənin reproduktiv, təsərrüfat-iqtisadi, tərbiyə, bərpaedici və s. funksiyalari mövcuddur.
Ailənin funksiyaları qarşılıqlı əlaqədədir. Onlar, hər şeydən əvvəl ailənin sosial mahiyyətini əks etdirir. Çünki ailə cəmiyyətin sosial əsasıdır. O öz üzvlərinin müxtəlif tələbatı ilə yanaşı cəmiyyətin bir sıra mühüm tələbatını əhali artımı tələbatını yerinə yetirir. Bu isə ictimai tələbatdır. Ailənin funksiyaları məhz buradan irəli gəlir və ictimai-tarixi xarakter daşıyır.
Ailənin reproduktiv funksiyası onun həyatının mühüm bir sahəsini uşaqların dünyaya gəlməsini, onların sayını əhatə edir. Uşaqların dünyaya gəlməsi, onların sayı ilk baxışda sadə görünsə də, əslində bunlar ailənin həyat tərzinin, onun formalaşdırdığı cəmiyyətin ümumi vəziyyətinin mühüm göstəricisidir.
Ailənin digər funksiyası iqtisadi funksiyadır. Ailə ayrılıqda ev təsərrüfatını formalaşdırır. Bu funksiya ailənin mövcud olması üçün maddi şəraitin təmin edilməsi, ailə üzvlərinin maddi və bir çox başqa tələbatlarının ödənilməsi, ev təsərrüfatı ilə məşğul olmaq, ailə büdcəsinin qaydaya salınması, ailənin idarə olunması, ailə üzvlərinin sağlam və gümrah olmalarına qarşılıqlı köməyin göstərilməsin kimi əsas cəhətləri özündə birləşdirir.
Ailənin tərbiyəvi funksiyası olduqca mühümdür. Ailədə həm yaşlılar, həm də uşaqlar tərbiyə olunurlar. Ailənin gənc nəslin tərbiyəsinə təsiri xüsusilə böyük rola malikdir.
Ailə hər bir insan üçün sağlamlaşdırıcı, psixoterapevtik mühitdir. Ailənin bərpaedici funksiyası bu cəhəti nəzərə alır.
Qeyd edək ki, ailənin çoxtərəfli sosial təsisat olması səbəbindən onun inkişafı cəmiyyətin inkişafına böyük töhvə verir. O, özündə sosial təşkilatın, sosial strukturun, institutun və kiçik qrupun xassələrini təcəssüm etdirir.
Ailənin funksiyalarını əsas və ikinci dərəcəlilərə bölmək olmaz, onların hamısı əsasdır, lakin ailəni digər təsisatlardan fərqləndirən funksiyaları seçmək zərurəti ailənin spesifik və qeyri-spesifik funksiyalarını ayırmağa imkan verir.
Ailənin özünəməxsus funksiyaları onun mahiyyətindən irəli gəlir və onun xüsusiyyətlərini əks etdirir, qeyri-spesifik funksiyalar isə müəyyən tarixi şəraitdə ailənin onları həyata keçirməyə məcbur olduğu, yaxud uyğunlaşdığı funksiyalardır. Ailənin doğum (reproduktiv funksiya), uşaqların himayəsi, onların tərbiyəsi (sosiallaşdırma funksiyası) kimi spesifik funksiyaları cəmiyyətin bütün inkişaf mərhələrində qalır, hərçənd tarixin gedişində ailə və cəmiyyət arasındakı əlaqənin xarakteri dəyişikliklərə uğraya bilər.
İnsan cəmiyyəti daim əhali artımına ehtiyac duyduğundan, uşaqların doğumu və sosiallaşdırılmasının təşkilinin sosial forması kimi ailəyə sosial tələbat həmişə var. Bu həm də elə özünəməxsus formadadır ki, bu zaman həmin funksiyaların həyata keçirilməsi ailəvi həyat tərzindən asılı olmayaraq baş verir. Ailə və uşaqlara şəxsi tələbat, nikah və ailəyə dair şəxsi arzu və meyl çox mühüm şərtdir. Bu o deməkdir ki, ailə və cəmiyyətin mövcudluğu yalnız milyonlarla insanın ailəvi həyat tərzi və uşaqlara tələbatı ilə şərtlənir, həm də yalnız bu səbəbdən əhalinin artımı baş verir.
Ailənin cəmiyyətdə oynadığı mühüm rol nəzərə alınaraq Azərbaycanda da ailə institunun inkişafına böyük önəm verilir. Təsadüfi deyil ki, 2006-cı ildən ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Komitə ilə bərabər ailə siyasətini tənzimləmək üçün qanunvericilik sistemi də inkişaf etdirilib. Hazırda dövlətin güclü və təkmil qanunvericilik bazası mövcuddur. Ölkədə Ailə Məcəlləsi, "Ailə kəndli təsərrüfatı haqqında", "Gender bərabərliyinin təminatları haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Uşaq hüquqları haqqında", "Sosial müavinətlər haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında" və digər Qanunları qəbul edilib.
Ailə və Cinayət Məcəllələrində dəyişikliklər və əlavələr edilib. Ailə Məcəlləsində nikah yaşının qızlar üçün 18-ə qaldırılıb. Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib.
Ailə institutunun möhkəmliyi, həmin cəmiyyətin və dövlətin güclənməsi və inkişafına gətirib çıxarır. Bu gün Azərbaycanda 2,2 milyon ailə var. Hər il ölkədə təxminən 80 min nikah qurulur.
Bir sıra dövlət proqramlarında, o cümlədən, "Regionların sosial-iqtisadi inkişafı" və "Yoxsulluğun azaldılması və davamlı inkişaf", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə" və s. proqramlarda maddi vəziyyəti aşağı olan ailələrin, xüsusilə çoxuşaqlı, aztəminatlı və Ermənisatnın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün düşən ailələrin sosial müdafiəsi sahəsində ölkəmizdə sistemli şəkildə işlər görülür. Hazırda ölkədə ünvanlı sosial yardım alan əlil ailələrin sayı 25 mindən çoxdur, aztəminatlı ailələrin sayı isə təxminən 135 mindir.
Azərbaycan dövlətinin ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirdiyi ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Ermənistanın hərbi münaqışəsi nəticəsində ciddi sosial-psixoloci çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələrinə, həmçinin aztəminatlı və çoxuşaqlı, gənc ailələrə, tənhalara, tək valideynli ailələrə, cəzaçəkmə müəssisələrində cəza çəkən qadın və uşaqlara dövlətin daimi diqqəti sayəsində həmin insanların bir çox problemləri həll olunub.
Ölkəmizdə ailə münasibətlərini tənzimləyən əsas sənəd Ailə Məcəlləsidir. Məcəllə ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat qaydalarını tənzimləyən normaları müəyyən edir.
Ailə Məcəlləsində bildirilir ki, Azərbaycanda ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Məcəllənin əsas vəzifəsi ailənin ümumbəşəri prinsiplər əsasında qurulmasına, ailə münasibətlərində qadın və kişinin könüllü nikah ittifaqına, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbətinə, dostluğuna və hörmət hissləri əsasında qurulmasına nail olmaqdır.
Bunlardan başqa Məcəllə ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə Vətənə sədaqət ruhunda tərbiyə edilməsinə, ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılmasına, uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsinə müvəffəq olmalıdır.
Ailə Məcəlləsində bildirilir ki, ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Cəmiyyət üçün uşaqların bir şəxsiyyət kimi yetişməsinin önəmi Ailə Məcəlləsində də nəzərə alınıb. Buna görə də dövlət valideynlər qarşısında uşaqların doğru-düzgün tərbiyə olunmasına xüsusi diqqət ayırır. Məcəllədə qeyd edilir ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərinin qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
Hər bir valideyn uşaqlarını tərbiyə etməyə borcludur.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
Valideynlər uşaqların ümumi təhsil almasını təmin etməyə də borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.
Qanunla valideynlərin üzrəinə qoyulan öhdəliklər icra edilmədikdə dövlət uşağın mənafeyini nəzərə alaraq ailə məsələlərinə müdaxilə edə bilər.
Vasif
CƏFƏROV
Ekspress.-2016.-19-28 mart.-S.10.